Daş hasarlar və acı talelər
İlyas Əfəndiyevin ədəbiyyata
gəldiyi dövr -
1930-cu illərin ikinci
yarısı sovet ideologiyasının mədəniyyət
üzərində hökmranlığının
kəskin hiss olunduğu
bir dövr idi. SSRİ yazıçılarının
Birinci qurultayı təzəcə keçirilmişdi
və Cəfər Cabbarlı qurultayda çıxış edib,
həmin çıxışın
əsasında "Pravda" qəzetində sosrealizmin tələblərinə aydınlıq
gətirən "Sosialist
realizmi ilə yoğrulmuş dramaturgiya"
adlı məqalə çap etdirmişdi. Məqalədə sosrealizmlə
bağlı belə bir fikir irəli
sürülürdü: "Bu üslub... proletar sosialist dövlətinin hər bir adi
qurucusunun görünməmiş
qəhrəmanlığını düzgün təsvir etməyi tələb edir". Əlbəttə,
Cəfər Cabbarlı
Sovet İttifaqının
ən yüksək tribunalarından sosrealizm barədə danışmağa
haqqı çatan sənətkarlardan biri idi. Çünki o, qurultaya qədər "Sevil", "Almaz",
"1905-ci ildə", "Yaşar", "Dönüş"
kimi pyeslərlə sosrealizm metodunda sənət əsəri yaratmağın parlaq nümunələrini göstərmişdi.
Nümunələrin sosrealizm
tələblərinə cavab
verən başlıca
cəhətlərindən biri
baş qəhrəmanların
timsalında yeni cəmiyyət
quruculuğunu qabarıq
şəkildə əks
etdirməkdən ibarət
idi. Cəfər Cabbarlı qələminin
qüdrəti onda idi ki, bu quruculuq
prosesində Azərbaycan
qadınının kişilərdən
geri qalmadığını
inandırıcı lövhələrlə
teatr səhnəsinə
gətirə bilmişdi. Cəfər Cabbarlı qurub-yaradan Azərbaycan qadınlarının
silsilə obrazlarını
səhnəyə gətirməklə dramaturgiyamızda,
bütövlükdə çağdaş
ədəbiyyatımızda dövrün estetik tələblərinə uyğun
bir ənənənin
əsasını qoymuşdu.
Bu ənənəni davam
etdirən yazıçılar az deyildi və İlyas Əfəndiyevin də bir nasir və
dramaturq kimi özünəməxsusluğu həmin ənənəyə
- silsilə qadın obrazlarının yaradılması
məsələsinə münasibətdə
özünü daha qabarıq şəkildə
göstərirdi.
Yalnız
otuzuncu illərdə yox, sonrakı mərhələlərdə də
qəhrəmanın ictimai
fəallığı, sosrealizmin
prinsipləri sırasında
aparıcı yer tutmaqda idi. İlyas Əfəndiyevin müxtəlif
illərdə yazdığı
məqalələri nəzərdən
keçirmək kifayətdir
inanasan ki, qəhrəman
və ictimai mühit, qəhrəman və istehsalat məsələləri qələm
sahibləri qarşısında
nə qədər ciddi tələb, siyasi sifariş kimi qoyulurmuş. İlyas Əfəndiyev istehsalatdan
yazmağı qəbahət
saymır. İlyas Əfəndiyevin
qəbahət saydığı
cəhət istehsalatdan
necə, hansı şəkildə yazmaq məsələsi ilə,
əmək prosesinin insan hiss-həyəcanını
kölgədə qoyub-qoymaması
problemi ilə bağlıdır: "...biz istehsalat
məsələlərinə çox zaman adi təsərrüfatçı kimi
yanaşmaqdan irəli
gedə bilməmişik.
Biz onları insan taleyi ilə üzvi surətdə bağlaya bilməmişik!
Onlar bizim əsərlərimizdə insan
ehtiraslarının alovlanmasına,
xarakterlərin tutaşmalarına
səbəb olmamışdır...
