"Məzhər
üt-türki" - XVIII əsr Azərbaycan-türk
dil kimliyi haqqında
qiymətli abidə
Ötən
2024-cü ildə Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda
Azərbaycan dilinin tarixi qaynaqları ilə bağlı iki
fundamental nəşr həyata keçirilmişdir. Bunlardan
biri Mahmud Kaşğarinin ana dilimizə 1937-ci il qanlı
repressiyalarının qurbanı olmuş Xalid Səid Xocayev tərəfindən
tərcümə edilmiş "Divanü lüğat-it-türk"
əsəridir. "Xalq düşməni" adı ilə
damğalanmış X.S.Xocayevin tərcümə mətninin əlyazması
uzun illər ərzində it-bata düşmüş, stalinizm
epoxasından sonra günümüzədək müxtəlif
alimlər tərəfindən bir neçə dəfə
axtarılsa da, heç bir nəticə əldə edilməmişdir.
Əlyazma, nəhayət, AMEA Dilçilik İnstitutunun
direktoru, professor Nadir Məmmədlinin gərgin və
inadlı axtarışlarından sonra "makulatura" kimi
ayrılmış kağız topasının içərisindən
tapılmış və üç cilddə nəfis şəkildə
çap olunaraq oxucuların istifadəsinə verilmişdir.
X.S.Xocayevin fərqli tərtibatda tərcümə etdiyi bu əsərin
çapı təkcə Azərbaycan humanitar elmində
deyil, ümumən, dünya
türkologiyası və
kaşğarişünaslığında fundamental hadisə
kimi qarşılanmışdır.
Dilçilik
İnstitutunun 2024-cü ildəki ikinci töhfəsi XVIII əsrdə
Azərbaycan türkcəsinin farsdillilərə öyrədilməsi
məqsədilə yazılmış "Məzhər
üt-türki" abidəsinin nəşridir. Əsas
kütləsi leksik vahidlərdən təşkil olunan bu dərslik
qrammatik material baxımından son dərəcə maraqlı
və aktual olmaqla yanaşı, onun müəllifi
Əbdürrəhim Ərdəbili Şirvaninin Azərbaycan
türkcəsinin linqvistik mahiyyəti, yayılma arealları,
funksional cəhətləri, xüsusilə, milli mahiyyəti və
linqvoetnik əyarı haqqındakı fikirləri
baxımından qiymətlidir.
"Məzhər
üt-türki" XVIII əsrdə (təqribən, 270 il əvvəl)
yazılmışdır. Müəllifin əsəri yazmaqda əsas
məqsədi, özünün adlandırdığı kimi,
"qızılbaş türkcəsini türk olmayanlara
öyrətmək" olmuşdur. Əbdürrəhim bəyin
türk dilinin məziyyətləri haqqında bu gün bizim
üçün son dərəcə böyük əhəmiyyət
kəsb edən fikirləri də elə türkcənin bir dil
kimi ləyaqət və dəyəri haqqında bilikləri
qeyri-türklərə aşılamaq məqsədilə
deyilmişdir.
Əbdürrəhim
Ərdəbili Şirvaninin fars dilində yazdığı bu əsər
İran İslam Respublikasında 2011 və 2012-ci illərdə
iki dəfə nəşr olunsa da, indiyədək ana dilimizdə
nəşri həyata keçirilməmişdi. Azərbaycan
türkcəsinə dosent doktor İxtiyar Bəxşi və
filologiya üzrə fəlsəfə doktoru Günel Orucova tərəfindən
tərcümə olunmuş abidə akademik Möhsün
Nağısoylunun redaktorluğu və professor Nadir Məmmədlinin
tərtibatı, Ön sözü və şərhləri ilə
Bakıda nəşr olunmuşdur. Əsərin yayılma
arealının hüdudlarını beynəlxalq
coğrafiyalarda genişləndirməkdən ötrü prof.
N.Məmmədli onun müəllifi, əsərin ümumi məzmunu,
quruluşu və tərcümə prinsipləri haqqındakı
yazdığı giriş hissəsinin Azərbaycan dili ilə
yanaşı, türk, ingilis və fransız dillərində
də verilməsini məqsədəuyğun hesab
etmişdir.
