Kor qadın
Yad adam:
Qorxu vermir sənə bunları danışmaq?
Kor qadın:
Yox.
Uzaqda qalıb artıq. Başqası idi o.
O vaxtlar görürdü, baxırdı və qışqırırdı.
Sonra
öldü.
Yad adam:
Ölümü çətin oldu?
Kor qadın:
Ölmək zülmdür bilməyənlərə.
Güclü olmaq lazımdır,
yad biri ölsə də.
Yad adam:
Yad idi o qadın sənə?
Kor qadın:
Belə
deyək: yadlaşdı.
Ölüm ananı da balasına
yadlaşdırır. -
Amma qorxunc idi ilk günlərdə,
bütün bədənim yara
içində.
Hər şeydən güc alıb yetkinləşən
dünya
kökündən qoparılıb atılmışdı
içimdən
ürəyimlə bir yerdə (mənə elə gəlirdi),
bellənmiş torpaq kimi eləcə
uzanıb
qalmışdım və
içirdim ölü
gözlərimdən
dayanmadan
və səssiz axan göz yaşlarımı,
Tanrı
öləndə bomboş
göyüzündən
buludların tökülməsi kimi
yağan
soyuq yağışları içirdim.
Eşitmək qabiliyyətim isə
böyümüşdü və açıq idi hər şeyə.
Eşidilməsi mümkün olmayan
şeyləri eşidirdim:
Saçımın üstündən axıb
gedən zamanı,
incə
qədəhlərdə əks-səda
verən səssizliyi
-
və
hiss edirdim: əllərimin
lap yanında
solmaqda idi böyük, bəyaz bir çiçək.
Və fikirləşirdim: gecə
və gecəni fikirləşəndə
bir gün qədər böyüyəcək
bir işıq qığılcımı
görəndə inanırdım
və
buna da inanırdım ki,
çoxdandır ovcumda tutduğum
bir sabaha doğru yola çıxmışam.
Anamı
oyadırdım yuxu
bütün ağırlığıyla üzümdən düşəndə.
Anama deyirdim: "Ana, gəl bura. İşığı
yandır!"
Və qulaq asırdım. Uzun-uzadı sükut
və daşa döndüyünü
hiss edirdim
balışlarımın - sonra, sanki nəyinsə
parıldadığını hiss edirdim:
Anam acı-acı ağlayırdı,
indi unutmaq istəyirəm həmin anı.
İşığı yandır! İşığı yandır!
Yuxuda qışqırırdım çox
vaxt:
Otaq aşdı üstümə.
Qaldır onu
üzümdən və üstümdən.
Qaldırmalısan, lap yuxarı qaldırmalısan,
onu yenə ulduzların yanına göndərməlisən;
belə
yaşaya bilmərəm
- göy üzü üstümdə.
Ana, səninlə danışıram?
Yoxsa,
bir başqası ilə? Kimdir arxandakı?
Kim var pərdənin arxasında?
- Qışdır?
Ana, fırtınadır? Ana, gecədir?
Cavab ver!
Bəlkə gündüzdür?!..
Gündüz.
Mənsiz?
Günəş necə
çıxır mənsiz?
Əskikliyimi hiss etmirsinizmi heç
biriniz?
Heç
kim axtarmırmı məni?
Tamamilə unudulmuşammı?
Biz?.. Sən oradasan axı;
hər şeyin var, elə deyil?
Üzünün ətrafındakı hər şeyin məqsədi
o üzü yumşaltmaqdır.
Gözlərin dincələndə
istədikləri qədər yorğun
olsunlar,
açıla bilərlər yeni bir
zamana.
Mənimkilər isə susmağa
məhkum.
Rəngini itirəcək güllərim.
Donacaq güzgülərim.
Sətirləri silinəcək kitablarımın.
Quşlarım küçələrdə uçanda
yad pəncərələrə çırpılıb
yaralanacaq.
Artıq
heç nə qalmadı məndən asılı.
Tamamilə tərk edildim -
bir adayam indi.
Yad adam:
Mən də dənizdən gəlmişəm.
Kor qadın:
Necə?
Adaya... gəlmisən?
Yad adam:
Qayıqdayam hələ,
Ehtiyatla
yaxınlaşdım
sənə. Yellənir qayıq.
Sahilə
tərəf əsir bayrağı.
Kor qadın:
Bir adayam mən və tənhayam.
Çox
da varlıyam -
Əvvəllər, işlənməkdən köhnəlmiş
yollar varkən hələ:
mən də əzab çəkirdim.
Hər şey çıxıb getdi ürəyimdən,
əvvəl-əvvəl bilmədim hara;
amma sonra hamısını orada tapdım,
bütün duyğular - məni
mən edən nə varsa,
yığışmışdı, bir-birini
itələyib qışqırışırdılar
tərpənməyən, divara dönmüş
gözlərin qabağında.
Aldadılmış hisslərim, hamısı bir yerdə...
Bilmirəm, neçə il elə
dayandılar,
amma mən onların geri qayıtdıqları və
artıq
heç kimi tanımadıqları
həftələri bilirəm.
Sonra bağlandı gözlərə
gedən yol.
Artıq
onu bilmirəm.
İndi hər şey dolanır içimdə,
özündən əmin və qorxusuz, sağalan
xəstələr kimi dolanır hisslər,
gəzintinin ləzzətinə dalıblar
bədənimin qaranlıq evində.
Bəziləri başını qatır
xatirələrimi oxumaqla:
cavanlar isə bayıra baxır eləcə.
Çünki sərhədlərimə çatdıqları yerdə
şüşəyə dönür paltarlarım.
Alnım
görür indi, əlim
şeir
oxuyur başqa əllərdə.
Ayaqlarım danışır üstünə
çıxdığı daşlarla,
səsimi
quşlar götürüb
aparır
hər günün divarlarından
o tərəfə.
Artıq
heç nəyin yoxluğunu hiss etmirəm,
rənglərin hamısı çevrilib
səslərin və qoxuların
dilinə.
Və hamısı olduqca gözəl görünür
səsə çevriləndə.
Nə edirəm artıq kitabları?
Külək ağacların səhifələrini
çevirir bir-bir;
və bilirəm orada hansı sözlərin yazıldığını,
hərdən təkrarlayıram onları
səssizcə.
Və gözləri çiçək
kimi solduran ölüm
tapa bilmir mənim gözlərimi...
Yad adam (yavaşdan):
Bilirəm...
Rayner
Maria Rilke
Tərcümə: Həmid
PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 31 yanvar, №4.- S.31.