Sönməyən ümidlər
Hekayə
Dəhlizdən eşidilən qəfil səslər evin sakitliyini pozdu. Tanış səslər,
tanış ifadələr
onu sanki illərdir davam edən dərin yuxusundan oyatdı. Bu səslər, bu əzizləmələr.., necə də
tanış, necə də doğma idi. Bu doğmalığın
əsrarəngiz sehri xəyallarını
qanadlandırdı, ötən
keçmişində dolaşdırdı.
Necə də gözəl idi... Hər anından doymaq bilmədiyi o keçmiş... Niyə uzun sürmədi? Nədən olmamış
kimi sovrulub ötdü? Lakin xəyal aləmində belə çox qala bilmədi.
Səslər get-gedə yaxınlaşırdı.
Maraq onu bürüdü. Boylanmağa
cəhd etdi. Lakin alınmadı. Bir də, bir də cəhd
etdi. Dar, yöndəmsiz
olan yerindən heç bir şey görmək mümkün deyildi. Ancaq maraq ona
güc gəlirdi. Ehtiyatla bir qədər
də sıxışdığı
yerdən tərpənmək
istədi. Bu dəfə
də cəhdi uğursuz alındı.
Bir də... Bir də uzun boynunu yenidən
irəli doğru uzatdı. Bu zaman ona yad olan qəribə bir səs eşitdi.
"Ay aman, bu nədir? Bu nə səsdir?" - deyə, için-için narahat oldu. Narahatlığı əbəs deyildi. Qəfil eşidilən xəfif çırtıltı
səsi onun qabından eşidilmişdi.
"Ah.., neylədim?..
Axı mən neylədim? - deyə, öz-özünə vaylandı.
Son ümidi, sığındığı
köhnə, olduqca dar olan yöndəmsiz
dibçəyi deyəsən,
çatlamışdı.
Artıq
bayaqkından fərqli
olaraq özünə
köklənmişdi. Xeyli
vaxtdır düşdüyü
durum, özünə yaraşmayan
görkəmi onu üzür, xəstəlikdən
əziyyət çəkən
seyrəlmiş yarpaqları,
havasızlıq və
darlıqdan zorla nəfəs alan kökü içinə böyük dərd olmuşdu. Bu azmış kimi, indi də
çatlayan qabı.
Daha səsləri belə maraq etmirdi. Buna heç ehtiyac da qalmamışdı. Artıq
tanış simalar düz onun qarşısında
dayanmışdı. Arxası
ona tərəf dursalar da, yenə həmin doğmalıqla gülüşlərinə, əzizləmə
və nəvazişlərinə
davam edirdilər.
"Bu mənzərə... Özüdür ki, var...Tamamilə eynisi..."
Dərin bir köks ötürdü. Gördüyü onu daha da sarsıtmış,
dərdini təzələmişdi.
İçi göynəyirdi. Bilmirdi
göynərtisi xeyli müddətdir uğradığı
baxımsızlıqdanmı, ya gördüyü mənzərənin təsirindənmidir?!
Ancaq köklərinin güclə sığdığı,
darlığı səbəbindən
qarşılaşdığı sarsıntıdan eyni anda iki dəfə
çatlaması halını
daha da pisləşdırmişdi.
Bildiyi artıq bir şey vardı.
Baxımsızlıqdan solan, əsl rənginin güclə sezildiyi dibçəyi, bundan sonra bu günə
qədər qorunduğu,
əminliklə sığınaraq,
sönməyən ümidlərlə
xoş sabahını
gözlədiyi güvənc
yeri olmayacaqdı.
O da bir vaxtlar təravəti,
qamətli görünüşü
ilə seçilirdi. Xoş qoxusu, gözəl çiçəkləri
ilə insanı valeh edirdi. Amma indi... İndi isə qarşısında ondan
qat-qat fərqli biri vardı. Qızılı
rəngdə əlvan
naxışlarla örtülü,
yaraşıqlı, geniş
bir qabdan boylanan yeni gül.
Yamyaşıl yarpaqlar
əhatəsindən iri
qırmızı çiçəkləri
ilə göz oxşayan, bir baxışla özünə
heyran edən gözəl dibçəkgülü.
