Mifləri dağıdan mif
XXI əsrin "ideya boşluğu":
o necə doldurulur?!
Müasir dünyanın strateji ideya qurucularından biri - tarixçi-filosof, Yerusəlim Yəhudi Universitetinin professoru Yuval Nuh Harari sayılır. Qlobal media qurumları, elm, mədəniyyət, siyasət xadimləri, mötəbər auditoriyalar onunla görüşlər keçirir, mövqeyinə böyük önəm verirlər. Təsis etdiyi "Sapienship" şirkəti bu gün dünyanın üzləşdiyi qabarıq qlobal çağırışlara diqqəti yönəltmək məqsədini bəyan edir. 2023-cü ildə Azərbaycanda da olub. Bizdə də əsərləri nəşr edilir (tərcümələrin səviyyəsi, kəm-kəsiri ayrıca söhbətin mövzusudur), ən yüksək səviyyədə tanınır və qiymətləndirilir.
Hararinin 2015-2018-ci illər arasında çap olunan məşhur trilogiyası - dünyanın 65 dilində 45 milyon tirajla yayılan üç kitabı (5; 6;7) XXI əsri Üçüncü Minilliyin ilk yüzili olaraq onun inamlı startı, dolğun proloqu kimi görmək istəyənlərin polemikasına açar verir. Nuh peyğəmbərin adını daşıyan (Yuval Noah) yəhudi filosofunun bunca populyarlaşmasının başlıca səbəbi, heç şübhəsiz, onun dünya tarixini Hararicə səhifələməsi, bəlli bilgilərin yerindən oynadılması, toxunduqlarına qızğın refleksiya oyandıra bilməsi, nəzərdən qaçmışları diskursun mərkəzinə gətirməsi, hətta qrammatikanı fəlsəfi ironiya ilə süsləməsi, proses və olayların, ideya və baxışların kontrapunktunu yaratması və nəhayət, problemlərə gözlənilməz rakursdan yanaşması, onları optik böyüdüb-kiçiltməsi, mikroskopiyadan makroskopiyaya, ya da əksinə, çevik keçidlər etməsidir.
Əlbəttə, Hararinin əsərləri akademik dairələrdə birmənalı qarşılanmır. Məsələn, təkamül üzrə bioloq Darşana Narayanan "Yuval Nuh Hararinin təhlükəli populist elmi" adlı məqaləsində müəllifi yalnız "istedadlı hekayəçi və populyar söz ustası" sayaraq, onun "elmi sensasiyaçılığa qurban verməsini", "fərziyyələri ilə ardıcıl olaraq elmin yoxsulca anladılmasına əsaslanan spekulyasiyalarla işləməsini" kəskin tənqid edir (10).
Mənim fikrimcə, Hararinin trilogiyası dünya tarixinə onun gələcəyi ilə birgə özünəməxsus baxışlar sistemini yeni dünyagörüşü üfüqlərinə çıxarmağa iddialı olan bir nəzəriyyənin, bir ideologiyanın (Harari özü mahiyyətinə görə ideologiyanı din, dini ideologiya hesab edir) - hararizmin başlanğıcıdır. Eyni zamanda bu trilogiya bütün orijinallığı, fikir paradoksallığı ilə nə qədər diqqəti cəlb etsə də, təkcə ayrı-ayrı məqamlarda deyil, bütövlükdə, fundamental ideyalarının qoyuluşunda çox ciddi sapıntılara, yanlış yozumlara yol verir.
Harari ayıqdır: hələ ilk çərəyini yaşadığımız XXI əsrin "ideya boşluğu"nu aydınca görür. Cıdırda atları yorulmuş postmodern təfəkkürsə (ədəbiyyatdan siyasətə qədər) nəinki bu boşluğu doldurmağa çalışmır, əksinə, onu bir az da, həm də bilərəkdən genəldir və dərinləşdirir. İndi sual doğur: XXI əsrin "ideya boşluğu"nu yetərincə "ideya boşluğu" olan bir konsepsiya doldura bilərmi?!
Harari "OK" deyərək, yəni öz arsenalına güvənərək məhz buna can atır... Monoteist dinlərin bətni İsraildən yeni bir "tanrıçılıq" doğulur - ateist Hararinin yaratdığı hararizm. Hararizm - din, ideologiya və siyasətin elm nimçəsində yoğrulmuş qatışığıdır: bütsüz-tanrısız din, lidersiz, şüarsız və kultsuz ideologiya, dövlətsiz və hökumətsiz siyasət.
