“Belə demişdi
Vaqif Səmədoğlu...”
kitabının təqdimatı
keçirilib
Yanvarın
28-i Azərbaycan Yazıçılar Birliyinin Natəvan
klubunda Xalq şairi Vaqif Səmədoğlunun 125 aforizmi və
çəkdiyi 78 fotonun toplandığı "Belə
demişdi Vaqif Səmədoğlu..." kitabının təqdimat
mərasimi keçirilib. Tədbiri giriş sözü ilə
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim
Babullaoğlu açaraq yeni nəşr haqqında ətraflı
məlumat verib: "28 yanvar tarixi böyük şairimizin
anım günüdür. Vaqif Səmədoğlu, mənim
fikrimcə, Azərbaycan sərbəst və heca şeirini
yeniləmiş böyük şairdir. Vaqif Səmədoğlu
özündən sonra sərbəstdə və hecada yazan
bütün yenilikçi şairlərimizin müəllimidir.
Allah ona rəhmət eləsin". Vaqif Səmədoğlu Mərkəzinin
fəaliyyəti haqqında danışan Səlim
Babullaoğlu, Vaqif Səmədoğlunun ömür-gün
yoldaşı, Mərkəzin rəhbəri Nüşabə
xanımın təşəbbüskarlığını
qeyd etməyi unutmayıb: "Dəyərli Nüşabə
xanım onun irsini yaşadır və Vaqif müəllimin
aramızda olmadığı 10 il ərzində çox
böyük işlər görüb, görməkdədir. Həm
Bakıda, Azərbaycanda yeni-yeni kitablar çap olunub, həm
xaricdə şairin irsi təbliğ olunub, əsərləri
tərcümə edilib. Müsabiqələr, poeziya gecələri
keçirilib, filmlər çəkilib. Bu həm şairin bədii
irsinə, həm bütövlükdə ədəbi prosesə
verilən töhfədir.
Son kitab
da Nüşabə xanım təşəbbüsü və
bizim iştirakımızla ərsəyə gəlib. Mən
yazıçı, iş adamı Rüstəm Dastanoğluna
kitabın nəşrindəki iştirakına və köməyinə
görə minnətdaram, çox sağ olsun". Daha sonra Səlim
Babullaoğlu Vaqif Səmədoğlunun yubileyi münasibətilə
keçirilmiş tədbirlər haqqında məlumat verib:
"Bilirsiniz ki, ötən il Vaqif Səmədoğlunun
yubiley ili idi və elə ötən ilin yanvar ayının
28-dən etibarən yubiley tədbirlərinə start
verilmişdi. Şairin şeirlərinin qiraəti müsabiqəsi
keçirilmişdi. Opera-studiyasında "Qobustan"
jurnalının baş redaktoru Pərvin Nurəliyevanın
aparıcılığı və Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anarın iştirakı ilə
şairin 85 illik yubileyinə həsr olunmuş maraqlı
yaradıcılıq gecəsi təşkil olunmuşdu. Milli
Kitabxanada şairin yubileyinə həsr olunmuş kitab sərgisi
açılmışdı, Qulu Ağsəsin təşəbbüsü,
rəhbərliyi ilə "Ulduz" jurnalı "Vaqif Səmədoğlu-85"
poeziya müsabiqəsi keçirmişdi. Xəyal Rzanın təşəbbüsü
ilə AMEA-nın bağında təşkil olunan
"Türk Dünyası Ədəbiyyat və Kitab
Festivalı"nda bir gün "Vaqif Səmədoğlu
günü" elan olunmuşdu, Fərid Hüseynin
iştirakı ilə Türkiyədə şairin "Mən
burdayam, İlahi!" şeir kitabı işıq üzü
görmüşdü və İstanbul Beynəlxalq Kitab
Yarmarkasında kitab təqdim edilmişdi. Və ən nəhayət,
kinorejissor, Əməkdar incəsənət xadimi Elçin
Musaoğlunun çəkdiyi "Şeir kimi yaşamaq"
filmi ötən ilin dekabr ayında "Nizami"
kinoteatrında təqdimatı olundu.
Bu
kitabın nəşri isə ötən 28 yanvardan bu yana
düz 1 il ərzində keçirilən silsilənin, yubiley
tədbirlərinin sonuncusudu.
