8b-dəki İra
“Hisslər və macəralar” silsiləsindən
Hekayə
“Tanımadız məni?” –
çatan kimi töyşüyərək soruşdu. Diqqətlə
ucaboylu, mavi gözlü, yaşıl hicablı xanıma
baxdım. Yaddaş dalğalarım sürətlə
keçmişə, beynəlxalq elmi konfansda iştirak etməkçün
dünən gəldiyim Sankt-Peterburqda hərəkət etməyə
başladı. Vasiliostrovski metro stansiyasında qatara minib
Yelizarovskda çıxıram, tramvaya minib üç dayanacaq sonra
düşürəm, buzlu yolda sürüşüb
yıxılmamaqçün ayaqlarımı asta-asta yerə
qoyaraq məktəbə tərəf yeriyirəm...
Onda Sankt-Peterburq Dövlət
Universitetinin filologiya fakültəsinin aspiranturasına təzəcə
qəbul olmuşdum. Atam daha mənə Bakıdan hər ay pul
göndərə bilmirdi. Stipendiya ümidinə qalsam, gərək
yarıtox, yarıac yaşayaydım. Hardasa gecə gözətçisi
işi tapmaq belə müşkülə çevrilmişdi.
Yataqxanamızda qonşu otaqda qalan Anya məsələdən
xəbər tutanda, “Mən işlədiyim məktəbdə
ingilis dili müəlliminə ehtiyac var” dedi. Maaşla, dərs
yüküylə bağlı suallar vermədən “Mən
hazır” dedim.
8b-də oxuyan, 10-cu sinif
qızları kimi görünən İrina (İra) Perova ilk
dərsdə partaya dirsəklənib diqqətlə mənə
baxanda, içimdə yüngül zəlzələ baş
verdi...
O biri siniflərdə səbirsizliklə
zəngin çölə vurulmasını gözləyirdim
ki, 302-ci otağa özümü yetirim. Amma elə ki həmin
sinfə girib uşaqları salamlayırdım,
çalışırdım, sol cərgəyə tərəf
baxmayım, guya ciddi müəllim kimi İrayla pərdə
saxlayırdım. Üç-dörd dəqiqə çəkirdi
dözməyim: ona tərəf çönəndə, tez dərsə
aid sual verirdim, elə bilməsin, bundan xoşum gəlir.
İlk dəfə İra mənə
göz vuranda, xəyalımda belə bir səhnə
yaranmışdı: onun baxışları otaqdır, göz
vuranda, məni zorla içəri salır, qapını
bağlayıb, – göz qapaqları bir növ, qapı idi –
çölə buraxmır, şərt qoyur: onu rahatlamayana qədər
çölə çıxmaq yoxdu.
“Zaur İsayeviç, son vaxtlar məndən
dərs soruşmursuz. Belə olmaz axı”. Oxumaqla arası yox
idi. Dərhal barmağımı kitabda ilk cümlənin
üstünə qoyub demişdim: “Bunu oxu, tərcümə elə”.
Barmağını barmağıma toxundurub
saxlamışdı. Əlimi geri çəkəndə,
işarət barmağımı əlinin içinə alaraq,
– istiliyi bir anda canıma yayılmışdı. – ucunu həmin
sətrin üstünə qoyaraq, cümləni oxuyub tərcümə
etmişdi, üstəlik, mən demədən o biri abzasa
keçmişdi, iki-üç dəqiqə
barmağımı, həm də tam olaraq məni içində
saxlamışdı. Uşaqlar xısın-xısın
gülmüşdü. Mənsə
sus-pus...
* * *
Biz artıq kafedə oturub pirojnayla
qəhvə içə-içə söhbət edirdik.
