Sonuncu barista
Hekayə
Elşənlə
axşam saat 5-də Nərimanovdakı "Ned's"
kofebarında görüşməli idik. Metrodan kofebara kimi
piyada 15 dəqiqəlik yolu ayaqlarım uzun olduğuna görə
10 dəqiqəyə qət edə bilirdim. Bəxtimdən
işıqforlar da bu dəfə məni gecikdirmədi.
"Herzog" otelinə çatıb Həsənoğlu
küçəsinə dönəndə kofebarın
qabağında Elşəni gördüm. Çəkib
qurtardığı siqaretin kötüyü ilə təzə
siqareti yandırmağa çalışırdı.
Elşən
görüşə məndən tez gələndə iki dəqiqədən
bir vatsapda "hardasan, gelirsen?" yazıb baş-beynimi xarab
edirdi. Amma indi məni görəndə özündən
çıxmadı. Nə "adam bu qədər gecikər?",
nə "saatını 10 dəqiqə dala çək",
nə "gələn dəfə səni bir saat gözlədəcəm",
heç nə demədi. Təzə siqareti də
söndürüb zibil qutusuna tulladı. Əlini atıb
kofebarın qapısını açdı:
- Tez gəl,
səninlə işim var.
Saatıma
baxıb dedim:
- Düz
vaxtında gəlmişəm ki! Məndən çıxmayan
iş.
- Hə,
səndən çıxmayan iş.
İçəri
keçəndə Elşən yenə sifətini turşutdu:
-
İlahi, necə zəhləm gedir bu yerdən. Hər şey
saxtadır. Hamı klip çəkir. Niyə axı bura gəlirsən?!
- Vallah, mənim
xoşuma gəlir, - deyib qapını arxamca örtdüm.
-
Xoşun gələcək də...
-
Yaxşı, yaxşı, başlama. Gəl o pəncərə
tərəfə. Asılqanın yanındakı stol.
Kofebarda
çox adam yox idi. Təkadamlıq yerlərdə
Bakıdakı lüteran icmasının pastoru gözümə
sataşdı. Üzümü ona tutub bir az ucadan salam verdim:
- Guten
Abend, Doktor Tetmajer!
Doktor
başını tərpətdi, əlini ürəyinin
üstünə aparıb "dobrıy veçer" dedi.
Elşən kinayəsindən qalmadı:
- Bu da səni
görən kimi rus dilini praktika eləyir. Guten Abendin yenə sənə
qaldı.
- Bəsdir,
başlama!
Gözüm
ofisiantı axtarırdı. Bu gün növbədə Ağa
olmalı idi. Məni özü gördü. Əli ilə iki
göstərib soruşdu:
- Long
black?
- Yes! -
deyib baş barmağımı qaldırdım.
Gödəkçələrimizi
asıb oturduq. Qəhvə maşını işə
düşdü. Elşən telefonu çıxarıb
gözünü ekrana zillədi, sonra nəsə yazmağa
başladı. Qəhvə maşını susanda dözmədim:
- Qoy da o
telefonu yerə. Mənimlə nə təcili işin var idi?
Elşən
telefonu üzü üstə çevirib masaya qoydu.
Başını aşağı salıb sakitcə dedi:
-
Özümü satıram.
-
Doğrudan?
- Hə.
Bu gün səhər getmişdim ASAN Xidmətə.
Prosedurları keçdim. Portaldan tibbi arayış da
aldım. Bir dənə ödümdə qatılaşma var
imiş. Belə amma tam sağlamam. Gələn həftənin
birinci günü patenti alıb göndərəcəm
birjaya.
-
Hansı birjaya? İstanbula?
- Yox, mən
araşdırdım, İstanbulda qiymətlər çox
aşağı düşüb. Ruslarla ukraynalılar
basıb oranı. Şanxaya da baxdım, dəhşət
növbə var. Bütün Orta Asiya ora gedir, xaricilərə
kvota qoyublar. Növbə sənə çatana kimi altı ay
keçir. Qalır ancaq Bakı.
-
Bakıda kimə, neçəyə satacaqsan özünü?
Bakıda guya nə birja var ki?
Elşən
heç nə demədi. Ağa bizim qəhvələri gətirmişdi.
Yəqin, başqa adamın yanında danışmağa hələlik
utanırdı. Doktor Tetmajer ayağa qalxıb tualet tərəfə
üz tutdu. Ağa gedəndən sonra Elşən qəhvədən
bir qurtum içib dedi:
- Mənim
tək variantım Bakıdır.
- Bəs
nə bacarırsan? Nə təklif edəcəksən?
- Nə
bilim. Maşın sürə bilərəm...
Məni
gülmək tutdu:
- İndi
sürücü var? Kimə lazımdır sənin
maşın sürməyin? Bəlkə, ancaq
Naxçıvanda. Orada maşını adam sürməlidir.
