Tənbəl xəkəndazla süpürgənin nağılı
Hekayə
Xəkəndazla süpürgənin arası sərin idi. Hərəsi üzünü bir
tərəfə çevirib
durmuşdu. Baxmayaraq, ikisi də eyni
rəngdə idilər.
Eyni materialdan düzəldilmişdilər. Bir gündə dünyaya gəlmiş, bir ananın balasıydılar.
Xəkəndaz süpürgəyə giley edirdi:
- Sən məni çox yorursan! Qoymursan oturam! Elə hey iş buyurursan!
O, süpürgədən bezirdi.
Nə vaxt süpürgə onu səsləsə, deyinə-deyinə
köməyinə gedirdi.
Mətbəxdə stəkan
düşüb sınıbsa,
süpürgə şüşə
qırıqlarını süpürürdü.
Sonra növbə xəkəndaza
çatırdı. Əgər
uşaqlar dəcəllik
edib şəkəri yerə dağıdıblarsa,
bir yerdə təmizliyin öhdəsindən
gəlirdilər.
Tərslikdən süpürgənin gedib-gəlib
xəkəndaza işi
düşürdü. Xəkəndazsız
işi aşmazdı.
Xəkəndaz isə
onların bir-biri üçün yarandığını
başa düşmək
istəmirdi. Axı süpürgə olmasa, o,
özü də
"heç kim",
"heç nə"
idi.
Süpürgənin bəxti gətirməmişdi. Onun
qismətinə düşən
xəkəndaz yaman tənbəl idi. Bütün günü eyvanda oturub kürəyini günə
vermək istəyirdi.
Tənbəl pişiklə
onun arasında fərq yox idi.
Süpürgənin əlacı olsa, xəkəndaza ağız açmazdı.
Amma neyləsin ki, bir-biri
üçün yaradılmışdılar.
Nə xəkəndaz süpürgəsiz bir işə yarayırdı,
nə də süpürgə xəkəndazsız.
Süpürgə xəkəndaza
ağız açmağa
məcbur idi.
Ürəyində elə hey fikirləşirdi:
"Kaş zibili süpürüb özüm
yığa biləydim.
Heç xəkəndaza
ehtiyacım olmayaydı.
Nə vaxt çağırıram, üstümə
çımxırır. Ev
sahibəsinin qorxusu olmasa, qolumdan bir dəfə də tutmaz. İnsafı da yoxdur. Dünyada ən pis şey kimdənsə
asılı olmaq imiş. Bir başqasının
insafına qalmaqmış!"
Süpürgə bu düşüncələr
içində ah çəkirdi.
Bir gün sahibə evə böyük bir qutuyla gəldi.
Xəkəndazla süpürgə
yenə kürəklərini
bir-birinə çevirmiş,
bir küncdə dayanmışdılar.
Amma qutunu görcək maraq onlara güc
gəldi. Xəkəndaz
hər şeyi yaxşı görmək üçün boylandı.
Müvazinətini itirib
böyrü üstə
aşdı. Süpürgə
də az qala yıxılacaqdı, özünü güclə
saxladı. Birtəhər
divara söykəndi.
Ev sahibəsi sevinə-sevinə
qutudan qırmızı,
yarımyumru bir şey çıxartdı.
Bu, qəribə bir alət idi. Özü də uzun, qara xortumu
vardı.
Xəkəndazla süpürgə o saat
anladılar ki, bu alət elektriklə işləyir. İlan kimi qıvrılıb yatan naqili vardı.
Süpürgə xəkəndaza pıçıldadı:
- Bircə qorxduğum şey başımıza gəlməsin!
Xəkəndaz istehzayla xəbər
aldı:
- Qorxduğun şey nədir ki? Mən heç nədən qorxmuram. Məni özünə tay bilmə.
- Bu alət tozsorana oxşayır. Əgər
odursa, vay halımıza!
- Niyə ki? - xəkəndaz
key-key gözlərini döydü.