Yaşıl hicablı İra bildi ki, Bakı Dövlət
Universitetinin filologiya fakültəsində müəllim
işləyirəm, ailəliyəm, yoldaşım azərbaycanlıdır,
iki qızım var. “Yəqin xatırlayırsız, o vaxt 8b-dəki
qızların yarısı sizə vurulmuşdu”, – deyib
güldü. Yalandan gülümsədim, bilə-bilə yalan
deyirdi...
“Mən səni
bağışladım. Bəs Allah səni
bağışlayacaqmı?!!!” (Ya tebya prostila, a prostit li tebya
Allax?!!!). Yataqxanamızda dostum, aspirant geoloq, suriyalı Xalidin
qaldığı otağın divarında qırmızı
flamasterlə, iri hərflərlə yazılmış bu
sözləri görəndə, “Nə məsələdi?”
soruşdum. Məlum oldu ki, on gün əvvəl bu otaqda Olqa
adlı məktəbli qıza repetitor kimi ərəb dilindən
dərs deyən dostum növbəti dəfə onunla
öpüşəndə, hər ikisi ehtirasın pik həddinə
çatıb bir anda çarpayıya
yıxılıbmış və dostum qızın bakirəliyini
pozubmuş. Xülasə, Olqa dostumu dəlicəsinə
sevirmiş, gələcəkdə ona ərə getmək
fikrindəymiş. Xalid onunla heç vaxt evlənməyəcəyini
üzünə deyəndə, qız o sözləri divara
yazıbmış. Bu şeylərə qulaq asanda, İra gəlib
gözümün qarşısında durdu.
Ertəsi gün
axşamüstü cumdum Qostinıy Dvor univermağının
parfüm şöbəsinə. Satıcının
başı müştəriyə qarışanda, məktəb
maaşımın yarısı qiymətinə satılan,
çox sevdiyim “Boss” ətrini iki dəfə üstümə
fısıldatdım, şüşəni yerinə qoyub əkildim.
Səhərisi yenə
barmağımı kitabdakı cümlənin üstünə
qoyub “Oxu, tərcümə et bunu” deyəndə, umurdum ki,
İra məndən gələn ətirdən bihuş olub bu
dəfə barmağımı tək qucaqlamacayaq, həm də
sığallayacaq. “Ahh, necə bildiz ki, bu ətirdən
xoşum gəlir?” – ətri içinə çəkib dedi. “Oxu,
tərcümə et”, – saxta ciddiliklə dedim. O isə
barmağımı heç ağuşuna almadı.
İçimdə isə sevinirdim: ətri bəyənmişdi,
elə hey havanı qoxulayırdı. Verdiyim
tapşırığı qulaqardına vurması mənə
sərf edirdi, yanından tərpənmirdim ki, doyunca həzz
alsın ətirdən. Saymazyana əliylə kitabı itələdi,
yəni, mən sizə kompliment deyirəm, sizsə
yapışmısız ki, oxu, tərcümə elə.
Kitabı önünə çəkdim, otağa
pıçapıç yayıldı: “İraya görə
ikinci dəfədi ətirlənir”, “Dəqiq ona vurulub”.
Özümü eşitməməzliyə vurdum. “Ətrin
adını deməsəz, oxumayacam”, – İra dedi. “Deyim, deməyim?”,
qaldım belə. Desəm, sinifdə ona uduzmuş kimi
görünəcəkdim. Deməsəm, verdiyim
tapşırığı etməyəcəkdi – eyni nəticə.
Başımı bulayıb ondan aralandım.
* * *
Sankt-Peterburq Hüquq
Akademiyasının üçüncü kursunda oxuyan İra
yay günü Neva prospektində gəzərkən, reklam
agentliyinin işçisi buna yaxınlaşır, yaxşı
pul qarşılığında “L’Oreal” şampununun
reklamına çəkilməyi təklif edir. “Bilmirəm, o
vaxt bilirdiz, ya yox, atam Sennaya ploşadda milis rəisi işləyirdi.
Elə orda ticarət köşkləri işlədən
biznesmen yerlilərinizin hesabına əla yaşayırdıq.
