Tələbə
Gənclik illərində
çoxumuz ali məktəbə qəbul
olmaq arzusu ilə yaşayardıq. Amma təəssüf ki, hər şey
yalnız arzulamaqla başa gəlmir. Gərək ürəyində
tumurcuqlayan istəkləri
həyata keçirmək
üçün nəsə
bir addım atasan, əziyyətlərə
qatlaşasan, nəsə
zəruri bir iş görəsən. Yoxsa, arzularına çata bilməzsən, həyat yollarının dolaylarında, aşırımlarında
ilişib qalarsan.
İllər əvvəl mən də tələbə olmağı arzuladım, nəsə bir hərəkət də etdim, xeyli əziyyət
də çəkdim.
Di gəl ki, müəyyən olan və olmayan
səbəblər üzündən
ürəyimdə çiçəkləmiş
istəyimə yetişə
bilmədim. Bünövrəsinin
ilk kərpiclərini həvəslə qoyduğum
işi uğurla başa çatdırmaq qismətim olmadı. Mənbəyindən axmağa
başlayan su mənsəbinə çatmamış,
yarı yolda havaya buxarlandı. Sanki tələbəlik dünyasına gedən yollarımda qırmızı
işıq yandı.
Gənclik illərinin
məhəbbətlə dolub-daşan
şirin söz-söhbəti
ilə məni tələbəliyə gedən
yoldan sapdırıb kitablardan uzaq saldı, oxumaq arxa plana keçdi.
Buna görə də, gözlərini dərs kitablarından çəkməyən tay-tuşlarımdan
geri qaldım. Sinif yoldaşlarımın
çoxu ali məktəblərə üz
tutub tələbə
adı qazandı. Hazırlığım zəif
olduğuna görə
mən ali məktəbə heç
sənəd də vermədim. Çünki uğur qazanacağıma əmin deyildim. Çox keçmədi ki, ilk məhəbbətim
daşlara çırpıldı.
Sevgisi yolunda qurban getməyə hazır olduğum qızı mənə vermədilər. Hər ikisi əlimdən çıxdı - nə ali məktəbə girə bildim, nə də qıza qovuşdum. Qazancım yalnız heç bir ağrı-acıya dərman
olmayan peşmançılıq
hissləri oldu. Beləcə, gənc yaşlarımdan xoşbəxtliyə
açılan qapılar
eyni vaxtda üzümə bağlandı.
Qismət elə
gətirdi ki, heç vaxt arzulamadığım bir sahədə çalışmalı
oldum. Neft mədənlərində fəhlə
işləyirdim. İşim
ağır olduğundan
axşamlar evə yorğun qayıdırdım.
Yavaş-yavaş ali məktəbə girmək
arzumla vidalaşırdım.
Az-çox biliyim olsa da, təzədən
kitab oxumaq, imtahan vermək, tələbə olmaq mənim üçün yerdən ulduzlara qalxmaq qədər çətin görsənirdi.
Elə bil əvvəlki arzularımın
üstünə tənbəllik
dumanı çökmüşdü.
Orta məktəb illərində oxuduqlarım
yalnız iş yoldaşlarımla söhbət
edəndə karıma
gəlirdi. Bilikli olduğumu hiss edən iş yoldaşlarım da məsləhət görürdülər
ki, həvəsdən
düşməyim, ali
təhsil alım. Nəsə bu məsləhətləri qulaqardına
vururdum. Fikirləşirdim
ki, artıq gecdir. Mənimlə yaşıd olanlar ali məktəbi çoxdan bitiriblər.
Mədəndəki sexlərdən birində ilk vaxtlar adını
bilmədiyim bir oğlan da işləyirdi.
Onu həmişə səliqəli geyimdə, qalstukda, əlində çanta harasa tələsən görürdüm.
Görkəmindən tələbəyə
oxşayırdı. Yəqin
ki, bəxtəvər
hansısa ali məktəbdə oxuyurdu.
