"Axırıncı
gediş"in cavabsız
sualları
Tanınmış yazıçı Şövkət
Zərin Horovlunun
"Apostrof-A" nəşriyyatı
tərəfindən nəşr
edilən "Axırıncı
gediş" kitabına
müəllifin eyniadlı
romanı daxil edilib. Bu, Şövkət xanımın
"Tale yolu", "Oxunmamış
zərf", "Arazdan
gələn səs",
"Əbədiyyətə qədər" və s. əsərlərindən sonra
qələmə aldığı
olduqca mükəmməl
və irihəcmli ədəbi nümunədir.
Eyni zamanda, "Axırıncı gediş"
bütün məziyətləri
ilə, hər şeydən əvvəl,
bir vətənpərvərlik,
yenilməzlik, əhdə
vəfa, sədaqət
dərsliyidir. Tarixi anladır, əsrin (və əsrlərin) o başını bu başına tikir. Yazıçı-sənətkar mövqeyinin aydınlığını,
hər cür azadlıq mücadiləsinin,
özgürlük çabasının
yanında olmaq, ola bilmək istəyini, qərarlılığını özündə ehtiva edir. Və əsərlə
tanışlıq, ünsiyyət
boyunca Şövkət
Zərin Horovlunun tarixə hədsiz bələdliyinin, aşinalığının
heyranı olmaya bilmirsən. Əslində
"Tale yolu" romanı
bütün yönləri
ilə bütöv bir tarix - etnoqrafiya
vəqfinin illər boyu öz fəaliyyətində
əldə edə biləcəyi bilgiləri
tam olaraq özündə
ehtiva edir. Müəllif bu bilgiləri yetərincə
mənimsəyib. Baş
vermiş hadisələrin
çoxuna şahidlik
edib. Müşahidələrini
bədii sözün ölümsüz materialına,
ədəbi faktına
məharətlə, yüksək
peşəkarlıqla çevirə
bilib.
Söhbət vaxtın-vədənin, zamanın o çağından
gedir ki, sovetlər ölkəsində istehsal
edilən bolşevik
"zəhəri" əfqan
xalqının bədbəxtliyi
üzərində öz
xoşbəxtliyini qurmaq
istəyən kəslərin
qanına işləməyə
başlamışdı. Bu, ölkənin səlahiyyət
sahibi Osman xana da gün kimi aydın
idi. Amma nə yazıq ki, ətrafında
baş verənlərin
cikindən-bikinə qədər
xəbərdar olan
Osman xan bu barədə düşündüklərini
sir yeri Cəlaləddin
Mirzəyə də deyə bilmirdi. "Başa düşürdü
ki, gözünün ağı-qarası
yeganə oğlunun şübhəli adamlarla oturub-durmasına yaşı
yetmişi keçmiş
Mirzə Cəlaləddin
dözə bilməz".
Üstəlik, doğmaca oğlu
Mahmudu tutduğu yoldan geri qaytarmağın
belə acizinə dönmüşdü Osman xan.
Ölkənin baş vəziri Məhəmmədin
çox hiyləgər
olduğunu bilirdi. Ciyərparası Rüstəmin
bir gavur qızını Sovetlər
ölkəsindən yanına
salıb məmləkətinə
gətirməsini heç
vəchlə sinirə
bilmirdi. Artıq Rüstəmə güvənmirdi.
Osman xan atası Əbülqədir Rəştinin
İranın şimalında
monarxiyaya qarşı
apardığı mübarizəni
və onun nəticələrini də
az-çox görmüşdü.
Odur ki, yeganə güvənc yeri olan oğlu Mahmudu düşdüyü
qorxulu yoldan çəkindirmək üçün
dəridən-qabıqdan çıxır,
"oğlum, ehtiyatlı
ol - deyirdi. - Məmləkətdə səndən
qeyri heç kimim yoxdur".
Amma bu dediklərinin heç bir fayda vermədiyini görüncə dərin
sıxıntı içində
atasının otağına
çəkilirdi. Atasının
otağın baş tərəfində asılmış
şəklinin qabağında
kirimişcə dayanırdı.
Onun vaxtilə dincəldiyi divanda otururdu. Uşaq kimi kövrəlirdi. Qarlı aşırımlardan,
bozaraq çöllərdən,
meşələrdən onu
keçirib Əfqanıstana
gətirən, Rza şah irticasından xilas eləyən atasının nəhəng
cüssəsi gözlərinin
qabağına gəlirdi.
Qəhər daş kimi boğazına tıxanırdı...
Belə
bir tarixi yaşamın, gərginliyin
bədii təsvirini təqdim edir tanınmış yazıçı
Şövkət Zərin
Horovlu "Axırıncı
gediş" romanında.