Pensiya yaşına çatmamış atamı işdən
çıxartdılar...” Xülasə, iş təklifiylə
bağlı atası əvvəlcə nəm-nüm edir:
“Reklam, model biznesində işləyən qızların
çoxu pis yola düşür”. Ortaya anası girir, ana-bala
işsiz ailə başçısını dilə gətirirlər.
Üçüncü kursda İra universiteti atır.
* * *
“...Zaur İsayeviç, seduce me,
please”. (Zaur İsayeviç, xahiş edirəm, məni yoldan
çıxarın). Dərsin ortasında, dizdən yuxarı
don geyinmiş, saçlarını tünd qarayla rənglədib
alnına tökmüş İranın iyirmi beş
şagirdin yanında, birbaşa efirdə bu sözləri qəfildən,
please-də i-ni (ea) uzadaraq iniltiylə üzümə deyib
ayaqlarını aralaması kişnərtili gülüşlərin səpələnməsinə
səbəb oldu. O gün mən maaşımdan, stipendiyamdan
yığdığım pulla aldığım XS ətrindən
üstümə vurmuşdum. Şokdaydım, İranın
abırsızlığına öyrəşsəm də, bu
dərəcəsini heç gözləmirdim. O, ayaqlarını
aralayanda, tez üzümü yana çevirdim, bu dəfə
doğrudan utanırdım. Sinifdəki səs-küy
qulağıma dəyib çiling-çiling olur, içimdəki
uğultuya qarışırdı. Güman ki, İra “to
seduce” (yoldan çıxarmaq) sözünü kimdənsə
soruşub öyrənmişdi, məktəbdə bu cür
sözləri keçmirdilər. Uşaqlarsa mənə
gözlərini zilləyib cavab gözləyirdi. Axırı,
dillənəsi oldum: “Ayıb deyil sənə?” – “Yox, ayıb
deyil”, – deyib tez-tez ayaqlarını aralayıb birləşdirməyə
başladı. Qəhqəhələrin ikinci dalğası gəldi.
Yenə başımı yana çevirdim, oğlanlardan biri
“Zaur İsayeviç, ayıb niyə? Xoşunuza gəldi
axı eşitdikləriniz. Cəsarətli olun, İraya
vurulduğunuzu nəhayət etiraf edin. Buna görə hələ
ətirlənib dərsə gəlmisiz”, – dedi.
Növbəti dərs İra ingilis
dilindən repetitor kimi dərs keçib-keçmədiyimi soruşanda, sevincək
yalandan “Hə, keçirəm” dedim... O gündən hər dərsdə
baxışlarımla ona “Nə oldu repetitorluq məsələsi?”
sualı verirdim.
İra özünü
açıq-saçıq aparsa da, çox güman, qız
uşağıydı. Rus qızlarıçün yeniyetməlik
illərində bakirəlikləriylə vidalaşmaq adi
şey idi. Adətən, qızlı, oğlanlı onuncu
sinifdə, – onda orta məktəblərdə tam təhsil on il
idi. – birinci, ikinci kursda seksual həyatlarına baş
vururdular.
Xaliddən
qızlığını pozduğu şagirdin neçənci
sinifdə oxuduğunu soruşdum. “Onuncuda. Bəs səninki?” –
“Hələ mənimki deyil. Səkkizdə oxuyur. Amma
aramızda heç nə olmayıb”. Deyəsən, dediyimə
inanmadı.
* * *
“...Müxtəlif reklam agentliklərində
işləyirdim. Çoxlu pul qazanırdım. Sizdən gizlətməyəcəm,
haram əməllərim də olurdu. Bilirəm, müsəlman
kimi bunu sizə deməyim düz deyil. Atamın bahalı dərmanlarını
mən Almaniyadan sifarişlə alıb gətizdirirdim. Anam
artıq işləmirdi, mühasib işlədiyi şirkət
bankrot olmuşdu. O vaxt evdəki vəziyyəti izah etməkçün
bunları danışıram. İki min birinci ildə atam
şəkərdən öldü, bir reklam agentliyinin dəvətiylə
Parisə köçdüm, anamı da özümlə ora
aparası oldum. Orda üçotaqlı ev aldım. Feysbukda
tanış olduğum Manuel adlı ispana ərə getdim.
