Qərib yuxular

 

Fəlsəfi-mistik vəhdət poemasından

 

Proloq

 

Yalvarış

 

Bir şimşək olum çaxım,

Özüm özümdən çıxım.

Siyrilim günahlardan,

Rəhm qıl, Tanrım - Allahım!

 

Bu nə mənzil, nə qismət?

Bu nə yazı, nə kəsmət?

Səhrayam suya həsrət,

İlğımlar mənim ahım...

 

Bəşərəm, var günahım,

Rəhm qıl, Tanrım - Allahım!

Süzülüm günahlardan,

Təşnə səhraya axım...

 

Sarı yuxu

 

Elindən, obasından

Köçkün düşmüş,

Qürbətdə qəribsəmiş,

Həsrətdən bağrı bişmiş

Bir qərib

Qərib-qərib

Bayatı çağırdı.

İlahi, onu dinləmək

Necə də ağırdı!

Dərdinin özündən də

Dərd yağırdı:

 

Əzizim, xarı bülbül,

Könlümün yarı bülbül,

Sən əsirsən, mən qərib,

Mən ölsəm yarı, bülbül!

 

Qəribin bayatı

Çağırdığı anda

Haqq aşığı

Sarı Aşığın ruhu

Onun çiliklənib sındırılmış,

Ya da tonqalda yandırılmış

Sazını axtarırdı

Əsir düşmüş

Güləbird kəndinin

Xarabalığında.

Birdən sarı

Qaymaqçiçəkləri arasında

Sazı gördü.

Sağ-salamat qalmışdı,

Fəqət sədəfləri də,

Çanağı da

Solub saralmışdı.

 

Sarı Aşığın ruhu

Əyləşdi onun uçuq qəbrinin

Sınıq baş daşı üstündə,

Sarı sazı köklədi

Bayatı üstündə -

İtkin düşmüş bala kimi

Basdı bağrına.

Yön tutdu qərib səsə,

Oxudu yana-yana:

Mən aşiq, xarı bülbül,

Həsrətdən sarı bülbül.

Aşıq öldü qurtardı,

Ölmə sən barı, bülbül!

 

Qəribin yanıqlı səsi

Yenə dağları dəlirdi,

"Sarı gəlin" zümzüməsi

Uzaqlardan süzülüb gəlirdi:

"Bu dərənin uzunu,

Çoban qaytar quzunu...

Saçın ucun hörməzlər, sarı gəlin,

Səni mənə verməzlər, sarı gəlin..."

 

Yaşıl yuxu,

yaxud yuxudakı yuxu

 

Azmışdım

Sonsuz səhrada

Tək-tənha.

Yorğunluqdan qalmamışdı

Tabım daha.

Çörəyim də,

Suyum da

Tükənmişdi,

Bu kimsəsiz, boş səhra

Cəhənnəmə dönmüşdü.

Az getdim, yüz getdim,

Əyri getdim, düz getdim.

Ayaqlarım

Doğru yol axtarışından

Bezmişdi,

Susuzluq da məni

Bir yandan

Üzmüşdü.

Qızmar səhrada

Payi-piyada

Yolsuzluğa üz tutub

Getdim yenə...

Əl açdım sonsuz göylərə:

Tanrım, məsləhət Sənindir,

Əzablar qaildir mənə!

 

Daha baş götürüb gedirəm,

Hansı səmtədi yönüm mənim?!

Gündüzlərdən, gecələrdən keçirəm,

Gündüz olmur günüm mənim.

İlahi, şükür kərəminə,

Qu gölümdü ölüm mənim!

 

Bu qaranlıqda boğuluram,

"Mürvətsiz insanları çağırıram",

"Bağır-bağır bağırıram"

Bir yana yetmir ünüm mənim!

İlahi, şükür kərəminə,

Qu gölümdü ölüm mənim!

 

...Uzaqda qol-budaqlı

Yaşıl bir ağac gördüm,

"Yaşıllıq olan yerdə su olar" -

Özümə təskinlik verdim.

Artırdı canımda ağrı...

Topladım son gücümü

Dizin-dizin süründüm

Ümid işığına doğru.

 

Dumduru bulaq qaynayırdı

Ağacın altından,

Doyunca içdim sərin sudan.

O yaşıl ağacın

Sərin kölgəsində

Yıxılıb yatdım,

Bal yuxuya batdım.

Yuxu gördüm.

Qəribə haldı, doğrusu,

Yuxumdakı yuxuydu bu.

Gördüm bütün yer üzünə -

Səhrasına, çölünə,

Dağına, dənizinə

Nurlu bir yağış yağdı.

Bu yağışdan sonra

Gün çıxdı -

Ətrafa nur şəfəqləri axdı.