Ədəbiyyatşünas alim Azər Turanın redaktorluğu ilə çap edilən kitabın annatosiyasında
vurğulandığı kimi,
əsərdə Səttarxan
məşrutə inqilabının
süqutundan sonra rus - fars xəyanəti
nəticəsində doğma
torpaqlarından didərgin
düşən soydaşlarımızın
qaçqın və məcburi köçkün
həyatından bəhs
olunur. Bu, bir ağrı, bir tale romanıdır; zaman-zaman "ayır-buyur,
parçala-hökm sür"
siyasətinin qurbanı
olan uca könüllü, azadlıq
təşnəsi bir xalqın, bir məmləkətin ağrılı
tale romanı... Feodal Əfqanıstanında adi
insan hüquqlarından
məhrum olan Səriyyə, Şiringül,
Xumrana kimi xanıməfəndilərin yaşamı
bu taledən keçir. Ruslar Gəncəni işğal
edəndən sonra dədə-baba torpaqları
alınıb ermənilərə
verilən, bu haqsızlığa dözə
bilməyib rus zabitini qətlə yetirən, sonra da oğlunu və nəvəsini götürüb
Əfqanıstana üz
tutan Alməmməd xanın faciəli həyat hekayəsi bu taledən keçir. Hadisələrin
gedişi fonunda "yırğalandıqca, çalxalandıqca
zaman nehrə kimi, yağı yağ üstə çıxır,
ayranı ayranlıq olur". "Axırıncı
gediş"i oxuduqca ölkənin baş vəziri Məhəmməd
Davud xanın üstüörtülü, hədələyici
eyhamları oxucu yaddaşında qanlı
37-ci illərin məlum
sızıltısını oyadır: "Sizlərdən
bəziləri "Ərki-Şahi"də
rahatca oturub, son vaxtlar demokratiya, hüquq bərabərliyi deyə baş qaldıran qüvvələrə
qarşı sayıqlığını
itirib. Bəhram hava limanında və Qəndəhar hərbi hissəsində aparılan işlər qənaətbəxş deyil..."
Nəticədə, zaman hər şeyi
yerbəyer edir. Gün o gün olur ki, Rüstəm naz-qəmzəsinə uyduğu,
uğrunda atasını
belə basıb-keçdiyi
kafir qızı Nataşanın
əslində bir casus
olduğunu anlayır.
Casusluğunu etiraf etdirmək üçün
tapançaya əl atır. Amma imanlı türk xanımı Sənəm arvad ona mane olur, "belə birisi üçün cani olmağa, əl qana batırmağa, həbsxanaya düşməyə
dəyməz" - deyir.
Nataşanın əksinə, illərin
əzab-əziyyətini görən
Səriyyə isə bütün məşəqqətlərə
baxmayaraq öz paklığını qoruyur.
Mahmud onu ilk dəfə
babası Mir Saleh ağanın
çardağında necə
görmüşdüsə, elə o cür də qalır. İllər yalnız gənclik titrəyişini,
şövqünü əlindən
alıb; səssizdi,
"əl vurma, qan ağlaram, yaman çağımdı
mənim" ovqatı
düşüb araya.
"Axırıncı gediş"
tab gətirməyə, dözümə
səfərbər edir
oxucunu. Tarixin ibrət dərsi kimi oxunur. Yaddaşı
oyadır.
Romanda təsvir edilən yurd-vətən sevdalı obrazların hər birinin faciəli həyatı ağrılı bir dillə təsvir olunur. Səlis, aydın dil, uyarlı təhkiyə, üslub zənginliyi, müəllifin tarixə mükəmməl bələdliyi (və yüksək vətəndaşlıq duyğusu) bütün hallarda əsərin oxunaqlığını, ustün ədəbi-bədii məziyyətlərini təmin edir. Bütün hallarda iradə, yenilməzlik əzminin tərənnümü önə çıxır. Sədaqət, vəfadarlıq duyğusunun zərif, kövrək təsviri oxucu düşüncəsini bətləyib-bələyir. Qaçqın-köçkün həyatının bütün məşəqqətlərini yaşayan, amma sevgisinə sadiq, ümidinə sığınıb yaşayan Şiringül obrazı qadın sədaqətinə, vəfasına qoyulmuş bədii söz abidəsi kimi canlanır göz önündə. Bu gənc qız sevimli Rzasının qətlə yetirilməsi reallığını heç cür qəbul etmir. Ən çətin günlərdə ona həyan olmuş, bütün təhlükələri dəf etmiş polkovnik Şahvələd nəhayətdə ürəyini Şiringülə açır. Onunla ailə həyatı qurmaq, çəkdiyi acıları unutdurmaq istədiyini dilə gətirir. Oxşar taleləri olduğunu bildirir.
