Gəncliyə və teatra
məhəbbətlə
Georgi Tovstonoqov müəllifi
olduğu məşhur "Səhnə
güzgüsü" kitabının Ön sözündə
belə yazır: "Kitabın gənc oxucuların marağına səbəb olduğunu eşitmək məni
çox sevindirərdi: axı sabah tamaşaları gənc rejissorlar hazırlayacaq,
o tamaşalarda gənc aktyorlar iştirak edəcək, elə tamaşaçılar da gənclər olacaq.
Təvazökarlıq etməyək
- onlar böyüklərin
təcrübəsinə üz
tutmadan keçinə
bilməzlər. Ancaq qoy özləri irəliyə doğru addım atsınlar: ömür qısa, incəsənət isə
əbədidir".
1956-cı
ildən 1989-cu ilə
qədər Leninqrad Böyük Dram Teatrının
baş rejissoru vəzifəsində çalışan
Tovstonoqov haqqında fikirlər birmənalı
deyildi. Sonralar yazırdılar ki, 33 il baş
rejissor vəzifəsində
çalışan sənətkar
özündən sonra
maraqlı rejissorlar yetişdirsə də, öldürə bilmədiyi
eqosu, əsirinə çevrildiyi qısqanclığı
ona imkan vermədi ki, rəhbərlik
etdiyi bu böyük teatrda tələbələri üçün
lazım olan şəraiti yaratsın. Nəinki tələbələrinə,
hətta oğluna da şərait yaratmadı. Hər halda, yalan-doğru bu deyilənlər Georgi Tovstonoqovun
teatr sənətindəki
nəhəng yerini dar eləməz. Hazırda bu teatr onun adını
daşıyır. Böyük
rejissorun quruluş verdiyi tamaşalar Lenin
(1958), Stalin (1950-1952) və Dövlət (1968, 1978, 1986) mükafatlarına
layiq görülüb.
Onun
müəllifi olduğu
bu kitab hələ uzun illər sonra da teatr adlı çırağın
işığında taleyinin
yolunu tapan, teatr adlı ocağın istisində ömrünün rahatlığına
qovuşan gənc rejissorlar və aktyorlar üçün minnətdarlıq yeri olacaq.
Minnətdarlıq demişkən, mən də, öz növbəmdə, bu vacib və
böyük kitabın
ərsəyə gəlməsində
zəhməti olanlara minnətdaram. Bəhlul Abbasovun tərcüməsi,
Nəriman Əbdülrəhmanlının
redaktəsi ilə gözəl bir kitab bizə ərməğan olunub.
Təmənnam budur ki, xüsusən, gənc rejissorlar və aktyorlar bu kitabı
oxusunlar. Yox, əgər oxumağa ərinmək mərəzindən
hələ də sağalmayıblarsa, heç
olmasa, altından xətt çəkdiyim bu hissələrə diqqət eləsinlər.
Gəncliyə, teatra və sənətə məhəbbətlə!
Aktyoru altıncı sinif şagirdinə çevirmək
lazım deyil. Əksər ifaçılar
təzədən başlarına
ağıl qoyulmasını
xoşlamırlar. Təcrübə
göstərir ki, artisti
başqa yolla da - ləyaqətinə xələl
yetirmədən, yoldaşları
arasında alçaltmadan
da məqsədə çatdırmaq
olar. Rejissorlar bəzən nəzakət
qaydalarını gözləmir.
Aktyorun üstünə
"hücum çəkirlər".
Aktyoru öz ideyası ilə "xəstələndirən" rejissor
onu özünü fasiləsiz imtahan şəraitində hiss etmək
və rejissor yozumuna məsuliyyətlə
yanaşmaq üçün
səfərbər etməlidir.
***
Teatr quruculuğunun təməlində
kollektivin etik tərbiyəsi dayanmalıdır.
***
Artistdə qorxu hissi tərbiyə etmək olmaz. Guya tamaşa
haqqında söylədiyi
tənqidin onu teatr rəhbərliyinin gözündə bir müxalifə çevirəcəyi
kimi yanlış fikirləri ifaçıya
təlqin etmək yolverilməzdir. Əksinə,
o, nöqsanları, çatışmazlıqları
açıq şəkildə,
qərəzsiz deməyə
haqqı olduğunu daim hiss etməlidir. Cəsarət, şəffaflıq,
prinsipiallıq heç
vaxt yaradıcı kollektivi dağıda bilməz. Hərçənd,
bəzi rəhbərlər
bunun əksini düşünürlər. Əksinə,
bu, üzvlərin daha da sıx birləşməsinə səbəb
olacaq. Kollektiv üzvlərində hər
bir tamaşaya görə məsuliyyət
hissi tərbiyə etmək lazımdır.