Əlamətdar istehsalat
məsələsi pyeslərimizin
əsasına qoyula bilər. Bir şərtlə
ki, həmin məsələ
sərrast tapılsın,
dramatik yüksəkliyə
qaldırılsın, müxtəlif
xarakterlərin duyğu
və düşüncələrinin,
ehtiraslarının təbiiliklə
meydana çıxmasına
səbəb olsun".
Bu sözləri İlyas Əfəndiyevin
"Müasir dramaturgiyamız"
adlı məqaləsindən
götürmüşəm. Bir çox başqa tənqidi yazıları kimi çox prinsipial mövqedən qələmə alınması
və adlı-sanlı
sənətkarların belə
ünvanına ciddi iradların bildirilməsi ilə seçilən bu məqalədə də İlyas Əfəndiyev
istehsalata insanşünas
kimi yox, təsərrüfatşünas kimi yanaşmağın konkret fəsadlarını,
acınacaqlı nəticələrini
açıb ortaya qoyur. Bu acınacaqlı nəticələrdən biri,
İlyas Əfəndiyevin fikrincə,
konfliktsizlikdir, "xarakter
tutaşmaları"nın kasadlığı və yox dərəcəsinə
enməsidir. Konfliktsizlik
nəzəriyyəsinin, vulqar
sosiologiya faktı kimi, yuxarıdan gəldiyini, "proletariatın
istismarçılar üzərində
mütləq qələbəsindən
sonra cəmiyyətdə
sinfi mübarizəyə
və kəskin münaqişələrə yer
yoxdur" kimi ideoloji təlimə əsaslandığını çox
yaxşı bilən
İlyas Əfəndiyev ona
da qəti şəkildə
əmin idi ki, duyğu və düşüncələr təbəddülatı,
ehtiraslar toqquşması
olmadan əsl ədəbiyyat nümunəsi,
xüsusən də, baxımlı səhnə
əsəri yaratmaq müşkül işdir.
Əgər yazıçı
əmək prosesindən
bir təsərrüfatçı
kimi söhbət açırsa, bu halda hər hansı bədii konfliktdən, bütövlükdə
əsl sənət əsəri ortaya qoymaqdan söhbət gedə bilməz. İlyas
Əfəndiyev yazır:
"Bir çox pyeslərimizdə
konfliktin zəif olmasına, bəzən də heç olmamasına ... mühüm
səbəblərdən biri
insanın, insan fəaliyyətinin ikinci
plana keçməsi olmuşdur...
Cansız konfliktə bir az "hərarət"
vermək üçün
səhnədə musiqi
musiqi dalınca, rəqs rəqs dalınca düzülür.
Halbuki "Hacı Qara" və ya "Dağılan tifaq" əsərlərindəki
konfliktin belə kənardan verilmə hərarətə, necə
deyərlər, "qrelkalara"
ehtiyacı yoxdur. Çünki əsl həyatdan götürülmüş
həqiqi konfliktlər
odsuz-alovsuz ola bilməzlər!
Atəşsiz həyat
yoxdur. Atəşsiz konflikt də yoxdur, sənət də yoxdur". Od-alovlu konflikt qələmə alıb əsərə hərarət
gətirməyin başlıca
yolunu İlyas Əfəndiyev
rəngarəng insan xarakterləri yaratmaqda görür: "Konfliktin
dərin və kəsərli çıxması
xarakterlərin canlı
və kamil olmasından asılıdır...
Biz qələmə aldığımız
qəhrəmanın səciyyəsini
yaratmaq işində ən zərif rəngləri duyan bir rəssam, ən incə cizgiləri kəşf edən bir memar,
ən dərin hissləri tərənnüm
edən bir şair kimi hərəkət etmirik".
Müharibədən bəhs
edərkən İlyas Əfəndiyev
döyüş səhnələrini
yox, bir bülbülü ön
plana çıxarır. O bülbül
ki, düşmən gülləsindən
ölümcül yaralanmış
əsgərin son nəfəsdə
həmsöhbətinə, həmdərdinə
çevrilir ("Qəhrəman
ilə bülbülün
nağılı"). Evlər
üstünə qır
tökmək kimi
"qara" bir işdən bəhs edərkən İlyas Əfəndiyev
qırmızı bir çiçəyi diqqət
mərkəzinə çəkir.
