Hekayələr
İrsi kövrəklik
Vaqiflə xeyli vaxtdır yoldaşlıq edirik. Az qala əli dizinə
çatan, yeriyəndə yolu sağa-sola basan bu nəhəng
kişinin kövrəkliyini görəndə mat qalıram.
Birdən onu qayğılı görüb səbəbini
soruşanda deyir ki, qardaşım İldırım bir az
naxoşdur və yaxud bacımın inəyi
qısırdı. Gərək sabah gedim ona bir inək
alım. Bunları danışanda iri gözləri dolur.
İstər-istəməz sən də onun yanında kövrəlirsən.
O, hər hansı bir adi hadisəyə tez kövrəlir. Hətta
televizorda gördüyünə, efirdə eşitdiyinə də.
Ona deyirəm ki:
- Ay Vaqif,
sən həddən artıq kövrəksən...
Deyir ki,
neyləyim, bu bizdə
irsidir. Atam rəhmətlik də belə idi. Süfrə
arxasında yemək yeyəndə bir də baxırdım ki,
dayandı, gözlərindən yaş gəlir. Deyirdim:
- Ay ata, nə oldu, niyə
ağlayırsan?
Cavab verirdi ki:
- Görəsən, Nurəddinin
qızlarını alan olacaqmı?
- Niyə alan olmur ki, ay ata? - deyə, maraqlanırdım.
Deyirdi
ki:
- Bir az kifirdilər, buna görə
narahatam.
Mən isə ona belə
deyirdim:
- Ay ata, onlar hələ
uşaqdırlar. Gördüyün o üç qız
böyüyüb elə gözəl-göycək, mərifətli
olacaqlar ki, oğlanlar onlar üçün rəqabətə
girəcəklər.
Atam sözlərimdən sevinir,
eyni açılırdı, sonra da ah
çəkib:
- Allah bəxtlərini yaxşı
versin! - deyirdi.
Ondan soruşdum:
- Vaqif, Nurəddinlə atanın qohumluğu vardı?
Vaqif cavab verdi ki:
- Yox, heç bir qohumluğumuz yoxuydu. O, atamın dostu idi.
Allah qismət elədi atam o qızların üçünün də
toylarını gördü. Həmin günlər kişi yenə
də kövrəlmişdi. Ancaq onun bu dəfə titrəyən
xəfif dodaqlarında təbəssüm, gözlərində
sevinc vardı. Çöhrəsindən nur
tökülürdü...
Qonaq
otağı
İndi
yadıma düşəndə fikirləşirəm ki, ailəmiz
böyük olduğuna baxmayaraq, iki otaqda necə
yaşamışıq?! Hələ onu deyim ki, otaqlardan birinin
qapısı çox vaxt bağlı olardu. Səbəbini
soruşanda valideynlərimiz deyirdilər ki, bu, qonaq
otağıdır. Biz də oranı məbəd
sanırdıq.
Həmin
qonaq otağında iki ədəd yaylı çarpayı,
çarpayının üstündə təmiz
yorğan-döşək, bəzəkli örtük,
örtüyün üstündə fərqli formada dikinə,
yanları əllə basılmış yumşaq yastıq
olardı. Çarpayının altında şüşə
qablarda bir neçə növ mürəbbə, fəsildən
asılı olaraq seçilmiş bir neçə
qarpız-yemiş, görünən yerdən, əsasən
qapı-pəncərənin haşiyələrindən,
saplaqlarından asılmış, görünüşü
yaxşı olan üç-dörd heyva, nar olardı ki, onlar
da gəlməsi ehtimal olunan qonaqlar üçün
saxlanılardı.
Qonaq otağının baş tərəfindəki divardan asılmış
xalı, xalının üzərindəki tikmədə
ağ sapla toxunmuş dimdik-dimdiyə iki göyərçin
quşu təsvir olunmuşdu. Üzərində döşəkçə,
mütəkkə olmaqla, döşəməyə palaz
salınmışdı. Otağın bir güncündə bəzəkli
sandıq da vardı. Anam sandığı açanda qəribə
və xoşagəlimli bir qoxu gələrdi.