Biz çox vaxt tamaşa ilə bağlı sırf eqoistcəsinə narahatlıq
keçiririk, ümumilikdə kollektivin marağı barədə
düşünmürük. Tamaşada iştirak etməyən, yaxud "özünün"
saydığı rolu
ala bilməyən aktyor
ən yaxşı halda, "neytral" vəziyyətinə düşür,
ən pis halda isə, bədxah insana çevrilir. Bu, kollektivi daxildən parçalayır.
Teatrda yalnız ümumi işin uğrunda kollektivin hər bir üzvünün könüllü marağı
olduğu təqdirdə
əsl yaradıcılıq
mühiti yaratmaq mümkündür.
***
Bizdə
hələ də nüfuz anlayışı
yanlış başa düşülür. Rejissora
elə gəlir ki, aktyorların təklifini qəbul etsə, kollektivin nəzərində
nüfuzdan düşəcək.
***
Pyes tamaşasız mövcud
ola bilər, amma pyessiz tamaşa mümkün deyil. Buna görə də biz dramaturqu teatrda birinci şəxs hesab edirik.
***
Məlumdur ki, teatr öz heyətini yeniləndirmədən
yaşaya bilməz. Halbuki teatrda işləyənlərin bir
çoxu incəsənət
sahəsinin onlar üçün olmadığını
çoxdan başa düşməliydi. Bunu isə təqaüdə çıxmalarına xeyli
qalanda, peşələrini
dəyişmək isə
artıq gec olanda başa düşürlər. Məsələnin
həllinin çətinliyi
də bundadır. Bu məsələ dövlət
səviyyəsində çox
müdrikcəsinə, həssaslıqla,
az miqdarda "insan itkisinə" yol verilməklə həll edilməlidir.
***
Başqa
heç bir peşədə diletantlığın
əl-qol açması
üçün rejissor
peşəsindəki qədər
geniş meydan yoxdur.
***
Tamaşanın dəyərinin yeganə
meyarı tamaşaçıya
göstərdiyi təsirlə
ölçülür.
***
Rejissor kollektivi cəlb edə bilirsə, kollektiv də rejissorun hökmünü
yox, onunla birgə və onun ardınca getməyə özündə
daxili tələbat duyursa, yalnız bu halda rejissor
rəhbər olur.
***
Qətiyyən belə mövqedə
dayanmayın: "Mən
hər şeyi bilir və başa
düşürəm, qabaqcıl
metodla işləmək
istədim, amma aktyorlar məni anlamır və heç nə bacarmırlar". İfaçıları
günahlandırmaq, əlbəttə,
çox asandır, ancaq bu, rejissora
bəraət qazandıra
bilməz. Unutmamalısınız
ki, hələ heç
özünüz də
hər şeyi bilmirsiniz. Hər bir aktyor uğursuzluğuna
görə rəhbər
həmişə özünü
günahkar saymağa borcludur.
***
Dramaturji
əsərlə ilk tanışlıq
məqamını mən
çox məhrəm
sayıram. Bilirəm
ki, bəzi rejissorlar əsərlə tramvayda gedərkən, yaxud Mədəniyyət Nazirliyinin
dəhlizlərində tanış
olur. Mən heç vaxt belə hərəkət etməmişəm. Səhvə
yol verməkdən qorxuram. İlk təəssürat anı
çox vacibdir və çox zaman da bunu itiririk.
***
Dramaturqlar həmişə az
olub. Dramaturji istedadlara çox nadir hallarda təsadüf edilir. Təəssüf
ki, yaxşı pyes sarıdan həmişə
korluq çəkirik.
Dramaturqların bir-birinin
səhvlərini təkrarlamasından,
seçdikləri süjetlərin,
qəhrəmanların, xarakterlərin
bir-birinə çox oxşamasından isə heç danışmağa
dəyməz. Başqa
teatrları deyə bilmərəm, ancaq bizdə qalaq-qalaq pyeslər yığılıb
qalır, ədəbi
hissəyə sığmır.
Hamı yazır. Əlbəttə, aralarında
az-çox istedadla qələmə alınmış
mətnlərə də
rast gəlmək olur. Ancaq o pyeslərin
əksəriyyəti sənətdən
uzaq qələm təcrübəsidir. Sadəcə
olaraq, bir çoxları dramaturgiyaya
asan və gəlirli iş kimi baxır.
***
Böyük Dram Teatrında rol
bölgüsü zamanı,
demək olar, heç kəsin inciməməsinə nail olduq.
İnciklik baş verəndə də çox uzun sürmür. Bunu necə yoluna qoyduq? Mən teatra gəlməzdən qabaq qəhrəman rollarının ifası ilə şöhrət qazanmış, "cəngavər"
pyeslərində saysız-hesabsız
rol almış artist uzun illər ərzində səhnə
alçaqlığının sinonimi kimi tanınırdı.
