Cəza və ədalət
Hekayə
Hakimin
masasının kənarında dayanan ağır,
yaraşıqlı tərəzilər Adilə istehza
edirmiş kimi görünürdü. Bu tərəzilər
balansı, ədaləti simvolizə etməli idi, amma
onların orada olması ona qarşı bir ironiya, acı bir
zarafat təsiri bağışlayırdı. O, sakit və
öz axarında yaşayan bir insan idi, həyatını sadə
bir iş, orta maaş və olduqca adi və monoton günlərlə
keçirirdi. İndi isə o, bir məhkum idi, bu damğa
başının üstünü bir qarabasma kimi kəsmiş,
sərt və amansız bir reallıq kimi adına həkk
olunmuşdu. Hər şey çox sürətli, gözlənilməz
dərəcədə ani baş vermişdi. Anlıq bir
mübahisə, tanımadığı, özünə xas
olmayan xam və güclü bir qəzəb dalğası, hələ
də tam qavraya bilmədiyi bir nəzarətsizlik. Bir anlıq
o, adi bir insan idi, sonrakı an isə qatilə
çevrildi. Belə bir dəhşətli dəyişiklik necə
olur ki, göz qırpımında baş verir?! O, cinayətinin
nəticələrini yaxşı bilirdi, əvvəl-əvvəl
buna göz yumurdu, demək olmazdı, amma bunun
dağıdıcı effekti yalnız burada, bu ağır
atmosferli məhkəmə zalında, azadlığının
hər keçən an iplik-iplik söküldüyünü
hiss etdikdən sonra ona çatmışdı. Məhkəmənin
ilk günü onun üçün dəhşətli bir
sınaq idi. Zaldakı hər bir üz ifadəsi faciənin
müxtəlif tərəflərinin əksi kimi idi. Bu ifadələrə
əsasən demək olardı ki, bir çoxları onu
mühakimə edir və onu bir cani hesab edirdilər. Digərləri
- Adilin fikrincə, daha anlayışlı olanlar isə onu
gözlənilməz vəziyyətin qurbanı kimi
görürdülər. O, özünü mümkün qədər
izah etməyə çalışmışdı, nəzarətdən
çıxan vəziyyətin təsvirini vermişdi,
duyğuların onu necə öz axarı ilə apardığını
danışmışdı. Amma sözləri yetərli
deyildi, cinayətin ağırlığı altında əzilib yox
olurdu. İçində isə ağır bir sual baş
qaldırırdı: qaçılmaz olaraq alacağı cəza
həqiqətən, ədalətli idimi? Bu hadisəni
çıxmaq şərti ilə, heç vaxt qanunu
pozmamışdı. Həyatı boyunca heç vaxt qanuna zidd
bir işlə məşğul olmamış, heç vaxt kiməsə
zərər vermək niyyəti olmamışdı. Öz
meyarlarına görə yaxşı bir insan idi, indi isə
ümumbəşəri ədaləti və əxlaqı
qorumaq üçün mövcud olan bu mexanizm tərəfindən
mühakimə olunurdu. "Qanun təkcə cəzalandırmaq
üçün deyil, həm də islah etmək
üçündür" - bu devizləri çox
eşitmişdi. Amma həbsxana bir ruhu necə sağalda bilərdi?
İllərlə barmaqlıqlar arxasında qalmaq onu başqa
bir insana, yoxsa, sadəcə, quru bir qisas simvoluna çevirəcəkdi?