Deməli, işləyə-işləyə
oxumaq mümkün idi. Sadəcə olaraq, neçə illər əvvəl içimdə itirdiyim oxumaq həvəsini axtarıb tapmalı, arzularımın üstünə
çökmüş tənbəllik
dumanını özümdən
tamam uzaqlara qovmalıydım.
Günlərin birində görkəmindən
tələbəyə oxşatdığım
həmin işçi
ilə yaxından tanış oldum. Adı Əhəd olan bu oğlan
məndən səkkiz
yaş balacaydı. Gümanım düz çıxmışdı. Doğrudan
da, o tələbə
idi. Dediyinə görə, universitetdə
oxuyurdu, üçüncü
kursdaydı. İki ildən sonra ali təhsilini başa vurub neft mədənlərində
geoloq işləyəcəkdi.
Sabahın bacarıqlı
mütəxəssisi olacaq,
yeni neft və qaz yataqları
kəşf edəcəkdi.
Nə gizlədim, Əhədin tələbəliyinə
həsəd aparırdım.
Ürəyimdən keçirdi
ki, kaş mən də ali məktəbə qəbul olaydım, tələbə adı qazanaydım. Hər dəfə onu kostyumda universitetə tələsən görəndə
ürəyimdə solmağa
üz qoymuş arzularım yenidən tumurcuqlayıb çiçəkləmək
istəyirdi. Ancaq hələlik ürəyimdə
bu arzunun çağırışına səs verməyə istəyim yox idi. Ha cəhd
göstərsəm də,
düşdüyüm tənbəllik
girdabından çıxa
bilmirdim. İllər hiss olunmadan ötüb keçdikcə
yaşımın üstünə
yaş gəlirdi. İlk məhəbbətin
uğursuzluğundan sonra
ürəkdən sevdiyim
Simuzərlə ailə
qurmağa hazırlaşırdım.
O, çox gözəl
qız idi. İnanırdım ki, onunla həyatım xoş keçəcək,
xoşbəxt olacam. Artıq nişanlanmışdıq,
bu gün-sabah toyumuz olacaqdı. Sevgi, məhəbbət, ailə qurmaq həvəsi yenə də hiss olunmadan
oxumaq arzusunu üstələyirdi.
Hərdən Əhədlə rastlaşanda
görüşüb söhbət
edir, dərslərinin
gedişi ilə maraqlanırdım. Nəsə
oxuduğu universitetdən,
keçdikləri fənlərdən,
dərslərin gedişindən
həvəslə danışmırdı.
Elə ağızucu bir neçə kəlmə deyib susurdu. Nə imtahanlardan, nə müəllimlərdən, nə
də tələbə
yoldaşlarından söz
açırdı. Zalım
oğlu elə bil dilini tərpədib
danışmağa ərinirdi.
Əhədgilin sexində Niftalı adında çox mehriban və qayğıkeş, yaşlı
bir kişi də işləyirdi. O, həmişə maraqlı
söhbətlər edər,
cavanlara ağıllı
məsləhətlər verib
düz yol göstərərdi. Niftalı
dayı mənə də məsləhət görürdü ki, ali təhsil arxasınca gedim. Deyirdi ki, bala,
oxu, amma Əhəd kimi yox. Əməlli-başlı,
kişi kimi oxu. Axı yazıq
Əhəd hər gün dərsə gedib-gəlir, oxuyurdu də. Niftalı dayının onun haqqında niyə belə danışdığına
o qədər də fikir vermirdim. Çünki Əhəd eyni vaxtda qoltuğunda
papkası, səliqəli
geyimdə universitetə
gedər, universitetdən
qayıdardı. Nə
bilim vallah, bəlkə də, Niftalı dayının dediklərinin içində
bilmədiyim hansısa
bir həqiqət gizlənmişdi. Bəlkə
də, o nəyəsə
eyham vururdu. Hər halda ağsaqqal sözü havaya demirdi, ağzını boş yerə tərpətmirdi. Ola bilərdi ki, Əhəd dərslərini yaxşı
oxumurdu. Niftalı dayının dediklərinə
baxmayaraq, oxuyub, əziyyət çəkib
ali məktəbə qəbul olduğuna görə Əhədə
böyük rəğbət
bəsləyirdim.