Həmin dövrdə
o ən yaxşı rollarda çıxış
etmişdi və faktik olaraq, necə deyərlər, qılıncının dalı
da kəsirdi, qabağı
da. Növbəti tamaşada
həmin aktyor qüruruna toxunan üç dəqiqəlik
epizodik rol aldı. Bu addımı düşünərək atdıq:
məsələ ilə
bağlı onun müraciət etməsini gözləyirdik. Amma gəlmədi.
Niyə? Çünki
məsələ qəliz
idi, həmin dövrdə teatrdan 38 nəfər işdən çıxarılırdı. Görünür,
o, sakitcə həmin kiçik rolu oynamaq və öz imkanlarını maksimum dərəcədə
aşkara çıxarmaq
qərarına gəlmişdi.
Başqa
bir misal. Rus, Qərb, klassik və müasir repertuarlarda bütün baş qəhrəman rollarını oynayan qadın aktrisa rejissora qarşı kobudluğa yol vermişdi. Onu çağırıb düz
iş görmədiyini,
məşq zamanı rejissorun davranışını
müzakirə etməli,
onun işinə qiymət verməli yox, tapşırıqlarına
qeyd-şərtsiz boyun
əyməli olduğunu
dedim. Aramızda belə bir söhbət
olmuşdu:
- Başqa cür bacarmıram, - aktrisa dedi.
- Onda bir yerdə
işləyə bilməyəcəyik,
- cavab verdim.
- Mən də işdən çıxmaq
barədə ərizə
yazacağam! - o dedi və direktorun yanına getdi.
Amma mən imkan tapıb direktora zəng vurdum, xahiş etdim ki, ondan heç nə soruşmasın və mübahisəyə
girişməsin, ərizəsinə
qol çəksin. Belə də oldu, aktrisanın ərizəsi qəbul edildi. Bir saat keçməmiş o gəlib
ərizəsini geri götürdü. O dövrdə
qərara aldıq ki, bütün kollektivin xilası naminə, bəlkə də, yaradıcılıq baxımından
lazımlı olan, amma kollektivin etik tərbiyəsi prinsiplərinin həyata keçirilməsinə maneə
törədən ayrı-ayrı
aktyorlarsız keçinə
bilərik.
***
Sənətdə artıq adam olmaq istəmiriksə, onda gözəl keçmiş əyyamlardan
bərk-bərk yapışmaqdan
əl çəkməli,
onu bu günümüzə
zorla qəbul etdirməməli və sənəti geri aparmamalıyıq.
***
Təsəvvür edin ki, həkimlərin
konsiliumunda iştirak edirsiniz, orada danışılanların
çoxunu başa düşməyəcəksiniz. Teatrın bədii şurasının yığıncaqlarına
gələn həkimlərsə
tamaşanı bizimlə
çox rahat şəkildə rahat müzakirə elə bilərlər. Niyə belə olur? Çünki ümumi söhbətlər aparırıq,
müzakirələrimiz adi
konfrans və disputlar çərçivəsindən
kənara çıxmır.
Biz konkret peşə söhbətləri əvəzinə
pyesi şərh etməyi üstün tuturuq. Yəni burada da diletantlıqdan uzaqlaşa bilmirik.
***
Aktyorlarla
işin xarakteri haqqında düşünərkən
bu qənaətə gəlirəm ki, rejissorlar
məşqlərdə həddən
artıq çox danışırlar. Zənnimcə,
məşq prosesində
aktyor rejissorun söhbət etdiyini duymamalıdır. Kollektiv
axtarış gedir, bu zaman müəyyənedici
və istiqamətləndirici
rol rejissora məxsusdur. Aktyoru təsirləndirmək, ona
təbii yaşantıların
mahiyyətini anlatmaq üçün isə heç də bu duyğuları oyadan bütün elementləri sadalamağa ehtiyac yoxdur. Başlıcası, onun təxəyyülünü oyatmaq,
fikrini lazımi istiqamətə yönəltməkdir.
Bəzən rejissorun aktyora düzgün fiziki hərəkəti monoloq əvəzinə ikicə sözlə başa salması daha faydalıdır. Uzun-uzadı şərhlər
çox vaxt yaradıcılıq prosesinin
pozulmasına səbəb
olur.