Kitab, ona
müəyyən mənada kataloq da demək olar, böyük
şairimizin maraqlı fikirləri, deyimləri, həmçinin
müxtəlif vaxtlarda çəkdiyi fotolardan ibarətdir.
Deyimlər, aforizmlər bir ayrı süjet xəttinə
malikdir, fotolar bir ayrı, iki müstəqil, üst-üstə
düşməyən xətt üzrə təqdim ediliblər.
Burda
şairin Allah, həyat, ölüm, poeziya, musiqi,
bütövlükdə sənət, qadın, intihar və b.
mövzularda düşüncələri var, eyni zamanda
şairin ailə üzvləri, yaxınları və
dostlarının portretləri, peyzaj, şəhər təsvirləri,
uşaqlar, çoxlu fərqli, belə deyək, mövzularda
fotoları var.
Bu kitab
şairin yaradıcılığına və şəxsiyyətinə
fərqli bucaqdan baxmağa imkan verəcək.
Ruhu
şad olsun!"
Sonra
söz Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri
Nüşabə Vəkilovaya verilib. Nüşabə xanım
Vaqif Səmədoğlunun yaradıcılığına
göstərilən diqqət və qayğıdan söz
açıb. Yeni nəşr haqqında fikirlərini bildirən
Nüşabə Vəkilova kitabın işıq üzü
görməsində əməyi olan hər kəsə təşəkkürünü
bildirib. Kitabın çapına maddi dəstək göstərmiş
iş adamı, yazıçı Rüstəm Dastanoğluya
minnətdarlığını bildirən Nüşabə
xanım, rəhbərlik etdiyi Mərkəzin qərarı ilə
Rüstəm Dastanoğlunun Vaqif Səmədoğlu
medalına layiq görüldüyünü diqqətə
çatdırıb. Rüstəm Dastanoğlu Vaqif Səmədoğlu
yaradıcılığının böyüklüyündən,
özünəməxsusluğundan söz açıb. Belə
dəyərli, anlamlı mükafat üçün Vaqif Səmədoğlu
Mərkəzinə minnətdarlığını bildirib.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar Vaqif Səmədoğlunun həyat
və yaradıcılığından, eyni zamanda onunla
bağlı unudulmaz xatirələrindən danışıb.
Dost itkisinin onun üçün çox ağır
olduğunu bildirən Xalq yazıçısı,
sözün, poeziyanın yaşadığı müddətcə
Vaqif Səmədoğlunun da yaşayacağını və
heç vaxt unudulmayacağını dildirib.
Tədbirdə
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi,
Millət vəkili Fazil Mustafa, tanınmış diktor, Əməkdar
artist Rafiq Həşimov, Xalq artisti Fəxrəddin Manafov, "Azərbaycan"
jurnalının baş redaktoru İntiqam Qasımzadə,
"Qobustan" jurnalının baş redaktoru Pərvin, Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin
sədri Əsəd Cahangir, qiraət ustası Kamran Yunis və
başqaları çıxış edərək unudulmaz
Vaqif Səmədoğlu poeziyasından, "Belə demişdi
Vaqif Səmədoğlu..." kitabında yer almış
aforizm və fotoların dərin, fəlsəfi qatlarından
söz açıblar.
Qeyd edək
ki, "Belə demişdi Vaqif Səmədoğlu..."
kitabı Azərbaycan Yazıçılar Birliyinin nəşri
kimi "Mütərcim" nəşriyyatında çap
edilib. Kitabda Xalq şairinin aforizmləri üç dildə -
Azərbaycan, ingilis (tərcümə: İan Peart) və rus
(tərcümə: Nicat Məmmədov) dillərində təqdim
olunub.
Kitabın
tərtibçisi Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri,
şairin həyat yoldaşı, yazıçı-publisist
Nüşabə Babayeva-Vəkilova, dizayneri Cavid Kişiyev, nəşriyyat
direktoru prof. Telman Vəlixanlı, fotolar üzrə məsləhətçi
Rauf Umudov, korrektoru Məlahət Qənbərovadır.
Kitab
yazıçı və iş adamı Rüstəm
Dastanoğlunun dəstəyi ilə çap olunub.
Kitabın
redaktoru və naşiri Azərbaycan Yazıçılar
Birliyinin katibi Səlim Babullaoğludur.
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, ¹4.- S.7.