Homo sapiensdən Homo deusa?!
Yuval Nuh Harari bəşəriyyətin tarixi həyatını başdan-başa "uydurma" ("fiction") əlamətləri ilə təqdim etsə də, onun kitabları heç də "uydurma" deyil: siz dünyanı "uydurma" kimi anlatmalı, yozmalısınız ki, insanları öz fikirlərinizin həqiqiliyinə şokyaradıcı arqumentlərlə inandıra biləsiniz. Bu, elə gerçək dünyanı "fani" olaraq şərh edən, "o dünya"nı isə "gerçək" olaraq təqdim edən dinlərin eynidir.
Harari trilogiyasının ikinci kitabı - "Homo Deus" ("İnsan-Tanrı") bütünlüklə "Homo sapiens"in "Homo deus"a transformasiyasına həsr edilib. Bu kitabında müəllif yazır: "Biz indi bəşəriyyəti onun sağqalma uğrunda vəhşicəsinə apardığı mübarizəsinin üstün səviyyəsinə qaldıraraq, insanları tanrılara, Homo sapiensi Homo deusa çevirmək məqsədindəyik"; "XXI əsrdə bəşəriyyətin üçüncü böyük layihəsi bizim üçün yaratma və dağıtmanın ilahi qüdrətinə çatmaq və Homo sapiensi Homo deusa döndərmək olacaq"; "Texno-humanizm razılaşır ki, bizim bildiyimiz qədərincə, öz tarixi yolunu başa çatdıran Homo sapiens artıq gələcəkdə kara gəlməyəcək və bu nəticəni çıxarır ki, gərək biz Homo deusu - ən yüksək insan modelini yaratmaq texnologiyasından istifadə edək" (6, pp. 21, 47, 357).
Hararinin sanki məqsədli bir ideologiyanın imperativləri kimi səslənən bu fikirlərinin nüvə-ideyası artıq aforizmə çevrilmiş və onun öz vebsaytında da manşetə çıxarılmış tezisində yuvalanır: "History began when humans invented gods, and will end when humans become gods" (Tarix - insanların allahları icad etməsi ilə başlamışdı, insanların allahlar olması ilə də sona çatacaq") (8). Şimşək kimi çaxan fikirdir. Lakin həqiqətdirmi?! Məncə, yox.
Birincisi, Hararinin bu və bunabənzər arqumentləri onun dini düşüncə qəlibindən qırağa çıxmadığını sübut edir. O, bütün analiz, müqayisə və paralellərində, demək olar ki, yalnız teosferada, "Tanrı - Bilgi ağacı - Adəm - Həvva" koordinatlarında fırlanır və onun "kodları" ilə düşünür.
İkincisi, ən qədim İnsan (antropos) Tanrını yaratmazdan öncə Özünü yaradıb. Onun meymundan fərqi o olub ki, məsələn, hər hansı bir təbii alətdən sadəcə istifadə etməyib, həm də onu düzəldib (11, pp. 604-620). Hələ tarixəqədərki dövrdə Homo sapiens (Düşünən insan), eyni zamanda Homo faber (Yaradan insan), Homo ludens (Oynayan [sənətçi] insan) və Homo religious (İnanclı insan) olub (9, p.18).
Saysız-hesabsız mağara rəsmləri, heykəlciklər, arxaik tikintilər, ornamental alətlər və silahlar, o sıradan, Almaniyanın Hohle Fels mağarasında tapılan Daş dövrünə aid mamont sümüyündən düzəldilmiş 40 000 yaşlı fleyta kimi artefaktlar (3) bir daha təsdiq edir ki, ibtidai insan həyatının ümumi mənzərəsində onun incə sənəti də xüsusi yer tutmuşdur. İnsanın yaradıcı mənəvi dünyası olmadansa, bu mümkün deyildi.
Homo sapiens özünü yaratmasaydı, əlindən intellektinə qədər öz bacarıq və qabiliyyətlərini inkişaf etdirməsəydi, İnsan - İnsan, İnsan - Təbiət, İnsan - Kosmos münasibətlərini dürlü sənət örnəklərində əks etdirə bilməzdi. Bu münasibətlər polifoniyasında fövqəltəbii, magik qüvvələrin on min illər boyunca fetişləşdirilməsi, müqəddəsləşdirilməsi, tanrılaşdırılması nə qədər önəmli yer tutsa da, dominant deyildi. Homo sapiens üçün büt-tanrıça - müxtəlif daş alət və silahlardan, bəzək nəsnələrindən üstün deyildi. Sonradan dinlərə çevriləcək ilkin inancları onun universal təsəvvürlərinin yalnız bir parçası idi.
