Gözlərim
Tüstü-dumana bürünən,
Aynadan baxan gözlərim.
Dünyamı nura boyayan,
İşığı sönən gözlərim.
Bir zamanlar atəş saçan,
Yandırıb-yaxan gözlərim.
Odu sönüb tüstülənən,
Duman bürüyən gözlərim.
Kədər dolu baxışlarla,
Yüklənmisən, dərdlə, qəmlə,
Danışmırsan niyə mənlə,
Nədir günahım, gözlərim?
Ürəyimi dərd saranda,
Buludtək dolan gözlərim.
Yağış olub yanağımda
Cığırlar açan gözlərim.
Vaxt var idi, gizli-gizli
Ürəyimdən keçənləri,
Baxışınla bircə-bircə
Üzümə yazan gözlərim.
İndi donub buza dönüb,
Yad kimi baxan gözlərim.
Qocalmışam, tanımayır,
Özü qocalan gözlərim.
Mənim olan mənim deyil
Mənim
olan mənim deyil,
Bir-bir sən verdin, Allahım.
Əmanətin sahibisən,
Bilirdin
ki, alacaqsan
Bir gün məndən, sən, Allahım.
İllər ötüb, zaman keçdi,
Qollarımın qüvvətini,
Dizlərimin taqətini,
Düz qəddimi, qamətimi,
Xəbərim olmadan mənim,
Əlimdən aldın, Allahım.
Fikrim başımda dolaşıb,
Neçə yerdən düyün
düşüb.
Çalışıram, çözəm,
açam,
Aça
bilmirəm, Allahım.
Gecəm
gündüzə qarışıb,
Yuxularım ərşə çıxıb,
Sözlər ilim-ilim itib,
Axtarmaqdan
yorulmuşam,
Tapa bilmirəm, Allahım.
Nə vermişdin, bir-bir aldın,
İki əmanətin qaldı.
Biri canım, biri ağlım.
Canımdan əvvəl ağlımı
Gəl
alma məndən, Allahım.
İstəyəndə ikimizi
Birgə
al, apar Allahım.
Dünya kitab,
zaman vərəq
Dünya
kitab, zaman vərəq,
Hamı
gəlir, vərəqləyir.
Kimi az, kimi də
çox,
Vərəqləyir, vərəqləyir,
Ancaq heç kəs bu kitabın
Axrına
çıxa bilmir,
Bu dünyadan köçüb
gedir.
Bu kitabın hər vərəqi
Həyatıma sevinc qatıb.
Bu sevincin içərisinə
Dərd
də qatıb, qəm də qatıb.
Ağrılarla, acılarla
Yüküm bəzən ağır
olub.
Çəkəmmirdim bu yükü mən.
Sonra məndən geri alıb.
Mat qalmışam mən zamana,
Verir
zaman, alır zaman.
Nə istəyir, edir zaman.
Gah ağladır, gah güldürür,
Gah yandırır, gah söndürür.
Neçə donlu, neçə
üzlü,
Mən bu zamana nə
deyim?
Yorulmuşam düşünməkdən,
Siz söyləyin, mən də bilim.
Yaxşı deyim, yaman deyim,
Mən bu zamana nə
deyim?
Həyalı gözlərin
özündən soruş
Mənə deyirsən ki, sevgini
anlat,
Mən bilə bilmərəm, biləndən soruş.
Ağlı topuğunda olandan
deyil,
Ağlı başında olandan
soruş.
Sevginin gizlincə qapı açdığı
Quş kimi çırpınan ürəkdən soruş.
Nə alsa əlinə, salıb-sındıran,
Titrəyən əlləri əsəndən
soruş.
Sevsə
də, sevirəm deyə bilməyən,
Tutulub lal olan dillərdən
soruş.
Gözləri gözünə baxa
bilməyən,
Həyalı gözlərin özündən
soruş.
Ruhunu bədəndən çalıb
aparan,
Səni
iki yerə böləndən soruş.
Məcnunun ağlını alıb
başından,
Onu səhralara salandan soruş.
Bir daha sevgini məndən
soruşma,
Ünvanı söylədim, onlardan
soruş.
Yolunu dəyişib yolundan dönmə,
Düz gedib onların özündən soruş.
Yükü ağır,
yolu
yoxuş ürəyim
Qönçələndi, ləçəklənib
açmadı,
Baharında şaxta vuran ürəyim.
Özgələrin dərd qəmilə
yükləndi,
Yükü ağır, yolu
yoxuş ürəyim.
Yolumuzun
sonundayıq sənlə
mən,
Sızlayırsan, göynəyirsən, nədən sən?
Sığallayıb oxşasam da səni mən,
Sığalıma yatmayırsan, ürəyim.
Niyə
məndən incimisən,
küsmüsən?
Açıq söylə, səbəbini
bilim mən.
Olanların günahkarı bilirsən,
Günahkarı bilmə məni,
ürəyim.
Sən sahibim, mənsə sənə qul idim,
Ağlımı yox, mən səni dinləyərdim,
Sən istərdin, mən əkərdim, səpərdim,
Gəl bərabər indi biçək, ürəyim.
Olan olub, keçən keçib, ürəyim.
Həmayil Əhmədqızı
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.19.