Hürufilik varlığın estetikası kimi və ya
Firudin Qurbansoyun səma çövkanı
Orta əsrlər müsəlman ölkələrinin poeziyası sirlərlə dolu bir kosmosdur, harada ki hər beyt bir ulduza bənzər; onu mütləq kəşf etmək gərək.
Orta əsrlər müsəlman ölkələrinin poeziyası möcüzəli bir kainatdır, harada ki hər beyt çözüldükcə çözülür, amma şeirin semantik ehtiyatı heç cür tükənmir: sanki şairlər hərf, nöqtə və vergülləri kağız üzərinə düzüb, sözləri "salavatlayıb" öz-özlərilə şahmat oynayırlar.
Orta əsrlər müsəlman
ölkələrinin poeziyası
aşiq ariflər dənizidir, harada ki hər bir şeir
dalğaların pipiyində
dönən dərvişlər
kimi səma eləyib lövhi-məhfuzun
qənşərində güzgülənmək
istəyir.
Mən bunun səbəbini uzun müddət idi axtarırdım. Axtarırdım ki, niyə
öz məna qüdrətinə, semantik
polifoniyasına görə
Orta əsrlər müsəlman ölkələrinin
poeziyası qədər
zəngin, hörümçək
toru kimi elastik və zərif "toxunmuş"
şeiriyyat dünyanın
heç bir yerində yaranmayıb?!
İslam mədəniyyəti üfüqlərində səma
çövkanı ilə
məşğul Firudin
Qurbansoyun "İmadəddin
Nəsimi Şirvani"
(Bakı, 2024) monoqrafiyasını
oxuyarkən birdən-birə
bu sualın cavabını tapdım və əgər bilsəniz, daha "nələri tapdım mən", bilik, elm gövhərlərini birbəbir
ordan tapdım.
Sən demə, klassik Şərq poeziyası o səbəbdən möcüzəli
bir poeziyadır ki, həyata, gerçəkliyə
yox, Muhamməd peyğəmbərin möcüzəsi
sayılan Qurana refleksiyadır, Quranla strukturlaşır, bütün
təzahür formalarında
Quranla baxışır.
Təkcə Quranlamı?
Əsla! Quranın törətdiyi bütün
diskurslarla baxışır.
Necə ki, Quran semantik
aspektdə heç vədə tükənmir,
eləcə də Orta əsrlər müsəlman ölkələrinin
poeziyası tükənən
deyil...
Klassik Şərq poeziyasında
Quran şeirə dağıdılmış
mənaların kodlaşdırılma
prinsipidir. Burada şeir profan və sakral, fani və əbədi
dünyalar arasında
bir əlaqələndiricidir:
misra, beyt oxucunun ruhunu bədənindən "çıxarıb"
Quranın ayələri
içinə atır
və oradan da alıb meraca, Allaha doğru aparır.
Həcc
Kəbəyə axışan
bədənlərin ziyarətinə,
bədənlərin mərasiminə
deyilir: merac isə ruhlar ziyarətinin, ruhlar ritualının adıdır.
Dönən dərvişlərin səma məclislərisə
meracın modelidir, meracın imitasiyasıdır.
Klassik Şərq poeziyası Qurana eyhamlarla aşıb-daşır: şairlər
Müqəddəs mətndən
adları, ifadələri,
ayrı-ayrı ayə
fraqmentlərini şeirin
strukturuna daxil edib mənalara, sanki kaleydoskopik effekt verirlər. Burada şeir yazılmır, Quranda şəkillənən hərflərdən,
bu hərflərin köməyilə yaradılmış
cümlələrdən ilmə-ilmə
"toxunur": şair
şeiri Quranla "naxışlayıb" onu
kosmikləşdirir. Ortaçağ
müsəlman ölkələrinin
poeziyasının qanı,
canı, bədəni
Qurandandır: Quranın
qanı, canı, bədənisə ərəb
əlifbasının cəmi
28 hərfindən...
Deməli,
hürufilər hərfləri
müqəddəs bilməkdə
haqlıdırlar ki, bunu
da Firudin Qurbansoy öz monoqrafiyasının
cövhəri bilir. Nədən ki, harada Nəsimi varsa, orada hərflərin və rəqəmlərin
mistik rəqsi başlayır.