O çiçək ki, məşəqqətli
işlə məşğul
olan bir adamı bizə tanıtmaqda mühüm bədii vasitə rolu oynayır ("Qırçı və qırmızı çiçək").
Hadisələrə və
insan obrazlarına şairanə yanaşmaq
"Söyüdlü arx",
"Körpüsalanlar", "Dağlar arxasında üç dost" kimi romanlarda daha qabarıq şəkildədir.
Bu əsərlərdə istehsalatın,
əmək prosesinin təsviri yoxdurmu? Əlbəttə, var. Belə
olmasaydı, Yaşar Qarayev ictimai fəallığa İlyas Əfəndiyevin
qadın qəhrəmanlarını
Cəfər Cabbarlı
qəhrəmanlarına yaxınlaşdıran
cəhətlərdən biri
kimi baxmazdı: "Nə vəzifədə olursa-olsun, düşdüyü
mühitin adamları ilə, ictimai həyatla qaynayıb-qarışmaq
fikri bir ehtiyac kimi ona
Almazdan irs qalmışdır". "Dağlar
arxasında üç
dost" əsərinin baş
qəhrəmanı Səlimə
barədə deyilmiş
bu sözləri
İlyas Əfəndiyevin qadın
qəhrəmanlarından bir
çoxuna aid etmək
olar. Bu öz yerində. Amma onu da unutmaq olmaz ki, İlyas Əfəndiyevin qadın qəhrəmanları, Yaşar
Qarayevin də qeyd etdiyi kimi,
əməkdə şeiriyyət
və gözəllik axtaran qəhrəmanlardır.
Bu, İlyas Əfəndiyevin qadın qəhrəmanlarını
xüsusi olaraq fərqləndirən cəhətlərdəndir.
İlyas Əfəndiyev yaradıcılığındakı
şeiriyyət və
gözəlliyin başlıca
əlamət və göstəricilərini, hər
şeydən qabaq, təbiətlə bağlı
detal və lövhələrdə axtarmaq
lazım gəlir. Təsadüfi deyil ki, bir az əvvəl,
ötəri də olsa, xatırlatdığım
hekayə və romanların adlarında təbiətə işarə
var: bülbül, qırmızı
çiçək, söyüd,
dağlar. Təbiət
işarəli adlara
İlyas Əfəndiyevin başqa
nəsr əsərlərindən
də misallar çəkmək olar:
"Qarı dağı",
"Su dəyirmanı",
"Bahar buludları",
"Yaylaq qonşumuz",
"Ceyran ovu",
"Qoruqlarda", "Yasəmən
ağacı", "Zəmidə
bir turac səslənirdi". Əsər
adlarında təbiətə
işarənin təsadüfi
olmadığını, bu
cür ad seçiminin müəllif
mövqeyindən, onun
hadisələri seçib
qiymətləndirmə meyarlarından
xəbər verdiyini yalnız nəsr əsərləri yox, həm də səhnə əsərləri
açıq-aydın göstərməkdədir:
"Bahar suları",
"Mahnı dağlarda
qaldı", "Sən
həmişə mənimləsən,
yaxud Boy çiçəyi",
"Tənha iydə ağacı".
"Su dəyirmanı" hekayəsindəki dəyirman
arxı və arx boyu sıralanmış
salxım söyüdlər
bağçılıq işi
ilə məşğul
olan qəhrəmanları
oxucuya tanıtmaqda heç də az əhəmiyyət daşımır: "Mən
təzətər söyüd
yarpaqlarının pıçıltısında
sanki qızın qəlbinin döyüntüsünü
eşidirdim. Mən onun gəncliyi ilə üçgünlük
Ayın işıqlandırdığı
bu körpə söyüd yarpaqları arasında qəribə bir ahəng duyurdum. Mənə elə gəlirdi ki, onun aramla aldığı
nəfəs bu bahar gecəsinin canı, ruhudur". Təbiətə müraciət
etməyin şeiriyyət
və gözəlliyi
əks etdirmək vasitəsi olduğunu daha iri planda
"Söyüdlü arx"
və "Körpüsalanlar"
romanlarında görürük.