Sivilizasiyanın erkən mərhələlərində də insanın dini həyatı onun ailə, təsərrüfat, savaş və yaradıcı həyatının sinxron mövcudluğu içərisində idi. Məsələn, dünyanın ilk "allahlar panteonu"nu 4-5 min il öncə yaradan şumerlərin antropomorfik politeizmi bizə yalnız insan şəklində çoxlu tanrılar bəxş edir. Şumer-Akkad allahlarının genealogiyası bizə ayrı bir mənzərəni yox, məhz hökmdar sülalələrinin oxşarını təqdim edir (4).
Zaman dəyişdikcə, dini və siyasi elitalar öz maraq və ehtiyaclarına uyğun olaraq, "baş allahların" missiyasını onlardan sonrakılara ötürürlər. Hətta "tanrılar nəslindən olan" fironlar da möhtəşəm ehramları o tanrılar üçün deyil, özləri üçün - özlərinin "əbədi həyatını" təmin etmək üçün, yəni sırf praqmatik məqsədlərlə tikirdilər. Misir kahinlərindən, Budda rahiblərindən Roma papalarına, İran ayətullahlarına qədər getdikcə kütləvi psixozu üzə çıxaran "ilahi nizam" formalarını dəyişsə də, mahiyyətcə heç dəyişməyib (hətta bu gün də teokrat İran "günahkarı" "Allaha qarşı çıxdığı üçün" edam edir. Əsrimizin kahini Allahın adından hökm çıxarır!).
Dinin təsisatlanması və kanonikləşməsi prosesində o, tədriclə Tanrının fövqəlqüdrətini ələ keçirmiş və öz əsarətini bərqərar etmişdir. Din və Dövlət (Məbəd və Siyasət) təkcə İnsanı deyil, həm də Tanrını öz hökmranlığı altına almışdır. Bu isə artıq İnsanın qəlbən və ruhən inandığı Tanrı deyil, Dinin funksionallaşdırdığı, əlinə ehkamçı kitablar verdiyi sxolastik Tanrıdır. Hətta ortodoksallaşmış dinlərə Tanrının özü deyil, mistikası, simvolları, cənnət və cəhənnəmi bəs edir. Belə bir tanrını Fridrix Nitsşedən çox qabaq elə dinlər özləri "öldürmüşdü"...
Deməli, qarşımızda Dinin Tanrını əvəz etdiyi yolu da özündə ehtiva edən bir sivilizasiya tarixi var ki, bəşəriyyət xüsusilə, son beş yüz ildə tiranlıq, hüquqsuzluq və s. gerilik töküntüləri ilə yanaşı, ondan da azad olmağa çalışır! Yer planeti üzərində ən erkən çağlardan belə insan həyatının və düşüncəsinin dominant hadisəsi Tanrı(lar), daha sonra Din(lər) olmamışdırsa, onda bu həyatın real hərəkət məkanı olan tarixin də dominant hadisəsi onlar olmayacaqdı.
İndi, yaşadığımız XXI əsrdə də, texnologiyaların ən yüksək səviyyədə inkişaf etdiyi, kosmosun həyat orbitinə çevriləcəyi gələcək zamanlarda da insan daha qüdrətli olacaq, lakin - Hararinin iddia etdiyi kimi - Tanrı olmayacaqdır! Getdikcə güclənən ateistləşmə, sekulyarlaşma prosesləri də insanları "Allahlar Panteonu"na qaldırmayacaq! Tarixin insanlardan nə ikona ölçülərində cırtdan-allahlar, nə Parfenon ölçülərində Zefs yaratmaq zərurəti var! İnsan - Tanrı olmayacağı üçün deyil, daha qüdrətli olacağı üçün tarix sona çatmayacaq! İnsanın Kainat həyatına başlayacağı böyük tarixin ilk səhifəsi də - elə bu doğma Yerin tarixidir!
Elmdə təxəyyül təntənəsi?!
Hararinin trilogiyası isə bəşəriyyət üçün sanki yeni Bibliyadır: Bibliyanın teo-determinizmi - günahlar tarixi üzərində, Hararinin bio-determinizmi - yanılmalar tarixi üzərində qurulub. Bibliya tarixin sonuna Apokalipsisi, Harari isə idarəolunmaz gələcəyi, "post-insan" epoxasını qoyur. Bibliya da qorxudur, Harari də qorxudur. Bibliya insanı öz doğmalarına (2, 10.36), Harari isə onu öz qəlbinə düşmən edir (7, p.114).
