Koki Mitaninin(yə) ustad dərsi
İncəsənət
Bu əsərin "YUĞ" Dovlət
Teatrında tamaşaya
qoyulacağını biləndə
pyesi təkrar mütaliə etdim və səhnə versiyasını təsəvvürümə
gətirdim - dünyagörüşü
etibarılə əks
qütblərdə dayanan
iki şəxsin sarkazmlı yumorla başlayan ünsiyyəti
tədricən nəinki
yaradıcılıq əməkdaşlığına,
hətta dostluğa çevrilir, əlbəttə,
doğuluşundan yumor
hissi olmayan, uşaq ikən bu hissi onda
heç kimin tərbiyə etmədiyi birinə belə bir keyfiyyəti sonradan tam mənası ilə aşılamaq qeyri-mümkündür, o, sadəcə,
gülməli olana biganə qalmaq cəhətindən qurtulur,
əvvəl vulqar hesab etdiyi komik
situasiyalara əsərin
sonunda özü
"müəlliflik" edir.
Müasir
yapon dramaturqu, yazıçısı,
ssenariçisi, kinorejissoru,
komediya aktyoru Koki Mitaninin "Gülüş
akademiyası" pyesi
əlbəttə ki, sadə
komediya və ələlxüsus da adi pyes deyil - əvvəla,
süjet başdan-ayağa
qarşısındakı insana
və özünə
istehzadan yoğrulub. Ən vacib cəhət
isə pyesin dilinin, kompozisiyasının
çox rəvan, harmonik olmasıdır. Pyesin iki personajından
birinin, dramaturqun dediyi kimi, "pyes hekayə deyil, roman deyil ki, onu mütaliə edərkən tam duyasan, pyes gərək tamaşaya qoyulsun ki, onu anlayasan" fikri əlbəttə ki, Müfəttişə təsir
edib komediyasının
tamaşaya qoyulması
üçün icazə
almaq manevridir. Hər hansi pyesin mətninin oxunaqlığı və
ya belə demək mümkünsə,
frazeoloji-linqvistik cazibədarlığı
ilk dialoqdan özünü
büruzə verir. Əlbəttə, əgər
bu cəhətlər pyesdə varsa. Məsələn, haqqında
bəhs etdiyimiz "Gülüş akademiyası"
pyesində olduğu kimi; bu pyesi
heç bir dəyişiklik, hər hansı əlavə etmədən, sırf dramaturji təhkiyə və ədəbi ismarışın özündən
qaynaqlanaraq çox uğurla tamaşaya qoymaq olar. Dramaturq-Müfəttiş
qarşıdurması, ünsiyyəti,
dostluğu komediya pyesi müəllifinin əsərini truppa dramaturqu olduğu "Gülüş akademiyası"
teatrının səhnəsində
tamaşaya qoyulmasından
ötrü icazə almaq intizarı ilə başlayır. Və bu intizar,
bu nigarançılıq
yeddi gün davam edir. Müfəttış
hər dəfə dəyişiklik, düzəliş
etmək şərti qoyur. Dramaturq da onun tələb etdiklərinin hamısını
əlyazmasına tətbiq
edir, amma "əlim sözümə baxmır", deyərək
öz bildiyi kimi. Gümrah Ömər də Koki Mitaninin "Gülüş
akademiyası" pyesi
əsasında qurduğu
tamaşaya öz bildiyi kimi quruluş
verib - Rünoske Akutaqavanın "Keşişin
Burnu" , Haruki Murakaminin "Zombi",
Sadako Sasakinin "Quş"
hekayələrindən, Matsuo Basyonun, Orxan Vəlinin, Camal Sürəyyanın
və Cəlil Cavanşirin Haykularından
istifadə edərək.
Adını "Master-klass"
qoyub tamaşanın, janrını da psixodelik buffonada deyə müəyyənləşdirib. Həm də iki yox, üç
personajın iştirakı
ilə: Dramaturqla (Elgün Həmidov) Müfəttiş (Amid Qasımov)
qarşıdurması, anlaşması
Meduzanın (Mətanət
Abbas) iştirakilə baş
verir. "Master-klass"
tamaşasında Gümrah
Ömər aktyorlara
tam sərbəstlik verib,
o dərəcədə sərbəstlik
ki, tamaşanı aktyorların
benefisi adlandırmaq olar. Və dərhal
qeyd edim ki, sərbəstlik hüququndan
digər tərəf-müqabillərindən
əvvəl daha fəal şəkildə istifadə edən Mətanət Abbas oldu. Bu,
müəyyən mənada
antik mifologiyanın təmsilçisi kimi yapon
dramaturqunun süjetinə
Meduza obrazının çoxşaxəliliyindən irəli
gəlir o, həm Dramaturqun ilham pərisidir, həm onun pyesinin əlyazma
vərəqidir, həm
də tamaşada istifadə edilən əsərlərdəki obrazlardır.