Hər iki romanda baş qəhrəmanlar ictimai fəallıqları ilə
yetərincə seçilən
qəhrəmanlardır. Amma bu ictimai fəallığın,
həmin fəallıqla
bağlı süjetin
hansısa mühüm
tərəfi gedib əvvəl-axır təbiət
lövhələrinə bağlanır.
Təbiət "Söyüdlü
arx"da qismən,
"Körpüsalanlar"da isə əsasən, hadisələrin baş verdiyi məkan kimi götürülür
və bu, həmin əsərlərdə
şairanəliyə rəvac
verən amillərdən biri kimi müəllifə gərək olur.
Təbiətlə paralellik İlyas Əfəndiyev
qəhrəmanlarının ictimai fəallıq arxasnda görünməz olan mübhəm cəhətlərini üzə
çıxarmağa yaxından
kömək edir:
"... mən bu dəniz kimi dərin və mavi dərədən axıb gələn səssiz simfoniyanı dinlədikcə, taleyimin həm də fərəhli olmadığını
acı-acı hiss edirdim.
Mənə elə gəlirdi ki, kim tərəfindənsə təhqir
olunmuşam, alçalmışam.
Halbuki uçurumun üzərində hərlənən,
sərt qayaları
hakim nəzərləri ilə
süzən bu ağ qartal kimi yaşamaq mümkündür! Kim deyir
ki, mən acizəm?
Kim deyir ki, koramal kimi güneylərdə sürünmək üçün
yaranmışam?! Təbiətin
bu təntənəsinə
qovuşmaqda kim mənə mane ola bilər?!"
Bu sözləri "Körpüsalanlar"ın
baş qəhrəmanı
Səriyyəyə dedizdirən
hansı hiss-həyəcandır?
Səriyyəni narazı
salan, onun daxili qiyamına səbəb olan nədir? Axı o, yenicə ailə qurduğu Adilin ağıl-kamalından, yar-yaraşığından
razıdır. Axı
o (yol texnikumunu yenicə bitirmiş Səriyyə) Adillə (yol mühəndisi olan və öz
sənətini incəliyinə
qədər bilən ömür-gün yoldaşı
ilə) dağlar qoynunda çalışmaq,
dərələr və
çaylar üstündən
körpülər salıb,
yollar çəkmək
kimi son dərəcə
ağır bir işə məcburən yox, könüllü şəkildə qoşulub.
Bəli, bütün bunlar əsərin lap əvvəlindən bəllidir.
Amma əsərdə məqsəd
heç də bəlli olanı bədii cəhətdən
əsaslandırmaqdan ibarət
deyil. Əsərdə
başlıca məqsəd
bəlli olandan bəlli olmayana doğru gedən tədrici psixoloji prosesi qələmə almaqdır. Elə proses
ki, oxucu üçün
gözlənilməz olduğu
kimi, Səriyyənin özü üçün
də gözlənilməzdir.