Başqa
cür də ola bilməz: çünki Nəsimi özünü,
öz arifliyini hərf, hava, səs, yel kimi
dərk edib və bu, birbaşa
onun təxəllüsündə
şifrələnib. Firudin
Qurbansoy da öz tədqiqatında Nəsiminin
künyə və ləqəblərini şairin
"Fars divanı"ndan sitatlaşdırıb
həm orijinalda, həm tərcümədə
bəyana gətirməklə
yola çıxır.
Çünki künyə
və ləqəblər
dahi Nəsiminin kimliyini, vardığı
irfani mərhələni,
ruhsal, intellektual kosmosunu qayət gözəl sərgiləyir.
Odur ki, monoqrafiyanın
Ön sözündən
bir iqtibas: "Ariflərin sultanı, həqiqət axtaran möminlərin sübutu,
Quran hafizi, Allahın qulu - əmr sahibi, Allahın pak bəndəsi, Əziz surətli, ağa Həzrət Nəsimi" kimi ləqəb və künyələr ən yüksək səviyyəli,
say-seçmə İslam alim və ariflərindən çoxuna nəsib olmayan adlardır"
(s.14).
Bəli,
bəli, bəli: tam razıyam müəlliflə.
Hərçənd... farsca Nəsimi
"Malike "Ta" - "Ha" və
"Sin" ləqəbilə ödülləndirilir. Bu, artıq
tamam başqa bir səviyyədir. Belə fərz edilir ki, "Ta" - "Ha" ("həvvəz"dəki "ha" ilə yazılır) və
"Yəsin" Muhamməd
peyğəmbərin kodlaşdırılmış
adlarıdır. Göründüyü
kimi, Nəsimi
"Ta" - "Ha" və
"Sin" sahibi kimi
tanıtdırılır. Busa
həməncə Nəsiminin
"haşimiyəm, qüreyşiyəm,
bundan uludur ayətim, şövkətü-şanə
sığmazam" misrasına
açar və onun peyğəmbərlik,
"Ənə-l Həqq"
iddiasına məxfi işarə olur.
Digər
bir məqam: "Nəsimi" təxəllüsü
"nəimi" təxəllüsündən
bir "sin" hərfilə
fərqlənir: di gəl
ki, bu fərq mənaları həm maksimal şəkildə qütbləşdirir, həm
də onları bir-birində "əridir".
Nədən ki, "sin" hərfinin əbcəd elmində parolu insandır: mənası isə Fəzl olacaq kamil şəxsiyyət
kimi anlaşılır.
Deməli, Nəsimi
"sin" hərfinin hesabına
Fəzli öz içinə alır, apriori Nəimiləşir
və daha yüksək bir mərtəbəyə varıb
gedir.
"Nəimi" sözü cənnət adamı deməkdir: burada məkan bəllidir, cənnəti nişan verir. "Nəsimi"sə
səba yelinə, səhər mehinə, daha dəqiq olsaq və Firudin
Qurbansoya istinad etsək, "xəfif və lətif rüzgar"a, "ruha mənsubluğu" bildirir:
yəni onun məkanının, yerinin
markeri yoxdur, laməkandır, ünvanı
məchuldur. O ruhdur, küləkdir, fikirdir ki, hər yerdə olar, amma məkanı
bəlli olmaz.
Bu da o anlama gəlir ki, "nəsimi" "nəimi"
konkretliyindən daha geniş, uca və əlçatmazdır;
yəni "sin" hərfi
Nəimini Nəsimi eləyib meraca götürür. Göründüyü
kimi, təxəllüs
hürufi şairinin ideyalarının, poeziyasının
və həyatının
paradiqmasına, cədvəlinə,
bir növ onun şəxsi lövhi-məhfuzuna çevrilir.
Məhz
bunu biləndən sonra aydınlaşır
ki, niyə Əbül-Fəzl
Əmir Seyid Nəsimi Qüddüsüllah
və Surət-il-Əzizdir. "Əziz surət" Muhamməd peyğəmbərə aid edilən
bir keyfiyyətdir. Buradansa belə anlaşılır ki, Nəsimi
Muhamməd peyğəmbərin
əziz surətini öz cismində daşıyır, onu təmsil edir və bu səbəbdən
də Fəzlin atasıdır, Qüddüsüllahdır,
yəni Allahın müqəddəsidir.
