İlanların oğurladığı
əbədilik...
Ətirlərin mahiyyəti necə dəyişdi?
Qədim Romadakı
cin-şeytan oylağı hesab olunan lupanarlarda tez-tez eyş-işrət məclisləri keçirilirdi, fəqət, illər
ötdükcə haman
eyş-işrət məclisləri də
hər şey kimi mahiyyətini dəyişdi.
Şərab - həzz tanrısı
Dionisin şərəfinə
gizlincə keçirilən
gecə mərasimləri
zamanla vakxanaliyaya çevrildi və şənliklərin təkcə
keyfiyyəti yox, kəmiyyəti də düşdü.
Əgər əvvəl-əvvəl müqəddəs günah
gecələri yüksək
təbəqənin fahişələri
- kurtizanlarla təşkil
olunurdusa, zamanla şənliklərə qoyun
iyi (məhz qoyun iyi!) verən
bazar fahişələri dəvət
olundu və beləcə, kurtizanlar oyundan çıxdılar.
Kontingentlə birgə fahişəxanaların
qoxusu da dəyişdi.
Belə ki, kurtizanlar dövrün bahalı ətirlərindən
istifadə edirdilər,
üstəlik, müştərilər
də yuxarı təbəqənin nümayəndələri
idi və onlar müqəddəs günah gecələri üçün yüksək
məbləğdə pul
ödəyirdilər.
Yuxarı
təbəqənin kişiləri
lupanarlara təkcə
cinsi ehtiyaclarını
ödəmək üçün
getmirdilər, onların
məqsədi, həm
də xoş qoxulu, ağızlarından
iy gəlməyən qadınlarla ictimai-sosial, siyasi-iqtisadi məsələlər
haqqında danışmaq
idi.
"İnsan insanın canavarıdır" qənaətilə
xatırlanan romalı
şair Plautus "Asinaria"
komediyasında arvadına
xəyanət edən,
hər gecə fahişəxanalara gedən
kişi obrazının
arqumenti də qoxuyla bağlıdır:
"Fahişənin dadlı nəfəsini, öpüşünü
arvadımın acı
nəfəsindən üstün
tuturam. Arvadımla öpüşməkdənsə, zibillikdən su içərəm…"
Müştərilərin diqqətini cəlb etmək üçün, heç
olmasa, bir neçə saatlıq olsa da, özlərini insan kimi hiss etmək üçün kompleksli, dəfələrlə
təhqir edilmiş fahişələrin ən
effektiv "silahlarından"
biri ətir idi.
Əlbəttə, xoş qoxu, - hələ yatağacan, yataqdakı performansacan müştərinin ağlını
bulandırmaqdan ötrü
önəmli vasitədir.
***
Mesopotamiyanın ədəbi-mədəni irsi, ilk yazılı bədii əsər hesab edilən "Gilqameş"də önəmli
hadisələr Uruk vilayətində Humbabanın
qoruduğu sidr ormanında baş verir.
Sidr ormanı müqəddəs
hesab edilirdi.
Hökmdar II Aşşurnasirpalın sarayının qapıları,
pəncərə çərçivələri,
döşəməsi, tavanı
sidr ağacından hazırlanmışdı.
Sidr ağacından ovaxtkı əttarlar da istifadə edirdilər, fəqət, sivilizasiyanın başlanğıcında
indiki kimi ağacın qoxu notlarını, yaxud laboratoriya şəraitində
suyunu - yağını
çıxarmaq mümkün
deyildi, əlbəttə.
Ya qabığını soyub
yandırırdılar, ya
da yuxarı təbəqəyə
aid malikanələrin tikintisində
istifadə edilirdi ki,
o malikanələrin nəinki
içində, hətta
yan-yörəsində də
xoş rayihə olurdu.
Demək
olar ki, bəşəriyyətin
ilk yazılı mətnlərindən
biri olan "Gilqameş"də qəhrəman
müqəddəs sidr
meşəsindən - yəni
qoxu cənnətindən
qovulmuşdu.
Üstəlik, on iki lövhəlik
daş mətndə təkcə kurtizan qadınların müqəddəs
anası hesab edilən İştarın
qisası, qoxu məsələsi, Nuh əhvalatı,
sevişdiyinə görə
sidr ormanından qovulan Enkidu haqqında yox, həm də
Böyük tufandan qurtulan yeganə adam - Utnapiştimin Gilqameşə verdiyi ölümsüzlük, gəncləşdirmə
otundan və onu oğurlayan ilandan da bəhs edilir.
Ki, bilirsiniz, ilan qoxunu diliylə alır. Haçalı dil qoxunun mənbəyini
tapmaqda ilana kömək edir və zamanla bizim burnumuzda funksiyasını itirmiş
vomeronasal orqanın köməyilə
obyektin mahiyyətini, materialını, necəliyini
təsbit edir.
Biləsiniz, heyvanlar məhz
bu vomeronasal orqanları
sayəsində feromonları
duyurlar.