Gözlənilməzlik get-gedə
şairanə ovqatın
prozaik və tragik notlarla əvəzlənməsində, ilk vaxtlar özünü qartalla müqayisə edən, qanadlanıb uçmaq istədiyini bildirən Səriyyənin
bir müddət sonra ruhdan düşməsində,
yerlərdə sürünən
koramalla özü arasında tutuşdurma aparmasındadır. Səriyyəni
ruhdan salan iş prosesinin ağırlığıdırmı? Əlbəttə, yox! Bəs nədir? Səriyyəni ruhdan salan yol çəkmək,
körpü salmaq kimi ağır bir işlə deyə-gülə məşğul
olan adi adamlara (Səriyyənin açıqürəkli, ünsiyyətcil
və mərdanə iş yoldaşlarına) Adilin yuxarıdan aşağı baxması,
atdığı hər
addımı yüksək
vəzifə tutmaq naminə atması və onun səmimiyyətdən
uzaq olmasıdır. Bəs ictimai fəallığı, zəhmətə
qatlaşmaqda kişilərdən
geri qalmamağı Səriyyənin qəti qərar qəbul edib Adildən - yenicə ailə qurduğu qapalı bir adamdan ayrılmasında
həlledici amil saymaq olarmı? Bu suala doğru-düzgün cavab
vermək üçün
mövzuca "Körpüsalanlar"la
yaxından səsləşən
"Daş hasar" hekayəsinə, ötəri
də olsa, nəzər salmaq ehtiyacı yaranır. O hekayədə də baş qəhrəman (Firəngiz) ailə həyatının ilk vaxtlarında
xoşbəxtlər xoşbəxtidir,
çox sevdiyi dənizkənarı bağda
rəssam əri ilə birlikdə olmaq, Firəngizə görə, sevinc üstünə sevinc qatmaqdır. Amma çox keçmir, hadisələr
Firəngizin düşündüyünün
əksinə cərəyan
edir. Ərindəki daxili miskinliyi və xudpəsəndliyi
hiss edib dərindən
duyduqca hər şey Firəngizin gözündən düşür,
çox sevdiyi dənizkənarı bağ
Firəngizin nəzərində
bir dustaqxanaya dönür.
"Körpüsalanlar"da göz
oxşayan yaşıl
meşələr, yalçın
qayalar, gur şəlalələr Səriyyənin
daxili gərginliyini aradan qaldıra bilmədiyi kimi, misal çəkdiyim hekayədə də "Abşeron gecəsinin sərinliyindən ləzzət
alan" əncir,
alma, nar ağacları,
qumlu sahillər və uzanıb gedən dəniz, Firəngizi heç cür ovuda bilmir. Səriyyədən
fərqli olaraq Firəngizdə heç bir ictimai fəallıq
yoxdur, onu hansısa bir quruculuq sahəsində kişilərlə çiyin-çiyinə
çalışan obraz
timsalında görmürük.
Amma fakt faktlığında
qalır. Fakt bundan ibarətdir ki, Firəngiz də Səriyyə kimi qəlbən, ruhən qəbul etmədiklərini
açıq-aşkar büruzə
verməkdən, onu daxilən əzən, onun mənəvi rahatlığını əlindən
alan mənfiliyə etiraz etməkdən çəkinmir. İstər
göz oxşayan təbiət qoynunda, istərsə də daş hasar içindəki bağ evində Səriyyələrin
və Firəngizlərin
mənəvi rahatlığını
əlindən alan o mənfiliyin adı daxili köləlikdir - ülfət bağlayıb
hər gün ünsiyyətdə olduğun
adamda gördüyün
daxili köləlik.
Bir yastığa baş
qoyduğun adamın daxili miskinliyini hər gün, hər saat görüb,
bir qaramat kimi canına hopdurub ruhən azad olmaq baş
tutan işdirmi? Bu suala bir kəlmə
ilə "yox" cavabını verib keçmək, əlbəttə,
mümkündür. Amma bir
şərtlə ki, həmin
cavabın bağlı
olduğu bir məsələyə - konfliktin
necə həll olunması kimi ciddi bədii-estetik məsələyə də az-çox aydınlıq gətirilsin.
İlyas Əfəndiyev yaradıcılığında
konflikt bir çox hallarda gərgin vəziyyətə
düşən qəhrəmanın
həm ətrafdakılarla,
həm də öz-özü ilə toqquşması üzərində
qurulur. Aydınlaşdırılması
vacib məqam bu toqquşmadan qəhrəmanın qalib çıxıb-çıxmamasıdır. Axı, söhbətin əvvəlində dediyim kimi, qalib qəhrəman
Cəfər Cabbarlının
Sevil və Almazlarından üzübəri
ədəbiyyatımız üçün
səciyyəvi idi. Təsadüfi deyil ki,
İlyas Əfəndiyev öz
məqalələrində yaradıcılığından
bəhs etdiyi bir çox yazıçıların (məsələn,
Əli Vəliyevin) qalib qəhrəman obrazları yaratmasını
xüsusi olaraq xatırladır. İlyas Əfəndiyev
nəsr və dramaturgiyasını araşdıran
ədəbiyyatşünaslar İlyas Əfəndiyevi də qalib qəhrəman obrazları yaradan sənətkar kimi təqdim edirlər: "Təklik bu qəhrəmanların dostudur.