Əgər dinlər gerçək dünyanı "fani" sayırsa, Harari də dünya tarixini "uydurma" ("fiction"), "uydurulmuş nəsnə" ("figment"), "təsəvvür, xəyalda canlandırma, təxəyyül" ("imagination") anlayışları üzərindən xarakterizə edir. Harari sanki bir təxəyyül peyğəmbəridir. O yazır: "Hər hansı bir genişmiqyaslı insan birliyi - istər müasir dövlət, istər orta əsrlər kilsəsi, istər qədim şəhər, istər arxaik qəbilə olsun - yalnız cəmiyyətlərin kollektiv təxəyyülündə mövcud olan ümumi miflərdən kök alır. Ədliyyə sistemləri də ümumi hüquqi miflərə söykənir... Dünyada insan varlığının birgə təxəyyülündən kənar nə tanrılar, nə millətlər, nə pullar, nə insan hüquqları, nə qanunlar, nə də ədliyyə sistemləri var..." Sonra buraya "Amerika Birləşmiş Ştatları və Google" da əlavə edilir (7, pp.27-32). Bunlar, sadəcə, bir müəllifin inkarçı nihilizimlə aşılanmış şaşırdıcı subyektiv fikirləri deyil, tarixi bütün sivilizasiya dəyərlərindən məhrum etmək niyyəti daşıyır ki, axırda onu gərəksiz bir şey kimi kənara tullamağa bəraət qazandırılsın.
Əlbəttə, tarix nəinki miflərindən, hətta absurd səhifələrindən xali deyil. Onun apologiyasına da heç bir ehtiyac yoxdur. Mifdən Dinə, Dindən Siyasətə ötürülən "ilğım kompleksləri" var ki, heç kim onu dana bilməz. Ancaq Hararinin yuxarıda bəhs etdikləri - insanların "birgə təsəvvür və təxəyyüllərinin" (collective imaginations) yox, birgə qazandıqları, uzun zamanlar sınaqdan keçirərək cilaladıqları təcrübə və ideyaların nəticəsində ərsəyə gəlib.
Məsələn, əgər biz təkcə beynəlxalq hüquq normalarının təşəkkülü prosesinə anicə nəzər yetirsək (və onların pozulması hallarını da istisna etməsək), görərik ki, burada dövlətlərarası siyasi-hüquqi münasibətlərin bütün tarixi iştirak edir. Amerika Birləşmiş Ştatları onun hansısa siyasi xadimlərinin, qurucu prezidentlərinin öz toplumları ilə razılaşdırılmış "təxəyyülü"ndən doğmayıb, ən azı Avropanın ən mütərəqqi maarifçilik ideyalarının Şimali Amerikada daha münbit zəmində və ağlasığmaz dərəcədə mürəkkəb mübarizələr içrə cücərməsi nəticəsində ərsəyə gəlib. Almaniyanın vahid dövlət olaraq birləşdirilməsi də almanların "təxəyyülü"nün yox, onların iradəsi ilə real tarixi şəraitin yetişdirilməsi nəticəsində meydana gəlib. Hətta incəsənətin (xüsusilə, ədəbiyyatın) obrazlı dünyasını belə sırf təxəyyül bəliri saymaq mümkün deyil. Romantik Lüdviq van Bethovenin insanları böyük vəhdətə səsləyən Doqquzuncu Simfoniyasının final hissəsi - "Fərəh Odası" ("Ode to Joy") 160 ildən sonra Avropanın himni kimi Avropa İttifaqının təşəkkülünün realist təntənəsi olaraq qəbul edilmişdir! İndi Avropa İttifaqı və onun himni "kollektiv təsəvvür və təxəyyüldən" törəyibmi?!
Tarixin diasinxron inkişafı prosesində epizodları dialektik olayların yerinə qoyub bu prosesin ümumi məntiqini necə zədələmək olar?! Tarixin bütün təlatümlərini nəzərə alaraq, deyə bilərik ki, məsələn, Roma sivilizasiyası yox, sevimli atını senata üzv seçdirən Kaliqula, Monqolustan yox, Çingiz xan ordusu, Avropa yox, ortaçağ cəngavərliyi, Yaponiya yox, samuraylar, İsrail yox, sionizm, Almaniya yox, faşizm, Rusiya yox, kommunizm, stalinizm, putinizm, Çin yox, Mao-Tse Dunun "mədəni inqilabı", İran yox, məzhəbçilik, siyasət yox, ifrat sağçılıq və ifrat solçuluq, ümumiyyətlə əndazəni aşan bütün ekstremallıq halları "təxəyyül" məhsullarıdır.
