Elmlərarası əlaqənin dəyərli örnəkləri
Məlum olduğu kimi, bəşər mədəniyyətinin tarixi dünyanı rasional və
emosional elementləri bir-birindən ayırmadan, sinkretik bir şəkildə qavramaqla başlayır. Elə bu səbəbdəndir ki, Riqvedanın
kosmoqonik himnləri və ya Bibliya,
Qurani-Kərim kimi səmavi kitabların hekayələri bu gün həm müasir elmi nəzəriyyələrin ilkin
izlərini tanımağa
çalışan alimləri,
həm də qədim mətnlərin dilini müasir dilə yaxınlaşdırmaq
istəyən şairləri
cəlb edir.
"Zəka əsri" kimi özünü ifadə edən XVII əsrdə vəziyyət
kəskin şəkildə
dəyişdi. 1623-cü ildə
müasir təbiət
elmlərinin banisi Qalileo Qaliley "II Saggiatore" kitabında təbiət elmlərinin inkişaf proqramını
əsasən formalaşdırdı:
"Təbiət fəlsəfəsi
ən böyük kitabda yazılmışdır
- mən hər zaman gözümüzün önündə
olan kainatı nəzərdə tuturam.
Amma onu yalnız əvvəlcə dilini öyrənən və onunla yazılmış işarələri dərk
edən şəxs anlaya bilər. Bu kitabın dili riyaziyyatdır, işarələri
isə üçbucaqlar,
dairələr və digər həndəsi fiqurlardır. Onlarsız insan bu kitabdan
bircə sözü belə anlaya bilməz; onlarsız - zülmət labirintdə boş-boşuna dolaşmaqdır".
1687-ci ildə Nyuton özünün "Təbii
fəlsəfənin riyazi
başlanğıcları" əsərində yer və səma mexanikasının qanunlarını
riyaziyyat dilinə tam şəkildə çevirdi.
Təbiət elmləri
riyaziyyat dilində danışmağa başladı
və təbiət elmləri ilə humanitar elmlərin yolları ayrıldı. Hələlik elm yalnız
tənhalıqda çalışan
fədailərin sahəsi
olduğu üçün
bu tədqiqatçıların
sənətə xidmət
edən digər tənha insanlarla münasibətlərinə çox
az diqqət yetirilirdi.
Elm və incəsənət arasındakı uçuruma
ilk dəfə ictimai diqqəti cəlb edən şəxs Çarlz Snou oldu. Kembric Universitetinin
məzunu, fizik, Rezefordun məşhur Kavendiş laboratoriyasının
əməkdaşı və
daha sonra "Çarələr və qardaşlar" adlı on
bir cildlik epopeyanın müəllifi
kimi məşhur yazıçı Snou həm elmi, həm də incəsənət mühitini
yaxından tanıyırdı.
1959-cu ilin may ayında
Snou Kembric Universitetində "İki
mədəniyyət və
elmi inqilab" adlı
ictimai mühazirə ilə çıxış
etdi və bu mühazirə qısa müddət sonra ayrıca bir kitabça şəklində nəşr
olundu.
Snounun mühazirəsi sensasiya yaratdı və həm elmi, həm də incəsənət ictimaiyyətini
təəccübləndirdi. Snounun əsas ideyası ondan ibarət idi ki, XX əsrin elmi inqilabı ilə sürətlənmiş elmi
və incəsənət
mühitlərinin ayrılması
ümumi mədəniyyət
səviyyəsinə çatıb
və "iki mədəniyyət" - elmi
və incəsənət
mədəniyyəti arasında
mövcud olan bir uçurumdan danışmağa imkan verir. Snounun fikrincə, bədii dəyərləri nəzərə
almayan elmi-texniki mühit emosional aclıq və antihumanizm təhlükəsi
ilə üzləşir.
Eyni zamanda müasir elmi nailiyyətləri qəbul
edə bilməyən
ənənəvi mədəniyyət
anti-elmi bir yola sürüklənir
... bir qütbdə ədəbi intellektual elitadır, digər qütbdə isə alimlər və bu qrupun ən
parlaq nümayəndələri
arasında fiziklər
dayanır. Onları anlaşılmazlıq divarı
ayırır və bəzən - xüsusilə,
gənclər arasında,
hətta antipatiya və düşmənçilik
mövcuddur.
Amma əsas məsələ, əlbəttə, anlaşılmazlıqdır.
