Cəfər
Cabbarlının pyesləri
Türkiyədə
işıq üzü gördü
Türkiyənin nüfuzlu ədəbi qurumu
olan Türk Ədəbiyyatı Vəqfı Azərbaycan
Yazıçılar Birliyi ilə bağladığı və
illərdir davam edən ədəbi əməkdaşlıq
müqaviləsi çərçivəsində daha bir
mühüm ədəbiyyat layihəsini həyata keçirib.
Azərbaycan ədəbiyyatında və teatr sahəsində
xüsusi yeri olan, unudulmaz dramaturq C.Cabbarlının anadan
olmasının 125-ci ildönümü münasibətilə
yazıçının “Seçilmiş pyeslər” kitabı
Türkiyədəki ədəbiyyatsevərlərə təqdim
olunub.
Kulis.az xəbər verir ki, Türk Ədəbiyyatı
Vəqfının rəhbəri, şair Sərhat Kabaklı
türk mətbuatına açıqlamasında belə bir
kitabın nəşrinin son dərəcə vacib olduğunu
vurğulayıb:
"Cəfər Cabbarlı təkcə Azərbaycan
ədəbiyyatının deyil, bütün türk
dünyasının ortaq mədəni irsinin ən
mühüm nümayəndələrindən biri hesab olunur. Qələmə
aldığı şeirləri, hekayələri, xüsusən
də səhnə əsərləri ilə geniş oxucu
kütləsi qazanan dramaturqun yaradıcılığında əsas
yeri cəmiyyətin problemlərinə güzgü tutan pyesləri
təşkil edir. Onun əsərlərini oxuyanda və
ümumtürk mədəniyyəti üçün
gördüyü böyük işləri incələyəndə
türk oxucusuna belə bir ərməğan etmək qərarı
verdik. Hesab edirəm ki, çağdaş türk gəncliyi
qardaş xalqımızın nələrdən keçib zirvələrə
necə ucaldığını həm də Cabbarlının
yaradıcılığından öyrənəcək. Azərbaycan
Yazıçılar Birliyi və əziz ustadımız,
yaşayan Dədə Qorqudumuz Anarın belə layihələrimizə
dəstək olması, xeyir-dua verməsi bizlərdən
ötrü xəzinədir".
“Seçilmiş pyeslər” kitabına C.
Cabbarlının “Aydın”, “Vəfalı Səriyyə”,
“Oqtay Eloğlu” və “Ədirnənin Fəthi” əsərləri
daxil edilib. Bu əsərlər həm bədii xüsusiyyətlərinə,
həm də dolğun sosial-ictimai məzmununa görə
müəllifin yaradıclığında mühüm yer
tutur.
Kitab Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, xalq
yazıçısı Anarın “Azad bir quşdum” adlı
ön sözü ilə başlayır. Anar C.
Cabbarlını təkcə istedadlı dramaturq kimi deyil, həm
də vətəndaş mövqeyi olan bir ziyalı, ictimai
xadim kimi oxuculara təqdim edir, onun əsərlərinin tərbiyəvi
əhəmiyyətindən söz açır: “Cəfər
Cabbarlı sovet rejimi dövründə də milli
sivilizasiyanın inkişafı üçün səy
göstərməyin zəruri olduğunu və buna nail ola biləcəyini
düşünərək bu məsələdə yorulmadan
çalışırdı. Cabbarlı doğulduğu Azərbaycan
torpağına, milli köklərə bağlı olan bir
yazıçı kimi ölkənin ictimai həyatında
baş verən hadisələri, problemləri, müxtəlif
insan xarakterlərini məharətlə qələmə
almışdır”.
Əsərləri Türkiyə türkcəsinə
tərcüməçi Atabəy Barış
uyğunlaşdırıb.
"Türk ədəbiyyatı" dərgisinin
baş redaktou İmdat Avşar da bu cür kitabların
çapının vacibliyindən söz açıb:
"Yaradıcılığında 1920-ci ilə
qədər romantizmə daha çox yer verən C.
Cabbarlı, Sovet hakimiyyəti qurulduqdan sonra yazdığı
pyeslərdə realizmə üz tutmuş, əsərlərində
cəhaləti, ictimai ədalətsizliyi, nadanlığı cəsarətlə
tənqid etdirmişdir. Bu əsərlər o dövrün
ictimai quruluşunu, mədəniyyətini , xalqın həyat
səviyyəsini daha yaxından tanımaq üçün
mühüm mənbədir. Azərbaycan ədəbiyyatında
və teatrında özünəməxsusi yeri olan C.
Cabbarlı təəssüf ki, bu günə kimi türk
oxucusuna kifayət qədər tanıdılmayıb. Türk
Ədəbiyyatı Vəqfi dramaturqun “Seçilmiş pyeslər”
kitabı ilə bu boşluğu doldurmağı və
Cabbarlını Türkiyədə daha geniş kütləyə
tanıtmağı qarşısına məqsəd qoyub. Bu
kitab həm də Türk və Azərbaycan ədəbiyyatı
arasında körpü rolunu oynayacaq. İki ölkənin
ortaq tarixi və mədəni əlaqələrini gücləndirən
bu cür əsərlər ədəbiyyat aləmində yeni
üfüqlər açır və oxuculara iki qardaş
xalqın ortaq dəyərlərini daha yaxından tanımaq
imkanı yaradır".
Türk Ədəbiyyatı Vəqfi kitabla
bağlı açıqlamarda onu da qeyd edib ki,
“Seçilmiş pyeslər” kitabının ədəbi və
teatr ictimaiyyətində ciddi təsiri olacaq. Cabbarlının
əsərləri həm akademik dairələrdə, həm də
teatr səhnəsində dəyərləndirilə, Azərbaycanın
müxtəlif dövrlərdəki ictimai quruluşunu,
tarixini, mədəni zənginliyini türk oxucusuna
çatdıra bilər:
“Cəfər Cabbarlının əsərləri
təkcə Azərbaycanın deyil, bütün türk
dünyasının ortaq mirasıdır. Onun əsərlərini
Türkiyədə tanıtmaq və ədəbiyyatsevərlərin
ixtiyarına vermək bizim üçün şərəfdir.
İnanırıq ki, bu kitab Cabbarlı
yaradıcılığının dərinliyini və sosial
ismarıclarını daha geniş oxucu kütləsinə
çatdıracaq”.
Qeyd edək ki, Azərbaycan
Yazıçılar Birliyi və Türk Ədəbiyyatı
Vaqfının birgə layihəsi kimi böyük türk
alimi, mütəfəkkiri Əhməd Kabaklının əsərlərindən
seçmələr «Qobustan» dərgisinin əlavəsi kimi bu
günlərdə işıq üzü görəcək.
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.21.