Təbii
ki, mənim bu bilgiyə yetməyimin, Nəsiminin ləqəb və künyələrində
şair kosmosunun tam güzgüləndiyini əminliklə
söyləməyimin səbəbi
Firudin Qurbansoyun mədəniyyətimizə öz
monoqrafiyası ilə
ötürdüyü qutsal
informasiyalardır. Belə
qutsal informasiyaların
sayı tədqiqatda onlarcadır.
Mən bilirdim ki, Nəsiminin fani dünyaya, təzahürlər aləminə
münasibəti neqativdir:
"Dünya çün mürdardır,
igrən
könül, mürdaridən!
Gül degil dünya, tikəndir,
nə umarsan xaridən?"
Beytin mənası üzdədir:
şərhə ehtiyac
görmürəm. Amma bir
məsələ var ki, onu
bilmirdim: sən demə, bu murdarlıq,
aşağılıq elə
"dünya" sözünün
özündə, strukturunda
şifrələnib və
vizuallaşdırılıb. Neyçün ki, "əsli
"dəni"dir dünyanın,
zatında yoxdur bir "əlif". Bunu Nəsimi söyləyir, Firudin Qurbansoy da qayət gözəl şərh edir: "Dəni" sözü ərəbcə
"alçaq, rəzil"
deməkdir. "Dünya"
("dəni"lə eyni
kökdəndir - kursiv
A.T.) sözü də
aşağı, alçaq
mənalarını bildirir
və bu sözdə düzlük mənasına gələn
"əlif" hərfi
yoxdur, əksinə, onun bütün hərflərinin "ya",
"nun", "dal" boynu bükükdür. Başqa
sözlə, dünya
ki alçaqdır, düzqamətliləri
rəzilliklə əyib
öz gününə
salmaq istəyir"
(s.223).
Hürufilik əbcəd üzərində
qərarlaşır, hərfləri
rəqəmlərlə kodlaşdırır,
sakral mənaları ariflərdən ötrü
şifrələyib kütlələrdən
gizlədir, səma cismlərini içinə
alıb kosmosa pərvazlanır.
Hürufilik varlığı hərflərlə
modelləşdirir, aləmlərin
sonsuzluğunu özündə
qapsayır, bitmir, tükənmir: burada hərflər nəfəsdir,
rəqəmlər - ritm.
Əruz
nəfəsin ritmlənməsidir.
Qurbansoyun
düşüncəsinin də
ritmi əruzdandır,
təhkiyəsinin dili
hədisdən. Sanki Firudin
Qurbansoy monoqrafiya yazmır, xalça üzərində əyləşib,
əlinə çayla
dolu armudu stəkanı götürüb,
ağzına kəllə
qənddən bir qırıq atıb səninlə
şirin söhbət
eləyir: söhbət
eləyə-eləyə elmlə
hekayət arasındakı
pərdəni aradan qaldırır: "Hürufilik
hərflərlə etiqad
təriqəti anlamına
gəlir. İlk baxışdan
primitiv görünən
bu əqidənin özünəməxsus fəlsəfəsi
var. Allah yaratdığı məxluqatın hər biri canlıdır və insan kimi
bədən və ruhdan ibarətdir. Hətta daşların da üç gündə bir dəfə nəfəs aldığını
alimlər müəyyənləşdiriblər...
Allah Təala on səkkiz
min aləmi iki hərflə "kaf" və
"nun" ilə yazılan
təkcə bir sözlə "kun" (ol!) - sözü ilə yaratdı". Bu o
deməkdir ki, kainat hərflərdə təcəssüm
eləyir, bəyana gəlir, hərflərdə
simvollaşır.
Bununla yanaşı, mən bir məqama da toxunmaq istərdim.
1993-cü ildə "Varlıq
möcüzə kimi"
adlandırıb "Dünya"
dərgisində dərc
etdirdiyim məqalədə
mən "kun" əmrini kainatın ikonoqrafik şəkli qismində yozmuşdum. Varlıq "kun" sözündə strukturlaşır,
modelləşir, estetikləşir.
"Kaf" hərfi öz
quruluşu etibarı ilə sanki ağacı xatırladır:
tacı ilə səmanı, gövdəsilə
orta dünyanı, kökü ilə yer səthini simvollaşdırır. "Nun" hərfiləsə yeraltı
səltənət rəmzləşdirilir.
