"Qayıdış"
- keçmişlə
gələcək arasındakı yoxluqda
"Doğrudan, getmək istəyirdimmi kəndimizə?
Bilmirdim ki! İstəyib-istəyib yorulmuş, usanmış,
hətta qocalmışdım. Bu istək biri-birindən
ağır keçən günlərin, ayların, illərin
altında qalıb əzilmişdi, indi
çapalaya-çapalaya üzə çıxa biləcəkdimi?"
Şərifin "Qayıdış" hekayəsi müharibə
haqqında yeni elegiyadır. Azad edilmiş yurd yerlərinə
qayıdan, viran qoyulmuş evlərinin xarabalıqları
içərisində gəzib dolaşan, orda öz
keçmişini - uşaqlığını,
yaddaşını, gülüşünü axtaran
insanın yaşadığı sarsıntıların bədii
poetik əksidir.
Bu hekayədə Şərifin
nəsri artıq birbaşa varlıq fəlsəfəsi,
dərk olunmuş bədii şüur, bədii
düşüncə səviyyəsindədir. Problematikanı
da məhz çağımızı düşündürən
müharibə, qayıdış və insan məsələlərindən
götürür. Yeni reallıqlar, yeni ictimai-siyasi proseslərlə
əhatələnən insan və onun mənəvi durumu, təbəddülatları
varlığından necə keçirməsi,
sarsıntılarını necə adlaması və s.
Hekayənin əsas notları
ilk sətirlərdən bəlli olur. Qayıdış həyəcanı!
Qalib kimi döndüyümüz torpaqlarımıza, itirdiyimiz
illərin ağrılarına, bir də Şərifin öz əsərlərinə.
Şərif öz hekayə və romanlarına səpələnmiş
göz yaşlarını silmək üçün yazıb
bəlkə, bu hekayəni. Kor olan babası, Cəfər əminin
geriqayıtmaz yolları, atasının, əmisinin
arvadının, qızının ondan sonrakı ömürlərində
yaşadıqları fəci tale və s. O ağrılar ki, elə
aradan keçən iyirmi səkkiz ildə Şərifin əsərlərində
daim diri qalıb.
Şərifin
yeni hekayəsində əvvəlkilərlə
qurulan "bağ"ların da əslində, daxili motivi
funksiyaca eyni bir melodiyanın vahid zəminli əks-sədasından
ibarətdir. Çünki burada da faktura bütünlükdə
müharibənin lənəti, ittihamı üzərindədir.
Hər iki halda mətndə fərdi sarsıntı ictimai
sarsıntının tərkib hissəsi kimi
çıxış edir.
Qəhrəmana azad edilmiş yurduna getmək xəbərini verirlər və
onun yaddaşında bura qədər yaşanılan
ağır, əzablı proseslər müxtəlif
qabarma-çəkilmələrlə yenidən
dalğalanır. İtmiş əmisinin nisgili!
"Bu iyirmi səkkiz ildə hər yerdə, hər şeydə
ondan bir nişana gəzmişəm. Gözüm dörd olub həmişə.
Yerdən-göydən əlim üzüləndə təzə
doğulan körpələrin əlində-ayağında
axtarmışam onu. Birinin barmağında tapmışam,
birinin dırnağında, birinin biləyində, birinin
ayağında; birinin yerişi onu xatırladıb, birinin
duruşu, birinin baxışı. Əmim
dağım-dağım olub səpələnib bütün
kişili-qadınlı qohumlara, sanki "bunların
hamısını çox istə, hərəsində məndən
bir nişanə var" demək istəyib".
Məlum
olur ki, başlanğıcda
hekayənin poetik istiqamətinin yönəldiyi məqam - qəhrəmanın
yuxularında daim oyaq qalan Cəfər əmidən - ciddi-cəhdlə
"qurtulmaq" istəyi elə-belə deyilmiş. Bu
doğma adama görə "alov-alov yanan" insanların həsrətinin,
faciəsinin yenidən tərpənişi var bu yuxularda. Hər
gəliş yaraları təzələyir, dərdləri yada
salırmış.