Dost-tanışlarım, iş yoldaşlarım hamısı məni danlayıb, israrla "oxu" deməkdə davam edirdilər. Bir şey yaxşıydı
ki, "oxuma" deyən yox idi. Neyniyəsən ki, hələlik deyilən sözlərin fikrimi dəyişməyə
gücü çatmırdı.
Nəsə, elə bil imtahan verməkdən
gözüm qorxurdu. Fikirləşirdim ki, ali məktəbə qəbul olmaq üçün gərək
dizimi yerə qoyub əməlli-başlı
hazırlaşam, əziyyətə
qatlaşam. Hazırlıqsız
da qəbul imtahanlarına getmək əhəmiyyətsiz, nəticəsiz
bir iş idi!
Qatarda baş
verən təsadüfi
bir görüşdən
sonra tənbəlliyin
daşını atıb
oxumaq qərarına gəldim, ali məktəbə qəbul
olacağıma ümidim
xeyli artdı. Üstündən xeyli zaman keçsə də, həmin təsadüfi görüşü
indiki kimi xatırlayıram. Günlərin birində
qatarla rayona gedirdim. Biletim də plaskart vaqona idi. Yol
yoldaşlarımla söhbət
edəndə öyrəndim
ki, onlar tələbədirlər,
institutun sonuncu kursunda oxuyurlar. Fikirləşdim ki, tələbələrlə
mənim söhbətim
tutmaz, onlar savadlı, bilikli adamlardır, mənsə fəhlə babayam. Buna görə də qatar tərpənən kimi yerimi rahatlayıb
uzandım. Bir az fikirli olduğuma görə yuxuya tez gedə bilmədim.
Tələbələr bir-birləri
ilə şirin-şirin
söhbət edirdilər.
Onların söhbətləri
bir xeyli ora-buranı "gəzib"
dolaşandan sonra gəlib çıxdı
ədəbiyyat fənninin
üstünə. Özümdən
asılı olmadan tələbələrin söhbətinə
qulaq asdım. Çünki kiçik yaşlarımdan ədəbiyyata
böyük marağım
var idi. Buna görə
də mövzu ahənrüba kimi məni özünə çəkdi. Tərs kimi də tələbələr
yaradıcılığına dərindən bələd
olduğum sevimli şairlərdən birinin
əsərləri haqqında
danışırdılar. Dediklərindən
hiss elədim ki, onlar həmin şairin yaradıcılığını o qədər də yaxşı bilmirlər. Çünki tələbələr
səhv salıb onun əsərini başqa bir şairin adına çıxırdılar. Söhbət
yavaş-yavaş mübahisə
həddinə yaxınlaşdı.
Bu anlarda yadıma düşdü ki, orta məktəbdə oxuyanda həmin şairin həmin əsərinin təhlilindən əla qiymət almışdım.
Səbrimi basıb tələbələrin boş
yerə elədiyi mübahisəyə sonacan
qulaq asa bilmədim. Onlardan üzr istəyib söhbətlərinə müdaxilə
edərək həmin
şairin əsəri
barədə bildiklərimi
onlara danışdım.
Sağ olsunlar, tələbələr söylədiklərimi
sonadək dinlədilər.
Sonra gözləmədiyim halda
onlardan biri məndən hansı universitetdə oxuduğumu
soruşdu. Mən heç yerdə təhsil almadığımı,
mədəndə fəhlə
işlədiyimi söylədim.
Tələbələr mənə
inanmadılar. Dedilər
ki, guya mən yekəxanalıq edib, onları savadsız saydığıma görə
oxuduğum universitetin
adını çəkmək
istəmirəm. İş
yerimin ünvanını
tələbələrə verib bildirdim ki, istədiyiniz vaxt gəlsəniz, məni bu ərazidəki mədəndə fəhlə
işləyən görərsiniz.
Gözləmədiyim anda
tələbələrdən biri məndən soruşdu ki, belə savadın ola-ola nəyə
görə mədəndə
fəhlə işləyirsən?