Elə eşitmişəm. Amma onlar da kənardan adam
almırlar. Gərək prosedurlardan əvvəl qeydiyyatın
Naxçıvana olsun.
Əlimi
uzadıb masadan qəhvəmi götürdüm. Yenə əla
alınmışdı. Burada qəhvənin tamı hər dəfə
başqa cür olurdu. Demək, məsələ təkcə qəhvənin
növündə, qovrulmasında, maşında deyil.
Baristalıq idi. Hər dəfə qəhvə hazırlayanda
barista improvizasiya edirdi.
Elşən
qəhvəsini masaya qoyub dedi:
- Baxma da,
alqı-satqı vaxtı məlum olacaq. Alan adam nə istəyir,
mən nə verə bilərəm. Uzaqbaşı, cavan
oğlanam, özümə görə yaraşığım
var. Bəlkə, hansısa qadına lazım ola bilərəm.
- Elşən susdu, bir az fikirləşib ardını gətirdi:
- Əslində, çox eybəcər olmasa, kişi də istəyə
bilər.
İsti qəhvə
ağzımdan püskürüb masanın üstünə
yayıldı, Elşənin sifətinə, paltarına,
telefonuna, qəhvəsinin içinə sıçradı.
- Sən
canın, bağışla, səhv başa düşmə. Mən
mentallardan deyiləm, amma səndən gözləmirdim.
Ağa əlində
kağız salfetlərlə bizim masamıza tərəf gəlirdi.
Əl atıb Elşənin qəhvəsini özümə tərəf
çəkdim:
- Vallah, bilərəkdən
olmadı, üzrlü say. İndi sənə təzə kofe
alacam.
Ağa
masanı təmizləyib qurtarana kimi ikimiz də susduq. Elşən
salfet ilə telefonunu silirdi. Mən də paltarlarıma
baxırdım. Sviterim batmamışdı, amma cins
şalvarıma bir-iki xırda ləkə
düşmüşdü. Ağa təzə qəhvə
sifarişini də götürüb masadan aralanandan sonra
Elşən həmişəki sakit səsi ilə dedi:
- Səndən
dəhşət zəhləm gedir. Nifrət edirəm sənə.
Özünü elə aparırsan, guya baş verənlərin
sənə dəxli yoxdur. Bakıda sonuncu barista bu kofebarda
imiş. Hələ də ofisiantları var imiş. Yarım
saat metro ilə, on beş dəqiqə piyada yol gəlirsən
ki, illüziyaya qapılasan. Elə bil camaat hələ də
işləyib maaş alır. Böyrəyini satmısan. Onun
pulu qurtaranda neyləyəcəksən?
Ayağa
qalxdım:
- Tualetə
dəyim, qayıdıram. Çıxıb siqaret çəkək.
Ciyərim yanır.
Tualet
boş idi. İçəri keçib qapını
bağladım. İşəməyim gəlmirdi. Krantı
açıb suyun axmağına baxa-baxa fikirləşirdim.
Elşən düz deyirdi. Böyrəyin pulu qurtarandan sonra
neyləyəcəm? Onda patent də bir işə yaramayacaq.
Birjada baha getmək üçün cavan olmaq lazım idi. Həm
də böyrəyinin biri olmayan adamın birjada nə işi
var? Amma Elşən həm də düz demirdi. Gələcəyi
bilmək olmaz. Bir il əvvəl kim deyərdi ki, ruslar
Seçenovu təzədən açmaq fikrinə düşəcək.
Yenə həkim yetişdirmək məsələsi müzakirə
olunur. Bəlkə, bizdə də onlara baxıb
yavaş-yavaş açmağa başlayacaqlar? Gənclikdəki
"McDonald's" kassanın birinə adam qoyub. Düzdür,
hələlik korporativ sosial məsuliyyət tədbiri kimi,
amma birdən gəlir gətirməyə başlasa? Bir də
Mirbağır müəllim var. Öləndə onun yerinə
çox da namizəd olmayacaq. Mən, Aida xanım, Teymur, sonra
Gulya. Mənim şansım daha çoxdur.
Krantın
üstündə qırmızı indikator yanıb sönməyə
başladı. Mənə ayrılan su bitirdi. Krantı
bağlayıb tualetdən çıxdım. Elşən
içəridə gözümə dəymədi. Parlaq
sarı gödəkçəsi də asılqanda yox idi. Yəqin,
siqareti yadına salmışdım, məni gözləməyib
siqaret çəkməyə getmişdi. Bayıra
çıxanda ancaq Ağanı gördüm. Telefona baxa-baxa
elektron siqaretini sümürürdü.
- Ağa,
bu Elşən necə oldu? Görmədin?
- Sizin
yanınızda olan bəyi deyirsiz?
- Aha.
- Bəy
hesabı verib getdi.
-
Hesabı verib getdi?!
- Aha.
Əli
NOVRUZOV
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.27.