Parisdə turizm şirkəti varıydı. Ondan qızım
oldu, Marinadı adı. İndi Londonda kollecdə oxuyur...”
* * *
Ehtiras o həddə
çatmışdı ki, son dərslərin birində, zəng
çölə vurulandan sonra, “Sənə sözüm var,
otur, gözlə” demək, biz tək qalanda,
yaxınlaşıb yazıq sifətlə “İra, mənə
əzab verirsən, başa düşürsən? Belə
olmaz. Hə, səndən xoşum gəlir, bəlkə də
vurulmuşam, amma mənə əzab verməyə haqqın
yoxdu” kimi etiraflar etmək, söhbətin gedişatına
uyğun, ona toxunmaq, qucaqlayıb öpüşməyə qərar
vermək ağlımdan keçmişdi. Kiminsə
qapını açıb bizi görə biləcəyini
göz altına almışdım. O biri tərəfdənsə,
tutaq ki, onunla lap qucaqlaşıb bircə dəfə
rahatlansaydım və bu işdən heç kim xəbər
tutmasaydı belə, bir müddət sonra ehtiras yenə
baş qaldıracaqdı, pik həzzin təkrar olmasını
istəyəcəkdim. Və məlum fiziki ağrılar
günlərimi qara edəcəkdi. Ən pisi, Xalid kimi
açarımı itirib, İranı yataqxanaya, otağıma
gətirib münasibətlərimizin tammetrajlı
çarpayı, eyni zamanda riskli mərhələsinə girə
bilərdik.
8b-dəki qızlarsa alovun
üstünə benzin tökməkdəydi: “Zaur
İsayeviç, son günlər İra gecələr pis
yatır”, “Bəlkə bu axşam İranı axşam kinoteatra
dəvət edəsiniz? Arxa cərgədə oturub sevgi filminə
baxarsız”. İra eləcə mənə baxıb
gülürdü. Deyilənlərə reaksiya verməsəm
də, xəyalən onun uzun ayaqlarını, çiyinlərini,
qollarını öpürdüm.
Xalid də bir yandan, məni
qızışdırırdı. “O qız yenə səninlə
flirt edir? Heç olmasa bir dəfə
öpüşmüsüz?” “Heç olmasa”lardan boğaza
yığılanda, “Sən onuncu sinif şagirdinin bəkarətini
pozub ömürlük lənət qazanmısan, istiyirsən
eyni şey mənim də başıma gəlsin?
Öpüşməkdən danışırsan, elə hər
şey ondan başlayır də” deyəsi oldum. Dostum bir daha
bu mövzuya qayıtmadı.
İra repetitorluqdan söz
salmır, məni intizarda saxlayırdı. İstənilən
məbləğə, istənilən gündə, yerdə
repetitorluq etməyə hazırıydım. Hətta şərt
qoysaydı, öpüşməyin əvəzində
keçdiyim dərslərə görə atasının mənə
verəcəyi aylıq pulu gizlicə ona verəcəm, buna da
razı olardım.
Bir gün zəng çölə
vurulanda, ona yaxınlaşıb pıçıltıyla
soruşdum: “Axı sən ingilis diliylə bağlı fərdi
dərs almaq istəyirdin?” – “Mən nə vaxt elə şey
demişəm?” Matım qurudu, susdum.
