Heminqueyin ziyarətinə gələn mələk
"Marginal
əhvalatlar" kitabından
Xoselito
Moralesin dərisi qaranlıq gecəni xatırladır və
çox yəqin, indi o, içi avokadolarla dolu və işlənməkdən
işıldayan karton qutusuyla birgə Havananın küçələrində
sülənməkdədir.
Karib sahillərinin durmadan dəyişən rəngləri fonunda qara rəngi
təmsil edən bu adamla yaşılın simvolu sayılan
avokado adamda qəribə bir təəssürat yaradır.
Bir axşam sahildə oturduğumuz vaxt o, məndən
soruşmuşdu:
- Bütün nəcib boksçuların səmaya yüksəldiyinə
siz heç inanırsınız?
Mən də onun sualına
sualla cavab vermişdim:
- Hansı səmaya?
- Keşişlərin təsvir
elədiyi səmaya yox, canım. Başqa
səmaya. Adətən rəqsə dəvət elədiyin
zaman sənə "yox" deməyəcək o gözəl
qızların cəmləşdiyi səmaya. Orada hər adam
pulsuz-pənəsiz, həm də istədiyi qədər rom
içə bilir. Nəcib ömür sürənlər səmanın
məhz həmin qisminə yollanır və orada onları
şəxsən dədə Heminquey özü
qarşılayır.
Xoselitonun
bu uydurması necə könlümə yatdısa, sonradan mən
də səmanın o guşəsinin varlığına
inanmağa başladım.
Bu gün, yəni Ernest
Heminqueyin ölümünün 35-ci ildönümü ərəfəsində
yazarın qız nəvəsi Marqot babasıyla həmin
guşədə görüşməkdən ötrü əbədi
səfərə çıxdı. O guşənin nəhəng
səmanın hansı qismində yer almasından asılı
olmayaraq, bu gün orada Karib melodiyalarının səslənəcəyi,
süfrədə isə romun heç əskik olmayacağı
bir şadyanalıq qurulacağından şəxsən mən
tamamilə arxayınam.
Dədə Heminquey ta uşaq
yaşlarımdan bəri mənim könlümdə taxt
qurubdur. İndi çörəkçi dəzgahının
üstə bu mətni yazdığım anlarda da o,
qarşı divara vurulan fotodan mənə baxır: əynində
qalın jaket var, çöhrəsində isə həyatın
bir nəqqaş misalı açdığı
naxışlar nəzərə çarpır. Hə, mən
bilərəkdən "çapıqlar" yox,
"naxışlar" yazdım, çünki
çapıqlar - ağrı-acının izləridir. Bundan fərqli
olaraq, Heminqueyin üzündəki
"naxışları" həmişə dil açaraq, mənə
deyir ki, bax, yoldaş, unutmayasan ha: "ədəbiyyat"
adlanan nəsnə sırf bu "naxışlar" sayəsində
araya-ərsəyə gəlir, "naxışlar" isə
yaşadıqlarımıza, başımıza gələnlərə
görə bizə təqdim olunan diplomlardır.
Məhz
onun seçdiyi yollardan keçməklə, mən dəfələrlə
İspaniyaya, İtaliyaya, Kubaya yollanmışam və hər
dəfə oralarda tapdığım izlər məni öz
Müəllimimə daha möhkəm tellərlə
bağlayıb. Onun xəyali iziylə üz tutduğum ölkə
heç də o öküz döyüşlərinin
keçirildiyi İspaniya deyil, sırf Respublikanın
süquta uğradığı məmləkət olub,
çünki orada ikən Heminquey insanın mövcudluğuna
yaraşan o ən böyük nemətin xilasına
çalışıb.
Beynəlmiləlçi briqadalarda döyüşən əmilərimdən
biri bunu mənə belə təsvir eləmişdi:
"Respublikaçıların məğlubiyyətinin
artıq qaçılmaz olduğu elə Heminqueyə də dəqiq
bəlliydi, ancaq ehtiyac duyduqları o dəyanət,
dözüm hissini sırf onlara aşılamaqdan ötrü fədailərin
yanından ayrılmırdı. Ləyaqətimizi itirməyək
deyə, apardığımız mübarizə Teruel və
Saraqosa cəbhələrində bitmir deyə, o, yenə də
bizimlə eyni səngərdə idi. Çünki
döyüşlər Pireneyin və Uralın digər
üzündə də davam edəsiydi. Hə, o, bizləri tərk
etməmişdi, çünki insanın ləyaqət
uğrundakı mübarizəsinin planetar miqyaslı bir dava
olduğunu bizdən yaxşı anlayırdı".
