Qızılgül Qurusu
Hekayə
Arvada söz vermişdim, evə pərdə almaqda ona kömək eləyəcəm. Düzü, belə işlərdən başım
çıxmır, həm
də boş-boş şeylərə pul xərcləməyə əlim
açılmır. Aldığım
iki yüz əlli manat maaş özümü ancaq görür. Pərdədir də, neçə illərdir, asılıb ordan, çığırıb qaçmır
ki. Evi yüngülvari
təmir eləmişdik,
arvad pərdələri
də təzələmək
həvəsinə düşmüşdü.
Birtəhər ağlıma
yeritdi. Şənbə
günü:
- Sabah gedək, sənin pərdəni alaq. Başımı xarab elədin, - dedim.
O, cinli-cinli üzümə baxıb heç nə demədi. Bildim ki, sözünü içində saxlayıb.
Pərdəni alandan sonra cavabımı verəcək:
- Dədəmin evinə almırdıq ki, öz xarabana alırdın də. Ailənin bu qədər əziyyətini çəkdiyim
bəs deyil, xərcini də mənə çəkdirirsən.
Bütün işləri
yükləmisən belimə,
canım çıxır...
Gərək evlənməzdin,
ömrün uzunu subay-səlliminə gəzəydin..
Və sair, və ilaxır...
Nə isə, səhər tezdən arvadım yır-yığış edə-edə
mənə:
- Əlimdə işim var, pəncərələri bağla,
külək vurar, şüşələri qırar,
- deyəndə artıq
geyinib ayaq üstə dayanmışdım.
O, hazır olanda "Ya Allah", - deyib evdən çıxdıq.
Qapıdan çıxan
kimi məndən on beş addım uzağa qaçar, sonra dayanıb ona çatmağımı
gözləyər. Düz
iyirmi ildir ki, beləyik: nə o, yerişini yavaşıtmır,
nə də mən addımıma haram
qatmıram. Ananın qarnından bu dünyaya düşəndən
o, təntikdir, mən
astagəl. İndi evə
pərdə almaq ola, əri də arvadın yanında ola, yerişi ikiqat sürətlənib. Sevindiyindən
uçur, gözündən
gülür.
Dayanacağa çatmamış:
- Hayana gedəsiyik? - deyə soruşdum.
- "Talkuçka"ya getməyək.
Madmazel şeysən, iki sıra gəzən
kimi deyəcəksən,
ay, yoruldum.. Niyə bunu almırsan? Elə hamısı bir-birinin tayıdır, qabağına çıxan
birinci dükandan al, çıxaq, gedək.. Taa nələr.. Metro tərəfə gedək.
Yerini fikirləşmişəm.
Yaxşı mağazalar
var.
"Mağazalar" sözü
qanımı itin qanına döndərdi. Yenə mağazalar.. Bir mağaza olsaydı, kefim bu qədər
pozulmazdı. Nə isə, yola düşdük. Bazarın
yanına çatanda arvad ikimizin də yolpulunu verib avtobusdan düşdü və mənə işarə elədi ki, gəl. Gözümü ağartdım
ki, bura metro deyil axı, burda niyə düşürsən?
O da gözünü ağartdı
ki, dedim, düş, gəl. Düşdüm. Sorğuma cavab ala bilmədiyim üçün
yenə mat-məəttəl
baxıram üzünə.
- Ay Allahın bəndəsi, bura elə metronun
yanıdır də. Desəydim, bura gələsiyik, bazarın
adı gələndə
allergiyan qalxır axı, dəli olursan. "O xarabada adama kələk gəlirlər. Tərəzidə
aldadırlar. İydən
adam boğulur... Az qalırlar, adamı da tutub satalar", - deyirsən. İrəlidən
demədim ki, heç
olmasa, bura qədər rahat gələsən. Bazara girməyəcəyik, bax,
o gördüyün mağazalar
var ha, yan-yana dörd dənə, ordan alasıyıq. Gəl arxamca, - deyib qabağa düşdü.
Bazardan yan keçdiyimiz üçün Allahıma
şükür eləyib
düşdüm arvadın
arxasınca. Öndən
eni cəmi iki-üç metr olan mağazanın qapısını açıb
içəri girəndə
gözlərim böyüdü.
İçəridən elə
bil dükanı üfürüb böyütmüşdülər.