Mən tez-tez məşqlərin qənaətbəxş, ya
qeyri-qənaətbəxş olmağını nə qədər danışmağımla
əlaqələndirirəm. Çox danışmışamsa,
deməli, pisdir, deməli, o səhnədən
istədiyimi ala bilmədiyimi
sözlərlə ört-basdır
edirdim. Rejissor səhnəni, tamaşanı,
obrazı, xarakteri nə qədər dərindən görür,
ritmi və gələcək tamaşanın
bütün plastik tərəfini nə qədər dəqiq duyursa, bir o qədər az sözdən istifadə edir. Minimum söz bizim üçün qanuna çevrilməlidir. Əlbəttə,
natiqlik məharətinə
malik olmaq və erudisiyanı göstərmək
çox xoş bir şeydir, ancaq bunun işin
mahiyyətinə birbaşa
aidiyyatı yoxdur.
***
Tamaşaların şərti formaları
nə qədər gözlənilməz, dekorasiya
və kostyumlar nə qədər cəsarətli və ya ənənəvi olsa da, artistin əsl həyəcan yaşaması, obraza girməsi yalnız bir şərtlə - onun təbiətə sadiq qalması ilə baş verir. Təbiət özünə qarşı
xəyanəti heç
vaxt bağışlamır.
***
Stanislavski
işinə elə aludə olurdu ki, nəinki aktyorlara, hətta səhnəyə
çıxardıqları canlı ata da arıları necə qovmaq lazım olduğunu göstərməyə
başlayırdı. Stanislavski həm də qeyri-adi insan idi. Bəli, insan müqəddəs deyil. Hamı kimi onun da zəif
cəhətləri var idi.
Hətta ədalətsizliyə
yol verdiyi vaxtlar da az olmayıb.
Bəzən səbəbsiz-filansız
çığırıb özündən çıxır,
haqsızı qoyub haqlını danlayırdı.
***
Hər
yeni tamaşa qarşıya
yeni vəzifələr, yeni problemlər, yeni təşəbbüslər
qoyur. Sənətdə
daimi dühalar və əbədi gerçəklər yoxdu.
Lakin əbədi dəyərlər
və mütləq anlayışlar var. Burada dəyişməz meyarlar yoxdur, lakin dəyişməyən
tələblər mövcuddur.
***
İncə, mükəmməl texnikan,
hətta istedadın
ola bilər, amma sənətkar olmaya bilərsən. Çünki
insan həyatın ürək çırpıntılarını
ən həssas barometr kimi duymursa,
zamanın nəbzini tuta bilmirsə, onun yaratdıqları yalnız ağlının,
təxəyyülünün məhsulu olacaq.
***
İdeyanın emosional yükü
olmalıdır. O, sənətkarın
duyğularını coşdurmalıdır.
Tolstoy ona görə yazırdı ki, yazmaya bilməzdi. Bizdə isə çatışmayan,
Tolstoy kimi öz ideyamızın dəlisi ola bilməməyimizdir.
Sənət əsərinin
gələcəkdə tamaşaçını
heyrətləndirməsinin, sarsıtmasının səbəbi
də elə budur. Biz - tamaşanı yaradanlar - ideyaya soyuq, mücərrəd yanaşırıqsa,
onda hansı heyrətdən danışmaq
olar?
***
Pyesin mənasının nədən
ibarət olduğunu, nəyə görə məhz bu gün
səhnəyə qoyulduğunu
aydınlaşdırmadan, rejissor
- hətta həddindən
artıq istedadlı olsa belə - aktyorlarla və deməli, tamaşaçı
ilə söhbət etmək üçün yetərincə məlumatlı
olmayacaq. Bütün bunlar həqiqi yaradıcılığın ilkin
şərtləridir. Rejissorun
hazırlıqlı fəaliyyətinin
qeyri-tipik, sırf peşəkarlıqla bağlı
cəhətləri də
həmin şərtlərlə
müəyyənləşdirilir.
***
Yeni kostyumlar, səhnədə
televizorun olması, bu günün hadisələrinin xatırlanması
pyesi heç də müasirləşdirmir.
Pyes yalnız o zaman müasir olur ki, əsərdə yeni dövrün
insanlarından bəhs
edilir; onlar keçmişdə olduğu
kimi deyil, yeni əxlaq normalarına uyğun hərəkət
edirlər; müasirlərinin
dilində danışır,
onlar kimi düşünür, eyni
hissləri keçirirlər.
***
"Kütlə sarsaqlar yığınıdır" kimi təhqiramiz nəzəriyyəni, habelə "tamaşaçı
mürəkkəb əsərləri
başa düşmək
iqtidarında deyil, ona bəsit, sadə tamaşalar lazımdır" kimi mənasız mülahizələri
tamamilə kənara atmaq gərəkdir. Tamaşaçıya inamsızlıq
- geniş yayılmış
və ən qorxulu səhvdir.
