Mənim Çəkmələrim
Hekayə
Mənim adım Süsənbərdir - Süsənbər Mahiyyəddinqız.
Elə yazı adamı təsəvvür edərsinizmi, cəmi-cümlətanı bircə hekayəyə görə özünə təxəllüs götürmüş olsun? Əlbəttə, "təxəllüs" sözü özümlə bağlı məqamda həddindən artıq təmtəraqlı, bir az da qeyri-təvazökar səslənə bilər. Bu, sadəcə olaraq əlacsızlıqdan baş verdi, çünki başıma gələn o qorxunc, ancaq nağıllarda oxuya və yaxud eşidə biləcəyiniz hadisəni dördüncü onillikdir yaşamağın nə demək olduğunu çəkənlər bilər. O elə anlar idi ki, indi də yadıma düşəndə vahimələnirəm. Əsl yazıçılar kimi cəlbedici, ədəbi dilin bütün mümkün imkanlarından bəhrələnərək yazmaq istədiyim o hadisəni üstündən 2-3 ay keçəndən sonra unutmaq istədim. Hiss edirdim ki, bu yüklə çox uzağa getmək, sadəcə, mümkün deyil və onda başa düşdüm ki, yox, yazmağım mütləq lazımdır. Azından ona görə bu qənaətə gəldim ki, hekayəmi, bəlkə də böyüklər oxuyar və öz balalarının naminə oxşar hadisələrin baş verməsinin qarşısını alarlar. Beləcə, 7-8 yaşım olanda yaddaşıma yazılan, qəlbimdə və sümüklərimdə giziltisi ilə qalan o anların tarixçəsinə indi, az qala, 50 yaşımı haqlayanda qayıdıram. Fikirləşirəm ki, yazdıqlarım nə qədər istədiyim kimi alınmasa da, qəlbimdə gəzdirməyimdən faydalı olar.
Söhbətimə başlamazdan əvvəl 40 ilə yaxındır ki, üzünü görmədiyim, ancaq yuxularımda gəzdiyim, yadımda qalan kəndimizi təqdim etmək istərdim: Kətanköynək cəvizi ilə nəinki mahalımızda, həmçinin ondan çox-çox uzaqlarda məşhur olan, rayon mərkəzindən bir az aralı, Arpaçayına birləşən Axtaçayın sahilindəki Axta kəndini görənlər onu cənnətməkan adlandırırdılar. Sözün açığı, o zamanlar bu sözün özündə ifadə etdiyi mənanı elə də qavramırdım və indi, aradan 40 ilə yaxın müddət keçdiyi vaxt mənə yazıçı olmağı öyrətməsə də, kəndimizin həqiqətən, cənnətməkan olduğunu təsdiq edə bilib.
Böyüyüb universiteti qurtarandan sonra öyrənəcəyəm ki, kəndimizin adı burada binə salan ilk sakinlərindən, padar türk tayfasından olan axta etnonimindən yaranıb. Cəviz ağacları, cəvizi ilə yanaşı, min bir dərdin dərmanı kimi tanınan Axta balının vətəni kəndimizdə ovaxtacan eşitməyə macal tapmadığım, sonradan öyrəndiyim tarixçə deyir ki, bu cənnətməkanda insanlarımız uzaq-uzaq ellərdən gələn insanlar yerləşənəcən rahat yaşayıblar. O adamların gəlib məskunlaşmasından illər sonra ilk olaraq kəndlərin adlarını dəyişiblər. 1918-ci ilin yayında isə buradan əsrlərdən bəri yaşayan insanları çıxarmaq fikrinə düşüblər. Qafqazda erməni dövləti yaratmaq istəyən bu adamlar nəyə görəsə hesab ediblər ki, bəhrəli torpaqlardan çıxmaq fikrini ağıllarına gətirməyən bu insanları ucdantutma öldürməklə məsələni birdəfəlik həll etmək mümkündür. Bunun üçün də gələcək Ermənistan dövlətinin yaradıcıları təpədən-dırnağadək silahlandırılan və nə edəcəkləri ilə bağlı təlimatlandırılan adamlardan ibarət bölüklər yaradıblarmış. Həmin bölüklərdən birinin kəndə hücumu zamanı ələ keçirilən kənd sakinləri öldürülüb, yayına bilənlər isə yüz məşəqqətlə Naxçıvana, hətta İrana keçərək Güney Azərbaycanın Arazqırağı mahallarına sığına biliblər.