Eni-uzunu nə boyda! O qədər də müxtəlif rəngli, naxışlı
pərdələr asılıb
ki, baxanda başım
gicəlləndi. Düşündüm
ki, bu basırıqda lazım olanı gəzib tapınca ömrüm yarılanar. Hövsələm nə gəzir? Arvad isə parçaları görəndə gözləri
işıqlandı, əlimdən
tutub (son dəfə nə vaxt bir-birimizin
əlimizdən tutduğumuz
yadıma gəlmir) dar cərgələrin arasına soxuldu. Qan beynimə vurur, ürəyim çırpınırdı: "Gərək gəlmiyəydim.
Gərək gəlmiyəydim.
Özü alardı də həmişəki kimi... Mənim burda nə itim
azıb axı?" -
deyə düşünürdüm.
Böyründən keçdiyimiz pərdənin
birini gözü tutan arvadım qəfil dayandı. Parçanın qulağından
tutub o birilərin arasından çəkərək
bəri çıxardı.
Neçə dəfə
o üz-bu üzə çevirib heyran-heyran baxdı və öz-özünə:
- Nə qəşəngdi axı. Bu rəngi elə xoşlayıram. Abıdır... Surəngi...
Yoo, tünddür, deyəsən. Nəsə
ayrı cür deyirlər buna...
Beynim qıjıldadığından, qulaqlarım küyüldədiyindən
son sözləri tam eşitmirdim.
Birdən pərdə
qalaqlarının arasından
uzun, arıq boyunlu, lopabığ bir armud baş
çıxdı, yekə
ağzını açdı,
irişə-irişə arvadıma
baxıb:
- Qızılgül qurusu...
- dedi.
Baş pərdələrin arasından
qəfil və bədənsiz çıxdığı
üçün, yəni
bədən görünmədiyi
üçün ikimiz
də bərk diksindik. Həm də bu söz
məni cin atına mindirdi. "Necə yəni qızılgül qurusu? Kimdir gül qurusu? Mənim arvadıma deyir? Kopoolu qəfil çıxıb qorxuzduğu
bəs deyil, hələ bir arvadı qurumuş gülə də oxşadır..."
- Kimnənsən, ə, sən?
- deyib gözlərimi
qıyaraq bərk fısıldadım. Hələ
də bədəni pərdələr arasında
gizlənən armudbaş
yenə irişib çənəsini arvada sarı uzatdı.
Hövsələm bir qırıq
oldu. Bircə addım kənara cəkilib həyat yoldaşımı birinci dəfə görürmüş
kimi başdan-ayağa
süzdüm. Evli olduğumuz iyirmi ildə, bəlkə də, birinci dəfə idi, ona bu cür
müştəri gözü
ilə baxırdım.
Geyimi babat olsa da, ayaqqabısı çox nimdaş idi. Neçə illərdi, evdə qulaqlarım döyənək
olmuşdu:
- Padaqra məni öldürür. Ora-bura yük daşımaqdan oldu. Axşamacan ayağım altımı
görmür. Bir normal ayaqqabı
da ala bilmirəm. Tapıb
aldıqlarımı da cındırı
çıxınca geyinirəm.
Neyləyim, ayrısını
arayıb alınca ləlik oluram. Camaat özünə fikir verir, salonlara
gedir, bədənini başdan-ayağa yığdırır,
mən heç olmasa, ayaqlarımın bu "şişka"larını
müalicə eləyib
ağrıdan qurtara bilmirəm...
Arvad gözümə köhnəlmiş
nimdaş paltar kimi, arıq, qırışmış əlləri,
soluxmuş yanaqları
elə qurumuş gül kimi göründü.
Qanım bərk qaraldı. İş yoldaşlarım tez-tez ora-bura "baş vurar", əməllərindən
forslana-forslana danışıb
qımışar, mən
isə hələ də səbir eləyirdim. Günah...
zina... cəhənnəm əzabı...
sədaqət.., filan və s. Arada bir həvəsə gəlib damağımı
dəyişmək istəsəm
də, ərincəkliyim,
"zamanı semiçka
kimi çırtlamağım"(arvadın sözüdür),
ləngliyim burda da özünü göstərirdi.
Elə bil gözləyirdim, kimsə
bir nazənini qızıl padnosda gətirib qoyacaq qabağıma ki, buyur, Sadıq bəy, sənindir, kef elə.
İndi arvada baxanda
ilk dəfə idi ki, bu cür axmaqcasına
sadiqliyimə və ləng olmağıma acığım tutdu. Düşündüm ki, deyəsən,
çox yubanmışam.
İlləri boş-boşuna
vermişəm yelə.
Tərpənmək lazımdır.