***
Pis pyes və müasir
olmayan pyes tamamilə fərqli şeylərdir. Müasir olmayan pyes istedadla
yazıla bilər. Bu isə daha pis,
daha təhlükəlidir.Yanlış
ideya ideyasızlıqdan
da təhlükəlidir. Yaxşı
pyes qıtlığı
həmişə var, teatrın
isə çox böyük fəallıq
göstərib belə
əsərlərin yaradılmasına
yardım göstərməli
olduğunu hamımız
gözəl başa düşürük.
***
Teatr rejissorsuz yaşaya bilməz. Teatra məhz rejissor rəhbərlik edir, onun yaradıcılıq yolunu müəyyənləşdirir.
Teatr sənətinin bütün məsələləri
istisnasız olaraq rejissordan asılıdır.
***
Əlbəttə, sıravi, peşəkar
olmayan rejissor da bəzi şeyləri bilməlidir. Lakin o, istedadsızlığını
enerjisi, yaxud həyasızlığı, üzlülüyü
ilə, həqiqi biliklərdən məhrumluğunu
isə iddiası, təşəxxüsü ilə
pərdələyir. Beləsinin
yaradıcı təxəyyülü
yoxdursa da, əvəzində
yaxşı yaddaşı
var. Onu bəzən
yeni başlayanlar arasında
özünü bilici
kimi qələmə vermək müyəssər
olur. Ancaq belə rəhbərin nüfuzu tezliklə sabun köpüyütək
partlayır, uğurlarının
isə uydurma olduğu üzə çıxır. Rejissorluğu
öyrətmək olmaz.
Qabiliyyətli rejissora
öz istedadını
açmaqda yardım göstərmək, onu tamaşanın maraqlı həllinə yönəltmək,
təhlükəli yanlışlıqlara
yol verməkdən çəkindirmək olar.
Müşahidə etmək,
fantaziya qurmaq qabiliyyəti, təxəyyülü
olmayan, yumor hissindən, temperamentdən
məhrum, ritmi tuta bilməyən insandan heç vaxt rejissor olmayacaq. Bugünkü və gələcək teatrın taleyi daha çox rejissorlardan asılıdır,
çünki teatrı
yaşadan bütün
elementlərin bünövrəsini
bərkidən məhz
odur. Yaxşı rejissor və yaxşı aktyorlar arasında konflikt yoxdur. İstedadsız, fərsiz rejissorla canlı, yaradıcı kollektiv arasında isə konflikt var.
***
Təəssüf ki, şəxsi qərarlarımıza
vurğunluq, yozumumuza heyranlıq, işimizi tamaşaçıya tez-tələsik
təqdim etmək bizə xas olan
cəhətlərdir. Biz işimizdə
başlıca fiqurun müəllif olduğunu unuduruq. O, iti gözə, həssas qulağa malikdir, pyesin məzmununu və formasını müəyyənləşdirən də odur. Bizim
vəzifəmiz isə
müəllifin fərdi
düzənini, həmin
pyesin xüsusi, təkrarolunmaz nizamını
axtarıb-tapmaq, eşitmək,
görmək, hiss etmək
və bütün bunları səhnə dilinə çevirməkdir.
Rejissor müəlliflə
yalnız onunla eyni mövqedə durduğu zaman mübahisə
edə bilər. Daha dəqiq desək, o, şəxsi mövqeyini - bu, müəllifin mövqeyi ilə üst-üstə düşürsə, müdafiə
etməlidir.
***
Elə incəsənət sahələri
var ki, orada qeyri-peşəkarlığı
dərhal görmək
mümkündür; məsələn,
təsviri sənət,
pianoçunun ifası,
yaxud həyat üçün təhlükəli
olan akrobatlıq sənətini götürək.
Bizim peşəmizdə
isə lap yüz il də işləsən, hətta fəxri adlar da alsan, həqiqi sənətkar olmaya bilərsən.
***
Teatrın işıqlarını dramaturq və rejissor birgə yandırmalıdır.
***
Müəllifin ideyasını və
rejissorun fikirlərini
əxz etmiş aktyorlar tamaşanın iştirakçıları deyil,
yaradıcılarıdır.
***
Teatr insanlara dünyanı başa düşmək sevinci bəxş etməlidir.
***
İstedadlı adam həm də vicdanlı olmalıdır. Ancaq təkcə vicdanlı olmaq hələ istedad əlaməti deyil.
***
Həyatı elə olduğu
kimi göstərməyi
indi çoxları bacarır. Bu, asan işdir. Bəziləri incəsənətin vəzifəsini
bunda görür. Bu, həddən artıq miskin roldur! Həyatın naturalistcəsinə,
fotoqrafik inikası, həqiqətin bəsit şəkildə əks etdirilməsi üçün
o qədər də istedad, ilham tələb olunmur. İncəsənəti bu
yolla irəliyə aparmaq istəyənlər,
ya bəsit, ya da qorxaq sənətkardır.