Bunlar barədə sonralar eşidəcəyəm.
İndi isə 1988-ci ilin noyabr ayıdır.
Kəndimizin sakinləri, o cümlədən, bizim ailə də artıq bir ilə yaxındır ki, səksəkə içindədir. İl təzə başlayandan, həmişə olduğu kimi, qonum-qonşuların uzun qış gecələrində bizim evimizə yığışdıqları vaxtdan bəri etdikləri söhbətlərdən hansısa narahatlığın yaşandığını, hətta mən də hiss edirdim. Düzdür, keçirdiyim o narahatlıqla bağlı nə atamdan, nə də anamdan heç nə soruşmaq istəmirdim, amma eşitdiklərimdən anlayırdım ki, İrəvanda yaşayan ermənilər Sovet Azərbaycanının ərazilərini Sovet Ermənistanına qatmaq istəyirlər. Üstəlik, onlar Ermənistanda yaşayan azərbaycanlıları buralardan çıxartmaq üçün çalışırlar. Kəndimizin adamları isə yaşadıqları yerləri buraxıb harasa köçmək fikrində deyil. Belə olanda, onlar saqqal buraxan şəxslərdən ibarət silahlı dəstələr yaradıb, adına da "fədai bölükləri" deyirlər. Həmin bölüklər vəzifələrinin icrasına hardasa, tək-tük azərbaycanlı gördükdə onları döyməklə başlayıblar. Belə hadisələrdən biri bizim kəndli Əliş dayının başına gəlib. Günlərin bir günü hansı işləsə bağlı rayon mərkəzinə gedən kəndlimizin saqqallı ermənilər tərəfindən ölümcül hala salındığı xəbərini atamdan eşitdik. Anama məsələnin necə baş verdiyini danışan atam əmin idi ki, "bu kəndlimizin anası namaz üstündə imiş" və əgər həmin vaxt kəndimiz istiqamətində gedən avtobus gözləyən qonşumuzu qonşu kənddən olan, oradan keçən yük maşınının banındakı azərbaycanlılar görməsəymiş, Əliş dayının "kitabı bağlanasıymış". Maşının banındakı adamlar 7-8 nəfərin bir yerə toplaşdığını uzaqdan görür, adamların yanından keçəndə onlardan biri "Ə... bu ki axtalı Əlişdir, ermənilər onu döyürlər", - deyir. Kabinəni döyəcləyirlər. Handan-hana sürücü maşını saxlayır və yerə düşən adamlar topaya yaxınlaşanda Əlişi torpağın üstündə qan içində görürlər. Ya adamların çoxluğundan, ya da maşının banında kərənti və yabalar düzüldüyündən saqqallılar oranı tərk edir. Beləcə, adamlar az qala o dünyalıq olacaq Əliş dayını yarımcan vəziyyətdə kəndə çatdıra bilirlər.
İndi isə noyabr ayının 8-dir. Atamqarışıq kəndin bütün kişiləri hücum oluna biləcək yerlərdə "saqqallılar"ın qarşısını kəsmək, heç olmasa, xəstə və qocaların, qadın və uşaqların təhlükəsiz yerə çatmasına qədər qalacaqlar.
İçində anam, qardaşım və mən olmaqla, axtalılar payi-piyada meşəyə sarı üz tutub gedirik. Yol uzandıqca uzanır, qurtarmaq bilmir ki... Uzaqdan səs-küy, güllə səslərini aydın eşidirik. Anamın əlimdən tutan əlinin titrəməsindən hiss edirəm ki, qorxulu nələrsə ola bilər. Təkcə səslər yox, elə böyür-başımızdan keçən güllələr az qala qulağımızın dibində vıyıldayır. Ömrümdə ilk dəfə ölüm haqqında fikirləşirəm. Addımlarımı anamın ayaq səslərinin ritminə uyğunlaşdırmağa nə qədər can atsam da, bunu bacarmayacağımın xofu indidən məni basır.