Hər iki qrupun bir-biri haqqında qəribə, təhrif olunmuş təsəvvürü var. Onlar
eyni şeylərə
o qədər fərqli
yanaşırlar ki, hətta
emosiyalar səviyyəsində
də ümumi dil tapa bilmirlər...
XXI əsrin müasir elmi və fəlsəfi
düşüncəsində Lütfi Zadə tərəfindən əsası
qoyulmuş qeyri-səlis
məntiq anlayışı
klassik Aristotel məntiqinin sərt sərhədlərini aşaraq
düşüncə proseslərində
qeyri-müəyyənlik, nisbi
dəyərlər və
situativ qərarların
əhəmiyyətini təsbit
etmişdir. Qeyri-səlis
məntiq (fuzzy logic) qeyri-müəyyən
və ya təyin olunmamış məna bölgələrini
araşdırır, yəni
"tamamilə doğru"
və "tamamilə
yalan" arasında mövcud olan halları nəzərə
alır. Bu məntiq sistemi, həmçinin ənənəvi "doğru-yanlış"
anlayışına meydan
oxuyaraq "nisbilik"
və "müxtəliflik"
prinsiplərini vurğulayır,
xüsusilə, sosial problemlərin həlli və qərar qəbuletmə zamanı çoxşaxəli yanaşma
tələb edən vəziyyətlərdə önəm
qazanır. Bu baxımdan
Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi, hər
şeyin dərəcələrlə
mövcud olması ideyasına əsaslanır.
Bu nəzəriyyəyə görə yalnız Tanrı mütləqdir, qalan hər şey isə nisbidir və dərəcəsi var. Məsələn,
yaxşılıq və
pislik, doğru və yanlış, güc və zəiflik - hər biri yalnız müəyyən bir dərəcədə mövcuddur.
Yalnız
müxtəlif elm sahələrinin
birləşməsi deyil,
həm də müxtəlif yanaşma və düşüncə
tərzinin harmoniyası
olaraq iki fərqli elm sahəsinin görkəmli nümayəndələri
dilçi-ədəbiyyatşünas Kamal
Abdullanın və riyaziyyatçı Rafiq Əliyevin
birgə yazdıqları
"Kitabi-Dədə Qorqud
və qeyri-səlis məntiq" və onun davamı - "Qeyri-səlis məntiq və dil-nitq" adlı əsərləri
bu müasir nəzəriyyənin humanitar
elmlərə tətbiqinin
ilk sistemli nümunələridir.
Təqdim
olunmuş əsərlər
müxtəlif elm sahələri
arasında bir körpü yaratmaq nümunəsi kimi xüsusi əhəmiyyət
kəsb edir. İki fərqli elm sahəsinin sinergetik birliyinin mümkün olduğunu göstərən
bu əsərlər C.P.Snounun "iki mədəniyyət"
konsepsiyasında vurğuladığı
ədəbi və elmi intellektuallar arasında mövcud olan anlaşılmazlıq
divarını qırmağa
yönəlmiş fərqli
düşüncə tərzləri
və yanaşmalar qarşılıqlı əlaqəyə
girərək, yaradıcı
həll yolları tapmağa və yeni intellektual sintezlər yaratmağa qadirdir. Kamal
Abdulla öz dilçilik
və ədəbiyyatşünaslıq
biliklərini ortaya qoyaraq "Kitabi-Dədə
Qorqud"un zəngin mədəniyyətini və
mənəvi dərinliyini
açır, Rafiq Əliyev
isə qeyri-səlis məntiqin riyazi metodlarını tətbiq
edərək dilin və nitqin təhlilinə yeni yanaşma
təqdim edir.
"Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" əsərində
müəlliflər qeyri-səlis
məntiqin elementlərini
və onun məntiqi prinsiplərini tətbiq edərək,
"Şübhə daimisi",
"Üçüncünün axtarışı", epistemoloji
dərketmə və dastandakı demokratik düşüncə tərzi
ilə bağlı məsələlərin həllini
təqdim ediblər. Müəlliflərin qənaətinə
görə, "Dədə
Qorqud" dastanında
klassik məntiqin çərçivələrinə sığmayan qeyri-səlis
düşüncə tərzinin
elementləri vardır,
dastanın dili təkcə ünsiyyət
vasitəsi deyil, həm də xalqın kollektiv yaddaşının və
dünyagörüşünün kodlarını daşıyan
sistemdir.