Çünki ancaq qorxaqlar öz nöqteyi-nəzərlərini ifadə
etməkdən çəkinirlər.
***
Teatr sənətində yeniliyin
düşmənləri aktyor
ifasındakı arxaiklik
və rejissuradakı saxta novatorluqdur. Biz novator aktyorları çox az-az görür, psevdonovatorluq pərdəsi altında qoyulmuş tamaşalara isə tez-tez rast gəlirik.
***
Düşünürəm ki, çox vaxt gənc rejissorların əsas bəlası ifadə vasitələrinin amorf, formasız olmasına, əsərin mahiyyətinə
uyğun gəlməyən
rejissor priyomuna kor-koranə sitayiş etməyə həddən
artıq aludəlik göstərməsidir.
***
Biz teatrı insan mənəviyyatının həyat laboratoriyasına çevirməyə
çalışmalıyıq.
***
Müasir tamaşaçı
"kinematoqraf" kimi
düşünür. Müasir
teatr müəllifləri,
rejissorları, aktyorları
da bu cür düşünməyə
borcludurlar, amma öz fikirlərini də spesifik teatr vasitələri
ilə ifadə etməlidirlər.
***
Məlum
olduğu kimi, həm kino, həm də teatr eyni
ədəbi mənbədən
qaynaqlanır. Mövzu
və süjet, ideya və xarakter
seçimi incəsənətin
istənilən növünün
xüsusiyyətləri ilə
məhdudlaşmır. Əlbəttə,
pyes və ssenari ayrı-ayrı şeylərdir. Ancaq mahiyyət etibarilə ikisi də dramatik
əsərdir. Müasir
pyeslə müasir ssenari arasındakı fərq tədricən azalır.
***
F.M.Dostoyevskini teatr yazarı hesab etmək olar. Onun romanları
heyrətamiz dərəcədə
dramaturjidir. Lakin romanlarını
səhnələşdirmək cəhdlərinin əleyhinə
çıxıb. O hesab
edirdi ki, romanın pyesə çevrilməsi
üçün gərək
süjeti, kompozisiyası,
yaxud qəhrəmanların
xarakterləri əməlli-başlı
dəyişdirilsin.
***
Son illər teatrımızın
inkişafında səhnə
ilə ədəbiyyatın
xüsusi əlaqələri
aydın nəzərə
çarpır. Teatrlar
müasir və klassik nəsr əsərləri əsasında
getdikcə daha tez-tez cəsarətli tamaşalar hazırlayır.
Qədim səhnə sənətinin gələcəkdə
ideya-bədii cəhətdən
zənginləşməsi yalnız
ədəbiyyatla teatrın
qarşılıqlı əlaqələri
sayəsində mümkündür.
***
Teatr öz təbiəti etibarilə müasirdir. Səhnəyə qoyulan əsərlər bu gün tamaşaçını
narahat edən bu və ya
digər məsələyə
aydınlıq gətirməlidir.
İnsanları düşündürən
bir çox suallara müasir dramaturqlar hələ ki, cavab verə bilməyiblər. Biz o suallara
klassik pyeslərlə cavab verə bilərik və bəzən bu, ortabab müasir
pyesdən daha yaxşı effekt verir.
***
Teatr insanların məsləhət
almağa gəldikləri
hüquq məsləhətxanası,
yaxud məlumat bürosu deyil. Teatr insanları maraqlandıran suallara cavab vermir. Teatr
yalnız tamaşaçıya
bu suallara özünün cavab tapması üçün
yardım göstərir.
Teatr bu və ya digər
vəziyyətlərdə necə
hərəkət etməyi
deyil, necə yaşamağı öyrədir.
Ənənə çox
yaxşı şeydir,
bir şərtlə
ki, onu tarixən formalaşmış müdriklik
kimi başa düşəsən. Ənənə
qanunların, priyomların,
qərarların toplusutək
başa düşüləndə
isə çox zərərli olur. Ənənə asanlıqla
ştampa, keçmişə
hörmət isə bu günə etinasız münasibətə çevrilir.
***
Teatr gündəlik olaraq öz təqvimini tamaşaçıların təqvimi
ilə tutuşdurursa,
teatrın zamanının
yaşadığımız zamandan geri qalmamasını
izləyirsə, hətta
pyeslər çox keçmiş əyyamlarda
yaranmış olsa belə, o teatrın tamaşaları qocalmayacaq.