Şərif oxucunu yenidən
o illərə, o ağrılara qaytarmaqla bədii fikri yeni
psixoloji effektlərlə dolğunlaşdırır. Hekayədə
bir leytmotiv var - İnsan! Və bu, təkcə əsas
personajın - hekayə qəhrəmanının simasında təcəssüm
tapmaqla qalmır; toxdaq bir qələmlə keçmişə
salınan nəzərin işığında
yazıçı təfərrüatları, faktları,
yaddaşdan lövhələri, epizodları, hadisələri
danışdırmaqla geniş insan mənzərələrinə
çıxmaqla reallaşır: "Babam ağlamaqdan kor oldu,
o, gözünün son işıq parçalarını da
oğlu üçün xərclədi, qəsdən
sağa-sola burulub bu işığı əmdikcə-əmən
tozanaqlı yollara baxdı, öləndə də vəsiyyət
elədi, dedi, yanında boş yer saxlasınlar, birdən nə
vaxtsa qayıdar..."
İyirmi
səkkiz, otuz il sonra
yurdlarına qayıdan insanlar məhz bu əhvalla
dönüş edə bilərlər ora. Orada - düşmən
gülləsindən, burada - həsrətdən, xiffətdən
ölənləri varsa. Qoyub gəldikləri keçmişləri,
şəhid edilənləri, itkin düşənləri,
dağılmış evləri, odu sönmüş
ocaqları varsa...
Şərif psixoloji varlıq
olaraq insanın içini, iç
dünyasını mənəvi məzmundan tutmuş fəlsəfi
sıraya qədər ən müxtəlif səviyyələrdə
təqdim edir. Hekayədə bəzi məqamlarda dramatizmin
yerini incə ironiya, azacıq yumor da tutur. Amma bu yumor əsassız
gətirilmir mətnə, içində amansız bir
reallıq, həqiqət yatır. Yəni, tutaq ki, Cəfər
əmi qayıtdı… Bu qədər insan itkilərindən,
onun xiffəti ilə ömrü yarıda qırılan həyatlardan
sonra gəlişi nəyi isə ifadə edəcəkmi?
Gecikmiş səadət ölümə bərabər bir
şeydir: "Şəxsən mən durub qovaram onu. İndiyə
saç-saqqalını da ağardar, yuxudakı adama
oxşamaz, mən də rahatca sözümü deyərəm.
Deyərəm, bu qədər zülm-zillətdən sonra
atlana-atlana nəyə gəlmisən? Qohumların neçəsi
sənin dərdindən vərəmləyib öldü,
neçəsi son nəfəsində səni arzuladı, bu nə
günün gəlişidir? Belə çıxır,
iyirmi-otuz il havayı əzab çəkmişik? Dinməz-söyləməz
çıx get, soruşan da olsa, kimliyini boynuna alma, adam adama
belə eləməz.".
Şərif müharibədə itmiş
bir insanın taleyi timsalında tifaqı
dağılmış bir ailənin faciəsini sərgiləyir.
Hekayədəki ən maraqlı məqamlardan biri obrazın
ruhi dəyişməsi prosesidir ki, bu da insan
psixologiyasının nisbiliyi - şərait və vaxtla motivləşməsi
ilə bağlıdır. Amma bütün fərqli ovqat
çalarının alt qatında çözümsüz kədər
yatır.
Şərifin mətnindəki psixoloji
deyiliş tərzi də, tonu da dəyişməyib.
Birdən-birə süjetə daxil olan xoş xəbər, xəbərin
ardınca gələn yaddaş lövhələrinin həyəcanı,
bu həyəcanda duyulan yarımçıq, dərdli
ömürlərin hekayəti. Bir də baxıb görürsən
ki, bu qayıdış həm də başqa
qayıdışdır. Real olaraq döndüyümüz yerlərdən
xəyalən, mənən heç
uzaqlaşmamağımızın əzablı olduğu qədər
də qürurlu lövhəsidir: "Hərbi hissəyə
gecə çatdıq. Səhər kəşfiyyat
bölüyünün əsgərlərinin müşayiəti
ilə kəndə gedəcəkdik. Hərbçilər
yolu-izi bizə başa salanda əmim oğlunun xəritəni
onlardan heç də zəif bilmədiyini gördülər.