Dərələyəzin qışı yenicə başlayırdı.
Əslində bizim yerlərin payızı soyuq olur. Payız deyəndə ki, artıq o, qışın bütün əlamətləri ilə keçən ayın sonlarından buralarda yerbəyer olub. Düzdür, nənəmin dediyinə görə, qışın çatmasna hələ 50 günə yaxın vaxt var, amma yola çıxan adamların dizə qədər qalxan qarın içində olması, qabaqda gedən, ovçu intuisiyası ilə cığırı tutub yeriyən Allahverdi babanın atdığı addımlarının yaratdığı xırçıltı səsləri başqa şey deyir. Anamdan qabaqda zarıncı səslə bizi bu günə salan ermənilərə qarğış edən Gülsüm nənənin səsi indi də qulaqlarımdadır. O, bu şaxtalı havada kəndə girib bizi sakit, isti ocaqların başından, doğma evlərdən perik salanları, qana susayanları "Allaha tapşırırdı". Gülsüm nənənin bu "tapşırığı" sanki mənə bir az yüngüllük gətirdi. Mən bilirəm ki, Allah babam o cür insanları sevmir. Son bir neçə gün idi ki, kənd camaatı rahatlıq bilmir, paltarlı-filanlı yerlərinə uzanır, gözləri qapıda, pəncərədə qalır və beləcə də yuxuya gedirdi. Bu gün də elə olmalı idi. Həyət-bacada axşamın qarı elə bil qaranlığı bir az da vahiməli etmişdi. Baxmayaraq, hava mülayim idi, amma o vahiməni duyurdum.
"Allahın insanlara yazığı gəlsin" - sözlərini sanki qəfildən eşitdim və anamın bu sözlərindən sonra kömür sobasının yanında, onun üçün düzəldilmiş taxtda yatan qardaşıma tərəf baxdım. Birdən-birə anamın niyə belə dediyi mənə çatmadı, dönüb ona baxanda əl-ayaq başımın üstündə, əlində bir az əvvəl bişirdiyi xəşil dolusu qab dayandığını gördüm. İndi başa düşdüm ki, məni yedizdirmək istəyir. Dolu qaşığı dodaqlarıma tərəf tutaraq halsızcasına mənə x səslənirdi:
- Ye, ay
bala, hamısını ye! Bax, Süsənbər, qabında xəşil
qalmasın ha!
Bunları
dedikcə tələsik qabları yuyub səliqə ilə
yerinə yığmağa çalışan anam, nədənsə,
tez-tez qapıya baxırdı və mən bu
baxışlardakı narahatlığı sezirdim. Birdən-birə
atamı yanımızda görmək istədim. O, neçə
gün idi ki, kənd kişiləri ilə yolun üstündə
düzəldilmiş daldalanacaqda, kəndlilərimizdən təşkil
olunan könüllülərin arasında idi və neçə
gün idi onu görmürdük. Şər qarışan
vaxtı kimsə atamın ismarıcını bizə
çatdırmaq üçün evimizə gəldi. Onun
astaca, bir az da ehtiyatla anama dediklərini indi də sözbəsöz
xatırlayıram: Kəndin camaatı ilə getsinlər, mən
sonra gəlib onları taparam.
Qonşu
dedi və getdi. Anam tələsik yol hazırlığına
başladı, sanki çoxdan bu məqamı gözləyirdi.
O, təlaşla isti paltarlarımızı evin ortasına
atır və həyəcanla "Tez ol, geyin. Getməliyik.
Çıxaq, Süsənbər, çıxaq!" -deyirdi.