Sandığın içində bir qutu çay,
bükülülərdə darçın, hil, mixək, bir
neçə kəllə qənd, olanda konfet, tapılsaydı
limon və sair olardı. Sözsüz ki, bunlar hamısı
qonaq üçün idi. Biz o otağın içərisini hərdən
görərdik, o da açılanda, pərdəsi yuyulanda,
havası, tozu təmizlənəndə. Qonağın gəlməyindən
asılı olmayaraq, bu işlər müntəzəm olaraq
görülərdi. O otaq bizə maraqlı,
nağıllı, bir az da sirli təsir
bağışlayardı.
Bir də qonaq otağında
divardan asılmış sarımtıl rəngli kəfkirli
divar saatı vardı. Otaq açılandan-açılana
saatın qıraqları - taxta haşiyəli şüşəli
qapağı açılır, metal açarı ilə
boşalmış yayını burub-bərkidilir,
dayanmış kəfkiri əllə hərəkətə gətirilirdi. Mənimçün maraqlı
olduğundan çox vaxt bu işi mən edirdim. Amma saatın
işləməsi üçün gərək bu iş hər
gün ediləydi. Qonaq otağı isə ayda bir neçə
dəfə açıldığından saat yatılı
qalırdı. İstisnaları nəzərə almasaq, orada nə
qonaq yatırdı, nə də biz. Orada ən çox yatan elə
saat olurdu. O vaxtdan məndə qəribə bir hiss
yaranmışdı. Əgər saatın əqrəbinə
baxıb vaxtı bilmirdinsə, daha bu nə saatdır?
Saatın yatması onun ölümü deməkdir.
İndi kəfkirli saatımız yadıma düşəndə ona
yazığım gəlir. Ona lazımi diqqət, qayğı
olmadı. Yayını burub, kəfkiri yellədib hərəkətə
gətirən olmadı. Gərək onu o vaxt yiyəsiz
qoymayaydıq. Ya onu gətirib yatdığımz otağın
divarından asaydıq, ya da biz gedib orda yataydıq. Nə bizi
qonaq otağına qoydular, nə də kəfkirli saatı
bizim otağa gətirdilər. Uşaq iradımızı,
şıltaqlığımızı bildirəndə isə
dedilər:
- Ora qonaq otağıdır. Hər
şey qonaq üçündür.
Biz də qonaq otağını
məbəd, qonağı müqəddəs bilib susduq.
Yazıq kəfkirli saat da qonaq gözləyə-gözləyə
əbədi susdu...
Bir dəfə anama dedim ki, qonaq otağını açın,
yarımız orda yataq. Qonaq gələrsə, gəlsin də.
Lap yaxşı, xoş gəlib, səfa gətirər.
İşdi-şayəd, əgər qonaq gələrsə, o
zaman onun otağından tez çıxıb qaçarıq
öz otağımıza.
Anam məni təbəssümlə və diqqətlə dinləyib, bir anlıq mənə baxdı. Düşündüm ki, yəqin dediyimlə razılaşdı. Lakin bir az sonra sifətindəki təbəssüm yoxa çıxdı və o, fikrə getdi. Deyəsən, anamı çətinliyə salmışdım. Sonra ürəyimdə dedim ki, nə vaxt bizə qonaq gəlsə ona deyəcəyəm ki, icazə verin siz olmayanda sizin otağınızda yataq. Bilmirəm, bəlkə də o razılaşmayacaqdı mənimlə. Hər halda, qonaq gələrsə mütləq bunu ona deyəcəkdim. İnsandır də, yəqin bizim hamımızın bir otaqda yeməyimiz, dərs hazırlamağımız, yatmağımızın çətinliyini qonaq da başa düşərdi. Çox təəssüf ki, ürəyimdəkiləri qonağa deyə bilmədim. Axı, necə deyəydim? Qonaq bizə gəlib çıxmadı ki, çıxmadı. Biz də qapısından daimi qıfıl asılmış qonaq otağına həsrətlə baxa-baxa birotaqlı evdə yaşayıb boya-başa çatdıq. Ayrı-ayrı ev-eşik sahibləri olduq...
Nəriman FƏRMAN
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.31.