* * *
Manueldən boşanan İra Parisdə
zinyət əşyaları satılan butik mağazası
işlətməyə başlayır. Bir gün
mağazasına gələn ortayaşlı hicablı
qadın, İranın telefonla rəfiqəsiylə rus dilində
danışdığını görəndə orda ləngiyir,
telefon söhbəti bitən kimi “Parisdə rus dilində
danışan xanımla tanış olmaq çox xoş
olardı” deyir. Tanış olurlar, məlum olur ki,
xanımın adı Mədinədir, Dağıstandan olan
dargindir, əri avar Mahmud bizneslə məşğul olur deyə,
beş ildir Parisdə yaşayırlar. Mədinə
İranın mağazasından qızıl üzük
alır. Bir-birinə isnişirlər, əvvəlcə kafelərdə
görüşürlər, sonra evlərə get-gəl
başlayır.
Yeni tanışları sayəsində
Quran, hədislər oxuyan, Məhəmməd peyğəmbərin
həyatını öyrənən, Xədicənin dini ilk qəbul
etməsindən, bu yolda ərinə dəstəyindən təsirlənən İra
İslamı qəbul edir, hicab taxıb namaz qılmağa
başlayır. Dində o qədər dərinliklərə
baş vurur ki, bir gün Mədinənin “Bəlkə ərimin
ikinci zövcəsi olasan?” təklifinə öncə təəccüblə
yanaşsa da, bir müddət sonra razılaşır. “Mahmud mənimçün
ayrıca ev tutmaq istəyəndə razılaşmadım.
Dedim, öz evimdə qalacam. Razılaşdı şərtimlə,
həftədə iki-üç dəfə mənim evimə
gəlirdi. Qızıma necə lazımdı atalıq edirdi”.
“Əvvəldən bir-birinizdən kəsirmişsiz, ona
görə tezcə evlənmisiz” fikirləşdim.
Bir gün İra xəbər tutur
ki, Mahmudla arvadı Suriyaya gedib İŞİD-ə
qoşulublar. “Əlhəmdülullah, bilirdim bu nə təşkilatdı.
Mədinə yoxa çıxandan iki ay sonra mənə
teleqrama salam aleykum yazdı, kefimi-halımı soruşdu. Mən
də buna ancaq cavablar yazdım, soruşmadım, sən necəsən,
ərin, daha doğrusu, ərimiz necədi”. İkimiz də
eyni vaxtda güldük. “Sonra yazdı ki, ümmətə xidmət
etmək istəyirsən? Dərhal blokladım onu. Bilirdim
axı hardadılar, məqsədləri nədi”. – “Məqsədlərini
deyim də sənə. Beyninə yeridəcəkdilər ki,
get Parisdə içi dolu adam olan kilsəyə od vur, kafirləri
öldürdüyünə görə Allah səni cənnətə
göndərəcək. Mədinən də sənin butikindən
ona görə üzük alıbmış səni
İŞİDə cəlb etsin”.
İndi
danışdıqlarıyla o vaxtkı hərəkətləri
arasında olan zaman uçurumu, kəskin kontrast mənə
çox qəribə gəlirdi. İngiliscə “Xahiş edirəm,
məni yoldan çıxarın” deyib ayaqlarını aralayan,
küknarlıqda mənə zülm yaşadan İranın
(bu barədə az sonra) o vaxt on
dörd-on beş yaşı olardı. İndisə İslamla
bağlı suallar verən qırx dörd-qırx beş
yaşlı İranın əynindəki yaşıl hicab, bir
vaxt xəyalımda öpdüyüm bədəninin
bütün əzalarını örtmüşdü.
İndi onun ağ əllərini öpməyi belə xəyalımın
qapısına yaxın buraxmırdım.
