Xosrov Natil - taleyini yazan şair

 

Xosrov Natili taleyini yazan şairlərdən biri sanmaq gərəkdir. Onun əl boyda "Ovcumun içində buğda dənəsi" kitabına toplanmış şeirləri buna şəhadət verir. Şair Nizami Gəncəvi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Əhməd Cavad, Cabir Novruz və başqa adlarını sadalamadığımız imza sahibləri kimi ömrün acılarını, həyatın nisgilini məharətlə şeirlərinə hopdura bilmişdir.

Şeirlər toplusuna seçdiyi addan görünür ki, şair xalq yaddaşına, el deyimlərinə, ümumilikdə folklorumuza, mifologiya elminə dərindən bələddir və bütün varlığı ilə buna bağlıdır; şeirlərində bunu daha parlaq şəkildə büruzə verməyi bacarmışdır.

Azərbaycanın min illərin sınağından üzüağ çıxmış, qərinələrdən-qərinələrə ötürülərək günümüzə gəlib çıxmış Bahar bayramı kimi gözəl bir ənənəsi var. Bayramın ən gözəl atributu Səməni hesab olunur. Səmənisiz nə bayram?

 

Səməni, saxla məni,

İldə cücərdərəm səni.

 

Gör necə gözəl səslənir. Gözəl səsləndiyi kimi də insanın təbiətlə təmasını təsnifatlandırır. Məncə, Xosrov Natilin şeirlər kitabına belə bir ad seçməsi təbiidir, onun təbiətə bağlılığı, folklorumuzu yeniləməsinə bir işarədir. Əlbəttə, ovucun içində saxlanılan buğda dənəsi insanın hərarətindən və nəmliyindən cücərəcək, boy atacaqdır. Elə təbiətin qoynunda da bu proses baş vermirmi?

 

Üdgündə doğuldum...

Zəngilan obasında

arıçı Həsənxanın

qosqoca odasında,

ağlayıb kirimişəm

kallayı otaqda,

bir yaşımda ölürmüşəm -

çöpümü çıxarıb

Qibləli kişi

"Allah kərimdi" - deyib.

Ölüm yoxdu ta mənə.

 

Xosrov Natilin bu şeiri ədəbi mühitə çoxdan tanışdır. Bəlkə də XXI əsrin ötən bu iyirmi beş ilində heç bir şair tərcümeyi-halını belə gözəl şəkildə nəzmə çəkməyib. Şeir 2008-ci ildə Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə hazırladığı "Poeziya günü" toplusuna da salınıb.

Natil - şairin bir yaşında dünyasını dəyişmiş oğlunun adıdır, şair özünə təxəllüs götürüb. Türkəçarə kimi böyük coğrafi bölgələrdə qəbul olunan "boğazbasma" əməliyyatı tibbin inadkarlığı sayəsində tədricən unudulmağa başladı. Burdan görünən də odur ki, Qibləli kişi sənətini heç kimə ötürə bilmədi, ötürmədi. Soyuqdəymədən boğaz qlandaları şişib nəfəslik yolunu bağlayan bir yaşlı uşaq hamının gözünün qabağında tələf oldu. Çox ağır dərddir, təkcə şair üçün yox, elə hamı üçün.

 

Cavidin, Cavadın yoluna çıxdım,

üzümə qoydular dostu, tanışı,

üzümə vurdular hər addımbaşı.

 

Xosrov Natil mübariz insandır. Meydan hərəkatından üzübəri, daima mübarizə meydanında olub. Haqsızlığa qarşı amansız mübarizə aparıb, istər sıravi vətəndaş, istər şair kimi. Ustadların adını çəkib, onları yad eləyib. Cavidin, Cavadın yolunu tutan hansı vətən fədaisinin başına "oyun" açmayıblar, hansının üzünə ətrafında fırlanan, "dost-tanış" cildində görünən şəreytanları qoymayıblar? Gözəl nəzmə çəkib, hadisənin bədii təsvirini əla yaradıb.

Xosrov Natil təpədən-dırnağa kimi xalq folkloru ilə silahlanıb. Onun istənilən şeirini götürüb incələməklə bunu isbat edə bilərik. Köhnə deyimləri yeniləmək, atalar sözünə, zərb-məsəllərə, el deyimlərinə oxşar yeni fikirləri dərhal diqqəti çəkir. "Kirayə evlər" şeirinə diqqət yetirək:

"Kirayə evlərin Allahı yoxdu", "Kirayə evlərdə tez düşür axşam", "Bu dünya quyruqdu kişilər üçün", "Mənzillə ölçülür silahın gücü" və s. ifadələr şairin köhnə deyimlərdən, xalq folklorundan bəhrələnərək yüksək məna ifadə edəcək misralar yaratmaq məharətini göstərir.

 

Kirayə tutmuşuq Yer kürəsini,

Başına dönürük ulu Günəşin.

 

Yer kürəsinin başqa göy cisimləri kimi Günəş ətrafında fırlanması kainatın nizamıdır. İndiyə kimi hansısa şair belə bənzətmə yaradıbmı? - Yox!

Xosrov Natilin bir şair kimi mübarizəsi adidən adidir. O, sərvət, hakimiyyət, nə bilim, kənardan uca mərtəbələr kimi görünən dəyərlər uğrunda mübarizə aparmayıb və aparmır da. Onun qəzası insanlıqdır. Canlı varlıq olan adam balası necə təkamül edə bilər, necə islah olub müdrikləşər? Bax, şairi daima düşündürən suallar bunlardır.