Müəlliflər dastandakı ziddiyyətlərin, qütblərin
və dialektik dinamikanın qeyri-səlis
məntiq prinsiplərinə
uyğun olduğunu vurğulayırlar. Onların
fikrincə, yaxşı
ilə pisin, müsbət ilə mənfinin sərhədlərinin
qeyri-müəyyən olduğu
situasiyalar dastanda özünü tez-tez göstərir. Bu, qeyri-səlis
məntiqdəki "nisbi
həqiqət" anlayışına
uyğun gəlir.
Məsələn, Dəli Domrulun
hekayəsi məhz belə qeyri-səlis məqamlarla zəngindir. Əzrayılın Dəli
Domrula təqdim etdiyi seçimdə yalnız iki ünvan göstərilir: ata və ana. Bu seçim klassik məntiq baxımından sərt bir alternativdir.
Ancaq hadisələrin
gedişatı göstərir
ki, Dəli Domrulun həyat yoldaşı üçüncü, gözlənilməz
bir seçimi ortaya çıxarır.
Bu vəziyyət K.Abdulla və R.Əliyev tərəfindən
"üçüncünün istisnasının istisnası"
kimi şərh edilir. Burada qərarların nisbi xarakteri, gözlənilməz
ehtimalların mümkünlüyü
və situativ davranışların təsiri
ön plana çıxır.
Dəli
Domrulun öz ata-anasından can əvəzinə
can istəməsi də
qeyri-səlis məntiqin
başqa bir təzahürüdür. Klassik
Oğuz epik ənənələrində ata
və ana müqəddəs
dəyərlər daşıyıcısıdır
və onlar öz övladlarına dərin məhəbbət,
şəfqət və
fədakarlıqla yanaşırlar.
"Dədə Qorqud"
boylarında ana idealizə
olunmuş bir simadır. Övladın uğur qazanmasında ananın duaları mühüm rol oynayır. Ana övladını
ailə dəyərlərinə
uyğun böyüdür
və ona sosial normaları aşılamaqda ana əsas
vasitəçidir. "Ana haqqı Tanrı haqqıdır" ifadəsi
də ananın Oğuz mədəniyyətində
necə bir statusa malik olduğunu göstərir. Lakin Dəli
Domrul bu ənənəni pozaraq valideynlərindən öz
canları hesabına onu xilas etmələrini
xahiş edir. Bu xahiş dastan personajının
həm bəşəri,
həm də fərdi maraqlarını ön plana çəkir və bahadırlıq ənənələrinin nisbiliyə
məruz qala bilməsi faktı özünü büruzə
verir.
Hegel dialektikasında hər bir əkslik öz vəhdəti ilə birlikdə mövcuddur. "Dədə
Qorqud" dastanında
da Dəli Domrulun xarakterindəki bu iki qarşı tərəf - müsbət
bahadırlıq xüsusiyyətləri
və dəlilik - bir-birini tamamlayır.
Qeyri-səlis məntiq vasitəsilə
dastanda dərin demokratik düşüncə
tərzinin rüşeymlərinin
ortaya çıxarılması
"Dədə Qorqud"
dastanını yalnız
folklor və tarixin məhsulu kimi deyil, həm
də müasir insanın intellektual problemlərinə işıq
salan universal bir əsər kimi də dəyərləndirməyə
imkan verir.
Müəlliflərin "Qeyri-səlis
məntiq və dil-nitq" əsərində
isə dilin dinamik və dəyişkən təbiəti
qeyri-səlis məntiq
müstəvisində sistemli
araşdırmaya cəlb
edilir. İnsanların
ünsiyyətində dilin
qeyri-müəyyən formaları,
çoxmənalı sözlər
və mədəni kontekstlər və s. kimi amillər qeyri-səlislik üçün
heç də az material vermir. Kitabda haqlı olaraq qeyd edilir
ki, sözün mənasının
ön plana keçməsi
və ya aktivləşməsi məhz
konstituasiya (kontekst + situasiya) vasitəsilə baş verir. Bu, müəmmalı sözlərin
mənalarının situasiya
və kontekstə görə dəyişməsini
və fərqli mənaları ön plana çıxarmasını təmin
edir. Kontekst, sözün çevrəsindəki
dil mühitini, situasiya isə onun istifadəsinin sosial, emosional və mədəni şərtlərini əhatə
edir. Bu baxımdan qeyd etmək olar ki, "Kitabi-Dədə
Qorqud" dastanında
çoxsaylı söz
və ifadələr məhz bu iki
elementin vəhdətində
mənalandırılır. Məsələn:
"Dədə Qorqud" adı, müəyyən bir məqamda fiziki bir şəxsi
təmsil etsə də, başqa bir məqamda hikmət və müdrikliyin ümumi simvoluna çevrilir.