Nargilə fərəclərə,
suriklər mühitinə
qarşı mübarizədə
təkliyi bir qələbə kimi qazanmışdır. Həsənzadənin
təkliyi mənəvi
bir qəhrəmanlığı
və qələbəni
mümkün edən yeganə səbəb olmuşdur. Odur ki, mən nə Nargilə, nə də Həsənzadə xəttində məhv olan təkliyin məğlubiyyətini görmürəm...
Odur ki, tamaşa bitir, lakin biz "təklik müsibətdir!"-demirik, "təklik gözəldir", "təklik
qəhrəmanlıqdır!" - deyirik". Görkəmli
tənqidçi-ədəbiyyatşünas
Yaşar Qarayevin bu sözlərində
"Sən həmişə
mənimləsən" pyesinin
baş qəhrəmanları
ilə bağlı bir qeyd - həmin
qəhrəmanların əzmkar
olmaları barədəki
fikir heç bir mübahisə doğurmur. Düşünüb-daşınılası
və bir daha götür-qoy ediləsi məsələ
Nargilə və Həsənzadə təkliyinin
bir qələbə göstəricisi olub-olmamasıdır.
Məsələ burasındadır
ki, İlyas Əfəndiyev qəhrəmanlarının əzmkarlığında
və danılmaz fədakarlığında qələbə
sevincindən qat-qat artıq
bir nisgil var. Heç bir ictimai fəallıq bu nisgili ört-basdır
edə bilmir.
İlyas Əfəndiyev müasirliyinin
Cəfər Cabbarlı
ilə müqayisədə
araşdırılması tamamilə
təbiidir. Amma unutmaq
olmaz ki, Hüseyn Cavid dramaturgiyası ilə tutuşdurmalar da
İlyas Əfəndiyev yaradıcılığındakı
bir çox səciyyəvi xətləri
üzə çıxarmağa
geniş imkan yaradır. Tragiklik belə xətlərdən
biridir. Bu xətti
İlyas Əfəndiyev qəhrəmanlarının
çoxunda görə
və izləyə bilirik. Bir ailənin dağılmaması, o ailədə
böyüməkdə olan
uşağın sıxıntılarla,
ağrı-acılarla üzləşməməsi
naminə Nuriyyənin
fədakarlıq göstərib
öz eşqini qurban verməsində
("Söyüdlü arx");
özünü bir dustaq sayan Firəngizin
Mürşüdlə yaşamağa
davam etməsində
("Daş hasar");
Saday bəylə əhd-peyman bağlayan Ağabəyim ağanın
Qarabağı mümkün
bəlalardan və fəlakətlərdən az-çox
qorumaq üçün
Fətəli şaha ərə getməsində
("Hökmdar və
qızı") tragik
notlar kifayət qədərdir. Misalların
sayını artırmağa
ehtiyac görmədən
İlyas Əfəndiyev qəhrəmanlarında
daxili sərbəstlik
və azadlıq ehtirasının qabarıq
hiss olunduğunu və
bu ehtirasın keçilməz sədlərlə
toqquşduğunu səciyyəvi
bir xətt kimi qeyd edə
bilərik. Bu xətt
"Söyüdlü arx",
"Körpüsalanlar", "Sən həmişə mənimləsən", "Məhv
olmuş gündəliklər"
kimi əsərlərdə
ayrı-ayrı fərdlərin
taleyi timsalında,
"Geriyə baxma, qoca", "Xurşidbanu
Natəvan", "Hökmdar
və qızı",
"Sevgililərin cəhənnəmdə
vüsalı" kimi
əsərlərdə isə
həm fərdi talelər, həm də ictimai-siyasi hadisələr fonunda oxucu və tamaşaçıya
çatdırılır. Hüseyn
Caviddə də oxşar vəziyyətlə
qarşılaşırıq. "Maral" və "Afət"də siyasi motiv yoxdur. Bu əsərlərdə diqqət
mərkəzində duran
əsas motiv ruhən azad qadınların - Maral və Afətin "qızıl qəfəs"
içində çırpınması
və məhv olmasıdır. İlyas Əfəndiyevin
"qızıl qəfəs"də
boğulmağa məhkum
olan və bu qəfəsdən çıxmağa can atan
neçə-neçə qəhrəmanını
yada salmaq mümkündür:
Səriyyə ("Körpüsalanlar"),
Nargilə ("Sən
həmişə mənimləsən"),
Fəridə ("Məhv
olmuş gündəliklər")...