***
Bir vaxtlar Ostrovski tamaşa zamanı səhnə arxasında gəzinir, Malıy Teatr artistlərinin əla nitqini dinləyirdi. Hələ bu yaxınlaracan düşünürdüm:
teatr gör necə inkişaf edib, filan mövqe
necə də köhnəlib, yəni hər şey qulaq üçün nəzərdə tutulub, gözlər üçünsə
heç nə yoxdur. İndi isə başa düşürəm
ki, Ostrovski çox haqlı imiş. Tamaşada plastik tərəf səhnədə
cərəyan edən
hadisələrin sadəcə
anlaşılacağı həddə
olmalıdır. Bundan
artıq bir şeyə isə ehtiyac yoxdur.
***
Klassikanı müasirliklə heç
bir əlaqə axtarmadan səhnəyə
qoymaq daha rahat deyilmi? Klassikaya muzey münasibəti həm klassikanın özünə,
həm də teatrlara böyük ziyan vurub, biganələşmiş
tamaşaçıları öz məktəbli dürüstlüyü ilə
ürküdüb.
***
Mən Stanislavskinin kəşf elədiyi aktyorluq sənəti qanunlarının
sarsılmazlığına inanıram. Bu mənada ənənə məndən
ötrü müqəddəsdir.
Lakin Stanislavski bu gün
yaşasaydı, bir çox məsələləri
başqa cür həll edər, qüvvə və bacarığımız daxilində
etdiyimiz kimi, o da axtarar, eksperiment aparardı.
***
İlham pərisi tənbəl adamlara qonaq gəlmir. Təxəyyülün
işləməsi üçün
səylə çalışmaq,
daha çox "yanacaq" tədarük etmək lazımdır. Yalnız o zaman ilham qapınızı döyəcək.
Rejissor gələcək
əsəri dərhal
görə bilməsə,
ümidsizliyə qapılmamalıdır.
Öz təxəyyülündən
inciməyinə, onu əzişdirməyə, zorlamağa
dəyməz. İşləmək
lazımdır. Rejissorun
və onun artistlərinin yaradıcı
qabiliyyəti, tükənməz
həvəsi varsa, ilham mütləq gələcək.
***
Müasir
teatr rejissoru kino, televiziya, rəssamlıq, ədəbiyyat, musiqi sahələrində yeni yaranan
ifadə vasitələrini nəzərə
almadan fəaliyyət
göstərə bilməz.
***
Mənə elə gəlir
ki, yozum yalnız gözləri görən
kar da, qulağı eşidən kor da onu başa düşdüyü
vaxt yozum olur.
***
Əlbəttə, səhnədə başlıcası
sözdür, çünki
əsərin məna tərəfini söz vasitəsilə başa düşürük. Amma söhbət
səhnə ifadəliliyindən
gedəndə yalnız
sözə bel bağlamaq
olmaz. Emosional - obrazlı quruluş verilmiş tamaşada söz ifadə komponentlərindən yalnız
biridir. Vacib, birinci dərəcəli olsa da, yeganə ifadə vasitəsi deyil. Buna məhəl qoymamaqla teatrın tamaşa təbiətini öldürərik.
***
Rejissorluq
praktik sənətdir.
Onu öz təcrübən əsasında
mənimsəmək daha
yaxşıdır. Bu, asan
məsələ deyil,
çünki sənətkar
öz yaratdığı
haqqında obyektiv fikir söyləyə bilməz.
***
Rejissor üçün təxəyyülünün
aktyorlara da sirayət etdiyi, tamaşanın bütün iştirakçıları
ilə quruluşçusu
arasında gözəgörünməz
körpülərin yarandığı
səmərəli məşqdən
daha böyük sevinc yoxdur.
***
Şəxsən mən bu fikirdəyəm ki, dırnaqarası
rejissor eksplikasiyaları
kökündən ziyanlıdır:
qətiyyən hazırlığı
olmayan, hələ əsərin ruhuna və mahiyyətinə varmayan yaradıcı kollektivə gələcək
tamaşanın nəticəsi
hazır şəkildə
təklif edilir. Bununla da canlı yaradıcılıq prosesində
kollektivin iştirakı
istisna olunur. Kollektivdə belə bir təsəvvür yaranır ki, artıq rejissorda hər şey hazırdır, buna
görə də onlar hər hansı axtarışlardan
özlərini azad sayırlar.
***
Rejissor heç bir vəzifəsini aktyorun fikrini nəzərə almadan gerçəkləşdirə
bilməz.
***
Səhnə oyununun hər dəqiqəsi, hər saniyəsi fasiləsiz döyüş deməkdir.
Rejissor yadda saxlamalıdır
ki, ümumiyyətlə konfliktsiz
səhnə həyatı
yoxdur.