Cəza öyrətmək üçün idi, yoxsa, sadəcə,
cəmiyyətin qanunlarından təmayülün cəzalandırılmasına
xidmət göstərirdi? Hər şeydən əvvəl,
onun cəzalandırılmağa ehtiyacı var idimi? Adilin zənnincə,
onun islah olunmağa ehtiyacı yox idi. O, şüurlu bir insan
idi, etdiyi işin ağırlığını
anlayırdı. Törətdiyi əməl nə qədər
qəbuledilməz olsa da, onun zənnincə, cinayəti törədən
Adil ilə qalan həyatındakı Adil arasında mahiyyət
etibarilə, heç bir fərq yox idi. Axı bir cinayət
onun dünyagörüşünü, şəxsiyyətini,
xislətini dəyişməmişdi. Hərdən beynində
bir sual yaranırdı: peşman idimi? Amma cavab əhəmiyyətsiz
görünürdü. Peşmanlıq keçmişi dəyişə
bilməzdi, itiriləni geri gətirə bilməzdi. Heç
bir cəza bu dəhşətli həqiqəti dəyişə
bilməzdi. Bəs qanunun məqsədi həqiqətən, ədaləti
təmin etmək idimi, yoxsa, sadəcə, ağrıya cavab
olaraq ağrı gətirməkdimi? O, hüquq sistemini balans
axtaran bir vasitə kimi yox, kollektivin hakim yumruğu kimi görməyə
başlamışdı. Bu yumruq, cəmiyyətdə qanun adlandırılan nizamı
pozanları cəzalandırırdı.
Adil kollektivin ədalət
hissinə - insanların
"ilahi ədalət"
olaraq qəbul etdikləri anlayışın
dünyadakı proyeksiyasına
qarşı çıxmışdı,
cəmiyyətin xaosu idarə edə biləcəyinə olan inamını təkzib etmişdi, onun cəzası da məhz bununla bağlı idi. "İnsanlar hər şeydən çox, qeyri-müəyyənlikdən
qorxurlar," - deyə
düşündü - gözləri
məhkəmə zalının
soyuq, boz divarlarına zillənmişdi
- qanunun dəmir barmaqlıqları, hüquq
prosesinin sərt strukturu, qəribə şəkildə bu qeyri-müəyyənliyi azaldırdı.
Qaydalar qoyur, hədlər təyin edir, doğru ilə yanlış, icazəli ilə qadağan edilmiş arasında sərhədlər
çəkirdi. "İnsanlıq
ən çox öz potensialından qorxur," - deyə düşündü və
qəribə bir sakitlik hiss etdi. Qanun, öz amansız üsulu ilə, insan təbiətinin qaranlıq
instinktlərinə qarşı
bir sədd rolunu oynayırdı, bəşər övladının
özündə gördüyü
qorxulu şeyləri cilovlayırdı. Bəli,
bu bir qəfəs
idi, amma eyni zamanda bir
təsəlli idi. Bağışlanmaq istəmirdi.
Başqasının həyatını
geri dönüşü
olmayacaq şəkildə
dəyişdirdiyini bilirdi
- bu həqiqət son nəfəsinə qədər
onunla qalacaqdı. O sadəcə, başa düşmək istəyirdi.
Hakimin çəkicinin masaya vurulmasından çıxan
səs zalda əks-səda verdi. Bu ani və kəskin səs Adili fikirlərindən ayırdı,
onu məhkəmə zalına qaytardı. Otaqda hamı sanki nəfəsini tutmuşdu. Hakim hökmü
soyuqqanlı tərzdə
elan etdi. Adil artıq bir məhkum idi. Həyatından 8 il - bəlkə də normalda ömrünün ən gözəl çağını yaşamalı
olduğu, ucu-bucağı
görünməyən uzun
bir müddətin ondan qoparılması və gözlədiyi cəzanın ağırlığı
bütün ruhuna yayıldı. Vəkili özünü saxlaya bilmədi: "Bu doğru
deyil, cəza çox ağır və ədalətsiz oldu." Əks tərəfdə isə tamam fərqli bir atmosfer vardı.
Zərərçəkən tərəf başını
dik tutaraq dodaqlarını bərk sıxdı. Sanki içindəki
hirs və kədəri bir qələbə ədası
ilə boğmağa çalışırdı. "Ədalət yerini tapdı", - deyə sakitcə dilləndi.
Qabil HÜSEYNLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.11.