Ruhi sərbəstlik və azadlığa can atan insanın siyasi hadisələr burulğanında məhv olması Hüseyn Cavidin "Şeyda", "Knyaz" kimi pyeslərində öz əksini tapır. Azadlıq marşı yazıb inqilabçıları mübarizəyə səsləyən gənc şair Şeyda siyasi qarşıdurmada qan tökülməsini görüb büsbütün sarsılır ("Şeyda"). Kiməsə tabe olmağı ağlına da gətirməyən Knyaz isə o vaxt sarsılır ki, oğulluğa götürüb boya-başa çatdırdığı Anton bolşevik qiyafətində peyda olub, onun nəinki mal-mülkünü əlindən alır, hətta cavan arvadını yoldan çıxarır. Mənliyi tapdanmış Knyazın intihar etməkdən başqa bir yolu qalmır. Siyasi hadisələri qalib qəhrəmandan daha çox, daxili təbəddülatlar içində qıvrılan qəhrəman mövqeyindən təsvir etmək İlyas Əfəndiyev yaradıcılığında da açıq-aşkar özünü göstərən bir xəttdir. Ölkəni əsarətdən qorumaq üçün siyasi yollar axtaran İbrahim xanın öz ailəsi ilə birlikdə mayor Lisaneviç tərəfindən amansızcasına qətlə yetirilməsi ("Hökmdar və qızı"); sovet ideologiyasının təbliğinə həsr edilmiş primitiv pyeslərə Şeyx Sənan rolunu ifa etməklə dolayı etiraz bildirən Ayaz Turanın repressiyaya məruz qalması və sevgilisi Xumarla birlikdə NKVD məhbəsində intihar etməsi İlyas Əfəndiyev dramaturgiyasında siyasi hadisələrin tragik təsvirindən xəbər verən səhnələrdir.
Nəsrimizdə və dramaturgiyamızda lirik-psixoloji üslubun yaradıcılarından biri kimi tanınan İlyas Əfəndiyev yeri gəldikcə cavidsayağı şərti-mistik detallardan da istifadə edir. "Sən həmişə mənimləsən" dramında Həsənzadənin əsər boyu mərhum ömür-gün yoldaşı ilə xəyali söhbət etməsi; "Məhv olmuş gündəliklər" dramında Fəridənin tez-tez Skeletəbənzər kişi ilə üz-üzə gəlməsi belə detallardandır. Bu cür detallar daxili təbəddülatı, qəhrəmanın ətraf mühit və öz-özü ilə toqquşmasını ifadə etməyin əlverişli vasitəsinə çevrilir.