Mən hər
gün dərsdən gələndə silib pərdənin
dalında gözlətdiyim çəkmələrimi
götürmək üçün ayağa durdum. Bunu o qədər
cəld etdim ki, anamın məni süzdüyünü
görüb bir az pörtdüm, amma yaxşı ki, bir söz
demədi. Atam çəkmələrimi təzə
almışdı və təzəlikdən əlavə, elə
gözəl idi ki, geyinəndə istəyirdim hamı
görsün, hələ ürəyimdən onların sual
verməsini də gözləyirdim:
- Ay
Süsənbər, nə gözəl çəkmələrdir,
kim alıb? Haradan alıb? Anama deyim, mənə də
alsınlar.
Mən bu
sualları eşitmirdim, amma nə fərqi var ki, eşitmək
istədiyim sualı verdilər, ya yox? Onsuz da onların
oğrun-oğrun baxışlarını duyub da görməyin
bir ayrı zövqünü yaşayırdım. Elə
bilirdim ki, dünya mənimdir və ürəyimdə atama
sonsuz minnətdarlığımı bildirirdim. Əslində
çəkmələrin alındığı yeri istəmirdim
ki, kimsə bilsin. Bilmirəm, bu bir anın içində
bunları haradan yadıma saldım? Halbuki həmin dəqiqələrdə
sanki qorxulu yuxu görürdüm. Birdən, sanki qəfil
anamın əlimdən tutub məni özünə çəkməsi
ilə həmin yuxudan ayıltdı, ona tərəf baxanda məndən
balaca qardaşımı kürəyinə şəllənmiş
gördüm. Anamın sanki vəziyyətin ciddiliyini mənə
çatdırmaq üçün səsini ucaldaraq
"Süsənbər, tez ol, bala!"- deməsi ilə yola
düzəldik. İndi xatırlayıram ki, diqqətcil və
səliqəli, bir az da vasvası sayıla biləcək anam
evdən çıxarkən dəmir divarları
qıpqırmızı qızarmış kömür
sobasını belə söndürmədi. Onsuz da
örtülü pəncərələrin
bağlanıb-bağlanmadığını adəti üzrə,
həmişə etdiyi kimi, əlləri ilə yoxladı,
onların qarşısındakı dibçəklərə
su verdi və əlimdən tutaraq evdən çıxdı.
Bunun
neçə vaxtdan bəri hamımızın - dədəmin,
babamın, atamın və mənim doğulduğum kənddən
- Axtadan əbədilik ayrılmaq məqamı olduğu onda
ağlıma gəlmirdi. Gördüyüm isə o idi ki,
evimizi tərk edir, evimizdən baş götürüb harasa,
məchulluğa tərəf üz tuturduq. Bununla belə, mən
tez-tez əyilib çəkmələrimə baxmağa da vaxt
tapırdım. Oğrun-oğrun baxdığım məqamlarda
sanki bir daha əmin olmaq istəyirdim ki, bəzəkli çəkmələrim
ayağımdadır. Bunlar üzü dağlara doğru uzanan
Hava meşəsinə tərəf getdiyimiz vaxtlarda baş
verirdi. Getdikcə hərəkətin çətinləşdiyini
onunla hiss edirdim ki, qar artıq çəkmələrimin
boğazından içəri dolur, ayaqlarımı
üşüdürdü. Anam tələsdiyindən sanki
üşüyən əllərimdən tutub məni
sürüyürdü, qardaşımsa anamın kürəyində
isti yer tapmışdı, yatırdı. Azca
aralandığımız kəndimizdən isə artıq
atışma səsləri gəlirdi. Güllə səsinə
diksinən anam ayaqlarını yeyinlətdi. Əyilib çəkmələrimə
baxır və hətta sevinirdim ki, çəkmələrim
olmasaydı ayaqlarım donardı. Bunun yaratdığı
yüngüllükdən az da olsa təskinlik tapdım.
Yolboyu o
suala da cavab axtarırdım ki, biz niyə birdən-birə
isti və rahat ev-eşiyimizi qoyub meşəliyə tərəf
yol gedirik? Tutaq ki, bu soyuq havada meşəyə çatdıq
və orada necə olacaqdıq? Bəs niyə meşəyə?