Əbdürrəhim
Ərdəbili Şirvani əsərə həcm
baxımından qısa, lakin verdiyi biliklərin milli mahiyyəti
baxımından son dərəcə qiymətli Ön söz
yazmış, daha sonra "Müqəddimə" hissəsində
dərsliyin quruluşunu şərh etmiş, ardı ilə
feillərə, məsdərlərə və isimlərə
aid ümumişlək leksik vahidləri ərəb
dilçilik elminin qrammatik normaları əsasında təqdim
etmişdir. XVIII əsr qızılbaş türkcəsinə
aid hər bir leksik vahidin izahının verildiyi "Məzhər
üt-türki" əsəri, yazdığı geniş
Ön sözdə professor N.Məmmədlinin müəyyənləşdirdiyi
kimi, əcnəbilərə türk dilinin qrammatikasını
və leksik tərkibini öyrətmək üçün
çox qiymətli dərslikdir.
XVIII əsrdə
yaşamış, ölkənin siyasi, ictimai, mədəni həyatı
ilə bu və ya digər şəkildə bağlı
olmuş Əbdürrəhim Ərdəbili Şirvani milli-mədəni
kimliyi baxımından vətənpərvər və milliyyətçi
şəxsiyyət olmuş, "türkinin" taleyinə
biganə qalmamış, inkişaf edib bütün sferalarda
funksionallaşmasını vacib hesab etmiş və "Məzhər
üt-türki" əsərini də elə bu məqsədlə
yazmışdır.
Əbdürrəhim
bəyin vətənə, yurda, elə dövlətə,
dövlətçiliyə, milli-mədəni kimlik dəyərlərinə,
o cümlədən, bu dəyərlərin ən
mühümü kimi qiymətləndirdiyi milli dilə
bağlılığı onun öz adına əlavə
etdiyi "Ərdəbili" və "Şirvani" nisbələrindən
aşıq-aydın görünür. "Ərdəbili"
nisbəsini daşıması müəllifin anadan olduğu
yer baxımından təbii idisə, artıq
"Şirvani" nisbəsi Əbdürrəhim bəyin
milli-siyasi görüşlərindən soraq verir. Bir müddət
Şirvanda yaşayıb, bu məkanın təbiətini,
insanlarını, o cümlədən, saf türkcə
danışmalarını sevən müəllifin
"Şirvani" adını nisbə, yəni
özünün məkan kimliyinin işarəsi kimi qəbul
etməsi, bizcə, təkcə burada bir müddət
yaşaması ilə bağlı deyildi. Ona qalsa, müəllif
müxtəlif yerlərdə, hətta bundan uzun müddət
də yaşamışdır. Burada məsələnin
bütün mahiyyəti Əbdürrəhim bəyin Azərbaycan-türk
dünyasını şimal-cənub, şərq-qərb fərqləri
qoymadan, bütöv şəkildə sevməsi,
"türki"nin yayıldığı dünyanı vahid
siyasi-milli, linqvoetnik sistem şəklində təsəvvür
etməsi ilə bağlı idi. Yəni şəxsiyyətinə,
Vətən tarixi və dili üçün
gördüyü böyük işlərə hələ
yaxından bələd olmadığımız Əbdürrəhim
bəy "Ərdəbili" adı ilə yanaşı,
"Şirvani" adını da özünə nisbə
götürməsi ilə Azərbaycan adlanan dünyanı
öz varlığında bütövləşdirmişdir.
Bu da bizə bu gün adına "azərbaycançılıq"
dediyimiz ideologiyanın tarixin dərinliklərindən baş
alıb gəldiyini, milli kimliyimizin ideoloji əsaslarının
mifik düşüncə nüvəsindən ("Oğuz
kağan" mifindən) bu günə qədər sağlam
köklər və əsaslar üzərində inkişaf
etdiyini göstərməkdədir.
Əbdürrəhim
Ərdəbili Şirvani türk olmayanlara türk dilini öyrətmək
məqsədilə yazdığı əsəri "Məzhər
üt-türki" adlandırmışdır. Əsərin
adı bu mənada "türkinin", yəni "türk
dilinin təzahürləri" mənasındadır. Bunu, ən
azı, iki mənada qəbul etmək olar:
Birinci,
XVIII əsr Azərbaycan-türk dilinin leksik və qrammatik
xüsusiyyətləri;
İkinci,
türk dilinin, ümumiyyətlə, dövrün hakim siyasi
dili və ümumişlək ünsiyyət vasitəsi olmaq
baxımından xüsusiyyətləri.