Aktrisanın binasız,
minimum şəraitli teatrın
səhnəsində ustalıqla
quraşdırılmış dekorasiyalar arasında üzəri yapon heroqlifləri
ilə işlənmiş
(tamaşanın rəssamı
Umay Həsənovadır)
ağ donda çıxdığı ilk dəqiqələrdən
tamaşanın hələ
yalnız ikinci nümayişi olmasından
irəli gələ biləcək hər hansı kiçicik belə qeyri-bitkinlik qətiyyən müşahidə
edilmədi. Dramaturqla Müfəttiş rollarının
ifaçıları isə
personajlarının "dərisinə"
cüzi yubanma ilə "doldular". Beləliklə, "YUĞ"un
üç aktyoru
master-klassı reallaşdırdılar
- həm bir-birinə ustad dərsi keçdilər, həm də bəzi səhnələrdə mono ustadlıq
nümayiş etdirdilər.
Pyes içində pyes quruldu, tamaşa
içində tamaşa
oynanıldı. Tamaşanın
janrı özünü
tam doğrultdu - oyaqkən
yuxu görüldü,
yuxugörmə ilə
reallıq bir-birilə
çulğaşdı, ağıl,
dərrakə, düşüncə
itilənməsi baş
tutdu, aktyor oyununun ağlasığmaz
dərəcəyə yaxın
təzahürləri bərqərar
oldu. Sanki həm Koki Mitani özü "YUĞ"da olmasa da,
master-klass keçdi və həm də "yuğ"çular
Koki Mitaniyə ustad dərsi nümayiş etdirdilər.
Koki Mitaninin "Gülüş
akademiyası" pyesi
dəfələrlə müxtəlif
ölkələrin teatrlarında
tamaşaya qoyulub. Məlumatım olduğu qədər, quruluşların
əksəriyyəti pyesin
orijinal mətnini olduğu kimi saxlayıb; Rusiya teatrlarından biri personajların canlandırılmasını
aktyorlara deyil, aktrisalara həvalə etsə də. "Gülüş akademiyası"nın
bu qədər əlavələrlə səhnə
həyatı qazanması
nadir hallardandır. "YUĞ"un
"Master-klass" tamaşası
həm Koki Mitaninin təfəkkür və təhkiyəsini, həm
"YUĞ"un psixosof
poetikasını əks
etdirdi, həm də psixodelik buffonada janrının parlaq nümunəsi kimi yadda qaldı. Tamaşaya gedib baxmaq həvəsinə düşəcək oxucularımıza
ərz edim ki, bu, yekun təəssüratdır.
Və buna gəlib yetişənə qədər
"Master-klass" psixodelik
buffonadası boyunca tamaşaçı olaraq fikrinizdən yəqin ki, belə fikirlər keçəcək: "bu
pyesə bu dərəcədə müdaxilə
nəyə lazim idi?", "pyesin orijinal mətni bitkin, ideyası aydındırsa, başqa əsərlərdən parçaları
əlavə edib tamaşa qurmağa nə ehtiyac var idi?"... Az qala pyesdəki Müfəttiş
kimi hiss edəcəksiniz
özünüzu. Lakin tamaşa
bitir, siz teatrın indiki halında zal adlandırılan otağını
tərk edirsiniz və təəssüratlarınız
artıq sırf
"YUĞ" teatrına köklənmiş, məhz
bu teatrın estetikasından qaynaqlanan çalarlar qazanır, artıq düşünməyə
başlayırsınız ki, bu pyesi bu
şəkildə, bu məzmunda da qoymaq olarmış və nə yaxşı ki, bu baş verdi,
mən də izləyicisi oldum. Zatən, "YUĞ"un
tamaşaları ilə
həmişə belə
olur - bu teatrda təəssürat anlayışının qanadı
iki deyil, daha çoxdur... Bir də yapon ədəbiyyatı
"YUĞ"un səhnələmə
estetikası ilə çox gözəl səsləşir, üstəlik,
baş hərfləri
də eynidir:
"y". Yaratmaq feilinin
tərzi-halına işarə
kimi, yəni...
Samirə BEHBUDQIZI
Ədəbiyyat qəzeti.- 2025.- 24 yanvar, №3.- S.32.