Yeni gülü
əzizləyərək pəncərənin
ən geniş yerinə, gün işığının ən
çox düşdüyü
və hər kəsin aydın görə biləcəyi
yerə qoydular. Gülə sarı boylandım, maraq və həsədlə. Paxıllıq etmirdım,
lakin duyduğum heyranlıqdan özümü
ələ ala bilmirdim. Düşündüm:
"niyə dar bir küncə sıxılmışam? Niyə
qulluq olunmur, dərdimə dərman edilmir? Nədən ruhumun gəncliyini önəmsəmir, göz
görə-görə yaşlanmama,
quruyub ölməmə
yol verilir? Nə idi günahım?..
Bizi fərqləndirən
səbəb nə idi? Bəlkə bu gözəl dibçəkgülünün münbit, gübrəli torpaqda hər cür qayğı ilə bəslənməsidir
səbəb? Mənimsə
qismətimə yetişdirildiyim,
yaşamağa məcbur
buraxıldığım şoran
torpaqdımı səbəb?!
Axı bu səbəb ola bilməzdi. Normal şərait, gərəkli
qida maddələri ilə təmin olunsaydım belə olardımmı? Yox..! Qismətimə rəğmən mübarizə
aparmışam. Var gücümlə çaba
sərf edib, müqavimət göstərmişəm".
İçini parçalayan suallara cavab tapa bilməsə
də, gözəl gülə hər dəfəsində heyranlıqla
baxmaqdan özü də doya bilmirdi.
Yeni gül isə deyəsən, onun diqqətli baxışlarından, maraqla
süzülməyindən çox
narahat idi. İmkanı olsaydı,
"Götürün məni
burdan. Məni bu görgüsüz qurumuşun nəzərindən
xilas edin!" - deyə bağırardı.
Gözəl gülün üzümə
qarşı hayqırış
dolu baxışları
məni kökümün
dibinə qədər
sıxır, əzir,
içimin yanğı
dolu atəşini daha da alovlandırırdı.
Alovsuz qalxan atəşim məni get-gedə qovurmağa başlayırdı. "Günahkaram!..
Bağışla!.." - deyə
mən də var gücümlə hayqırmaq istəyirdim. Amma nə fayda?!
Eşidiləcəkmiydim? Günahkarmıydım?
Hazırkı durumum üzülmək və üzməkdən başqa
bir şey deyildi.
Sanki hər ikimizi sıxan bu durum hiss edilmişdi. Dolu sürahi ilə bizə yaxınlaşdılar.
Stəkana su töküb gülün dibini yetərincə sərinlətdilər. İçim
yanırdı. Stəkana
süzülən suyun
şırıltısı yanğımı daha da şiddətləndirirdi. "Mənə
də..,
mənə də.., bir içim..."- deyə qurumaqda olan boynumu uzatdım.
Uzun çəkmədi.
Axır ki yada düşdüm.
Bir qədər gözəl
gülə nəvaziş
göstərildikdən sonra
mənə stəkanın
yarısı qədər
su verildi. Amma nədənsə dibçəyimin
çatlaq olmasına
diqqət edilmədi. Həsrətlə gözlədiyim
su köklərimə
çatmadan çatlaq
yerlərdən dərin
nəlbəkiyə doğru
axın-axın yol aldı. Mən qurumaqda olan canım, xəstə yarpaqlarım, için-için
yanan köklərimlə
bərabər həsrətlə
damcıların arxasınca
baxa qaldıq. Lakin bununla da bitmədi. İri sürahinin bundan sonrakı yeri aramızda yeni güllə aşılmaz
qala yaratdı. Artıq nə mən o gözəlliyi görür, nə də o mənim baxışlarımdan narahat
olurdu.
Onu deyim ki, coxdandır günəşlə aramızda
da belə bir sədd yaradılmışdı.
Xəstələnməyimin əsl səbəbi, bəlkə də bu idi. Pəncərənin
qarşısında mənimlə
həyat işığımın
- günəşin arasında
çoxdandır unudulmuş
iri bir kitab dururdu. Nədənsə, həmin kitab xeyli müddətdir ki, oranın
qalıcı qonağına
çevrilmişdi. Kitab dilini
bilməsəm də,
onun da nə çəkdiyini anlayır,
yenidən oxunmaq, sehrli insan əllərinin
toxunuşunu hiss etmək,
sevən qəlblərə
hakim olmaq istəyini yaxşı başa düşürdüm. Lakin nə
etmək olar, bu bizim taleyimiz
idi.
Yox.., yox... Əsla barışmadım. Heç
zaman qəbul etmədim.
Mənə bu taleyi biçdilər. Var-gücləri ilə buna inandırmağa çalışdılar.