Mütləq tərpənmək
lazımdır. Yox bir, nə vaxtacan
get naxıra, gəl axura, bu "qurumuş qızılgül"ün
dır-dırına qulaq
as. Elə bu qurumuş qızılgül
sözü birdən beynimi yerindən oynatdı. Necə yəni, qurumuş gül? Qeyrət damarım tutdu, nə tutdu. Çox yubanmağımdan
doğan təəssüf
və peşmançılığın
üzərinə arvadıma
belə deyən armudbaşa olan qəzəbim gəldi. Əlimi uzadaraq kişinin yaxasını birtəhər ələ keçirib dartdım, bədənini pərdələrin
arasından bəri çıxardım. Skelet
kimi arıq bədən qarşımda
peyda olanda arvadımın gözü
kəlləsinə çıxdı,
həyəcanla:
- Neyləyirsən, Sadıq,
neyləyirsən? Dəlisən?
A kişi, sən
Allah, nağayırdığındı?
- dedi.
Onun belə təşvişə
düşməyi, armudbaşın
skelet kimi arıqlığı, arvadıma
elə deməyi cəsarətimi bir az da artırdı. Kişinin çənəsinə
bərk bir yumruq ilişdirib:
- Kopoolu, mənim arvadıma deyirsən qurumuş gül? Alıcılarla belə rəftar eləyirsən, qurumsaq? Sən öl, səni öldürərəm, - deyib
"skeleti" boşladım. Çənəsinə
dəyən zərbə,
deyəsən, ağır
olmuşdu. Yekə ağzının alt çənəsi
bir tərəfə əyildiyindən armudbaş
əli ilə çənəsini tutub düzəltməyə çalışarkən
irilmiş, təəccüblə
və qorxa-qorxa baxan gözlərini üzümə zilləyib
dinənə qədər
pərdələrin arasından
yumru bir qadın peyda oldu:
- Noolub, burda noolub,
Canəli, səni vurdu bu kişi?
Neyləmisən? - deyəndə
qadına sözünün
sonunu bitirməyə aman vermədən hücuma keçdim:
- Arvadıma ağzına gələni deyir. Məni görmür, elə bilir, arvadım təkdir. Gəlmişik evimizə pərdə almağa (burda özümü qayğıkeş, ailəcanlı
ər kimi göstərməyə fürsət
düşdüyündən lap canfəşanlıq elədim),
bu da satıcının
mərifəti...
Kişi
bir söz deməyə macal tapmamış sifəti qıpqırmızı qızaran
yumru qadın ağzını
açıb tüpürdü
bunun üzünə:
- Boyunu yerə soxum. Öl, yerə gir. Bə nə vaxt adam olassan?
Mənim "klent"lərimi
niyə qaçırdırsan,
a biqeyrət? Min dəfə
demişəm, bu qurumsaqlığını tərgit.
Tərgit bu qurumsaqlığını. Yaxşı
ki, Allah saa bir yaxşı sir-sifət,
can-baş verməyib.
Yoxsa, heç yerində oturmazdın, - dedi, sonra üzünü
mənə tutub , - qardaş, fikir verməyin buna. Hərdən
ağlı çaşır.
Gəlin, sizə bir kofe, çay
süzüm. Pərdə
almağınıza da özüm
kömək eləyəcəm.
Narahat olmayın. Qiymətini də nə qədər desəniz, aşağı
salacam.
"Yumru"nun belə deməyi məni bir az da ürəkləndirdi.
Həm də qiyməti istədiyimiz qədər aşağı
salacağına o qədər
sevindim, düşündüm
ki, deyəsən, elə
müftə verəcək...
Kişi
elə yazıq görkəm almışdı,
elə zavallı sifətə düşmüşdü
ki, birdən-birə onu
vurduğuma peşman oldum, yazığım gəldi. Bütün bunlar elə ani olmuşdu ki... Arvadım dişini-dişinə sıxıb
dinmirdi. Amma üz-gözündən
nəyinsə yerində
olmadığını anladım.
Nəsə kəlləmayallaq
olmuşdu yenə. İşlər tərsə
düşəndə o, bu
cür baxır. Bir armudbaşın üzünə
baxdı, bir mənim:
- Bu yazıq kişi nə dedi ki, camaatı vurursan? Heç bilirsən qurumuş qızılgül
nə deməkdir? Pərdənin rəngini deyir bu adam.
Bu rəngə qızılgül
qurusu deyirlər, "Matovı"
qızılgül... Niyə
bir şey almağa çıxanda mənim qanımı itin qanına döndərirsən? Həmişə
sevincimi qursağımda
qoyursan. Gərək heç səni gətirməyəydim. Ta almıram,
gəl çıxaq gedək. Bu abırla alınan pərdədən
nə çıxacaq?