İrayla
danışa-danışa birdən yadıma düşdü
ki... Adamın deməyə dili də çönmür. Arada
etibarlı mənbələrdən hicablıların zina etmələri
gəlib qulağıma çatırdı. Bir dostumun
danışdığına görə, özəl şirkətdə
işləyən tanıdığı işvəli qız
müxtəlif oğlanlarla gəzirmiş ki, onlardan birini
“qarmağına salıb” (özü belə deyirmiş.) ərə
getsin. İstədiyi alınmayanda, hicabını
açıbmış. İstanbulda bir kişinin hicablı
arvadını zina üstündə tutub oynaşıyla bir
yerdə öldürdüyünü saytdan oxuyanda şok
olmuşdum. Bunlar fraqmentar yadıma düşəndə,
fikirləşmişdim, birdən İra da elələrindən
olar. O vaxtkı hoqqalarından xəbərim varıydı
axı. Bəlkə, əksinə, İslamı qəbul edəndən
sonra qəhbəlik etməmişdi? O vaxt İra göz vuranda,
məni içində həbs edib onunla sevişməyənə
qədər çölə buraxmadığını xəyalıma
gətirmişdim. İndisə dəhşətli dərəcədə
onun qəlbinə səyahət edib fikirlər, təsəvvürlər
dünyasına bələd olmaq istəyirdim.
* * *
Məktəbə
çathaçatda, küknarlıqda yuxarı sinifdə
oxuyan, dərs demədiyim, üzdən tanıdığım
oğlanın İranı ağaca sıxıb dəli
ehtirasla öpdüyünü görəndə, tez mənə
ən yaxın ağacın arxasında gizlənib
başladım bunları güdməyə. Ətrafda kimsə
gözə dəymirdi. Dayanmadan, nəfəslərini dərmədən
biri-birilərinin dodaqlarını, yanaqlarını
öpürdülər, yalayırdılar, ayaqlarıyla
bir-birinə sarmaşırdılar. Oğlan dilini qızın
üst düymələri açılmış köynəyinin
içinə soxanda, İra inildədi. Boğazım
qurumuşdu, oksigenin bol olduğu bu şəhərdə havam
çatmırdı, tez-tez dərindən nəfəs
alırdım. Bunların ehtirası elə bir həddə
çatdı ki, oğlan dişləriylə qızın
köynəyinin iki-üç yuxarı düyməsini
qırıb yerə tüpürdü, köynəyin
içində üzü görünməz oldu. İra
“Andrey, bəlkə bəsdi?” deyəndə, qeyri-ixtiyari tez
“Yox, yox, bəs deyil” pıçıldadım. Oğlan məni
eşidirmiş kimi, öz işinə davam etdi.
Ayaqüstü seksdən doydu, nədisə,
İra qəfil əliylə Andreyi özündən itələdi,
“Bəsdi” deyib “sağ qalan” düymələrini
bağlamağa başladı, şalvarının sağ
cibindən balaca güzgü çıxardıb özünə
baxdı, saçlarını tumarladı. Sol cibindən dəsmal
çıxardıb dodaqlarının qırağına
yayılmış çəhrayı boyanı sildi,
dodaqlarını büzdü. Ətrafına baxanda tez
başımı geri çəkdim, bir anlıq məni
gördü. “Gedək, Andrey”, – təşvişlə dedi.
Ağacın arxasında tərpənməz halda, onlar
uzaqlaşanadək nəfəsimi saxladım.
* * *
“...Zaur İsayeviç, namaz
qılırsız?” – “Hə”. – “Bəs Ramazanda oruc tutursuz?” –
“Əlbəttə”. – “Yoldaşınız da...” – “Hə, o da
namaz qılır, oruc tutur”. – “Siz sələfisiz?” – “Yox,
şafii məzhəbiylə gedirəm. Hə, bildim niyə bu
sualı verirsən. Sələfilər işidçiləri
sələfi saymır, onlara xəvaric deyirlər. Sənin
dostların sələfi yox, xəvaric olub”. – “Bəs
yoldaşınız hansı məzhəbdəndi?” – “Hənəfidi.
İra, məzhəb məsələlərində çox da
dərinə getmə, başın şişəcək.
İbadətinə diqqət etsən bəsdi. Yaxşı,
Mahmudla Mədinənin axırı nə oldu?” – “Bilmirəm.