Anam özü həmişə mənə demirdimi ki, meşədə
çoxlu çöl heyvanları olur və onların
heç də hamısı, nənəm demiş, "quzu
balası deyil"? Bəs onlardan bəziləri, şəklini
kitablardan gördyüm, hətta şəkillərdəki
gözlərindən üşəndiyim canavarlar
qabağımıza çıxsa, nə ola bilər? Sonra onu
fikirləşirəm ki, görünür, onlardan daha təhlükəli
olanlarla rastlaşmaq riskindən uzaqlaşmaq üçün
gedirik. Qəfildən yorulduğumu hiss edirəm və
bütün gücümü toplayıram ki, əlimdən
tutmuş anam yorğunluğumu hiss etməsin. Bilirəm, o bunu
hiss etsə, məni qucağına götürəcək,
bunu isə istəmirəm. Onu da hiss etməyə
başladım ki, bir az əvvəl çəkmələrimin
boğazından içəri düşən qar əriyir və
anidən, bilmirəm, bu hardan ağlıma gəldi ki, o bir tərəfə,
təkcə, çəkmələrimə bir şey
olmasın. Əyilib bir də çəkmələrimə
baxdım, elə bu zaman nəyinsə vıyıltı ilə
yanımdan ötdüyünü hiss etdim. Sanki donmuşdum və
donum açıldı, özüm də bilmədən
ayaqlarımı sürətlə atmağa başladım.
Bunu anam da hiss etmişdi, ya nə idi, o da böyük təlaşla
addımlarını yeyinlətdi və özümü
anamın belə yerişinə heç cür
uyğunlaşdıra bilmirdim. Bir az sonra o məni də sanki
sürüyürdü. Qışqırtı,
bağırtı ətrafı bürümüşdü.
Hamı qaçır və artıq demək olar ki,
çatdığımız meşədə daldalanacaq
axtarırdı. Birdən ayağımın biri yerə dəydi,
sanki ayağım yapışıb qalacaqdı. Əyilib gecənin
qaranlığında çəkmələrimə tərəf
baxdım və dəhşət məni bürüdü:
çəkməmin sağ tayı yox idi. Anam əlimdən nə
qədər möhkəm yapışıb məni irəli
çəkməsinə baxmayaraq, geriyə qanrıldım və
bizdən bir az aralıda, qarın içindəki çəkməmin
tayını gördüm. Qayıdıb çəkməmi
götürmək üçün anama yalvardım. Anam mənə
acıqlandı: "Tez ol, arxamızca ata-ata gəlirlər,
Süsənbər, döz. Bir azca döz", - deyərək
qədəmlərini bir az da sürətlə atdı. Qar
yağmağa başlamışdı. Yenə döndüm,
çəkməmin bir tayı qarın içində
görünməz olurdu və gözlərimin
qaraldığını hiss edirdim. Üzü üstə
qarın içinə necə
yıxıldığımı bilmədim və daha heç
nədən xəbərim olmadı.
Ayılanda
anamın qucağında idim. Qardaşım da ayılıb
ağlamağa başlamışdı. Nədənsə mənə
elə gəldi ki, o da mənim çəkməmin bir tayı
üçün ağlayır və qəfil olaraq onun bundan
necə xəbər tutduğuna heyrətləndim. Sonra nəyin
necə olacağı artıq mənimçün maraqlı
deyildi, çəkməmin bir tayını qarın içində
itirmişdim. Daha olacaqlar məni narahat etmirdimi, ya nə idi,
artıq bu barədə düşünə bilmirdim.
Mən
ayılanda alatoran idi, qarşıdakı adamı güclə
sezirdim və alatoranlığın yaratdığı hər
şey vahiməyə çevrilmişdi. Biz
atıla-düşə, Qasım dayının
maşınına bənzəyən, hamı kimi mənim də
"Kamaz" dediyim maşının banına yerləşmişdik.