Niyə gedib ali məktəbə qəbul olmursan? Tələbənin sualına
çiyinlərimi astaca
çəkməklə cavab
verdim. Yəni demək istədim ki, bu suala cavab
tapmaqda acizəm.
Tələbələrlə qatarda olan təsadüfi görüşdən sonra
yenidən kitabların
yanına dönmək
həvəsinə gəldim.
Sanki toz basmış arzularım birdən-birə
gözlərini açıb
üzümə gülümsündü.
Ləngimədən məni
dumanına bürüdüyü
tənbəllik girdabından
yavaş-yavaş çıxmağa
başladım. Fikirləşdim
ki, deməli, ali məktəbə girmək
fikirləşdiyim qədər
də çətin deyilmiş. Bir müddət
öz üzərimdə
çalışsam, gənclik
arzuma çata bilərəm. İçimdə
hiss edirdim ki, qatarda tələbələrlə olan
təsadüfi görüş
həyatımı doxsan
dərəcə dəyişəcək.
Oxumaq üçün ilk addım
olaraq lazımi kitabları əldə elədim. Sonra yavaş-yavaş
imtahanlara hazırlaşdım.
Ailə qurmağımdan
da qalmadım. Fikirləşdim
ki, evlənməyimin oxumağıma
heç bir maneçiliyi olmayacaq. Gözəl qızların
içindən sevib bəyəndiyim Simuzərlə
ailə qurdum. Həyatım xeyli dəyişib gözəlləşdi,
ömrümə xoşbəxt
günlər qədəm
qoydu.
Xeyli oxuyub hazırlığımı
artırandan sonra illərdən bəri ürəyimdə toz basmış arzulara qol-qanad vermək üçün universitetə
üz tutdum. Birinci il imtahanlardan keçə bilmədim.
Amma növbəti il arzuma
çatdım, universitetin
qiyabi şöbəsinə
qəbul oldum. Bu uğuruma valideynlərimlə,
doğmalarımla bərabər
iş yoldaşlarım
da sevindi.
Həmişə tələbəliyinə həsədlə baxdığım
Əhəd də məni təbrik etdi. Deyəsən, artıq o, ali təhsilini başa vurmuşdu. Çünki
son günlər onu nə dərsə gedən, nə də dərsdən qayıdan görürdüm.
Bu barədə özündən
soruşanda ağzını
açıb bir söz demədi, astaca gülümsünüb
məndən uzaqlaşdı.
Bilmədim ki, bu gülümsəmək nəyə
işarədir, nə
deməkdir. Susub məndən uzaqlaşdığına
görə ona başqa sual verə bilmədim.
Niftalı dayı ilə görüşəndə hiss etdim
ki, ali məktəbə
qəbul olmağım
onu başqalarından
da çox sevindirib. Kişi ən yaxın qohumum kimi üzümdən öpüb məni xoş sözlərlə təbrik etdi:
- Bala, tanıdığım
ilk günlərdən hiss edirdim
ki, sən savadlısan,
gec-tez ali məktəbə girəcəksən.
Sağ ol ki, ümidləri doğrultdun,
səni təbrik edirəm.
Xoş sözlərə görə
Niftalı dayıya minnətdarlıq etdim. İmkan düşmüşkən,
ondan Əhədin ali məktəbi bitirib-bitirmədiyini də
soruşdum. Ağsaqqaldan
eşitdiyim sözlərə
heç inanmağım
gəlmədi. Deməli,
həyatda belə işlər də olurmuş. Bunu heç Əhədin boy-buxununa yaraşdırmazdım.
Əhədlə bağlı
sualımı dinləyəndən
sonra Niftalı dayı bir az
fikrə gedib dedi:
- Bilirsən, bala. Atalar yaxşı deyib ki, yalan ayaq tutar yeriməz.
Sözün düzünü
deyim ki, Əhəd heç yerdə oxumurdu. O, institut tələbəsi olan bir qıza vurulmuşdu.