Burada nöqtə bir tərəfdən, aləmlərin sonsuzluğunu
eyhamlaşdırır, digər
tərəfdən, Yaradılış
pərgarının bir
ayağının dirəndiyi
məkan zərrəciyini
işarələyir.
Firudin Qurbansoy da, zatən, nöqtənin aliliyini, fəlsəfi düşüncədə
tutduğu mövqeyi Evkliddən üzü bəri nəzərdən
qaçırmır: "Nöqtə
həqiqi birlikdir və bütün çoxluğun əslidir.
Dairənin mərkəzi
və vəhdətin rəmzidir... Nöqtə təkcə cümlənin
bitməsini bildirən
orfoqrafik işarə deyil, həm də gizli sirrin
rəmzi kimi anlaşılır. Təsadüfi
deyil ki, həssas və bilikli alimlərə "nüktədan"
- nöqtə bilən
deyirlər" (s.194).
F.Qurbansoy hürufiliyə
elmlərarası bir körpü kimi baxır. Hürufilik Ortaçağ müsəlman
dünyasında sanki elmlərin qapısıdır,
Quranla musiqi elmini, əbcədlə astrologiyanı, əlkimyanı,
şeir sənətini
bir-birinə bağlayır.
Hürufilik insan təfəkkürünün sif
toxuduğu xalça kimi bir şeydir:
orada nə desən var, hər nə istəsən tapılar. Odur ki, monoqrafiya müəllifi Nəsimiyə təkcə
şair kimi yox, həm də
bir Quran hafizi, bir alim-səyyah, musiqi, nücum, əlkimya bilicisi statusunda yanaşır və bu yanaşmanı
tədqiqatçıya Nəsimi
şeirləri diktə
edir. Və hətta bundan əlavə Nəsimi poeziyası Firudin Qurbansoy üçün haradasa zərdüştliyi,
muğamın köklərini,
musiqi alətlərinin
semantikasını danışmaqdan,
söhbət predmetinə
çevirməkdən ötrü
bir imkandır, bir fürsətdir. Ona görə kitab şərqli
təfəkkürünü tam yansıdır, ornamentaldır,
boş fəzadan məhrumdur, fikirlər sanki nəbati naxışlara dönüb
dövrə vura-vura səhifələrə dolur.
"İmadəddin Nəsimi
Şirvani" monoqrafiyasının
ən mühüm cəhəti ondan ibarətdir ki, Firudin Qurbansoy şairin yaradıcılığını deyil, onun ruhunu
tədqiq edir. O səbəbdən monoqrafiyada
mistik aura yetərincə
cəzbedicidir.
Əsərdə diqqətəlayiq məqamlardan
biri də budur ki, Firudin Qurbansoy Nəsiminin azərbaycanca yazdığı
qəzəllərinin diskursundan
itələnərək, bu
diskursda şirvanlı
dialektinə xas deyimlərin, ifadələrin
bolluğunu nəzərə
çatdıraraq şairin
təpədən dırnağadək
Şirvan dünyasına
mənsubluğunu ortaya
qoyur.
Heç
şübhəsiz ki, Şərqin
elm xəzinəsindən götürdüyü
biliklərdən Firudin
Qurbansoy öz monoqrafiyasına böyük
səxavətlə çoxsaylı
inci və gövhərlər dağıdıb.
Amma çox təəssüflə
qeyd etməliyəm
ki, bu inci və gövhərlər bir tədqiqatçı səliqəsilə bir yerə toplanıb boyunbağı kimi düzülməyib, ensiklopedik
bilgilərin, möhtəşəm
bilgi bloklarının
mozaikləşdirilməsi səviyyəsində
qalıb.
Hərçənd mən əminəm,
bu monoqrafiya öz sadə, müdrikanə təhkiyəsi,
mistik aurası, maraqlı, qatı açılmamış informasiyalar
bolluğu ilə, bu bolluq içrə
Firudin Qurbansoyun məharətlə oynadığı
səma çövkanı
ilə Nəsimi poeziyasına heyran oxucuların qəlb kitabına çevriləcək,
gələcək tədqiqatçılar
üçün fundamental bilgilər
toplusu olacaq.
"Bu dərin məaniyi gör ki, bəyan qılur Nəsimi,
Fələkin dili tutuldu bu ulu bəyan içində".
Burada ancaq Süleymanın bildiyi quş dili də daha
heç nəyə yaramır!!!
Aydın TALIBZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.10-11.