Buz kimi dəmirin ayaqlarımı keyləşdirdiyini hiss
edirdim. Baş verənlərin fonunda ah-nalənin göyə
ucalmasısa, özümə gələndən hiss etdiyim
vahiməni daha da artırırdı. Uşaqlar ağlayıb
analarına qısılır, anaları isə onları sakitləşdirməyə
çalışırdı və bunlar o qədər
qorxuyaradan mənzərə idi ki, gözlərimi qapatmaqla
baş verənlərin yuxu olduğuna özümü
inandırmağa çalışırdım. Bu da
alınmırdı və gözlərimdən gilələnən
yaşın yanağıma süzüldüyünü, orada
buz bağladığını duyur, lakin əlimi
yanağıma tərəf uzatmağasa ürəyim gəlmirdi.
Nəhayət, bizi aparan maşının sürətini
artırdığını, anamın üzü kəndimizə
tərəf səssizcə ağladığını,
dodaqlarının tərpəndiyini hiss edirdim. Buna baxmayaraq, elə
bil, bir az əvvəlki vahimə ayazımışdı. Bunu,
banda özünə yer etmiş adamların - qocalar və
yaşlı nənələrin bu maşını bizi xilas
üçün göndərənlərə, xüsusən,
Ələsgər əmi adlı bir nəfərə dua etdiklərindən
başa düşmək olurdu. Onda bilmirdim kimdən söhbət
gedir, sonralar öyrənəcəyəm ki, maşının
bizi apardığı Naxçıvanda "avtobaza"
adlanan bir təşkilat var və onun müdiri Ələsgər
Nağıyevdən söhbət gedirmiş. Onu da eşidəcəyəm
ki, ancaq bizim kəndin deyil, Dərələyəz
mahalının əksər sakinlərinin xilası
üçün o, əlindən gələni edib, camaatı
qurtarmaq üçün yük maşınlarını belə
ora göndərib.
Nə qədər
yol getdiyimizi xatırlamıram. Yadıma düşən odur
ki, məni Bəyaz nənə qucağına
almışdı, anamsa qardaşımı bağrına
basıb ağlayırdı. Yol uzanır və mənə elə
gəlirdi ki, o, bitməyəcək. Beləcə neçə
saat keçdiyini, nə qədər yol gəldiyimizi
unutmuşam. Xatırladığım odur ki, biz səhərə
yaxın Naxçıvanın Kolanı kəndinə gəlib
çatdıq. Burada da hər yer dizə qədər qar və
buz idi, ancaq ehtiyatkarlığım sanki yox olmuşdu. Mən
azca da olsa, ümidləndim və sivrilib Bəyaz nənənin
qucağından düşdüm, anama sığınmaq istədim.
Anamın diqqətinin mən tərəfdə
olmadığını hiss etdim. O, qucağındakı
qardaşımı bağrına sıxıb, məlul-məlul
ona baxırdı. Birdən anamın dodaqlarının titrədiyini,
əllərini qardaşımın yanaqlarında gəzdirdiyini
gördüm. Anamın narahat olduğu açıq-aşkar
görünürdü. Qəfildən diksinən kimi oldu və
həyəcanla, sanki öz-özünə
danışırmış kimi, "Bunun hərarəti var,
od tutub yanır ki...!"- deməyini eşitdim. Bəyaz nənə
ona toxtaqlıq verdi:
- Haray-həşir
salma, soyuq olub, keçəcək.
Bunları
deyən Bəyaz nənə qardaşımı onun əllərindən
aldı, sifətini yanaqlarına tutdu, az sonra anama qaytardı:
- Hə,
istiliyi var, amma artıq çatmışıq, görək,
hara yerləşirik, həkim çağırarıq, bala, -
dedi.
Anam sanki
deyiləni eşitmir, dayandığı yerdəcə
qardaşımı sinəsinə sıxaraq hərəkətsiz
durmuşdu. Sonra biləcəyəm ki, o, harasa yerləşənə
qədər gözləmək fikrindən uzaqdır. Kimsə
dilləndi:
- Burada
inanmıram ki, uşaq həkimi tapmaq asan ola, Naxçıvana
aparmaq lazımdır.