Maraqlı da deyil”.
* * *
Ard-arda iki dəfə dərsimə
gəlmədi. Üçüncü dərs sinif
otağına girəndə, heç nə olmamış kimi
salamlaşdıq, keçib
öz yerində oturdu. Dərs boyu özümü elə
apardım, guya bir həftə qabaq bunu küknarlıqda
güdən mən olmamışam. O isə heç
üzümə baxmadı, tapşırıq verəndə,
çiyinlərini çəkib “Bilmirəm” dedi. Güman ki,
sevgi macəralarını gördüyümlə
barışammırdı. Elə mən də ikibaşlı
oyun oynadığıçün ona acıqlıydım. O
biri tərəfdənsə sevinirdim ki, vaxtında bunun
hansı yuvanın quşu olduğunu bilmişəm.
Bir gün tənəffüsdə,
o sinifdə İranın hərəkətlərinə, sinifdəki
gülüş, lağlağı xoruna heç vaxt reaksiya
verməyən əlaçı Vika dəhliz boyu
qaça-qaça təngnəfəs özünü mənə
çatdırdı, təşvişlə ora-bura baxıb əlində
sıxdığı kağız parçasını ovcuma
basaraq pıçıldadı: “Bunu evdə oxuyarsız, amma
çox xahiş edirəm, bu barədə heç kimə
heç nə deməyin”, tezcə də məndən
aralandı.
“Hörmətli Zaur
İsayeviç
İra eyni zamanda bir
neçə oğlanla, 10a-dan Oleq, 9b-dən Serqey və 9v-dən
Andreylə görüşür. O əxlaqsızdır, tərbiyəsizdir.
Müəllimlər də ondan bezib, direktorumuz onu məktəbdən
çıxartmaq istəyir. Atası polkovnikdi deyə qorxur. Bu
qızdan uzaq durun, o, çox təhlükəlidir”.
Nə təhlükə, nə
qorxu, ehtiras məni necə ağuşuna aldısa, ertəsi
gündən başladım dərsdən sonra
küknarlıqda, məktəbin həndəvərində gəzməyə.
Bəzənsə tənəffüslərdə hər mərtəbədə,
gözdən pərdə asmaqçün qoltuğumda jurnal dəhliz
boyu o baş, bu başa gedir, sinif otaqlarına
boylanırdım, guya kimisə axtarırdım. İranı o
biri sevgililəriylə öpüşən, qucaqlaşan yerdə
görməyə təşnəydim. Elə bilirdim, bu dəfə
onu kiminləsə qucaqlaşan, öpüşən yerdə
tutsam, mənə yazığı gələcək, heç
olmasa, bir dəfə görüş yeri təyin edəcək,
ya hər ikimizə sərf edən repetitorluq məsələsinə
qayıdacaq. Sonda bu cəhdlərim özümə yersiz,
düşüklük kimi gəldi, İranı orda-burda
axtarmağıma son qoydum.
Martın əvvəliydi. Zəng
çölə vurulanda, oturub ləngiməyindən anladım
ki, mənə sözü var. Dərsə qısa donda gəlməyindən,
makiyaj vurmağından şübhələnmişdim. Yerimdən
durmadım, vaxt öldürməkçün jurnalı vərəqləməyə
başladım. Gah mənə, gah da ona şübhəylə,
maraqla baxan şagirdlər otaqdan çıxandan sonra, İra
ayağa durub qapıya tərəf getdi, qapını
örtüb podiumda dəb göstərən modellərə
xas yerişlə mənə tərəf addımladı,
dayanıb mənə baxaraq gülümsədi. Həyəcandan
əl barmaqlarım üşüdü,
hazırlaşırdım deyəm, narahat olma, o günkü
hadisəylə bağlı heç kimə heç nə deməmişəm.
