Məhəmməd Əmin Rəsulzadənin
İsmət Paşaya məktubu
M.Ə.Rəsulzadənin doğumunun
141-ci ildönümünə ithaf
1922-ci ilin ikinci yarısında
Stalinin ev dustaqlığından qurtularaq
əvvəlcə Finlandiyaya,
daha sonra Türkiyəyə gələn
Azərbaycan Cümhuriyyətinin
qurucusu Məhəmməd
Əmin Rəsulzadə
qısa zamanda Türkiyə rəsmiləri
ilə əlaqə qurmağa çalışıb.
Daha əvvəl -
1911-1913 və 1918-ci ildə
Osmanlıda fəaliyyət
göstərdiyi üçün
xanədanlıqda mühüm
əlaqələri vardı,
rəsmi şəxslər
tərəfindən tanınırdı.
Buna görə də
1922-ci ilin dekabrında
Türkiyəyə ayaq
basan kimi "Yeni Şərq" qəzetinin
30 dekabr tarixli sayına müsahibə verib. Bu müsahibəsində
Azərbaycanın, Qafqazın
mövcud vəziyyətindən,
Lozannada sülh müzakirələri aparan
heyətdən, Fransa və Berlindəki durumdan, Ənvər paşanın aqibətindən,
Türkiyə-Rusiya-Azərbaycan münasibətlərindən bəhs
edib. Bu müsahibəyə
qədər isə o,
artıq Türkiyə
rəsmiləri ilə
ilk görüşünü keçirmişdi.
21 dekabr 1922-ci ildə İstanbuldan Ceyhun bəy Hacıbəyliyə
göndərdiyi məktubunda
yazıb: "İstanbula
gəlişimdən bir
neçə gün sonra Refet paşa
ilə görüşdüm.
Məni son dərəcədə
səmimi və mehribanlıqla qəbul etdi. Onunla bizim
üçün çox
mühüm məsələlərlə
bağlı danışa
bildim. Burada qəzet çıxartmaq mümkün olacaq. Ancaq təşkilat yaratmaq rəsmən mümkün olmayacaqdır.
Məlum səbəbə
görə".
Məlum
səbəb o idi ki, TBMM
hökuməti ilə
bolşevik Rusiyası
arasında isti münasibətlər vardı,
rus işğalından
qaçan Qafqaz mühacirlərinə yüksək
səviyyədə dəstək
olmaq mümkünsüzdü.
Ona görə də bu dövrdə Türkiyə tərəfi
daha çox onların ölkədə
sərbəst yaşamalarına,
fəaliyyətlərinə icazə verib, eləcə də bir sıra maddi
yardımlar edib. Çünki Vətəndən
bir quruşsuz çıxan bu insanlar bir tərəfdən,
öz məişət
ehtiyaclarını təmin
etməli, digər tərəfdən də, istiqlal mücadiləsi üçün fəaliyyət
göstərməli idilər.
Mühacirlərin isə
vəziyyətləri olduqca
acınacaqlı idi.
Məsələn, Mustafa Vəkiloğlu M.Ə.Rəsulzadə ilə İstanbulda yaşadıqları dövrə
aid xatirələrində yazıb:
"Mühacirətin qara
günləri başlayır.
Yenə Əmin bəylə bərabərik,
bir arada çalışmaqla yanaşı,
didişməkdəyik. Maliyyə
vəziyyətimiz pərişandır.
Köhnə mühacirlərimizdən
İsmayıl Fəyyaz
bəyin Çəmbərlitaşdakı
kiçik evində Əmin bəy, Abbas bəy və mən bərabər qalırıq. Həmşərimiz
İsmayıl bəyə
çox minnətdarıq,
çünki bizdən
ev kirayəsi almır, pulsuz qalırıq. Yeməyimizin
əksəriyyəti zeytun
yağında qızarmış
kartofdu. Dostumuz mərhum Abbas bəyin bəzi günlər bazardan alıb gətirdiyi qızarmış
qoyun başı süfrəmizdə bayram havası yaradırdı, bunun üstünə Abbas
bəy xarab qarmonunu alaraq "Ay uca dağlar" mahnısını oxuyardı".
Bu faktlar M.Rəsulzadənin
Əlimərdan bəy
Topçubaşova yazdığı
20 aprel 1924-cü il tarixli
məktubda da öz əksini tapıb:
"Mustafa Amasiyadan geri
dönüb. Mənim
yanımda qalır, 4 nəfərlik kiçik koloniya şəklində yaşayırıq".
Ankara hökuməti ilə təmaslar
Rəsulzadə 1923-cü ilin yanvar
ayında TBMM hökumətinin
İstanbul təmsilçisi Adnan bəyə müraciət
edərək Ankaradakı
dövlət ricalı
ilə görüşmək
istədiyini bildirib.
Lakin bu görüşün
Sovet Azərbaycanı
hökuməti ilə
olan münasibətlərə
mənfi təsir edəcəyini düşünən
Adnan bəy Xariciyyə
Nəzarətinə yazdığı
şifrəli teleqramda
bu düşüncəsini
ifadə edib. İyun ayında Rəsulzadə yenidən
Adnan bəyə müraciət
edərək azərbaycanlı
mühacirlərin ticarət
üçün Anadoluya
keçmələrinə icazə
vermələrini istəyib.
