Salyanlı Qəbulə xanım və I Pyotr
Qan düşmənçiliyinin
qısa tarixi
Elmi araşdırma
I Pyotr general Matyuşkinə
salyanlı Qəbulə
xanım barədə:
"Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür.
Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin", - deyə bildirirdi. Bunu Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində yazıb.
Nə baş vermişdi ki,
imperator özünün say-seçmə generallarından
birinə belə vahiməli və qorxunc bir təlimat
verir və Qəbulə xanımla ehtiyatlı davranmağı
ona tövsiyə edirdi?
1723-cü
ilin 16 sentyabrında Peterburqda general Matyuşkinlə
I Pyotr arasında Salyan barədə söhbət oldu. Elə həmin il, Bakının rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulənin əri, Salyan naibi Həsən
bəyin zamanında Salyan Rusiya təəbəliyini
qəbul etdi. Bakı komendantı knyaz Baryatinskiyə Salyana böyük bir hərbi dəstə göndərilməsi
barədə imperator tərəfindən
xüsusi sərəncam
verildi. Bir neçə
gün sonra podpolkovnik Zambulatovun süvari batalyonu Salyana daxil oldu
və rus hərbi qüvvələri
Kür çayının
sahilində naib Həsən
bəyin malikanəsinin
qənşərində qərargah
qurdular.
Həsən bəy podpolkovnik
Zambulatovla Rusiya təəbəliyini qəbul
etmiş müsəlman
naib kimi davranırdı.
Bir gün Zambulatov hərbi heyətin səkkiz nəfər yüksək çinli zabitiylə Həsən bəyin malikanəsindəki
ziyafətə qatıldı.
Ziyafət zamanı otağa silahlı adamlar girdi və
Zambulatov da daxil olmaqla, Salyandakı bütün rus zabitləri qətlə yetirildi. Və bu qətl rus
tarixçilərinin yazdığına
görə, xüsusi
amansızlıqla törədildi.
...Kürün mənsəbinə
nəzarət edən
kapitan-leytenant Saymonovun
jurnalına (səyahətnaməsinə)
istinad edən Millerə görə, bu qanlı hadisənin
arxasında naib Həsən
bəy deyil, onun xanımı Qəbulə xanım dayanırdı.
1869-cu ildə Peterburqda nəşr olunmuş
"Materialı dlə
novoy istorii Kavkaza s 1722 po 1803 qodğ"
kitabında Butkov bu qanlı hadisənin
geniş təfsilatını
yazıb. Hadisə Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm"
əsərində də
işıqlandırılıb. Bakıxanov da, görünür,
Saymonovun xatırlanan qeydlərindən qaynaqlanaraq,
Qəbulə xanımın
tarixi obrazını daha qabarıq təqdim edir: "Zambulatov, öz batalyonu ilə gedib Kür çayı sahilində,
o yerin hakiməsi, Salyan sultanı Həsən bəyin hərəmi Qəbulə
xanımın sarayı
qarşısında ordugah
qurdu... Qəbulə xanım dostluq və ixlas göstərib,
bir gün Zambulatovu bütün zabitlərlə bir yerdə qonaq çağırdı. Xörək
yeyildiyi zaman, otağa
müsəlləh adamlar
girib, onların hamısını öldürdülər".
Qəbulə xanım niyə
belə etmişdi?
Hadisənin gerçək üzünü
və mahiyyətini təkcə tarixçi kimi deyil, həm
də bir Azərbaycan qadını olaraq fəhm edən Sara Aşurbəyli
"Bakı şəhərinin
tarixi" əsərində
bildirirdi ki, "əlli
ildən sonra rus hərbçilərinə
bu cür divan tutulması yalnız yaxın qohumların intiqamının alınması
ilə izah edilə bilər".
Özünün də salyanlılarla
(Əli bəy Hüseynzadənin nəsli
ilə) yaxın qohumluq əlaqəsi olan professor Sara Aşurbəyli
aradan keçən hansı əlli ili nəzərdə tuturdu? Məsələ də elə həmin bu əlli
il söhbətindədir.
Burada sözə qüvvət olsun deyə, əvvəlcə 1667-68-ci illərdə
Salyanı gəzib-dolaşan
Övliya Çələbinin
"Səyahətnamə"sindən bir məqamı xatırlatmaq istəyirəm:
Çələbi yazırdı:
"Bəzən Moskva kazağı
kənarı sazlı
gəmilərlə Kür
nəhrinə girib əcəm şəhərlərini
nəhb (yağma) və qarət edərlər. Aldıqları
əsirləri Gilan bazarına aparıb satarlar". Tarixdən isə bəllidir ki, şəhərləri yağma
və qarət edən, oğurladığı
adamları Gilan bazarına aparıb satan Moskva kazaklarının
başında Stepan Razin
dayanırdı. 1667-ci ildə
Salyana basqın edərək, yerli xanın qızını
da əsir götürən
Razin bu "gözəl və əsilzadə qızı"
Gilan bazarına aparmamış, onu öz yanında saxlamışdı. Bunu, dediyim kimi, "kənarı sazlı"
gəmidəkilərdən biri, Razin tərəfindən
əsir götürülmüş
holland əsilli İsveç
səfiri, hadisənin
şahidi Lüdviq Fabritsius yazıb.