Bir səhər mən Venesiyada ikən sübh tezdən qayıqla
aeroporta tərəf yola düzəldim. Qış idi, səhər
şəfəqləri şəhəri qəribə, az qala
reallıqdan uzaq rənglərə boyamışdı.
Qayığımızın sivri burnu kanalların
güzgüvarı səthində şırımlar
açıraq şütüyürdü. Hələlik yuxuda
olan şəhərin fonunda qəfildən mən taqətsiz və
susqun bir qocanın siluetini sezdim: baxışlarını lal
şəfəqlərə dikən bu adam özündən
xeyli cavan olan qadının sevgisini cavabsız buraxmağın
hansısa bir yolu üzərində baş sındırır,
həm də bunu qadından "yox" cavabı almaqdan, yaxud
mənəvi yasaqlardan qorxduğu üçün etmirdi,
qadını sadəcə sevgidən soyutmasın deyə, həmin
yolu arayıb-axtarırdı.
Həmin
qayıqda üzərkən
mən "Çayın digər sahilində,
ağaclar kölgəsində" romanının süjetini
başdan-ayağa, həm də təkrar yaşamalı oldum və
o ara fərqinə vardım ki, həmin o xəyali qocaya
çevrilən dədə Heminquey də artıq körfəzin
digər sahillərinə yönəlməklə, məndən
uzaqlaşır, görünür, yenə ördək ovuna həvəslənib
- axı bu, sevgi haqda müdrik bir roman üçün ələdüşməz
fürsətdir.
Karib sahillərində dolaşdığım
zaman onun cizgilərinə mən bütün
balıqçılarda rast gəldim, hamısının
gözləri göydü, hamısı adama yenilməz təəssürat
bağışlayırdı. Gözlərinin
göylüyü isə ingilis-Sakson qanından irəli gəlmirdi,
çünki o gözlər dənizin və qatlaşılan
sıxıntıların rənginə
boyanmışdı.
Hər gün mən dədə Heminqueylə salamlaşıram və
hər gün o, mənə başa salır ki, bu yazı-pozu
işi hər hansı sənətkarın iş-gücündən
zərrəcə fərqlənmir. Onunla salamlaşanda bildirirəm
ki, verdiyi hər öyüd mənim nəzərimdə son dərəcə
dəyərlidir: "Hadisələrin necə cərəyan
edəcəyi artıq sənə tam bəllidirsə,
yazmağına ara ver. Unutma: gözəl romanlar hər birinə
iyirmi dollar dəyər biçiləcək sözlərlə
yazıla bilər, amma yazarın bacarığı bunu iyirmi
sentlik sözlərlə yaratmaqdan ibarətdir. Seçdiyin sənətin
taleyinin bir parçası olduğunu isə əsla unutma. Pələngin
xəzində hansısa zolağın yoxluğu ona hər
hansı xələl gətirməz, halbuki yerinə
düşməyən bircə söz istənilən hekayəti
tamamən zay eləyə bilər. İçini bürüyən
qüssədən qurtulmaq üçün sən içki
barını seçə bilərsən, ədəbiyyatı
isə - əsla..."
Ara-sıra mən dədə Heminqueyin
canına necə qıydığını xəyalımda
canlandırmağa çalışıram. Ola bilsin, 1961-ci
ilin həmin səhəri aynada özünü süzəndən
sonra ustad bu sualı dilə gətiribmiş:
- Bəs indi necə
olacaq?
Ətrafında Aydaho dağları,
ağaclar, otlar, quşlar və öz
pişikləri varmış (pişiklərdən biri həmin
gecə Pol Lafarqın kitabını hələ cırmaqlamışdı
da). Bu nəhəng insanın həyatının məğzi
bütün bunlarda cəmlənmişdi. Bəs indi necə
olacaqdı?
Qeyd: Pol
Lafarq (1842-1911) - fransız
iqtisadçısı və siyasi xadimi olub. Karl Marksın
qızı Lauranın əri olmaqla yanaşı, öz
dövründə marksizm nəzəriyyəsinin ən məşhur
təlimçilərindən də sayılıb.
Özünə meydan oxumaqla hədələyən bu çarəsizliyi
yenməkdə qərarlı olduğundan o, divardan asılan
tüfəngi əlinə alıbmış.
Bundan otuz beş il sonra onun nəvəsi
də canına qıydı və artıq səmanın eyni
qismindədir, Havanada ikən Xoselita Moralesin mənə o
haqqında söz açdığı qismində. Hə,
göyün keşişlərə hər hansı dəxli
olmayan və həmişə də şadyanalığın
hökm sürdüyü qismindədir onlar.
Luis SEPULVEDA
Dilimizə
çevirdi:Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, №3.- S.31.