- "Niyə? Niyə ?"- süpürgə təkrar elədi, - o olacaq ki, daha bizim başmaqlarımız
dama atılacaq.
-Yəni bizi işlətməyəcəklər? - xəkəndaz sevincək soruşdu.
- Tozsoran olandan sonra biz kimə lazımıq? - süpürgə
burnunu salladı.
- Bundan yaxşı
xəbər? Lap yaxşı! Gözüm atırdı işləmək
üçün! Canım
qurtardı ki!
Süpürgə xəkəndaza baxıb başını buladı.
Onu başa salmaq çətin məsələ idi.
Tezliklə süpürgəylə
xəkəndazı eyvana
çıxartdılar. Bütün
günü gah gün təpələrinə
döyürdü, gah
külək əsib canlarına vicvicə salırdı. Soyuq olanda tir-tir əsirdilər. Yağış
yağanda cumculuq su olurdular. Eyvana
gələn quşlar
başlarına qonur, onları ayaqlarında gətirdikləri palçığa
bulaşdırırdılar.
İlk vaxtlar
xəkəndaz halından
məmnun idi. Amma günlər keçdikcə, o da bu vəziyyətdən narahat olmağa başladı. Həm işsiz-gücsüz qalmaqdan
darıxırdı, həm
də gələcək
üçün narahatlıq
keçirirdi. Hərdən
ürəyini ömür-gün
dostu süpürgəyə
açmaqdan çəkinmirdi:
"Görəsən, axırımız
necə olacaq?!"
Günlər ötürdü. Süpürgəylə
xəkəndazı ev
əhlindən heç
kim yada salmırdı. Süpürgənin
gözü yolda idi. O, qara-qara düşünürdü: "Ev sahibəsinin əlindən fincan da düşüb sınmır. Heç olmasa, bu cür
hallarda yada düşərdik!"
Tozsoranın şən səsi aləmi başına götürürdü. Sanki
o, süpürgəylə xəkəndaza
göz dağı vermək üçün
səsini başına
atırdı.
Bir gün möcüzə baş verdi. Bütün mikrorayonun işığı söndü.
Elə böyük qəza baş vermişdi ki, işıqlar
düz iki gün yanmadı. Əlbəttə, bütün
elektriklə işləyən
alətlər susub oturdular. Heç qımıldana da bilmədilər.
Onda əl ilə çalışan
bütün alətlər:
köhnə ət maşınları, paltar yumaq üçün vannalar, vedrələr, qabyuyan süngərlər,
xəkəndazlar, süpürgələr
yada düşdülər. Bizim xəkəndazla süpürgə də ev sahibəsinin dadına yetdi.
Onların dalınca gələn
ev sahibəsi deyinirdi: "Texnikaya bel bağlamaq da olmur. Can verirsən, sərçəyə
ver. Gəlin bura, köhnə dostlarım!"
Ev sahibəsinin xəkəndazla
süpürgəni bir
bağrına basmadığı
qalmışdı. Onun
münasibəti xəkəndazı
da, süpürgəni
də xoşbəxt eləmişdi. İş
o yerə çatmışdı,
xəkəndaz da sevinirdi. Tənbəllik onun canından çıxmışdı. İndi
o, səhərdən-axşama kimi işləməyə,
süpürgənin bütün
buyruqlarını can-başla
yerinə yetirməyə
hazır idi. Daha nəinki şikayətlənir, heç
səsini də çıxartmırdı.
İşıqlar yanmadığı günlərdə
xəkəndazla süpürgə
cani-dildən işlədilər.
Hələ də lazım olduqlarını həm sahiblərinə, həm özlərinə sübut etdilər. İşıqlar yanandan sonra da dostları
daha eyvana yollamadılar, həmişəki
yerlərində, mətbəxin
bir küncündə
onlara yer elədilər. Daha əvvəlki kimi göz qabağında durmuşdular. Hallarından
da məmnun idilər.
Sevinc ELSEVƏR
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.19.