Quşlarda olmayan feromonqəbuledici
xeyli məməlilərdə,
eləcə də, kəpənəklərdə, böcəklərdə,
qurbağalarda da var və
heyvanlararası sosial münasibətlər, cinsi
aktlar məhz bu feromonlar sayəsində
reallaşır.
Bəlkə də, Gilqameşin
tapdığı ölümsüzlük
- əbədi gənclik
otunu ilan oğurlamasaydı, indi hər şey başqa cür olacaqdı...
"Gilqameş" lövhələrindəki
hekayələrin izlərinə
səmavi dinlərin hamısında rast gəlmək olar, əlbəttə, bu, ayrıca mövzudur, fəqət, əfsanədəki
kurtizan İştar, qoxuyla bağlı hekayə də dini məsələlər
qədər aktualdır
və mən məhz bu barədə
yazıram.
Necə
ki, "müqəddəs fahişələr"
şəhəri adlandırılan
Urukun müqəddəs
fahişəsi Babil-Assuriya
mədəniyyətində İştara, Şumerlərdə
İnannaya, zamanla Afroditaya, Veneraya; Utnapiştim Nuha, Gilqameşlə Enkidu Rumiylə
Şəmsə çevrildi,
eləcə də, Uruk şəhəri lupanarlara, hərəmxanalara,
fahişə evlərinə,
barlara, pablara, tinderə, instaqrama və tik-toka çevrildi.
Necə
ki, kurtizanlar lupanarları
tərk etdikdən sonra seksual ayinlər
mahiyyətini dəyişdi,
eləcə də,
zaman keçdikcə qoxuların
da keyfiyyəti, stixiyası
dəyişdi; imitativ
ətirlər yarandı,
çeşidləndi, çeşnələndi...
***
Kurtizanlardan fərqli olaraq,
özlərini, bədənlərini
daha ucuz qiymətə satan bazar fahişələri qoyun dərisindəki yağ vəzlərindən ifraz olunan yağdan hazırlanmış "Lanolin"dən
istifadə edirdilər.
"Lanolin"
hələ də apteklərdə kosmetik vasitə kimi satılır.
Üstəlik, sənayedə də
bu yağdan istifadə edilir.
Böyük Tufandan qurtulan yeganə adam - Utnapiştimin Gilqameşə
verdiyi ölümsüzlük,
gəncləşdirmə otunu
oğurlayan ilan hekayəsini, ilanların qoxunu diliylə aldığını, zamanla
burnumuzda funksiyasını
itirmiş vomeronasal orqanın
köməyilə obyektin
mahiyyətini, materialını,
necəliyini təsbit
etməsini məqsədli
şəkildə xatırladıram.
Mifoloji söhbətlərə görə,
o ilan ki o otu oğurladı... o həm də əbədiliyimizi oğurladı, üstəlik,
əbədilik-zad bir yana, o gündən sonra vomeronasal orqanımız
da asta-asta ölməyə
başladı... və
zamanla yox oldu.
Bəs yaxşı, əgər Adəm oğlu, vətən qızı feromonları duyuban həyəcanlanmırsa, ehtiraslanmırsa...
qadındırsa, kişi
üçün, kişidirsə,
qadın üçün
alışıb-yanmırsa, niyə əttarlar "afrodizyak-afrodizyak" söhbətlər
edirlər?
Bəs nə bilim, bu ətri vurursan,
kəndin ətəyindəki
qız iyləyə-iyləyə
səni tapır, səni tapıb da qapır, nə imiş, o biri ətri vurunca, qonşunun oğlu quyruğunu qısıb sürünməyə başlayır...
Yalandır! Fırıldaqdır!
Marketoloji
istismarın qoxulu versiyasıdır.
Deyək
ki, filankəs hər nə cürsə təkmilləşmədən, zamanın hay-küyündən
gizlənib, o lənətə
gəlmiş ilanın
apardığı vomeronasal orqanın bu dostumuza heç dəxli yox imiş. Necə ki özü feromon ifraz eləyir, eləcə də feromon qəbul edir, əməllicə ağzının suyunu axıdır, ağlı çıxır başından.
Olsun.
Əgər belənçi qədim
insan varsa, ta onun ətrə-mətrə
ehtiyacı yoxdur. O elə qadınların ifraz etdiyi feromonlarla
da cuşa gələ
bilər. Ta bunca xərc nədən?
"Lanolin"
məsələsinə qayıdaq.
Deməli,
əvvəl-əvvəl ki müqəddəs günah
gecələri yüksək
təbəqənin fahişələri
- kurtizanlarla təşkil
olunurdu, sonra şənliklərə qoyun
iyi (məhz qoyun iyi!) verən
bazar fahişələri dəvət
olundu və beləcə, kurtizanlar
"oyundan" çıxdılar,
bax, indi həmin bu "Lanolin"i ətirlərə
qatıb afrodizyak adıyla satırlar...
Ömər XƏYYAM
Ədəbiyyat
qəzeti.- 2025.- 24 yanvar, ¹3.- S.30.