Bu cəhətdən,
əsərin adında hər iki məna öz əksini
tapmış, müəllif əsərdə XVIII əsr Azərbaycanında
qızılbaş türkcəsinin "türki" statusunda
"linqvopoetika"sı ilə yanaşı,
"linqvokimlik" ləyaqəti və qüdrətini də
təcəssüm etdirməyə
çalışmışdır. Bunu Əbdürrəhim
Ərdəbili Şirvaninin fikirlərindən aydın şəkildə
görmək olur. O, əsərin giriş hissəsində bu
kitab vasitəsilə "türki"ni öyrənmək istəyənlərə
və o cümlədən,
türk olub, "türki"yə etina etməyənlərə
müraciətlə yazır:
"Bil
ki, türkcə danışmaq çox yaxşı və bəyəniləndir
və bu dil əmr-fərman sahiblərinin istiqlalının
mühüm bir hissəsidir və zəmanə və
dövrün əmr sahibi olan sultanlar və hakimlərin
dilidir. Bu dilin onların işlərinin həyata keçməsində
hədsiz və sonsuz faydaları var və bəlkə də,
bu dil onların dünyəvi işlərində ən
üstün və ən kamildir. Əgər onlar bu məna
libasını əyinlərinə geyinməyiblərsə,
şübhəsiz, bu, zəmanənin insanlarının nəzərində
danlaq və məzəmmətə layiqdir və dövrün
camaatının gözündə onlar üçün
heç bir təmkin, vüqar, cəlal və etibar qalmaz".
İlk
baxışda bir dilçinin öz ana dilinə
vurğunluğunun emosional ifadəsi təsirini
bağışlayan bu fikir, əslində son dərəcə
qiymətli olub, "dil-fərdi kimlik", "dil-siyasi
kimlik", "dil-milli kimlik" və bütövlükdə
"dil-milli şüur" probleminin, konkret olaraq, XVIII əsr
milli-ictimai şüuru səviyyəsində öyrənilməsi
istiqamətində misilsiz və əvəzsiz fikirdir. Bu cəhətdən,
Əbdürrəhim Ərdəbili Şirvaninin Türkiyəyə
münasibətini ifadə edən bu fikrin milli əyarını
dil tarixi kontekstində Mahmud Kaşğarinin yanaşmaları
ilə də müqayisə etmək mümkündür.
Yuxarıdakı
fikirdən aydın olur ki, XVIII əsr Azərbaycan-qızılbaş
siyasi-etnik məkanında "türkcə danışmaq
çox yaxşı və bəyənilən", yəni mədəni,
mənəvi və ən başlıcası, siyasi kimliyin ifadəsi
hesab olunmuşdur. Əbdürrəhim bəy bunu o amillə əsaslandırır
ki, Azərbaycan-qızılbaş türkcəsi siyasi
elitanın dilidir. Dövlətin dil kimliyi bu dillə öz
ifadəsini tapır. Sultanlar və hakimlər bu dildə
danışırlar. Bu cəhətdən, müəllif belə
hesab edir ki, bir qeyri-türkün bu dili bilməsi ilə onun
dövlətin siyasi-inzibati strukturunda özünə rahat
şəkildə yer tutması mümkündür.
Çünki "bu dil əmr-fərman sahiblərinin
istiqlalının mühüm bir hissəsidir".
Əbdürrəhim
Ərdəbili Şirvaninin yanaşmasında "istiqlal"
nöqtəsi xüsusilə diqqəti çəkir. Müəllifə
görə, hər hansı qeyri-türkün
qızılbaş türkcəsini özünün mədəni
kimliyinin ifadə vasitəsinə çevirməsi ona Azərbaycan-qızılbaş
siyasi-etnik məkanında "istiqlal", yəni öz şəxsiyyətini
türklərlə bərabər azad və müstəqil
şəkildə ifadə etmək imkanı verir. Bu da
qızılbaş-səfəvilərin milli kimlik
ideologiyasının dərinliklərinə baş vurmağa,
tarixi Azərbaycanın memarı olan səfəvilərin milli
düşüncə sisteminin əsas konseptlərini öyrənməyə
imkan verir.
Səfəvilər
üçün "türki" ana dili kimi əlahiddə
hadisə idi. Onlar dilə, sadəcə, içərisində
doğulduqları, "ağuşunda" mənəvi-poetik
kimliklərinin formalaşdığı, vasitəsilə
özlərini rahat şəkildə ifadə etdikləri
linqvosistem kimi baxmırdılar. Səfəvilər
üçün türk dili onların milli kimliklərinin
simvolu, ictimai şüurlarının əsası idi. Bu cəhət
Əbdürrəhim bəyin bir başqa fikrində aydın
şəkildə ifadə olunmuşdur.
