Qısa roman
Hekayə
Yeriyəndə, deyirsən, yuxarı
məhlədən üzü
aşağı təkər
dığırlanır. Bir ayağını sağa qoyanda, o biri ayağı sola sürüşür.
Birdən yerişini dəyişib geri dönür, sonra yenə qabağa gedir, sonra hansı
tərəfə gedəcəyini
sanki unudub dayanır, sonra bir də irəli
gedir. Beləcə, harasa getməkdən çox, hardansa gələnə oxşayır.
Ömrünü də
belə yaşayıb.
Getdiyini düşünsə
də, hardansa qayıdıb gəlib. Boyu o qədər xırdadır ki, əli qapı zənginə çatmır. Ona görə
zəngi olan qapılara qonaq getmir. Ruzuya da, hüznə də əli çatmayıb. Bütün günü çaparaq at kimi yollarda çapır. Ayaqları da əməlləri
kimi balacadı, əncir yarpağı boyda. Ayda bir
dəfə əlidolu
olanda qapını təpiklə döyür.
Özü də elə döyür ki, deyirsən, onu bu arvadını döyür; hirslə, nifrətlə, eyni zamanda bazarlığın
arxayınlığından gələn ərklə. Əliboş olanda barmaqları ilə qapını, altını
batırmış uşaq
kimi qorxa-qorxa taqqıldadır. Arvadı
ondan boyca çox ucadı. Arzuları da qəlbidi. O,
qədər ucadı
ki, axırı bir az saralıb. Onların hansı yüksəklikdə tanış
olmaları müəmmadır.
Ya həmin gün arvad çox aşağı əyilib, ya da bu tösmərək barının üstünə
çıxıb. Başqa
cür bu iki adam biri-birini
görə bilməz.
Bəlkə də onlar hələ biri-birilərini görməyiblər.
İndi də heç
görmürlər. Eləcə,
xəyal edirlər. Əgər belədirsə,
onda adamın Allahı var, kişinin xəyal genişliyi arvada baxanda daha böyükdür, daha doğrusu, uzundur. Qadının xəyalı isə boyuna baxanda, xırdadır. Amma sən
sevgini də asan bilmə. Bir də görürsən, adamı yolda tutur. Sevginin boya nə dəxli
var, məsafəylə nə
əlaqəsi var?! Bəlkə
onlar bir baxışın yarısında
elə göz-gözə
bağlanıblar ki, indi
bıçaqla kəsib
biri-birindən ayırmaq
olmur. İş bir dəfə olur da, iki dəfə
olmur ki?! İndi bu iş bir dəfə
olub və tutub.
Onların toyundan da məhlədə
yaşlı adamlar əfsanələr danışırlar.
Deyir, məhlə ağsaqqalları o zaman qəti
qərara gəliblərmiş
ki, işdir-şayət, tösmərəkin
haçansa oğlu olsa, böyüyəndə
badımcanı tut qırasıyla
dərməlidir. Başqa
cür uşağın
boyu badımcana çatmaz.
Amma dedim axı, insanın taleyi əlində deyil. Yazan necə istəyir, elə də yazır. Bir də görürsən, xırda
kişinin nər boyda bir igid
oğlu olur. Bir də görürsən, nər boyda kişinin altı aşıq boyunda bir gədəsi doğulur. Boy məsələsi
ağır məsələdir,
bəxtə-bəxtdir. Amma o da var ki, məsələ boyda deyil, məsələ olmaqdadır. Gərək balaca da olsan, böyük də olsan, olasan və
nəyə görə
olduğunu biləsən,tapasan,
anlayasan.
Evli olduqları bu otuz ildə yataqları da ayrı olub. Kişi evin girişində Nuhi- Nəbidən qalma qara taxtda
yatıb, arvad cehiz kimi özüylə
gətirdiyi ağ yataq dəstində. Kişi hər səhər yuxudan qalxar-qalxmaz, arvadıyla üzü göyə danışıb. İstər-istəməz
səsini Tanrı eşidib, dua kimi qəbul edib. Arvad da bütün ömrü boyu, nə danışıbsa,
yuxarıdan-aşağı, kişinin təpəsinə
vurub. Onu sözüylə yuxarı
dartacağını düşünüb. Söz də su deyil
ki, kişi cücərə.
Yaşayışları bu
minvalla aşağıdan-yuxarı,
yuxarıdan-aşağı keçib. Kişi özü üçün
xirtdəyə qədər
pul qazanıb. Xirtdəyi arvadın dizindən olub deyə, gözə görünməyib. Arvad
da fürsət düşəndə,
pul yerinə kişinin qulağını
dığ-dığıyla xərcləyib. Yaşadıqları
ömrün, gördükləri
işlərin işığı
nə göyə düşüb, nə də yerə. Eləcə yas halvası kimi qırx gün miz üstə saralsalar da, yeyənləri
olmayıb.
Bir gün hər ikisinin zamanı gəlib. Heç bir hadisə yaşamamış, nəyi
isə anlamamış,
zamandan çıxıb
mənaya varmamış
getmək vaxtları çatıb. Əzrayıl
göydən yerə endirilib ki, bu çarpaz ər-arvadı
özüylə aparsın.
Əzrayılın gəlişinə
hər ikisi yaman sevinib. Sanki doğma adamlarını görüblər. Yaşadığı
zaman bir dəfə də olsun, evinə qonaq gəlməyən arvad soyuducuda nəyi var, yığıb düzüb
mizin üstünə.
Əzrayılın yorğun
ayaqlarını su dolu təknəyə qoyub, ona çay
süzüb, süd çörəyi bişirib.
Otuz il ərzində tutduğu şorabalardan, bişirdiyi mürəbbələrdən
həsir zənbilinə
pay qoyub. Ərinin ancaq öz toyunda
geyindiyi qara kostyumunu Əzrayıla bağışlayıb. Kişi
də xırda boyuyla elə özü boyda olan Əzrayılın başına dolanıb, mələyin gəlişinə
yaman sevinib. Əlində-ovcunda olan beş-on manat pulu Əzrayılın cibinə basıb, qızıl saatını
qolundan açıb ona bağışlayıb.
Sonra onlar Əzrayılla
xeyli şəkil çəkdiriblər. Səhərə
yaxın isə kişi Əzrayıl üçün yanğılı-yanğılı
mərsiyələr oxuyub.
Alatoranda
Əzrayıl dəstəmazını
aldıqdan sonra ər-arvadın da canlarını
rahatca alıb. Bir az dincəldikdən sonra, pay-püşünü
də götürüb
dərgaha qayıdıb.
Burda bu yazı ər-arvad
üçün bitir.
Amma heç zaman sevgisi olmayan bir evə
can almağa gələn
Əzrayılın əziz
qonaq kimi seviləcəyi zaman isə
bitmir, əksinə, bu yazıdan sonra başlayır.
Məna
ariflər üçündür.
Söz nadanlar üçün.
Nöqtə isə yoxdur. Varsa da, mənim əlimdə deyil.
Orxan FİKRƏTOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.5.