Anam Bəyaz
nənəni səslədi, məndən muğayat
olmağı tapşırdı, uşaq qucağında yola tərəf
üz tutdu. Onu da sonralar öyrənəcəyəm ki, onunla
olan bir neçə kənd sakini ilə məsləhətləşən
anam onlarla birlikdə kəndimizə geri qayıtmaq qərarına
gəlir.
Gəldiyimiz
yollarda keçirdiyim həyəcan-qorxudan və anamın tələsik
yola çıxmağından sonra sanki nə baş verdiyini
anlamırdım. Bu arada 6-7 nəfər gəldi, bizim müvəqqəti
olaraq xəstəxanaya yerləşəcəyimizi bildirərək
bələdçiliyimizi etdilər. Xəstəxananın uzun
və soyuq dəhlizi, insanların vurnuxmağı yeni həyatın
astanasına düşdüyümüzü deyirdi.
Üzümü əllərimlə örtüb
ağlayır, heç kəsi görmək istəmir,
anamı çağırırdım: "Anaaa! Ay ana! Gəl,
ana, evimizi istəyirəm, səni, atamı istəyirəm!"
Hər
gün ağlayır, atamı və anamı görmək istəyirdim.
Beləcə bir neçə gün keçdi. Kolanı kəndindən
Məsmə adlı bir qadın qaldığımız yerə
- Sovet Azərbaycanının ilk qaçqınlarına
qab-qacaq, pal-paltar gətirmişdi. Onu yaxşı
xatırlayıram ki, həmin qabların içində bir
qrafin vardı və görən kimi cazibəsinə
düşdüyümü hiss etdim. Üstündəki
naxışları yağan qar dənələri kimi, elə
bil, qabın üzərində donub qalmışdı və
saatlarla ona tamaşa etsəm də, baxmaqdan doymurdum. Bu qəribə
naxışlar mənə nəyisə xatırladırdı,
amma nəyi, onu anlaya bilmirdim. O gün möhkəm xəstələndim.
Zarıya-zarıya anamı çağırırdım və
bütün bədənim sızıldayırdı. Bu
sızıltının içində belə, ürəyimdə
anamı qınayıram. Məni kimlərəsə
tapşırıb getməsi ilə barışa bilmirəm. Həyətdə
səs-küy qopdu və mən qeyri-ixtiyari pəncərənin
qabağına gəldim. Qar yağırdı, qadınlar
topa-topa durub nəyisə müzakirə edirdilər. Bayıra
çıxmaq istədim və bunun üçün sevimli
qrafinimi də götürdüm. Ürəyim sanki
yanırdı. Gələndə həmin qrafinlə bir buz kimi
su gətirmək ağlımdan keçdi, "bəlkə,
ürəyimin yanğısını söndürər",
- deyə fikirləşdim. Həyətə çıxanda
yerin başdan-başa buz bağladığını
gördüm, evlərin damından sırsıralar
sallanırdı. Könülsüz-könülsüz
bulağa tərəf gedirdim. Bulağa tərəf addım
atdıqca gözlərim ürəyimdə
qınadığım anamı axtarırdı. Bu vaxt, təsəvvür
edirsinizmi, kürəyi mənə tərəf dayanmış
qadını gördüm. Yox, yanılmıram o, anam idi.
"Anaaaaa!"- deyib üstünə qaçdım. O qədər
həyəcanlı idim ki, qrafinin əlimdən yerə
düşməsini hiss etməmişəm. Gözümə
anamdan başqa heç kim və heç nə
görünmürdü. Özümü anamın
qucağına necə atdığımı isə nə
onda, nə də illər sonra xatırlaya bilmirəm, lakin
anamın sifətindəki həzin təbəssümü
açıq-aydın görürəm. Ağlamaqdan
şişmiş gözlərini gözümə dikən
anamın bənizinin solduğunun da fərqində oluram, amma
bunlar mənim anama sarılmağıma mane olmur.