Göyqurşağı sallandı

Dünyanın o başından

Bu başına,

Aləmi qucdu qolları.

Gördüm

Rəng-rəng yolları...

Məni bu səhranın,

Əzabların əllərindən

Alası yolları!

Fəqət bilmədim seçəm

Hansı yolları.

Bu vaxt

Göyqurşağı dilə gəldi,

Canıma lərzə salan

Bir səs yüksəldi:

"Bu yollar dərdləri

Qurtaran yollardır,

Tanrı dərgahına

Aparan yollardır!

Bu yollar

Bəşəriyyətin din yollarıdır,

İlahi eşqin yollarıdır!

Rəng-rəng olsa da bu yollar,

Hər birində

Haqqın hikməti var.

Fəqət sənin yolun

Yaşıl yoldur.

Hökmüdür Yaradanın,

Bəşər haqqa quldur!".

Bu an

Bir müdrikin sözləri

Düşdü yadıma:

"Dostum, həyat ağacı daim yaşıldır!"

Sevindim qismətimə -

Yaşıl yoldur!

Əl atıb tutdum

Qövsi-quzehin

Yaşıl rəngindən,

Qurtuldum, nəhayət,

Beynimi didən

Fikirlər cəngindən.

 

Qəfil ayıldım

Yuxumdakı yuxudan.

Gördüyümə qaldım heyran:

Səhra da,

Əzablarım da

Sona yetmişdi,

Ayaqlarımın altında

Yaşıl,

Quzuqırpımı

Otlar bitmişdi.

 

Qəhvəyi yuxu

 

Qəhvəyi rəngli maşından

Qəhvəyi geyimli kişi düşdü.

Ərkanə dedi: - Yaxan ilişdi!

Mən qəhvəyi rəngəm.

Bilirəm rənglərdən yazırsan,

Mənlə bəhslənməyə hazırsan?

Dedim: - Bilmirəm kimsən,

Nəsən, nə rəngsən.

Nə qırmızısan, nə pürrəngsən,

Nə də qara!

Çıx get yolunla,

Mən hara, sən hara!

Dedi: - Xətrimə dəymə,

Haqqın mizanın əymə!

Axı bir zamanlar

Məni geyərdin,

Fəxr eləyərdin rəngimlə,

Kişi rəngidir deyərdin.

Bir adətini hələ də

Tərk etməmisən,

Səhərlər qəhvə içməyi

Tərgitməmisən!

İndi məni tanımadın?

Hanı huşun, yadın?!

Dedim: - Fəhmim artıb

Ağlım kəsəndən bəri

Sevmirəm ikiüzlüləri!

Bu görkəminlə, təbiətinlə sən

İkiüzlü yox, çoxüzlüsən!

Sizin silahınızdır

Siyasət, yalan,

Siyasət əhli eləyir

Dünyanı talan!

Əgər olmasa yalan, siyasət,

Yerə enərdi yəqin cənnət!

Dedi: - Qafil, olma xam,

Mən talançı deyiləm,

Hikmət kanıyam.

Fəhm eylə,

Ağıl gözüylə bax bir an:

Məni öz qüdrətindən

Xəlq edib Yaradan!

Göy - atamdır,

Qırmızı - anam,

Onlardan yarananam.

Göy üzünün

Göyündən,

Dan yerinin

Alından,

Günəşin gızıl

Sarısından

Tutulub əcdadımızın

Cövhəri, mayası.

Təsadüf deyil,

Tanrının əlamətidir

Hər birimizin boyası.

Bütün rənglər

Əks olunub məndə,

Bütün rənglərdə

Varam mən də.

Fəhm etsən əgər sən,

Baxıb görərsən:

Şəksiz-şübhəsiz,

Dünya bizik,

Aləm biz.

Anla bu hikməti,

Qavra həqiqəti:

Gerçək bizik,

Yalan sənsən,

Qalan bizik,

Solan sənsən.

İndi yuxudasan,

Ayılan kimi sən

Ancaq bizi görəcəksən!

Bu sözlər məni tutdu yaman,

Sanki oyandım yuxudan.

Gördüm düşüncəm gödəkdir,

Elmim kəm,

Hirslə dedim:

- Çıx get,

Fikirləşərəm!

O getdi...

Baxıb gördüm rənglərini

Göyün, Yerin,

Günlərin-illərin,

Ayların-fəsillərin,

Əsrlərin-nəsillərin...

Qaldım rənglər içində.

Gördüm rənglər

Sonsuz, zamansız

Müxtəlif ölçülərdə,

Ayrı-ayrı biçimdə.

Gördüm hər rəng

Bir səsdir - zəngdir,

Rəngsizlik özü də

Rəngdir.

 

Moskva

 

Əli bəy AZƏRİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 24 yanvar, №3.- S.26.