Yazır:
"...Bir-birinizi tanıyasınız deyə, sizi millətlər
və qəbilələr şəklində etdi." Kərimə
ayəsinə görə, Allahı hikmətinə əsasən,
hər tayfa və toplum yerləşdikləri yerin ətraf və
əhatəsində məskundur və onlardan hər biri
tayfalar arasındakı sözlərdəki fərqlərlə
Allahın adının çəkilməsi və
xatırlanması ilə məşğuldur. Amma o dillərin ən
aşkar və məşhur olanı ərəbcə, farsca və
türkcədi, çünki böyüklər və elm
sahibləri ərəbcəni fəsahətdə, farscanı
məlahətdə və türkcəni şücaətdə
tapmış və bunu belə hesab etmişlər".
Beləliklə,
səfəvilərin milli ideologiyasına görə,
insanların millətlər və qəbilələr şəklində
xəlq olunması Allahın iradəsidir. Bütün dillər
ilahi mahiyyətin tərənnümünə xidmət edir.
Lakin bu dillər içərisində ərəb, fars və
türk dillərinin xüsusi imtiyazı və funksiyası
vardır. İlahi mahiyyətin "fəsahət" konsepti
yalnız ərəb dilinin, "məlahət" konsepti
yalnız fars dilinin, "şücaət" konsepti isə
yalnız türk dilinin vasitəsilə özünün
dolğun ifadəsini tapa bilir. Bu cəhətdən
Əbdürrəhim belə hesab edir ki, varlıq aləminin
"şücaət" kodunun məhz türk dili vasitəsilə
öz dolğun şəkildə ifadə olunması
Allahın öz təqdiridir.
Beləliklə,
səfəvi-qızılbaşlar öz dillərini müqəddəs
hesab edir, onda danışmağa Allahın təqdirinin
gerçəkləşməsi kimi yanaşırdılar.
Burada diqqət çəkən ən əsas etnopsixoloji məqam
Əbdürrəhim Ərdəbili Şirvaninin qeyri-türklər
üçün yazdığı kitabda onlara türkcənin
öyrənilməsini "vacibat"dan olduğunu ilahi dəyərlər
vasitəsilə "sanksiyalaşdırmasıdır". Bu
nöqtə isə bizə müəllifin yuxarıda istinad
etdiyimiz "istiqlal" konseptini daha dərindən anlamağa
imkan verir.
Əbdürrəhim
Ərdəbili Şirvani qeyd edirdi ki, "bu dil əmr-fərman
sahiblərinin istiqlalının mühüm bir hissəsidir".
Kitabın məhz qeyri-türklərə
ünvanlandığını nəzərə alsaq, müəllif
digər xalqları türkcənin öyrənilməsinə
təbliğ və təşviq etməklə onların ilahi
dəyərlərlə müəyyənləşən
"istiqlal", yəni mədəni-siyasi azadlıq əldə
edəcəyini bildirirdi. Başqa sözlə, XVIII əsr Azərbaycan-qızılbaş
siyasi-etnik məkanında dövlət dilini cani-dildən qəbul
etmək millətindən və qəbiləsindən
asılı olmayaraq, şəxsin həmin məkanda sərbəst
şəkildə inkişafına təminat verirdi. Bu da,
öz növbəsində, göstərir ki, səfəvi-qızılbaş
türkləri üçün ana dili - "türki"
onların təkcə etnik-milli kimliyinin göstəricisi
olmaqla qalmayıb, eyni zamanda siyasi kimliklərinin əsas ifadə
vasitəsi və ictimai şüur sistemlərinin ideoloji
nüvəsi idi.
Müəllifin
türk dilinin dövlət məmurlarının "işlərinin
həyata keçməsində hədsiz və sonsuz
faydaları" olması haqqındakı fikri də yenə onun mənsub olduğu
etnik-mədəni sistemin dövlətçilik ənənələrindən
irəli gəlirdi. Türklər tarixi boyu dövlət
və dövlətçilik sistemləri yaratmış xalq
idilər. Bu cəhətdən, türk dilinin leksik sisteminin
mühüm bir layını dövlət idarəçiliyi,
dövlətin siyasi-ictimai strukturu ilə bağlı sözlər
təşkil edir. Bu sözlər, sadəcə, ünsiyyətə
xidmət edən dil vahidləri olmayıb, eyni zamanda dövlət
idarəçilik sisteminin funksional modellərini özündə
inikas edən terminlər idi. Yəni qeyri-türk bu sözlərin
mənasını öyrənməklə artıq türklərin
idarəçilik sisteminin müxtəlif mexanizmlərinə
vaqif olurdular. Çünki həmin sözlərin hər biri
idarəçilik sisteminin müxtəlif məqamlarının
vəzifələrini aydın şəkildə inikas edirdi.