Ehramdan teleskopa
Sivilizasiyanın əsas məntiqi, Hararinin hökm etdiyi kimi, "Təxəyyül Nizamı" ("İmagined Order") ilə deyil, "Rasional Nizamla" ("Rasional Order") hərəkət edir. Harari öz "təxəyyül təlimi"ni əsaslandırmaq üçün bəzən belə bir irrasionallığa da varır ki, "Kainat - atomların yalnız mənasız qatma-qarışığından ibarətdir" (5, p.305). Kainat da, Süd Yolu qalaktikası da, Günəş ailəsi də, Yer planeti də, İnsan da hansısa təxəyyül konfiqurasiyası deyil, yaradıcı nizamın bitkin sistemi, bir-birini şərtləndirən qanunauyğunluğu əsasında mövcuddur.
Əgər "təxəyyül nizamı"
("imagined order")
insan dünyasının
təməlində dayansaydı,
onda bu dünyanı
rasional əsaslarda öyrənən, təhlil
edən elm özü necə yarana bilərdi?! Məsələn, 1 millimetri
100 milyon hissəciyə
("nanoparticle") bölərək,
onlara funksionallıq verən nanotexnologiya necə yarana bilərdi?! Elmin alqoritmik dünya modelinə keçidi necə baş verə bilərdi?! Əlbəttə, maraq doğurur: necə olub ki, ideyası
cahilliyin təntənəsi
olan ehramlar bunca dəqiq həndəsi ölçülərlə
tikilib?! Axı, onlar rasionallıqdan daha çox, təxəyyülün
(imagination) məhsuludur. Teleskop
isə, əksinə.
Deməli, insan təfəkkürünün yolu
- ehramdan teleskopa doğrudur.
Elm də daxil olmaqla,
bəşəriyyətin dərin
intellektual mədəniyyəti
onun ümumi fəaliyyətinin çox
az hissəsini təşkil etsə də, tarixi inkişafın əsas yükü bu az qüvvənin üzərinə düşüb
(beyin də bədən kütləsinin
cəmi 2%-ni təşkil edir). Harari isə insan təkamülünün bu
onurğa sütunundan
yox, orta statistik homo-sapiensdən bəhs edir və həmişə tarixdə Harmoniyayaradıcı
başlanğıcdan daha
çox, Xaosyaradıcı
başlanğıca aksent
vurur.
Harari yüz dəfələrlə
deyilmiş bir fikri dönə-dönə
təkrar edir: "Tarixdə ədalət yoxdur". Buna alternativ olan Loqos və
Qanunu isə o, "təxəyyül" ("imagination") hesab edir. Harari "koqnitiv inqilab"dan
("cognitive revolution") söz açsa da, Zəka Tarixini qəbul etmir ki, özünün
"Uydurma Tarix"
("Figment History") dediyi bir anlayışı əsaslandırsın. Elə
Bibliyadakı kimi. Bibliyaya görə, "bilgi ağacının"
("the tree of knowledge") (1, 2.17) meyvəsini
dadandan, Harariyə görə isə "koqnitiv inqilab"dan sonra insanın əzablı taleyi başlayır.
"Kor Təkamül" xaosunda
Davamı
tarix olan təkamülə də yəhudi filosofu eyni meyarla yanaşır:
"Uydurma Tarix"dən
("Figment History") əvvəl "hər hansı bir məqsəddən məhrum Kor Təkamül" ("Blind Evolution") baş verdiyini güman edir. İnsan da guya bu "kor təkamül"
nəticəsində yaranmışmış!
Harari trilogiyasının ilk kitabında yazır: "Təkamül bərabərliyə
deyil, müxtəlifliyə
əsaslanır" (7, p.109). Əgər belədirsə,
onda nə üçün Harari irqi
ayrı-seçkiliyin, sosial
bərabərsizliyin müxtəlif
formalarını yalnız
insanların süni olaraq yaratdığı,
"təxəyyül nizamı"
("imagined order") prinsipindən törəyən hal hesab edir və
üçlüyünün son kitabında əvvəlki fikirləri ilə ziddiyyətə yol açan "Dünyada vahid bir sivilizasiya
var" - postulatını irəli
sürür?! (5, p.93). Əgər
Hararinin iddia etdiyi kimi, müasir
insan 70 min il bundan qabaq Afrikanın Böyük Səhrasında
ov dalınca qaçan homo sapiensin genlərini təbii təkamülün şərtlərinə
uyğun, olduğu kimi daşıyırsa, nə üçün o öz fantaziyasının əsiri hesab edilməklə yanaşı,
təntənə ilə
"vahid sivilizasiya"
meydanına çağırılır?!