Qızı da aldatmışdı
ki, guya ali məktəbdə oxuyur. İstədiyi qız dərsdən çıxan
ərəfədə Əhəd
kostyumunu geyinib, qalstukunu vurub, üst-başına əl
gəzdirib, özünü
tələbəyə oxşadandan
sonra onunla görüşə gedirdi.
Bir-iki il getdi-gəldi,
yollarda əsir-yesir oldu. Valideynləri qıza elçi də düşmüşdülər,
nişan da taxmışdılar.
Bu gün-sabah toyu olacaqdı. Qızın adamları haradansa öyrəniblər ki, Əhəd
onları aldadır, heç bir yerdə oxumur. Bunu eşidəndən sonra onun nişanını
qaytardılar. Əhədin
tələbəliyinin də
ömrü sona çatdı. Bu qədər
yollarda əsir-yesir olsa da, istədiyi qızı ala bilmədi. Mən ona çox
dedim, o az eşitdi. Deyirdim ki, bala, bu işin
axırı yoxdu. Gec-tez qız onu aldatdığını
biləcək. Axırda
mən deyən oldu. Bala, yadından
heç vaxt çıxarma, gec-tez düz əyrini qılınc kimi kəsir.
- Heç elə şey olar, Niftalı dayı? Necə olub ki, Əhəd bu cür düşüncəsiz
hərəkət edib?
Mən onu ağıllı bir oğlan bilirdim. Həmişə fikirləşirdim
ki, Əhəd təhsilini
başa vurandan sonra bacarıqlı geoloq kimi yeni neft və qaz
yataqları kəşf
edib ad-san qazanacaq. Demə, Əhəd yalançı
imiş. Yalançılığın
da ömrü uzun olmur. Gec-tez həqiqət onun qarşısını qəflətən
kəsir. Gördüyünüz
kimi, kəsdi də.
- Hə bala, yalançılığın
axırı yoxdu. Ona görə də həmişə yalançıdan,
yalançılıqdan uzaq
dur.
Dünənə qədər Əhədin
tələbəliyinə həsədlə
baxırdım. Ali təhsil
aldığına görə
ona qibtə edirdim. Niftalı dayıdan bu xəbəri eşidəndə
Əhəd birdən-birə
gözümdən düşdü.
Demə, hansısa bir qızı aldadırmış, məqsədinə
çatmaq üçün
də tələbə
adından istifadə edirmiş. Bəlkə də, tələbə adı ilə maskalanmasaydı, özünü
olduğu kimi tanıtsaydı, qız onu sevərdi. Çünki Əhəd boylu-buxunlu, yaraşıqlı
bir oğlan idi. Nişanlısı çox ağıllı qız imiş. Fikirləşib ki, yalançılıqla
bünövrəsi qoyulan
ailə xoşbəxtliyə
tamarzı qalar. Ona görə də, haray bu başdan
deyərək, Əhədin
nişanını qoltuğuna
vermişdi.
Utandığımdan Əhədin özünə heç nə demədim. Daha olan-olmuş, keçən-keçmişdi. Mənim
nəsə deməyin
heç nəyi dəyişməyəcəkdi. Ona görə də, yaşına və şəxsiyyətinə yaraşmayan
əməlini onun üzünə vurmadım.
Bəlkə də, mənim deməyim artıqdan idi. Çünki qız nişanını qaytarmaqla
Əhədə yaxşıca
həyat dərsi keçmişdi.
İşlərim qaydasında gedirdi.
Artıq ikinci kursu da arxada qoymuşdum. Yenə də əvvəlki kimi, hərdən günortalar çörək
yeməyə Əhədgilin
sexinə gedirdik. Dünyanın qəribə
işləri var imiş.
Bəlkə də, bu qəribə işlər olmasaydı, dünya darıxdırıcı
görünər, günlər
maraqsız keçərdi.
Bir vaxtlar tələbə
olduğuna görə
mən Əhədə
həsəd aparırdım.
İndi sanki yerlərimiz
dəyişmişdi. Son vaxtlar
hiss edirdim ki, universitetdə
oxuduğuma görə
indi də Əhəd mənə həsəd aparır.
Vahid
MƏHƏRRƏMOV
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.28-29.