Zabitlərdən biri maraqlanıb bu biliyi necə
qazandığını soruşdu. Gülümsündü,
"quqldan öyrənmişəm" dedi. O an ağlımdan
keçdi: əmioğlu quql xəritəni atasını
axtara-axtara əzbərləyib"!
Hələ qəhrəmanın kəndin
hər qarışında əmisinin əl
izlərini axtarması. Nəyə görəsə bu hissə
mənə Sabir Əhmədlinin "Ömür urası"
əsərinin sonluğundakı təsvirləri
xatırlatdı. Bircə fərqlə. Sabir Əhmədlinin qəhrəmanının
xəyalən döndüyü rayona Şərifin qəhrəmanı
reallıqda qovuşur: "Əgər bu
dağılmış evlərin, itmiş yolların, can
vermiş cığırların Cəfər əmimlə
bağlı hər xatirəsinə qırmızı bir
nöqtə qoysaq, kəndimiz büsbütün laləliyə
bürünər. O evin çardağını vurub, bu evin pəncərəsini
salıb, o yolun ayrıcında qoyunun qabağına
çıxıb, bu yamacda quzu otarıb, orda armud
çırpıb, burda ov ovlayıb, o daşsız yaxada
otçalanların qabağına düşüb ot vərləyib,
bu şumal düzəngahda maşına pres qaldırıb...
İndi minlərlə Cəfər əmim vardı burda, kəndimizin
hər tərəfinə səpələnmişdi, onları
yığıb-yığışdırmaq olmurdu, bircə dəfə
"Əmi!" deyib səslənsəm, min yerdən səda
gələrdi".
Hekayənin ən sarsıntılı
epizodu qəhrəmanın əmisinin
uçuq-sökük evində bir küncə dirənib
uşaqlıqda şahid olduğu epizodu xatırlaması səhnəsidir.
Bibisinin ürkəkliyi, əmisinin zarafatı,
gülüşləri… Dünənlə bugünün
üz-üzə gəldiyi, qarşılaşdığı
səhnə. Biri keçmişini itirib, digərləri
üçün gələcək artıq yoxdur. O yoxluqla bu
yoxluğun arasında qalan insan ömrün hansı tərəfindədir
görəsən?
"Bibimi çox utandırmamaq üçün
gözlərimi yumdum, kəndə gəlmək xəbərini
aldığım vaxt kirpiklərimin dibinə vuran isti
dalğa yanağım enişə yuvarlandı,
başımı asta-asta qaldırıb gözlərimi
açanda Cəfər əmimin xaraba evinin tavanında bir
parça göy üzü göründü. İlk dəfə
idi dağılmış evdən göy üzünə
baxırdım. İlk dəfə idi göy üzünü
bu qədər yaxın, bu qədər təmiz
görürdüm. Mən bu büllur maviliyi otuz il idi
özümdən xəbərsiz axtarırmışam. O an
bütün varlığımla inandım:
dağılmış evlərdən göy üzünə
baxıb nə dilək tutsan, həyata keçər. Amma ha
düşündüm, tutmağa bir dilək tapmadım.
Əmimin həsrəti bitmişdi, deyəsən".
Qəhrəmanın gözünü
yumması ilə
açması arasında qalan Zaman artıq itirilmiş
zamandır.
Təbii ki, hekayə Şərifin digər
mətnləri ilə qurulan "bağ"dır. Amma əsərlərindən
xəbərsiz oxucu belə bu hekayəni məhz struktur və
ondan doğan təəssürat bütövlüyünə
görə yeni bir mətn kimi oxuyacaq. Və düşünəcək.
Bəli, qayıdış elə də asan olmayacaq! Bəs necə
olacaq? Bəlkə də, Şərifin yeni nəsri məhz bu
sualı cavablandırmaq imkanlarından doğulacaq.
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.12.