Arxaik insan ümumbəşəri sivilizasiya
yarada bilərmi?!
Belə
məlum olur ki, Harari bugünədək insan
ola bilməyən, Afrikadakı
inkişaf fazasında
ilişib qalmış
canlıdan (animal) bəhs
edir. Ona görə də təkamüllə tarixi, bioloji insanla sosial insanı daim toqquşdurur. Harari insanın
beyni ilə bədənini də bir-biri ilə əlaqəsi olmayan, sanki ayrı-ayrı kontinentlərdə yaşayan
"hissələr" kimi
şərh edir. O özü də yaxşı bilir ki, təbiət təkhüceyrəlilərdən
çoxhüceyrəlilərə, onurğasızlardan onurğalılara,
buradan da beynə doğru uzun olduğu qədər də qanunauyğun yol keçib. Ancaq yenə də ona elə
gəlir ki, ağacdan-ağaca,
budaqdan-budağa tullanmaq
insanın təbii vəziyyətidir, basketbol
oynamaq yox! (7, pp.80,
119). Təbiətin "kor
təkamülünün" yaratdığı insan
da, təbii ki, "uydurma
tarix"dən ("figment history") savayı nəsə yarada bilməzdi!
Beləliklə, Hararinin "Sapienship"
konsepti - təkamülü
və tarixi yanlış olan insanı onun "son qalasından" - daxili mənəvi dünyasından
da qovub çıxaran
nəticəyə toxdadır.
Harariyə görə,
bəşəriyyətin mənəvi
həyatı yoxdur: canlı (animal) və insan bərabərdir; və ya özünü
"insan" hesab edən varlıq - elə sadəcə canlıdır. Bu canlılar
(yəni insanlar) üçün bioloji həyatın tələbatı
seksdir, cinsi əlaqədə olmaqdır
("mate").
Halbuki daha geniş mənada, mənəvi həyatın özəyi
kimi, bəşəriyyətin
ana hissi sevgidir ki,
Harari insanı bundan məhrum edir və bu "məhrumluğu" onun ən təbii vəziyyəti anlamına
gətirir. Məgər
ananın öz körpəsini əmizdirməsi,
kədərdən və
ya sevincdən göz yaşlarını
saxlaya bilməməyimiz,
təbiətdən, musiqidən
və milyonlarla həyat qaynağından aldığımız zövq,
hətta Pompeydə aparılan qazıntılar
zamanı iki min il öncə divara qısılaraq bütöv
bir ailə üzvlərinin yanıb-qıvrılmış
skeletlərini görərkən
keçirdiyimiz hisslər...
yalnız bioloji və ya fizioloji
hadisədirmi?!
Müəllif isə emosional dərinlikdən tarixi sivilizasiya dəyərlərinədək
bütün mənəvi
keyfiyyətlərdən soyundurulub-arındırılmış
insanı özünün
təsəvvür və
təlqin etdiyi
"yeni çağın" qurucusu olaraq ön plana çıxarır.
Hələ emosiyalar biologiya ilə sivilizasiyanı birləşdirən
ən alt laydır. Əgər biologiya etikanı qəbul etməsə, onda siyasət də əxlaqı tapdalamaqda, milyonlarla insanı müharibələrdə qırğına
verməkdə haqlı
görünər.
Yalnız
biologiyanı etikadan, sivilizasiyanı (deməli,
həm də siyasəti) əxlaqdan ayıranlar öz tarixinə son verib, "allahlıq" iddiasına
düşə bilərlər.
Tarixə və onun insanilik cövhərini özündə
toplayan sivilizasiya hadisəsinə biologiya imperativləri ilə yanaşması, göründüyü
kimi, Hararini elə dərin ziddiyyətlər içərisinə
salır ki, o sonadək
bu labirintdən çıxa bilmir... Əksinə, Təkamüllə
Tarixin, Təbiətlə
Sivilizasiyanın inkaredilməz
vəhdəti var. Biz insanlar
həm bioloji varlıq kimi Təbiətin bir parçası olaraq qalır, həm də tarixi varlıq kimi sivilizasiyanı inkişaf etdiririk.