Türkiyə dövlət arxivlərində
açıqlanan yeni sənədlərdən
məlum olub ki, TBMM hökuməti Rəsulzadənin
müraciətlərinə diqqətli yanaşıb, onun şəxsini də qorumağa çalışıb. Məsələn,
Türkiyənin Bakıdakı
səfiri Məmduh Şövkət bəyin
25 iyun 1923-cü ildə
hökumətinə göndərdiyi
teleqramda Bakıdan yüzdən çox müsavatçının həbs
edildiyini, İstanbulda
Rəsulzadəyə sui-qəsd
planının olduğunu
bildirib. Bu vəziyyətlə
bağlı Rəsulzadənin
məlumatlandırılmasını da istəyib.
Bu dövrdə Məhəmməd
Əmin bəy təkcə özü və yanına gələ bilmələri
üçün bütün
yollara əl atdığı ailəsi
üçün deyil,
digər mühacir azərbaycanlılar üçün
də çalışıb.
O, 4 sentyabr 1923-cü ildə
Adnan bəyi ziyarət
edərək Trabzondakı
azərbaycanlı mühacirlərin
(aralarında hökumət
və parlament üzvləri də vardı) məskunlaşmadakı
problemlərinin həll
edilməsini rica edib.
Təbii
ki, bu dövrdə Rəsulzadənin ən mühüm istəyi İstanbuldakı siyasi fəaliyyətini həyata
keçirmək üçün
hökumətin ən
ali rəhbərliyi ilə görüşmək
idi. Burada isə kilid nöqtə İsmət paşa idi. Yeni açıqlanan sənədlərə
görə, İsmət
paşa 6 sentyabr
1924-cü ildə İstanbul təmsilçisi Mehmed Nüsrət
bəyə aşağıdakı
teleqramı göndərib:
"Resulzade Emin Bey'den bir mektub
aldım. Muavenet istiyor. Meyus görünüyor. Kendisine
yedi yüz lira veriniz ve ayda
yüz lira vereceğimizi
ilave buyurunuz."
Görünür, bu məktublaşmalar
sonrakı dövrlərdə
də olub. 22 sentyabr 1925-ci ildə Rəsulzadə İsmət
paşaya daha bir məktub göndərərək dəstəyə
görə təşəkkürünü
ifadə edib, amma məqsədinin müavinət deyil, siyasi məsələləri
müzakirə etmək
olduğunu bildirib.
M.Ə.Rəsulzadənin İsmət
paşaya göndərdiyi
məktubun tam mətni
bu şəkildədir:
"[22 Eylül 1925]
Pek Muhterem Paşa Hazretleri
İstanbul
Mümessili Nüsret
Bey vasıtasıyla gönderdiğim
maruzaye Bakü Mümessili Memduh Şevket Bey tavsitiyle tebliğ buyurulan cevab, mucib-i ye's bir sebeb
mevcud olmadığına
teyidat-ı devletlerini
muhtevi bulunduğundan maneviyatımızı bittabi
takviye eylemiş, aynı zamanda gösterilen maddi muavenet dahi teşekkür
ve iftinanımızı
mucib olmuştur. İşbu lütf-i alilerine bütün samimiyetle vazife-i şükranı eda etmekle beraber zat-ı devletlerinden beklediğimiz şeyin muavenet-i şahsiye ve maddiyeye inhisar
etmeyip her şeyden evvel siyasi direktifler
almak ve teşriki-mesai esaslarını
bilmek idi. Nitekim bu cihet
evvelce vaki olan müracaatlarımızın
mahiyetini teşkil ettiği gibi salifü'z-zikr maruzamızda
dahi tekraren arz edilmiştir.
Kafkasya'da
zuhur eden sonraki hadisat ise bu hususta
zat-ı devletleri nezdinde bilhassa tecdid-i muhabbet etmek ihtiyaç u cesaretini telakki eylediğini beyan ile tedid-i hulus
ve arz-ı tazimat eylerim efendim.
Resulzade
Mehmed Emin
22 Eylül 1341
İstanbul"
M.Ə.Rəsulzadənin TBMM hökuməti
ilə münasibətlərini
tənzimləyən bir
şəxs də var idi: Əhməd bəy Ağaoğlu. Baxmayaraq ki, Cümhuriyyət
dövründə ilhaqçı
düşüncəsindən dolayı Azərbaycan Milli
Şurasının üzvlərində
xoş təsir buraxmasa da, Əhməd bəy mühacirlərin dolanışıqlarına böyük
köməklik göstərmişdi.