Məsmə
xalanın səsinə diksinirəm. O, az qala uşaqlar kimi
ağlayırdı: "Bu mənə nənəmdən
qalmışdı", - deyir. Pis oluram, utandığımdan
bu xeyirxah qadının üzünə də baxa bilmirəm.
Başımı aşağı əymişəm, bədənimin
necə titrədiyini hiss edir, bir kəlmə danışa bilməsəm
də, Məsmə xalanın səsi hələ qulaqlarımdan
getmir: "Neynədin, ay bala!?"
Qrafin əlimdən
yerə düşən tərəfə baxıram, o
çilik-çilik olub. Bilmirəm, nə deyim, amma nəsə
demək lazım olduğu açıq-aydın
görünür. Birtəhər özümü ələ
alır, onun üzünə baxa bilməsəm də, aram səslə
üzrxahlıq edirəm:
- Məsmə
xala, məni bağışla, vallah, bilmədim.
- Axı
o yadigar idi. Süsənbər, mən səni çox istəyirəm,
amma, ay bala, ehtiyatlı ol da.
Söz
tapa bilmirəm, hıçqıra-hıçqıra
ağlayıram. Məsmə xala hikkəsindənmi, yainki
özü də bilmədən səsini
ucaltdığındanmı, mənə yaxınlaşmır.
Anam isə danışmır, bir az da suçlular kimi
peşman-peşman ona və mənə baxır.
Qardaşımın
artıq həyatda olmadığını o gün bildim.
Ürək
bəzən öz tutumunu itirir, sanki böyüyür,
böyüdükcə onun yüklənməyini duyursan.
İndi düşünürəm ki, mənim ürəyim,
görəsən, nə boydadır?
Universiteti
bitirəndən sonra işə düzəldim, mənə elə
gəlirdi ki, olub-keçənlər vaxt adladıqca duman kimi
çəkilib gedəcək. Vaxt keçdikcə bunun elə
olmadığını, əksinə, daha dərindən
oturuşduğunu hiss edirdim. Evimizi gecəykən tərk etməyimizi,
sobanın pul kimi qızaran dəmir divarlarını, çəkmələrimi
silib, qurulayıb saxladığım yerdən götürməyimi,
geyinib evdən çıxdığımızı, çəkməmin
itən tayını, qrafini əlimdən yerə
saldığımı, anamsız yaşadığım
günlərin sıxıntısını və çox
şeyləri unuda bilmədiyimi, heç zaman
unutmayacağımı o vaxtdan dərk etdim. Bunu dərk etmək
qəmli ovqat yaradır və bütün ömrün boyu bu
ovqatla yaşayırsan.
Günlərin
birində həmin qrafinin, demək olar ki, oxşarını
axtardım, tapdım və aldım, anamla birlikdə
Kolanıya getdim. Yollar, təpə və düzənlər
min rəngə çalırdı. Üzümü anama
çevirdim, soruşacaqdım ki, ana, bax, bu çiçəklər
Axtada - həyətimizdəki çiçəklərə bənzəmirmi?
Amma anam dolmuşdu, kipriklərinin ucundan göz yaşları
sallanır, qopub sinəsinə düşməyə məqam
axtarırdı.
Onda
başa düşdüm ki, təkcə mən deyiləm
ürəyin böyüməyini hiss edən, itirdikləri
üçün qəmlənən və darıxan. Anama
baxdım və susdum, gedəcəyimiz yerə qədər nə
o dindi, nə də mən.
Məsmə
xalanı görmək, onun könlünü almaq, hədiyyəsini
vermək ürəyimə az da olsa, rahatlıq gətirəcəkdi.
Bu da olmadı. Üstəlik, o, nəinki qrafini götürmədi,
hələ məndən ürəkdən incidi. Elə
incik-incik də dilləndi:
- Ay bala,
mən bu qrafini yadigar olduğu üçün əzizləyirdim.
Səndən bunu götürə bilmərəm.
08.06.2024
Novxanı
Mahirə
NAĞIQIZI
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.16-17.