Hər dəfə baxanda qanım qaralacaq. Sonra həmişəki
kimi, bayquştək təkcənə gəlib
özüm alaram, - dedi.
Arvadım həm hirslənmiş,
həm də doluxsunmuşdu. Elə ona da yazığım gəldi, amma lap azca. Qaldım elə-belə. Bilmədim,
neyləyəm. Armudbaşın
üzünə baxanda
çıxılmaz vəziyyətə
düşməyim daha
çox ağırlaşdı.
Arvad əlimdən tutub yenə çəkə-çəkə sürətlə qapıya
yönəldi. Bilirdim
ki, evdə həmişəki
tamaşanın təkrarı
başlayacaq:
- Necə də bədbəxtəm. Sənə
gəldiyim günə
daş düşəydi.
Camaatın ərləri...
Mən də qapını çırpıb gedəcəm
iş yerimin yanındakı çayxanada
bir-iki siqaret çəkəcəm. Tanışlarımla
çay içə-içə
nərd, domino oynayacam,
həmişəki kimi
hamını udacam, sevinib qürurlanacam, hər şeyi unudub qayıdacam evə...
Biz qapıdan çıxar-çıxmaz,
arxamızca yumru arvadın səsi küçəni başına
götürdü:
- İt oğlu, hara qaçırsan?
Mən də deyirəm, bəs kişim bunun o soxulcana oxşar arvadına nəsə deyib. Pərdə almağın gözünə
girsin, kişimi niyə vurursan günahsız yerə?! Getmə, dayan, bu dəqiqə səni polisə verəcəm! Dayanmayan biqeyrətdir! Dayan, kopoolu!..
Arvadım əlimdən darta-darta
addımlarını yeyinlətdi.
Sonra qaçmağa başladıq.
Zarafat deyildi, eşitmişdim, bir yumruğa üç il həbs düşür. Özümüzü qarşımıza
ilk çıxan taksiyə
salıb: "Sür",
- dedik. Maşına əyləşən kimi arvadım:
- Ömründə məni bir dəfə də taksiyə mindirməmisən, - dedi.
Cavab vermədim. Fikrim arxada, "Səni polisə verəcəm"
- sözlərinin yanında
idi. Arvadım maşında monoloqunu yana-yana, xısın-xısın
davam etdirdi:
- İllər boyu bazarı, dükanları tək dolaşdım. O vaxtı lap cavan, gözəl-göyçək gəlindim.
Niyə heç düşünmürdün ki, birdən buna bir söz deyərlər, bir iyrənc hadisə olar? Avtobuslarda ayaqüstə, yorğun-arğın, basırıqda
ona-buna söykənə-söykənə,
o-bu sürtüşə-sürtüşə
yol yortmuşam, ağır zənbillər
daşımışam, onda
qeyrətin oyanmırdı,
indi dilə gəldi?! Mən səninlə neyləyim axı?! - deyəndə elə yazıq görkəm aldı ki... Gözlərinin giləsini
şüşə kimi
örtən göz yaşları donub orda qalmışdı. Onun ağlamasını istəmirdim. Bundan qorxuram. Həqiqətən,
çox qorxuram. Belə məqamlarda elə bilirəm, bunlar bir lənətlik
kimi məni bədbəxtliyə, sonu məchul və pis nəticələnən
qədərə sürükləyir.
Bu hiss ağır daş
kimi çökür
üstümə. Ona görə
evdən qaçmaqla,
arvadımdan uzaqlaşmaqla
bu hisslərdən yaxa qurtarmağa, əhvalımı düzəltmək
üçün yoldaşlarımla
görüşməyə can atıram. İndi taksidə
bunları dinləməyə
məhkumdum, qaçmağa
yer yox idi.
Öz binamızın nömrəsi
doqquzdur. Hər ehtimala qarşı taksini beşinci binanın yanında saxladıb düşdük.
Maşının getməyini
gözləyib tərpəndik.
Binamızın qarşısına
çatanda sonuncu mərtəbədə olan
mənzilimizin açıq
pəncərəsindən özünü
çölə atmış
pərdələri küləyin
yellədiyini, onların
sanki bizə əl elədiyini gördüm. Külək
vurduqca tam açılan
pərdələrin ətəyində
ordan-burdan şırım
kimi süzülmüş
yarıqlar səmanın
fonunda apaydın görünürdü.
HƏCƏR
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.20.