Şair yazır:

 

Təzə ad qoyuldu adımın üstə,

Xoşbəxt tələbəyəm mən kitab acı.

Bağışla, gözəl qız, istəsən, küs də,

Yolumu gözləyir kitabxanaçı.

 

Tələbə vaxtı belə olub, bütün mənalı ömrünü kitablar arasında keçirib, elə indi də belədir. Kitaba marağın azaldığı bir vaxtda şairin bu misraları, məncə, cəmiyyətə bir çağırış olmalıdır. Kamil insan yalnız kitablar arasında yetişə bilər. "İndisə dostumun fəhlə əlləri, Mənim də gözlərim qabar-qabardı", "Hər gün kitabxana kəsdi qarşımı, Min yol baş çəkməyə ərinməmişəm", "Dəftərə, kitaba xərclədiyimi Əynimə, başıma xərcləməmişəm", "Sıxıb kitabları sinəmin üstə, O günün dalınca qanadlanıram" beytləri şairin lirik qəhrəmanının kitaba hansı ülvi hisslərlə bağlılığından xəbər verir. Belələri həyatda az deyil.

Xosrov Natil milli fədaidir. Şeirlərində özünün də qeyd elədiyi kimi, "Zəngilan obasından"dı. Araz qırağında uşaqlıqdan "qarğı atı"nı səyirdəndə çayın o tayında yer şumlayan cütcülərin doğma dildə nəğmələrini, mahnılarını dinləyib. "Niyə aradan tikanlı məftillər çəkilib?" sualı elə uşaqlıqdan düşündürüb onu və müstəqilliyimiz dövründə də beyninə hakimdir, bir an belə onu tərk etmir. Hətta kəndlərində özünə bir ev "qaralayanda" pəncərəsini Araz çayına sarı qoydurub ki, o taydakı soydaşlarını görə, mahnılarını, şirin-şəkər bal kimi yapışan nəğmələrini dinləyə bilsin.

 

Ümiddən o yana umacağım yox,

Elə ümidim də məndən xətircəm.

Çağırsam o tayda eşidəcəklər,

Araza açılır qapı-pəncərəm.

 

"Yollar var, uzanır Baykal-Amura, Yollar var, bağlanır Xudafərindən", "Düşmən arasından çox vaxt su keçmir, Bizim aramızda tikanlı məftil", "Hardasan, hardasan babam Xətai, Hardasan, hardasan ümid yiyəsi?", "Baxışlar Arazdan sınır, qayıdır" kimi ifadələr ürək dağlayır, könül sızladır. "O taylı-bu taylı vətənə", "Bir milləti ayıran Araza" nə qədər şeirlər qoşulub. Xosrov Natil onların heç birini təkrarlamır. Bir uşaq məsumluğu ilə hamının gördüyü halları göz önündə cizgiləyir. Şükürlər olsun ki, texnikanın inkişafı mədəni əlaqələr qurmağımıza şərait yaradıb.

Xosrov Natilin poeziyası ədəbi mühitin müxtəlif nümayəndələrinin diqqətini çəkib. Hər imza sahibi onun şeirlərinə xoş münasibət bildirib. Tehran Əlişanoğlunun qeyd etdiyi kimi: "Xosrov Natilin şeirləri yazılmaq üçün deyilmiş şeirlərdir". Bu, tamam başqa bir aləmdir. Şair yazmazdan əvvəl onu beynində formalaşdırır. Şeir yazmaq, yaxud yazacağın mövzu fikrinə hardan gəlir? Bunu beyninə kim diktə edir?

Şeirləri toplandığı kitabı "Ovcumun içində buğda dənəsi" adlandırıb. Şairin qloballaşan dünyada böyük haqsızlıqlara qarşı üsyanı burda görünür. "Bu dünya yer tapmır bir ovuc dənə" - deyən Xosrov Natil tikinti bumu ucbatından məhv edilən təbiətə qahmar çıxmağa səsləyir, kəsilən yaşıllıqların qarşısının alınmasına səsləyir bəşəriyyəti.

 

Bəlkə də, haçansa əkdim, becərdim,

Bəlkə də, haçansa sözüm "cücərdi".

Hələ ki bu dünya dözüm cücərdir -

Ovcumun içində buğda dənəsi.

 

Ən nəhayət, şairin öz yaradıcılığına münasibəti də bənzərsizdir. "Hər hansı şərait (pis, ya yaxşı) yaza bilməmək üçün, şübhəsiz, arqument sayılmamalıdır. Hətta azyaşlıların belə əl qatıb üz qızartdığı bir dövrdə yaza bilmək, yaxud yaza bilməmək ağciyər və ürək çatışmazlığı kimi bir şeydi. Allah kəssin belə yazmağı da, yazmamağı da". 

Əlqərəz, yaradıcılıq bir cəhənnəm əzabıdı, mərəzdi, ona mübtəla oldunsa, qurtuluşu yoxdu.

Gərək ki, bu dahi fikri də kimsə deyib, sadəcə, təkrarladım.

 

Əli bəy AZƏRİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 24 yanvar, №3.- S.28.