"Zapiski inostrançev o vosstanii Stepana Razina" (Leninqrad, 1968) kitabında Lüdviq Fabritsiusun təxminən,
1670-ci ildə şahidi
olduğu bir hadisə nəql olunur: "Stenka əvvəlcə gözəl
və əsilzadə tatar qızı qeyri-adi şəkildə qurban verdi. Onu
bir il əvvəl əsir almışdı...
Qəfil, sübh tezdən geri çəkilmək ərəfəsində
o, yataqdan qalxdı, yazıq qızcığaza
ən gözəl libaslarını geyindirdi və dedi ki, ötən gecə Yaik (Ural) çayının
tabe olduğu su tanrısı İvan Qorinoviç zühur edərək ona tənə vurmuşdur ki,
Stenka artıq üç ildir ki, uğurlar qazanır,
İvan Qorinoviçin köməkliyi
ilə xeyli var-dövlət toplayıb, amma öz vədlərini
yerinə yetirmir. Axı, o, ilk dəfə Yaik çayına səcdə edərkən
Qorinoviçə vəd
etmişdi ki, "əgər
sənin köməyinlə
uğur qazansam, əldə etdiyim ən yaxşı şeylərdən sənə
də verəcəyəm".
Bundan sonra bədbəxt qadını
götürdü. Bu sözləri
deyib onu çaya atdı: "Ey qoruyucum, bunu
qəbul et, mənim sənə iltifat etməyə, yaxud qurban verməyə bu gözəl qadından başqa yaxşı heç nəyim yoxdur".
Salyan naibi Həsən bəyin xanımı Qəbulə xanımla I Pyotr arasında gizli-aşkar şəkildə
təzahür edən
qan düşmənçiliyi
Ural çayında Razinin
İvan Qorinoviçə qurban
verdiyi əsilzadə və gözəl salyanlı qızın, Salyan xanının nakam balasının Qəbulə xanım tərəfindən əlli
ildən sonra alınmış qisasıydı
ki, o dövrdə Rusiyanı
məhvərindən oynatmışdı.
Lakin, fikrimcə, bu qisas hadisəsi ailə, nəsil çərçivəsini aşaraq,
milli şərəfin təhqir
olunmasına, rus işğalına dözə
bilməyən bir türk xanımının
I Pyotra acıqlı, qanlı cavabı səviyyəsinə yüksəlir.
Əlli il əvvəl
oğurlanaraq, sonra da öldürülmüş bəy
qızının ruhu
naminə Qəbulə
xanımın qisası
namus davası şəklində belə
gerçəkləşmişdi!
Dövrün tarixi situasiyası
çox mürəkkəb
və gərgindir. Hadisənin yalnız qisas amili ilə
bağlanması məsələnin
mahiyyətinə tam aydınlıq
gətirmir. Qəbulə
xanımın gerçəkləşdirdiyi
aksiya rus işğalına qarşı
ilk böyük qiyam kimi dəyərləndirilməlidir.
1724-cü ildə Salyanda
bir gündə rus imperiya ordusunun
bütün zabit heyəti zərərsizləşdirilmişdi.
Salyanda elə bir hadisə baş vermişdi ki, hətta rus tarixçiləri də
buna biganə qala bilməmişdilər.
Razinin qurban verdiyi gözəl azərbaycanlı
qızı ilə Qəbulə xanım arasındakı qan bağlılığını ilk dəfə xatırlatdığım
kitabında Sara Aşurbəyli
irəli sürüb.
Lüdviq Fabritsiusun qeydlərini də ilk dəfə tarixi kontekstə o daxil edib.
Stepan Razinin öldürdüyü
salyanlı qızla Salyan naibi Həsən
bəyin xanımı
Qəbulə xanımın
qohumluq əlaqəsi hansı dərəcədə
olub, bunu aydınlaşdırmaq, əlbəttə,
indi çox çətindir, bəlkə
də heç mümkün deyil. Ancaq görünür, Salyanın xan ailəsində Qəbulə
adı təsadüfən
təkrarlanmır, nəsildən-nəslə
səbəbsiz olaraq ötürülmür. Salyan
qazisi Molla Məhəmmədin qızı
Qəbulədən naib Həsən
bəyin xanımı
Qəbuləyə qədər
bu irtibat və bağlılıq ardıcıl olaraq davam edir. Görünən
odur ki, bu Qəbulələr eyni adamlardır. Salyan qazisi Molla Məhəmmədin
Xədicə Bikə ilə evliliyindən doğulmuş tək qızı Qəbulə Azərbaycan tarixindən izsiz-soraqsız ötüb
keçmir. Bakıxanovun
bildirdiyi kimi, "Salyan nahiyəsinin bütün əmirləri"
Qəbulənin nəslindən
olan adamlar tərəfindən seçilirdi.