Tarix - karnaval deyil!
Bütün tarixində bəşəriyyətin
qazandığı ən
böyük nailiyyəti
onun mənəviyyatı,
əxlaqi dəyərləridir
ki, Harari bilərəkdən onlardan yan keçir.
Ona görə yan keçir ki, bunu etmədən dünya sivilizasiyası və mədəniyyətinin inkişafına
təməl olan mənəviyyatın varlığını,
real təsir gücünə
malik olduğunu danmaq xeyli çətin olardı. Elə həmin məqsədlə
də Harari bəşəriyyətin
tarixi inkişafının
hər mərhələsinə
pillə kimi yox, uçurum kimi baxır.
Onun fikrincə, tarixin uçurum zolaqlarında insanların ən çox istədikləri onların həyatdan bacardıqca daha çox həzz almalarıdır: zəmanəmizdə
isə bizi həzzalıcı həyat
amalına (hedonizmə)
qovuşduran - "nə
siyasət, nə ideologiya, nə də sosial islahatlardır, bunu bacaran yalnız beynimizi dəyişməyə
qadir - biokimyadır!
(7, p. 389). "Həyat filosofu"
heç fərqinə
varmır ki, nə qədər önəmli olsa da, insanlar təkcə xoşbəxt
olmaq üçün
yaşamırlar! Tarixin
hərəkət yolu
- təkcə xoşbəxtliyə
çatılmaq üçün
gedilmir. Tarix - karnaval deyil! İnsan kosmosu fəth edir - yalnız orada kef eləməyə görə?!
Hedonizm - praktiki elmlərin tətbiq imkanları ilə birgə, bundan sonra da bəşəriyyətin
bütün yaradıcı
potensialını hərəkətə
gətirməyin determinantı
ola bilməz.
Nəhayət, insanlardan "allah"
düzəltmək istəyən
Yuval Nuh Harari heç bir
elmi dəlilə əsaslanmadan, yalnız əvvəlki mövqeyindən
çıxış edərək,
daha iki imperativ irəli sürür: 1. "Sırf
elmi baxımdan, insan həyatının qətiyyən mənası
yoxdur. İnsanlar - hər hansı bir məqsəd daşımayan kor təkamül proseslərinin
nəticəsidir." (7, p.391). 2. XXI əsr irəlilədikcə,
məlum olur ki,
"Homo sapiens öz sərhədlərini
aşıb keçir.
İndi o artıq təbii
seçim ("natural selection") qanunlarını dağıdaraq,
onları ağıllı
dizayn qanunları ilə əvəz edir". Və bu proses gələcək perspektivində bioloji növ olaraq, "Homo sapiensin özünün sonunu" gətirir.
"Bu transformasiyalar o qədər
fundamentaldır ki, "insan"
anlayışının özünü
belə sual altına qoyur". (7,
pp.397, 413).
Aydındır. Hararinin esxatoloji
futurologiyası bizə
"mücərrəd" keçmişindən doğan
bir "mücərrəd"
gələcək təqdim
edir: əgər keçmiş özlərinin
yaratdığı allahların
əlində girinc qalan deist insanların
"uydurma tarixi" olmuşdursa, gələcək
də "ateistləşmiş
allahların" at oynatdığı
qondarma tarix olacaq. Keçmişdə
"allahlar panteonu"
və kastalaşmış
toplumlar olduğu kimi, sən demə, gələcəkdə
də hər adam "allah" ola bilməyəcək - bu nemət ancaq varlılara qismət olacaq! Varlı allahlar hamıdan daha yaxşı, daha çox yaşayacaq! Fəqət əgər insan həyatının heç
bir mənası yoxsa, onlar uzun,
bəlkə də əbədi ömürlərini
nə ilə dolduracaqlar?! Mənasız
ömrü bunca uzatmağın nə mənası?! Beləcə,
professorun esxatoloji futurologiyası distopiya ovqatında insanlara onların keçmişindən
də betər bir gələcək - psevdo-cənnət vəd edir! İsa Hararidən daha realistdir: İsa, cənnəti - özünü
yaradanlara, Harari isə
- özünü tanrıya
çevrilənlərə vəd edir!
Harari zəncirinin halqaları -
"atomlarının mənasız
qatma-qarışığından ibarət olan Kainat", "onun hər an dağılmağa
məhkum Yer planeti", "bu planetin kor təkamülü",
o təkamülün ardınca
gözlənilmədən meydan
çıxmış "uydurma tarix", "özbaşına sivilizasiya",
"toplumların təxəyyül
konsensusu", "insanların
mənasız həyatı",
"sapienship" ölçülərinə
sığdırılmış canlı", "post-insan"
("post-human") ... - bir-birinə möhkəmcə bağlanaraq,
bütün panoramı
ilə görünür.