"Kitabi-Dədə Qorqud"
dastanında əsərin
təhkiyəsində konstituasiyanın
oynadığı rol
xüsusi əhəmiyyət
daşıyır. Bu məqamları
daha dərindən araşdıraraq, təhkiyənin
ümumi strukturuna və mənalandırma mexanizmlərinə necə
təsir etdiyini nəzərdən keçirmək
olar.
Qeyri-səlis məntiq dastanın
təhkiyəsində sərt
kateqoriyaları aradan qaldıraraq çoxmənalılıq,
emosional dəyişkənlik
və qərar qəbuletmə kimi elementləri ön plana çıxarır. Dastanın
hər bir epizodunda təhkiyənin istiqaməti, istifadə olunan sözlərin mənası və simvolizmin səviyyəsi konstituasiyadan, yəni mətnin kontekst və situasiyasından asılı olaraq dəyişir. Müəyyən
ifadələr, situasiyanın
yaratdığı şəraitdə
müxtəlif mənalar
qazanır: Məsələn,
"at, oğul, ər"
kimi sözlər bir ailə modelini
ifadə etməklə
yanaşı, sosial strukturlar və mənəvi əlaqələr
barədə dərin
məna qatlarını
da əhatə edir. Yaxud da "dəmir qapılar" ifadəsi sadəcə, fiziki maneəni deyil, həm də qəhrəmanların daxili
sınaqlarını və
mənəvi keçidlərini
simvollaşdırır.
Qeyri-səlis məntiq dastan qəhrəmanlarının
qərar qəbuletmə
proseslərini və bu qərarların təsirlərini təhlil
etmək üçün
geniş imkanlar yaradır. Məsələn,
Baybörə oğlu
Bamsı Beyrəyin nitqləri və hərəkətləri bir
çox hallarda qeyri-müəyyənliklər və
qarşıdurmalarla doludur.
Bamsı Beyrək öz doğma yurdundan uzaq düşərək, düşmənləri
tərəfindən hiylə
ilə əsir alınır. Bir tərəfdən,
qəhrəmanlıq kodeksinə
görə əsarətdən
qurtulmaq və şərəfini qorumaq üçün hərəkət
etməlidir. Digər tərəfdən, əsarət
şəraitində açıq
bir çıxış
yolu yoxdur və bu, onun
qərarlarını qeyri-müəyyən
edir. Onun təhkiyə içində
verdiyi qərarlar, təhkiyəçinin yaratdığı
konstituasiyadan asılı
olaraq müxtəlif cür şərh edilə bilər. Beyrək situasiyanı dəyərləndirərək, yalnız doğru zamanı gözləməklə
həlledici addım atır. O, açıq güc tətbiq etmək əvəzinə,
vəziyyəti müşahidə
edir, bu da onun qeyri-səlis qərar qəbul etdiyini göstərir. Beyrək həm fiziki azadlığını,
həm də mənəvi şərəfini
qorumağa çalışır.
Burada təhkiyəçi
həm vəziyyətin
çıxılmazlığını, həm də ümidsizliyə boyun əyməyən bir iradəni əks etdirir. Təhkiyəçi
bu situasiyanı təqdim edərkən konteksti elə qurur ki, oxucu Beyrəyin həm emosional durumunu, həm də məntiqi təfəkkürünü
dərk edir.
Təhkiyəçi ozanın nitqi yalnız hadisələri danışmaqla
kifayətlənmir, həm
də simvolik və mənəvi mesajlarla zənginləşdirir.
Nitqin qeyri-səlis strukturu oxucuda mətnə fərqli rakurslardan yanaşmaq imkanı yaradır. Təhkiyəçi oxucunu
müəyyən mənalara
yönəltmək əvəzinə,
onları müxtəlif
seçimlər arasında
qərar verməyə
dəvət edir. Məsələn, "qılıncın
kəskinliyi" həm
fiziki gücü, həm də ədaləti təmsil edir. Bu baxımdan dastanın təhkiyəsində
qeyri-səlis məntiqin
istifadəsi oxucu və dinləyiciyə azad interpretasiya imkanları verir. Bu yanaşma dastanın çoxşaxəli semantik
qatlarını üzə
çıxarır. Qəhrəmanlıqla
bağlı təhkiyə
situasiyanın yaratdığı
emosional və mədəni şərtlərə
görə müxtəlif
cür dəyərləndirilir.