Şövkət Zərin Horovlu bu məqamları olduqca ağrılı, eyni zamanda da ibrətamiz bir şəkildə təsvir edir: "Şiringül ona qulaq asdıqca odlu göz yaşları axıb üzünü, yaxasını isladırdı. Rzanın taleyi indi ona gün kimi aydın idi. "Rza sağ olsaydı, Şahvələd bu sözləri ona deməzdi" - deyə onun yoxluğuna əmin olurdu, əlləri titrəyir, dodaqları səyriyirdi. Özünü böyük bir uçurum qarşısında dayanan adam kimi hiss eləyirdi. Kaş bu sözləri heç eşitməyəydi. Ömrünün sonuna qədər Rzanın yolunu gözləyəydi. Qayıdacağına ümidi olaydı..."
Gələn, eyni zamanda, ömürdün-gündən keçib gedən hər gün, udduğun hava, aldığın nəfəs belə öz diqtəsini edir, gerçəkləri anladır. Gerçək həqiqəti, başına gələn faciəni günlərcə kiminsə dilindən etişməyə özünü hazırlamasına, susa-susa özünü aldatmasına baxmayaraq Şiringül könül mehmanı Rzanın gedər-gəlməz bir yola çıxdığını ağıl gücüylə anlayır. Amma hissləri onu başqa duyğalara kökləyir. Duyğuları etiraz səsini ucaldır. Təmənnasız xeyirxahı olan polkovnik Şahvələdin təklifini rədd edir, "yox" cavabı verir: "Yox, mən sağdırsa-həyatda, yoxsa-məzarda Rzaya qovuşacam" - deyə qısaca cavab verir polkovnik Şahvələdə.
Amma yaşadılan zülmün, acı həyatın acığına taleyin açdığı işıqlı qapılar, xoş dəqiqələr də olur. Belə bir xoş gün əsərin aparıcı obrazlarından olan Səriyyə və Mahmudun uzun ayrılıqdan, əzab-əziyyətdən sonra bir-birinə qovuşması məqamında yaşanır. Şövkət xanım bu anları olduqca duyğusal bir qələmlə yazıya alır: "Mahmud başını qaldıranda maşının arxasında əlində bir dəstə gül dayanan Səriyyəni görüb özünü itirdi. Elə bil gözlərində həyat qığılcımları parladı... Səriyyəyə sarı bir-iki addım atıb dayandı. Nə edəcəyini, nə deyəcəyini kəsdirə bilmirdi. Səriyyəninsə gözləri dumanlı-çiskinli payız kimi dolmuşdu. Tərpətsən daşıb məcrasından çıxacaqdı. Səriyyə "Mahmud" - deyə qeyri-ixtiyari özünü ona sarı atdı... Baxışlar bir-birinə zilləndi... Bu dilsiz baxışlar, lal sükutlar nələr demirdi, İlahi!.. Sevgi, məhəbbət dolu gözlərində illərin əzabı, qayğısı yer almışdı Səriyyənin. Mahmud şaxtaya, borana düşmüş kimi titrədi"...
Bu titrəyişin səbəbi ömürdən keçib gedən illərin, yaşadığı məşəqqətlərin onların həyatında qalan acı, təəssüf dolu izləridi. Yaşlanmışdılar. Qara tellərə qar ələnmişdi. İllər hər ikisinin həyatında, cismani görünüşlərində belə öz izini qoymuşdu. Arada əzab, nisgil, ağrı dolu baxışlar dayanmışdı. Çox dəyişmişdilər. Amma vəfa, sədaqət, heyranlıq duyğuları öz məqamındadı. Bir də cavabsız suallar: "Onlar maşına oturanda tutqun payız günəşi gah görünür, gah da dörd yandan Kabilin üstünə əyilən dağların arxasında yox olurdu. Əsrlərlə həsrətini çəkdikləri bu Azadlıq günəşi Əfqanıstanın dumanlı göylərində bir də görünəcəkdimi? Kim bilir"...
Bu cavabsız sualla və bu duyğusal nigarançılıqla bitir "Axırıncı gediş". Kabulun 1978-2021-ci illərdə görünən, müşahidə edilən əhvalı belədi. "Axırıncı gediş" oxucu xəyalını Kabulun nigaranlıq doğuran, sual dolu yaşamına götürür. Upuzun illər boyunca Əfqanıstanın, Kabulun taleyindən keçənləri, məmləkətə sığınan qaçqın və köçkün soydaşlarımızın yaşantılarını Şövkət Zərin Horovlu peşəkarlıqla qələmə alıb.
Sərvaz
HÜSEYNOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.26.