***
Ümumiyyətlə, "Mən əməli təhlil metodu ilə işləyirəm" deməyə
özündə cəsarət
tapan rejissorun üzərinə çox
böyük məsuliyyət
düşür. Məncə,
bunu söyləmək
də elə "mən Stanislavski sistemi ilə işləyirəm"
iddiası qədər
risklidir. Şəxsən
mən, məsələn,
"əməli təhlil
metodu ilə işləyirəm" deməyə
risk etmir, yalnız gündəlik məşq
təcrübəmdə həmin
metoda yaxınlaşmağa
çalışıram.
***
Rəssam
bu və ya digər pyes mövzusunda rəsm yaradırsa, bu həmişə
tərtibatın mənzərəli, ikiölçülü
həllinə gətirib çıxarır. Səhnə isə
üçölçülüdür, rəssam da tərtibat
verərkən səhnənin məlum xüsusiyyətlərini
mütləq nəzərə almalıdır. Bu
çatışmazlıqların kökləri rəssamların
tədris sistemində axtarılmalıdır. Bizdə səhnə
texnologiyaları ilə yaxşı tanış olan,
quruluş işçiləri hazırlayan tədris müəssisələri
var. Bəzi ali məktəblərdə teatr rəssamlarının
tədris spesifikası rəssamların da həmin
peyzajları çəkmələrindən, amma həmin əsərlərin
bu və ya digər pyesin mövzusu əsasında olmasından
ibarətdir. Nəticədə institutdan sənətimizin təbiətini
başa düşən teatr rəssamı deyil, adi rəssam,
mənzərə çəkən sənətkarlar
çıxır.
***
Şəxsən
mən müstəqil bədii dəyərə malik, hazır,
bitkin eskizlərdən qorxuram. Onlar elə müstəqilliklərinə
və dəyişilmə perspektivi olmadığına görə
təhlükəlidir.
***
Mənə
elə gəlir ki, hələ məşq prosesimizdən əvvəl
rəssamın tərtibat yaratmağa başlaması
tamaşanın düzgün plastik obrazının
tapılmasına heç də həmişə yardım
etmir. Yalnız tamaşa üzərində iş prosesində
nəinki bütövlükdə tamaşanın, həmçinin
ayrıca epizodların yozum işartıları görünməyə
başladığı təqdirdə mühiti dəqiq müəyyənləşdirmək
və rəssam qarşısında düzgün vəzifələr
qoymaq olar. Bu halda rəssam rejissordan tapşırıq
almamalı, özü bilavasitə məşq prosesində iştirak etməlidir.
***
Mənə
elə gəlir ki, teatrın əyləncə müəssisəsi
olmasına son qoymaqdan, teatrın canlı bədii orqanizmə
çevrilməsindən ötrü bütün imkanlardan
yararlanmaq lazımdır. Qəbul edilmiş tipik normalar rəhbər
orqanların işini yüngülləşdirir, belə
"yüngülləşdirmə" isə bəzən
teatr sənətinin çox cansıxıcı və
perspektivsiz fəaliyyətinə gətirib
çıxarır.
***
Teatr
studiya, məktəb, institut deyil. Burada əsas məşq
prosesidir. Elə etmək lazımdır ki, hər bir məşq
yüksək tələbkarlıqla keçsin, qarşıya
qoyduğun məqsədə hələ çata bilmədiyini
hər an hiss edəsən.
***
Kollektivin
uğurlardan qürrələnmək ruhunda tərbiyə edilməsi
çox pis nəticələrə gətirib çıxara
bilər. Rəhbərin vəzifəsi kollektivdə
narazılıq hissini oyatmaqdan ibarət olmalıdır.
Çalışmaq lazımdır ki, tamaşanın uğur
qazandığına baxmayaraq, hələ çox şeyin
lazımi səviyyədə alınmadığını,
görüləsi çox iş olduğunu kollektiv
özü hiss etsin, başa düşsün. Bunun
üçün isə rəhbərin özü də
içindəki arxayınlıq hissinə üstün gəlməli,
ifaçıların tənqidi qeydlərini özünə
qarşı güllə yağışı kimi qəbul etməməlidir.
***
Bəzən
rejissorlar hər hansı rol ilə bağlı onlarla konfliktə
girməyə hazır olan insanlara iş verməklə
kollektivdə özləri üçün yetərincə
sakit həyat təmin edirlər. Bunu tamamilə yanlış
hesab edirəm. Onsuz da hamını eyni vaxtda susdurmaq
mümkün deyil, belə rejissor gözünü
açmağa macal tapmamış onu didib-parçalayarlar.
Artistlər rejissorun müəyyən
bir pyesi kiməsə "yarınmaq üçün"
seçdiyini hiss edən kimi, o, dərhal özünün
yolverilməz prinsipsizliyinin qurbanına çevriləcək.
Cavid ZEYNALLI
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.16-18.