Muzeydə “Yusif Ziya
Talıbzadə – 148, türkçülüyün
unudulmayan şəxsiyyəti” adlı tədbir təşkil edilib
Abdulla Şaiqin mənzil-muzeyi və Azərbaycan Türk Ocağının
birgə təşkilatçılığı
ilə pedaqoq, hərbçi, dramaturq görkəmli ictimai və siyasi xadim Abdulla Şaiqin qardaşı Yusif Ziya Talıbzadənin anadan olmasının 148 illiyi münasibətilə
tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Yusif Ziya Talıbzadə
– 148, türkçülüyün unudulmayan şəxsiyyəti”
adlı tədbirdə
əvvəlcə şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyinin
direktoru Ülkər Talıbzadə çıxış
edərək dramaturqun
yaradıcılığından söhbət açıb.
“Yusif Ziyanın adı o dövrdə qadağan olunmuş adlar siyahısında idi. Kamal Talıbzadə
Ulu Öndər Heydər
Əliyevdən Yusif Ziyanın adının ictimaiyyətə tanıdılmasına
köməklik göstərilməsini
xahiş etmişdi. Məhz Ulu Öndərin köməkliyindən sonra
Kamal Talıbzadənin səyləri
ilə Yusif Ziyanın adı bərpa olundu və tanıdıldı”,- deyə o əlavə edib.
Tarix üzrə fəlsəfə
doktoru Akif Aşırlı
Türk Ocaqlarının
fəaliyyəti barədə
danışıb. O bildirib
ki, Yusif Ziya Talıbzadə bu ocaqların əsas qurucularından biri olub. Onun avtobioqrafik
dram əsərində türkçülük
və birlik ideyalarına həsr etdiyi fəaliyyəti əks olunub.
Muzeyin böyük elmi işçisi Elminaz Məmmədli “Yusif Ziya Talıbzadə xatirələrdə” mövzusunda
məruzə ilə çıxış edərək,
professor Zeki Vəlidi Toğanın
xatirələrində Yusif
Ziyanın geniş təsvirinə yer verildiyini bildirib. O, Yusif Ziyanın Ənvər Paşanın
tapşırıqlarını həyata keçirən fövqəladə komissar
kimi fəaliyyət göstərdiyini vurğulayıb.
Tədbirdə professorlar Minaxanım
Əsədova, Solmaz Rüstəmova-Tohidi, tarix
üzrə fəlsəfə
doktoru, Əməkdar müəllim Firdovsiyyə
Əhmədova, Milli Azərbaycan
Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov Yusif Ziyanın çoxşaxəli ictimai
və siyasi fəaliyyətinin təbliği,
zəngin irsinin xalqımıza tanıdılması,
qorunması kimi mühüm məsələlər
ətrafında fikirlərini
bölüşüblər.
Tədbirin bədii hissəsində
muzeyin əməkdaşı
Fəridə Məmmədova
Abdulla Şaiqin türk
ordusunun Azərbaycana gəlişinə həsr
etdiyi “Neçin böylə gecikdin” adlı şeirini səsləndirib.
Sonda Yusif Ziyanın 2027-ci ildə keçiriləcək
150 illiyinə hazırlıq
məqsədilə onun
elmi-publisistik və ədəbi irsinin nəşri və şəxsiyyətinin təbliği
məqsədilə konfrans,
simpozium və digər tədbirlərin keçirilməsi müzakirə
olunub.
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.22.