Əbdürrəhim Ərdəbili Şirvani ona görə
belə hesab edirdi ki, türkini öyrənən, ona dərindən
vaqif olan bir qeyri-türk məmur öz işində "hədsiz
və sonsuz faydalar" əldə edəcəkdir.
Müəllif qeyri-türkləri həm də
xəbərdar edir ki, türklərin dövlətində
onların dilinə biganə münasibət bəsləmək
şəxsə uğur gətirməz. Heç bir türk
onun dilinə biganə olan şəxsə rəğbət bəsləməz.
Ona görə də vətəndaşı olduğu cəmiyyətdə
uğur, etibar və etimad qazanmaq istəyən qeyri-türklər
"türkini" dərindən mənimsəməlidirlər.
Bu, onları "üstün və kamil" bir məqama
çatdıracaqdır. Əks təqdirdə, qınanacaq,
etibar və etimadı itirəcəklər.
Əbdürrəhim Ərdəbili Şirvaninin
əsərə yazdığı girişdən aydın olur
ki, XVIII əsr Azərbaycan-qızılbaş siyasi-etnik məkanında
dövlətin xüsusi dil siyasəti olmuş, türk dilinin
yayılmasına, bütün sahələrdə
funksionallaşmasına xüsusi fikir verilmişdir. Bu, müəllifin
qeyri-türklərin türkini öyrənməyə göstərdikləri
xüsusi maraq haqqında söylədiklərində aydın
şəkildə ifadə olunmuşdur. O yazır:
"Böyükləri və zadəganları,
dövlət və iqtidar sahiblərinin çoxunu, fars və
İraq camaatının əksəriyyətini bu siyasətə
dönük ("yönəlik" - S.R, Q.S.) dili başa
düşmək və həqiqəti bilməyə meyilli
gördüm. Tanışlarımdan və dostlarımdan bir
çoxu da eyni mövzunu və iddianı dəfələrlə
bu aciz bəndədən xahiş və tələb edirdilər.
Buna əsasən, bu bəndeyi-həqirin səy göstərməsi
qarşılığında verilən xidmətin əsasında
işə başlamaq və bu məsuliyyətin nəticəsinin
ortaya çıxmasını yerinə yetirmək vacib və
lazım oldu. Bunun üçün Uca Yaradandan... kömək
və uğur dilədim və türkcə sözlərdə
bir neçə qayda-qanun hazırlayıb tərtib etdim, kitaba
bir müqəddimə və dörd bölüm və bir
sonluq yerləşdirdim və onun adını "Məzhər
üt-türki" qoydum".
Müəllifin fikrindən iki məqam aydın
şəkildə boy verir:
Birinci, XVIII əsrin nəhəng Azərbaycan-qızılbaş
siyasi-etnik məkanında farsdilli və ərəbdillilərin
türk dilini öyrənmək zərurəti
qarşısında qalmaları.
İkinci, "Məzhər üt-türki"
əsərinin zamanın ictimai-siyasi sifarişi şəklində
meydana çıxması.
Əlbəttə, "Məzhər
üt-türki" əsəri öz əsas kütləsində
leksikoqrafik abidədir və bu mənada belə hesab edirik ki,
abidənin bu tərəfinin elmi əyarını müəyyənləşdirmək
daha çox dilçilərin işidir. Lakin əsərin
müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin
Azərbaycan türkcəsi haqqında söylədiyi fikirlər,
elə hesab edirik ki, dil tariximizlə bağlı "dil və
siyasi-ictimai şüur", "dil və milli kimlik"
aspektlərində öyrənilməsi istiqamətində son
dərəcə qiymətli düşüncə və təhlil
materialları verir.
Müəllifin burada istinad etdiyimiz bəzi
fikirləri göstərir ki, Əbdürrəhim Ərdəbili
Şirvani millətsevər və vətənpərvər
ziyalı olmuş və bu əsəri də özünün
türklük qarşısında vətəndaşlıq
borcunun, mədəni kimlik vəzifəsinin ifadəsi kimi
ortaya qoymuşdur. Bu mənada, biz də AMEA Dilçilik
İnstitutunun "Məzhər üt-türki" abidəsini
onun Azərbaycan dilinə tərcüməsi ilə
yanaşı, əsərin faksimilesi ilə bərabər nəşr
etməsini millət qarşısında vətəndaşlıq
borcunun yerinə yetirilməsi kimi qiymətləndirir və
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədliyə
və onun kollektivinə bu istiqamətdə görəcəyi
digər işlərdə uğurlar arzulayırıq.
Seyfəddin RZASOY,
Qalib SAYILOV
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.22-23.