Məsələn, Banuçiçəyin
qəhrəmanlığı yalnız cəsarət deyil, həm də qadın azadlığının simvolu
kimi şərh edilə bilər.
Qeyri-səlis məntiq bu prosesdə sözlərin sərt müəyyənliklərə
malik olmadığını ortaya qoyur. Sözlər
konstituasiya daxilində
müxtəlif ehtimallarla
fərqli mənalar aktivləşdirir. Bu xüsusiyyət
"Dədə Qorqud"
dastanında nitqin dinamikasını və çoxqatlı mənalarını
izah etmək üçün çox önəmlidir. Məsələn,
Bamsı Beyrəyin danışığında "düşmən" anlayışı
həm fiziki təhdidi, həm də mənəvi sınaqları ifadə edir. Sözün hansı mənasının
üstünlük təşkil
etməsi, onun istifadə edildiyi kontekstdən və qəhrəmanın düşdüyü
vəziyyətdən asılıdır.
Nitq fəaliyyəti zamanı insanlar konstituasiyanın yaratdığı şərtlərə
uyğun olaraq sözləri seçir və mənaları strukturlaşdırır. "Dədə
Qorqud" dastanındakı
dialoqlar və monoloqlar bu cəhətdən
diqqətçəkəndir. Qəhrəmanların nitqində
istifadə edilən müəmmalı sözlər
onların emosional vəziyyətini, sosial münasibətlərini və
dünyagörüşünü aydınlaşdırır.
Bu baxımdan qeyd etmək olar ki, konstituasiya, dilin qeyri-səlis xüsusiyyətlərini
və nitq fəaliyyətinin dinamikasını
daha dəqiq anlamağa imkan verir. Beləliklə, müəmmalı sözlərin
məna spektri və onların aktual mənalarının
ortaya çıxması
yalnız dilin strukturuna deyil, həm də mədəni və sosial şərtlərə
bağlıdır.
K.Abdulla və R.Əliyevin qənaətinə
görə, "Qeyri-səlis
məntiqin başqa elmlərə tətbiqi bir daha onu
göstərir ki, bu elmlərin alt qatında bizim görə bilmədiyimiz mətləblər
gizlənmişdir. Onların
yeni-yeni nüanslarının üzə çıxarılması
həm o elmlərin hər birinin dərinlik səviyyəsinin
artmasını, həm
də bu elm sahələrinin bir-biri ilə qeyri-səlislik baxımından gözlənilməz
əlaqə xətlərinin
mövcudluğunu şərtləndirir".
Yarım
əsr əvvəl Y.M.Lotman deyirdi:
"Yeni tip ədəbiyyatşünas - bu, öz tədqiqatında
geniş və müstəqil şəkildə
əldə olunmuş
empirik materialları dəqiq elmlərin inkişaf etdirdiyi deduktiv təfəkkür bacarıqları ilə birləşdirməyi bacaran
tədqiqatçıdır. O, dilçi olmalıdır
(çünki hazırda
dilçilik humanitar elmlər arasında "irəli çıxaraq"
çox vaxt ümumelmi xarakterli metodların hazırlandığı
sahədir), digər modelləşdirici sistemlər
ilə işləmə
bacarığına malik olmalı,
psixologiya elminin nailiyyətlərini bilməli,
elmi metodunu davamlı olaraq təkmilləşdirməli və
semiotika və kibernetika kimi ümumi problemlər üzərində düşünməlidir.
O, özünü riyaziyyatçılarla
əməkdaşlığa öyrətməli və idealda ədəbiyyatşünas,
dilçi və riyaziyyatçını özündə
birləşdirməlidir."
Humanitar
elmlərin nümayəndələri
hələ də öz böyük həmkarlarının bu tövsiyələrini həyata
keçirmək üzrədirlər.
Mahiyyət etibarilə "Kitabi-Dədə
Qorqud və qeyri-səlis məntiq"
və "Qeyri-səlis
məntiq və dil-nitq" kitabları qədim ədəbiyyatın
müasir elm və fəlsəfə ilə dialoqunun nümunəsidir.
Bu baxımdan qeyd etmək olar ki, milli-mədəni irs yalnız keçmişin deyil, həm də gələcəyin intellektual problemlərinin həllində iştirak edə bilər. Kamal
Abdulla və Rafiq Əliyev
bu əsərləri ilə bir daha
sübut edirlər ki,
Azərbaycan mədəniyyəti
dünya elminə və fəlsəfəsinə
dəyərli töhfələr
verə bilər.
Ülviyyə RƏHİMOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.8-9.