Nədənsə, heç kəs
Qəbulənin sonrakı
taleyini araşdırmır.
Heç kəs Bakıxanovun bildirdiyi
"Salyan nahiyəsinin
bütün əmirləri
Qəbulənin nəslindən
olan adamlar tərəfindən seçilir"
hökmünün izinə
düşmür. Qəbulənin
bir qızı olub və ananın
da, balanın da sonrakı
aqibətindən tarixdə
heç bir nişanə və iz yoxdur. Bəs
Qəbulənin nəsli
kimlərdir, bu nəsil hansı xətlə davam edir?..
P.Q.Butkovun bildirdiyinə görə, elə həmin il, yəni
1724-cü ildə I Pyotr
Kürün mənsəbində
- Salyan ərazisində
şəhər qurmaq
niyyətini açıqlamışdı:
"Pravda, skazalğ posemğ
Qosudarğ, Salğənğ
strana izrədnaə,
ne daleko ot morə, i v razsujdenii seqo to mesto, na kotorom predlojilğ
Saymonovğ bıtğ
qorodu, vıqodnee. Deəniə Petra Velikoqo,
407"
Daha doğrusu, nəzərdə
tutulan bu şəhər Xəzərin
bütün qərb sahilləri üçün
istehkam, liman və böyük iqtisadi məkan olacaqdı. Bakıxanovun bildirdiyinə görə,
hətta general Matyuşkin
300 nəfərlə birgə
gəlib yeni salınacaq
şəhərin yerinə
də baxmışdı.
Mayın 20-də Qəbulə
xanımın törətdiyi
qanlı hadisədən
sonra Pyotr general-leytenant Matyuşkinə verdiyi və icrası Saymonova tapşırılmış əmri
ləğv etdi.
***
Hadisə
elə tarixi mərhələdə baş
verirdi ki, bir il əvvəl, yəni
1723-cü ildə Bakı
Pyotrun qoşunları
tərəfindən işğal
edilmiş, I Pyotr məhz o zaman - 1724-cü ildə
"üç ermənini
katolikos İssaya ilə birlikdə qəbul etmiş, "ermənilərə əl
tutmaq və Xəzəryanı əyalətlərdə
yerləşdirmək" barədə
onların xahişini dinləmişdi. Ermənilər
heç bir ödəniş vermədən
Gilan, Salyan, Bakı və Dərbənddə yerləşmək
üçün çarın
icazəsini almaq" istəmişdilər (bu barədə 1996-cı ildə
nəşr olunmuş
"Azərbaycan tarixi"
kitabında "Skazka
o trex armyanskix upolnomoçennıx" SQADA, f.
.Qos.Arxiv, r. XV, d.37, 1724-1726, ç.
2, II. 307 ob., 308" sənədlərə
istinadən ətraflı
yazılıb).
I Pyotr isə general-leytenant Matyuşkinə göndərdiyi məktubda
erməniləri Azərbaycanın
müxtəlif bölgələrində,
o cümlədən, Salyanda
yerləşdirməyi tapşırmışdı.
Çar, yerli əhalini qovaraq, sıxışdıraraq buraları
erməni yurduna çevirmək niyyətindəydi.
Həm də onlara Bakıda və Salyanda, Gilanda və Dərbənddə hər
cür qayğı göstərilməsi barədə
fərman vermişdi. Qəbulə xanım həm də bütün bunların reallaşmasının qarşısını
almışdı.
Bu, ümumən, Azərbaycan
tarixinin ən ciddi məqamlarından biridir. İki il əvvəl Şamaxıda
baş vermiş hadisə başqaydı. Qəbulə rus tacirlərini deyil, rus hərbçilərini
zərərsizləşdirmişdi. Bu, daha çox Çar Rusiyasının istila və işğal hərəkatına
qarşı Azərbaycanda
ilk açıq və
böyük qanlı etirazdır və onu Salyan qazisi
Molla Məhəmmədin
qızı Qəbulə
xanım belə sərt bir inadla
gerçəkləşdirmişdir.
Ancaq əvəzində siyasiləşmiş
tarixçilər Salyandakı
hərəkəti ilə
Peterburqu silkələyən
o böyük xanımı
tarixin qapısı arxasında saxladı. Abidələşməsinə imkan
vermədi. Qəbuləni
öz halal ocağına
- övladlarının yaddaşına
yaxın buraxmadı...
Uzun illər Qəbulə xanımın tarix kitablarımızda nəzərə
çarpmayan varlığı
dərin və düşündürücü suallar doğurur. Məsələ burasındadır
ki, I Pyotr salyanlı bir türk qızını
özü və səltənəti üçün
bu miqyasda təhlükə mənbəyi
olaraq görürsə,
çar düşmənlərinin
xalq qəhrəmanı
kimi ideallaşdırıldığı
sonrakı dövrlərdə
də Qəbulə xanım qəsdən unudulub və unutdurulubsa, deməli, onun nadir şəxsiyyəti
barədə dərindən
düşünməyə dəyər...
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.4-5.