Və belə bir müdhiş panoramla Yerusəlim Yəhudi Universitetinin professoru, öncə vurğuladığımız kimi,
XXI əsrin "ideya boşluğu"nun yerinə
özünün "vakuum-konsepsiyası"nı
əkir. Və həmin konsepsiyadan çıxış edərək,
"XXI əsrə 21 dərs"
verir! (5). Bütün
mənasızlıqların bir-birini itələyə-itələyə
gəlib təpildiyi
XXI əsr Hararinin 21 dərsindən nə öyrənəcək?!
Mahiyyəti olanın mənası
var!
Tarixçi-filosofun üzərində inadla
təkid etdiyi arqumentləri təkzib etmək üçün uzun-uzadı dəlillər
gətirmək olar. Mənsə, yalnız bir əks-arqumentlə kifayətlənirəm: Məna
verib-verməməyimizdən, mənalı sayıb-saymamağımızdan
asılı olmayaraq, varlığın Kainatdan
İnsana, qalaktika salxımlarından stabil
subatomic hissəciklərə qədər bütün komponentlərinin hər hansı xaos və entropiya təzahürləri ilə
birlikdə hələ
sona qədər anlamadığımız orqanik
quruluşa, hərəkətə
və mükəmməl
harmoniya qanunlarına
malik olması həmin
varlığın substansiyasının
dərin kvint-essensial mənaya malik olduğunu təsdiq edir. Nəyin mahiyyəti varsa, deməli, mənası da var. Varlığın
ən kiçik hissəcikləri - atom nüvəsinin
iki başlıca komponenti olan neytron və protonlar necə "mənasız" ola bilərdi
ki, bu boyda Kainatı yaradıblar?!
Kainat, bildiyimiz qədərincə,
yalnız onun kiçicik bir zərrəsində - Yer kürəsində yaranan insan sivilizasiyası sayəsində öyrənilmək
imkanı əldə edib. İdrak Kainat ölçüləri
qazanmağa başlayıb.
Ona görə də antroposinin ("anthropocene"),
bəlkə də ən həlledici və ən məsuliyyətli dövründə
- kosmik eranın başlanğıcında Kainatla
münasibətlərin hansısa
irrasional istiqaməti və ya utilitar-kommersiya
planı deyil, insan sivilizasiyasının
yeni mərhələsi kimi
obyektiv etik-elmi yanaşmalar sistemi formalaşmalıdır.
Yuval Nuh Hararinin mövqeyinə görə, "mənasız
insanın" yaratdığı,
nəinki keçmişi
və indini, həm də gələcəyi əhatə
edən "uydurma tarix" diaqnozu isə belə bir sağlam və məqsədəuyğun
perspektivlə qətiyyən
uzlaşmır. Göründüyü
kimi, varlığın
fundamental reallığı və onun elmi
analitikası ilə özünü üz-üzə
qoyan Hararinin subyektiv aqnostika örnəyi saya biləcəyimiz kitabları
bütün maraqlı
nüansları, polemik
çalarları ilə
yanaşı, fikrimcə,
XXI əsrin böyük
Təxəyyül Trilogiyasıdır.
Post Skriptum
Təsəvvür edək: 2048-ci il. Sabah toyu olacaq idmançı
gənc nişanlısı
ilə görüşmək
üçün yüksək
nikbin ruhda küçəyə çıxır.
Yolda ömrünün
son günlərini yaşayan
bir qocaya hücum edən terrorçularla vuruşaraq
həlak olur. Ölümdən qurtulan qoca səhəri gün dünyanın mənasızlığından bəhs edən kitabını nəşriyyata
göndərir. Həyatını
qurban verən adi bir gənc,
bu kitabın müəllifi isə dünyaca məşhur tarixçi-filosof Yuval Nuh Harari idi...
Yaxşı, bu o deməkdirmi ki, mənasız
dünyanın mənasız
bir gənci mənasız bir alimi xilas edib?!
Bəşəriyyətin yalnız
bioloji mövcudluğunu
onun həyatı - özü də mənasız həyatı!
- sayan bu trilogiya insanı belə bir uçurumun
qırağına gətirib
çıxarır...
Rahid ULUSEL
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.14-15.