Ağzımı açmamış başını əyib
boynumu qucaqladı, “Gözlərinizi yumun”, – əmrlə
pıçıldadı, tez yumdum. Dodaqlarını
dodaqlarıma yapışdırdı, əlimi belinə
doladım, istədim qucağıma oturdam, öpüşə-öpüşə
Andrey kimi dərinliklərə baş vuram, risk etmədim: kimsə
qapını aça bilərdi. O, yarı əyilmiş, mən
oturan halda beş-altı saniyə çəkdi
dodaqlarımızın, dillərimizin həzin, ilıq,
yumşaq qovuşması. Hardasa təyyarənin yüngül,
turbulentsiz enişi zaman baş verən hissləri
keçirdim. O, dodaqlarını mənimkindən ayıranda,
“Sən möcüzəsən, İra” dedim. Göz vurub əl
edərək, baxışlarıyla sanki “Elədi. Amma bəsindi,
bir də bu olmayacaq” deyib model yerişiylə məni tərk
etdi. Bu dəfə pomadası dodaqlarının
qırağına yayılmamışdı, amma çiyələk
dadı ağzımda qalmışdı.
İki gün sonra direktor məni
yanına çağırıb, işdən çıxmaq
barədə ərizə yazmalı olduğumu dedi.
Utandığımdan başımı aşağı
saldım. Biləndə ki, səbəb 9, 10-da oxuyan şagirdlərin
valideynlərinin keçdiyim dərslərin keyfiyyətindən
şikayət etmələridir, sevincək ərizəmi yazdım.
* * *
Şaxtalı fevral günü
isti kapuçinodan içə-içə, doğmalar kimi
söhbət edə-edə, on illər öncə baş verənlərə
toxunmadıq. Küknarlıq, həzin öpüş
baxışlarımızın pəncərəsindən
boylansa da, onları beynimizin bir küncünə sıxdıq
ki, üzə çıxmasınlar.
“Yoldaşınız hicab
taxır?” – “Hə”. – “Bir sual verim... O, sizin ikinci arvad
almanıza necə baxır?” – “Düzü, onunla bu məsələni
heç vaxt müzakirə etməmişəm”, – gözlərinin
içinə baxdım, yəni, təzə mövzun əladı,
davam elə. “Neçə ildi evlisiz?” – “İyirmi ildən
çoxdu”. Gördü, içim qaynayır, balaca ağ
çantasından vizit kartını çıxardıb
uzadaraq sakit səslə dedi: “Əlaqədə olarıq”. –
“Əlbəttə”, – kartı götürdüm. Sanki yenə
boynumu qucaqlayıb “Gözlərinizi yumun”
pıçıldadı, yüngül eniş baş verdi...
Yoldaşımla kəbin kəsəndə,
şərt qoymuşdu qarşımda: “Nə qədər biz
evliyik, nə qədər mən sağam, ikinci arvad
almağından söhbət gedə bilməz”. “Əlbəttə”
demişdim.
Konfrans materialları dolu
çantanı məktəblilər kimi yelləyə-yelləyə,
qarı xırçıldada-xırçıldada hotelə tərəf
elə şəstlə addımlayırdım, elə bil,
işidçi Mahmudu çoxdan Suriya müharibəsində
öldürmüşdülər. Ərsizliyə dözən
“dul” İra isə ondan sonra bir dəfə də olsun zina etməmişdi,
günahlarına görə tövbə etmişdi, mən də
əvvəlki sevgi macəralarını unutmuşdum. Sanki az
öncə elə kafedəcə kəbinimiz kəsilmişdi,
yoldaşımsa iyirmi üç illik evliliyimizdən sonra
vatsapla ikinci nikahıma rahatca halallıq verib
yazmışdı: “Kef elə orda ☺”. Qalırdı
İrayla baş tutacaq ilk isti, turbulentli gecəmiz.
10 sentyabr
2024, – 10 yanvar 2025
Bakı
Alpay AZƏR
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.20-21; 32.