İlyas Əfəndiyev yaradıcılığında bədii vasitə, üsul və üslub, təbii ki, seçilən mövzunun ümumi mahiyyəti ilə qırılmaz surətdə bağlı olar. Tez-tez müraciət edilən məhəbbət mövzusu İlyas Əfəndiyev yaradıcılığında bir tərəfdən, məzmun-mündəricə faktı kimi özünü göstərirsə, o biri tərəfdən də, üslub faktı kimi ortaya çıxır. Daş hasarlar, qızıl qəfəslər, dəmir sərhədlər içində çırpınan Ağabəyim ağalar, Nuriyyələr, Səriyyələr, Fəridələr, Nargilələr, Xumarlar... ən böyük səadəti sevib-sevilməkdə görürlər, amma yaşadıqları mühitdə, düşdükləri acınacaqlı şəraitdə onların sevgidən kam almağı xoş xəyal olaraq qalır. Əsasən, romantik təbiətli cavanlardan ibarət olan bu qəhrəmanların fikir-xəyalları, arzu-istəkləri lirik-psixoloji epizod və səhnələrin qələmə alınması üçün zəngin mənbəyə çevrilir.
Arzu-istək, fikir-xəyal, şəffaf bir güzgü kimi, yalnız sabahı yox, həm də yaşanmış dünəni əks etdirir və bu əksetdirmə ağrı-acılarla dolu olan bu günə (qəhrəmanların yaşadığı mühitə) qarşı qoyulur. Xəyala dalıb dünənə qayıtmağın İlyas Əfəndiyev yaradıcılığı üçün təsadüfi olmadığını "Sən həmişə mənimləsən" pyesində xatirələrin simvolu kimi Boy çiçəyi obrazının yaradılması da təsdiq edir. Kitab vərəqləri arasında qalıb qurusa da, öz ətrini saxlayan bu çiçək hər xatirənin yox, ən əziz, ən unudulmaz xatirənin simvoludur. Fərəclər, Fərəcovlar arasında özünə yer tapa bilməyən Nargilənin özündən yaşca böyük adama bağlanmasının mühüm bir səbəbi odur ki, Nargilə həmin adamda (Həsənzadədə) unuda bilmədiyi, hər gün xatırladığı mərhum atasının xasiyyətindən cizgilər tapır ("Sən həmişə mənimləsən, yaxud Boy çiçəyi"). "Geriyə baxma, qoca" romanında - başdan-başa müxtəlif xatirələr üstündə qurulan bu əsərdə kədərli-kədərli durub baxan dağları, dil açıb hansısa sirli mətləblərdən danışmaq istəyən yaylaqları, o dağlarda, o yaylaqlarda bir vaxtlar at çapıb, qılınc oynatmış əyilməz kişiləri yada salmaqla Murad yeni siyasi dönəmdəki bolşevik hərəkatının dərinliklərinə varmağa, bu hərəkatın zalımlıq və kəmfürsətliyə söykənən tərəflərini anlamağa bədii zəmin yaradır. Yeri gəlmişkən, xatırladım ki, romanda təsvir olunanlar xeyli dərəcədə müəllifin öz tərcümeyi-halı ilə bağlıdır: Bəy ailəsi olduğuna görə Əfəndiyevlər də bir çoxları kimi siyasi təzyiqlərə məruz qalıb. Bolşeviklər onların mülkünü əllərindən alıb beş ailə arasında bölüşdürüblər, özlərini isə bayıra töküblər. Doqquz nəfərdən ibarət ailə çadırda yaşamağa məcbur olub. Ata-ana səs hüququndan məhrum edilib. Dükandan onlara çörək, qənd, çay satmaq istəməyiblər. "Kulak" oğlu olduğuna görə İlyas Əfəndiyevi ali məktəbdən çıxarıblar. O, yalnız uzun fasilədən sonra ali təhsilini davam etdirə bilib... Şübhə yoxdur ki, bu cür bioqrafik faktlar İlyas Əfəndiyev yaradıcılığında dərin iz buraxıb və o, həyatın sərt üzünü açıb göstərməkdən, həssas və şairtəbiətli insanların keçilməz maneələrlə qarşılaşmasını qələmə almaqdan, "qalib qurucu qəhrəman" qəlibini imkan daxilində bir kənara qoymaqdan çəkinməyib. Ən başlıcası isə odur ki, İlyas Əfəndiyev bütün bunları lirik-psixoloji üslubun imkanlarını səfərbər edərək, yüksək bədiiliklə gerçəkləşdirə bilib.
Muxtar
KAZIMOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.24-25.