Buna baxmayaraq həyat mübarizəmi davam etdirdim; inad və inamla. Bəlkə yaşamağımın
da əsl səbəbi
elə bu idi: bacardığım gözəlliyi göstərmək,
məsum, təravətli
arzularımın gül
bağçasını yaratmaq.
Bir gün bunun baş verəcəyinə
inanırdım. Küncə
qısıldılaraq sevgisizliyimin
bir gün sona yetəcəyini, çiçəkli budaqlarımla
günəşimə doğru
qucaq açacağımı
bütün varlığımla
hiss edirdim. Amma nə vaxt?., nə zaman?..
Beləcə saatlar günləri,
günlər isə həftələri, ayları
qovub aparırdı. Sovrulan isə bizi keçmişdən ayıran zaman, gələcəyimizi
qısaldan vaxtdı. Fərqi varmıdır? Ötən vaxt çoxmu önəmə
sahibdir? Bunu zamana qarşı daim savaşda olanlar, onunla qeyri-bərabər mübarizədə
qalib olmağa çalışanlar bilər.
Mən də özümü onlardan biri hesab edirəm,
aram-aram əriyib gedən zaman axışının
qaliblərindən.
Yenə
şirin xəyallar qucağında xumarlandığım
bir gün. Arzularım daha da qanad açmış, pərvaz edərək ənginliklərə doğru
irəliləyirdi. Yenə
o gözəl al-əlvan
gül bağçam,
ətrafda uçuşan
rəngbərəng kəpənəklər,
təravətimdən ilhamlanan
quşların şirin
nəğmələri, şır-şır
axan şəlalələr,
içimi sərinlədən
bulaqlar, ilıq nəfəsi ilə bu heyranlığı var edən ecazkar günəşim. Bu bihuşedici
mənzərənin əhatəsində
necə də xoşbəxtəm.
Birdən...
Üzümə qəfil
düşən kəskin
işıq məni daldığım şirin
xəyallardan ayırdı.
İçimdən doğma,
xoş bir istilik keçdi. Bu nə idi? Nə
baş verirdi? Hər gün əzizlənən yeni gülə
sarı boylandım. Ancaq nə gül
vardı, nə də aramızı kəsən sürahi. Xəyaldımı? Yenə
yuxumuydu? Yox... Duyurdum. Görürdüm.
Uzun bir vaxt taleyimin şahidi olan kitab zərif əllərin ağuşunda sevgi ilə səhifələnir,
ovsunladığı nəcib
bir ürəkdə taxt-rəvanını hazırlayırdı.
Ah!.. Sonunda! - deyə sevindim. Hətta çox sevindim. Bu sevincin hərarəti ilə günəşə sarı
boylandım. Minnətdarlıq
etdim. O da mehribanlıqla
qarşılıq verdi.
Öz sevgili şüalarından biri ilə məni nəvazişlə qucaqladı.
Bu zaman o əsrarəngiz doğmalığı
hiss etdim. Sönməyən
ümidlərimdə böyüyən
işıq selini duydum. Xeyli vaxtdır
gözlədiyim o ecazkarlıqda
var olmağın, vüsala
yetişməyin şirinliyini
dərk etdim. Bu hissin gücündə inam və dinclik
tapdım.
Şəfqət və qayğı
ilə üzərimdə
gəzən əllərin,
nəvazişlə budağıma
toxunan barmaqların sehrinə qapıldım.
Bu zaman özümü qızılı
naxışlı dibçəyin
içində hiss etdim
- çoxdandır həsədlə
baxdığım, içi
dolu münbit torpaq - torf, kompost, digər məlzəmələr əlavə
edilmiş həmin o
yeni dibçəkdə. Ancaq
daha böyük, daha genişində.
Yeni görünüşüm, yeni dibçəyim mənə
necə də yaraşırdı. Artıq
pəncərənin qarşısındakı
o dar guşədə
deyildim. Həyat - günəşimin şəfəqləri
altında, al-əlvan
güllərin əhatəsində
dilədiyim bağçanın
göz oxşayan bəzəyinə çevrilmişdim.
Yeni gül də buradadır. Lakin artıq
yeni deyil. Yeni dibçək
gülü arzularımın
işığı ilə
köksümdə can verdiyim,
qoruyaraq gül-bağçama
bəxş etdiyim, zoğumdan əkilmiş canparçamdı artıq,
böyük inamımın,
sönməyən ümidlərimin
sonsuz cənnətini yaradan kiçik bir parçam.
Nəzakət Quluqızı
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.29.