Ağaoğlunun sayəsində
Türk Ocaqlarının
130-a yaxın şöbəsi
Rəsulzadənin çıxardığı
"Yeni Kafkasya" jurnalına
abunə olmuşdu, təşkilatın mərkəzi
komitəsi Məhəmməd
Əmin bəyə, Xosrov bəy Sultanzadəyə və Əbdüləli bəy Əmircana ayda 75 lirə maaş vermişdi. Ona görə
də keçmişdəki
narazılıqlara baxmayaraq
Əhməd bəy Rəsulzadənin hökumət
rəhbərliyi ilə
görüşməsinə cəhd göstərib. 14
mart 1924-cü il tarixli məktubunda
Əhməd bəy Rəsulzadəyə yazıb:
"Sizin tebrik mektubunuzu İsmet Paşa'ya
sundum. Kendisi yoğun olduğu için bana, size kendi teşekkürlerini iletmemi söyledi. Şu anda Ankara'ya
gelişinizin uygun olmayacağını düşündüğünden,
bulunduğunuz yerde kalmanızın daha yerinde olacağını belirtti. İstanbul'daki Bolşevik örgütleri
hangileridir ve ne tür faaliyetlerde bulunmaktadırlar? Bolşevikler
ve sizin çalışmalarınızla ilgili bilgileri 5 nüsha çoğaltarak
Dışişleri, İçişleri,
Milli İstihbarat, Askeri
ve Enformasyon-Yayın bakanlıklarına gönderdim.
Yönetimden sizin için 350 lira aldım, aynı zamanda Trabzon'da bulunan Sultanov'a da 350 lira gönderdim".
Göründüyü kimi, mühacirətin ilk illərindən
etibarən M.Ə.Rəsulzadə
İsmət paşayla
məktublaşıb, onunla
görüşməyə çalışıb. Bu görüşmə
baş tutubmu? Hələlik əlimizdə
bununla bağlı başqa məlumat yoxdur. İsmət paşanın Rəsulzadənin
ağır vəziyyətini
nəzərə alıb
ona müavinət göstərməsi olduqca
önəmli faktdır,
bu dəstək 1930-cu
illərdən Avropada
fəaliyyət göstərdiyi
dövrlərdə də
davam etdirilib.
Türkiyə hökuməti Rəsulzadənin
1923-1930-cu illərdə İstanbulda
açıq şəkildə
Rusiya əleyhinə fəaliyyət göstərməsinə
icazə verib. Bu dövrdə Rəsulzadə
Azərbaycan Milli Mərkəzini
yaradıb, "Yeni Kafkasya",
"Azəri Türk",
"Odlu yurd" kimi dərgilər nəşr edib. 1930-1947-ci
illər arasındakı
Avropadakı fəaliyyətinə
də müxtəlif şəkildə dəstək
verilib, xüsusilə,
Buxarest səfirliyi vasitəsilə ona himayə göstərilib.
1947-ci ildə Həmdullah
Sübhi Tanrıöver,
Kenan Kocatürk kimi şəxslərin dəstəyi
ilə Rəsulzadə
yenidən Ankaraya gələ bilib. Onunla bağlı verilən 8 iyul 1947-ci il tarixli qərarın altında da İsmət İnönünün imzası
vardı...
Qeyd edək ki, 1920-ci illərdə
TBMM hökuməti Rəsulzadəyə
ailəsini Türkiyəyə
gətirmək istəməsinə
də köməklik edib. Belə ki, 19 mart
1925-ci il tarixli bir sənəddə Rəsulzadənin
də ailəsinin yanlarında olması ehtimal edilən azərbaycanlı türk qaçqınların - Məhəmmədəli
Dadaşov və Abbasqulu Vəliyevin Türkiyəyə gəlmələrində
bir maneə olmadığı Tehran səfirliyinə
bildirilib. Bu sənədlərdən
aydın olub ki, Rəsulzadə adıçəkilən
şəxslər vasitəsilə
ailəsini İstanbula
gətirmək istəyib,
bununla bağlı hökumətdəki tanışları
vasitəsilə Tehrandan
viza verilməsinə
nail olub. Amma böyük
ehtimalla bolşeviklər
onun ailəsinin Bakıdan Tehrana getmələrinə icazə
verməyib. Rəsulzadənin
Ceyhun bəy Hacıbəyliyə yazdığı
19 iyul 1925-ci il tarixli məktubu da bu fikri qüvvətləndirməkdədir:
"Bizimkilər hal-hazırda
Bakıdadırlar. Ümmülbənin
gəlmək üçün
müraciət eləmiş,
icazə istəmiş,
verməmişlər. Daha
artıq gözləmək
lazım gəldiyini bildirmişlər. Buna görə
də durumları çox çətin olmuşdur. Baxalım nə olur. Hər
halda onları gətirtmək üçün
ən ciddi vasitələrə əl
atıram".
Təəssüf ki, Rəsulzadənin ailəsi İstanbula gələ bilməyib, nəticədə 1937-ci ilin
qanlı pəncəsi
onun ailəsinə də ölüm və sürgün gətirib...
Qeyd: M.Ə.Rəsulzadənin İsmət paşaya göndərdiyi məktubu
köhnə əlifbadan
transliterasiya edərək
bizə təqdim etdiyi üçün Dr.Qiyas Şüküroğluna
təşəkkür edirik.
Dilqəm ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.3.