"Əli Tudə Vətəndə
mühacir ömrü yaşadı"
Tanınmış
şair Əli Tudənin oğlu Natiq Cavadzadə ilə
müsahibə
Mən
öz qardaşıma mehman gələndə
Bir qələm,
bir dəftər, bir can gətirdim.
Dağların
döşünü toplar dələndə
Bir ləkə
düşməyən vicdan gətirdim.
Bu misralar
görkəmli şairimiz Əli Tudənin poetik manifestidir, desəm,
yanılmaram. O taylı-bu taylı Azərbaycanın mübariz
şairi Əli Tudə nisgilli, həsrətli bir ömür
yaşadı. Həyatın amansız gərdişi onun
taleyində silinməz iz qoymuşdur. Şair 1924-cü ildə
Bakıda dünyaya göz açmış, 1938-ci ildə Cənubi
Azərbaycana sürgün edilmiş, 1946-cı ildə isə
yenidən Bakıya pənah gətirmişdir. O zamandan
başlayaraq, Əli Tudə bir insan və yaradıcı şəxs
kimi, belə demək mümkünsə,
özü-özünü yaratmış, özü öz
taleyini yazmış, Azərbaycanın sevilən şairlərindən
birinə çevrilmişdir.
Əli
Tudənin ömür və yaradıcılıq yoluna nəzər
salmaq üçün şairin övladı Natiq Cavadzadə
ilə görüşüb söhbətləşdik. Həmin
söhbəti "Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim edirik.
- Natiq
müəllim, siz Əli Tudənin ailəsində
böyüyüb boya-başa çatmısınız. Onu
hamıdan yaxşı siz tanıyırdınız. Gəlin,
şairin ömür tarixçəsinin lap əvvəlindən
başlayaq. Bilirik ki, Əli Tudə Bakıda dünyaya gəlib.
Bəs necə oldu ki, sonradan onu Cənubi Azərbaycana
sürgün etdilər?
- Bu barədə
atam özünün xatirələrində yazıb. Beş
cilddən ibarət olan bu memuarı mən öz vəsaitim
hesabına çap etmişəm. O cildlərdə atamın
bütün həyatı öz əksini tapıb. Onun ən
böyük nailiyyəti odur ki, xatirələrini qələmə
alıb. Bəzən anam onu qınayırdı ki, niyə
özünü yorursan, axı bu xatirələr kimə
lazımdır, bunları kim çap etdirəcək? Atamsa deyirdi
ki, yox, bunlar mütləq yazılmalıdır. Nə vaxtsa
çap olunacaq. Mən bir övlad kimi qarşıma məqsəd
qoydum ki, bunları mütləq çap etdirim. Mən
olmasaydım, bu xatirələr itib-batacaqdı. Atam bu
memuarın adını "Öz gözlərimlə"
qoymaq fikrində idi. Fikirləşdim ki, axı atam Cənubda
1945-46-cı il hadisələrinin kənar müşahidəçisi
olmayıb, fəal iştirakçılarından biri olub. Təbrizdə
filarmoniyanı yaradıb və ona rəhbərlik edib.
Mahal-mahal, kəndbəkənd gəzərək istedadları
bu böyük mədəniyyət ocağına cəlb edib.
Bu, xırda məsələ deyil. Təbriz
filarmoniyasının yaradılması Pişəvərinin ən
böyük arzularından biri idi. O, yaxşı başa
düşürdü ki, istiqlaliyyət uğrunda mübarizə
aparan xalqın ən mükəmməl, ən qüdrətli
silahı onun doğma dili, mədəniyyəti və incəsənətidir.
1946-cı il sentyabrın 3-də Filarmoniyanın
açılışında Seyid Cəfər Pişəvəri
parlaq çıxış edib. Orda xalq azadlığa
çıxandan bəri öz dilində danışan
radiostansiya yaratmış, darülfünun açmış,
teatr təsis etmişdi. Pişəvəri bu barədə məlumat
verərək, gələcəkdə görüləcək
işlərdən danışıb. Atam bütün
bunları təfsilatı ilə xatirələrində qələmə
alıb. Söz sözü çəkdi, bir qədər irəli
getdim. Onun tərcümeyi-halı o qədər keşməkeşlidir
ki, bilmirsən hardan başlayıb, harda qurtarasan. Atamın
öz misraları yadıma düşür:
Dost! Tərcümeyi-hal
soruşma məndən,
Sanma
sevinclərim, əzablarımdır.
Tərcümeyi-halım,
nə danım səndən,
İrili-xırdalı
kitablarımdır...
O ki,
qaldı atamın Bakıdan Cənubi Azərbaycana
sürgün edilməsinə, bunun uzun tarixçəsi var.
Bizim əslimiz Ərdəbilin Çanaxbulaq kəndindəndir.
Çanaxbulaq kəndi Savalan dağının ətəyində
yerləşir. Əli Tudənin atası və anası o vaxt
Bakıya üz tutublar, burda məskunlaşıblar. Əli Tudə
1924-cü ildə Bakıda anadan olub. 1 yaşında olarkən
atası, 5 yaşında olarkən isə anası
dünyasını dəyişib və o, nənəsi Qəribin
himayəsində böyüyüb. Nənəsinin adına
fikir verin, Qərib. Çox qəribədir, sanki qəriblik
bütün mənalarda atamın taleyinə
yazılıbmış. Bir zamanlar özü belə
yazmışdı:
Dəhşətdir,
sevincin sevincə həsrət,
Qapını
döyməyə vaxtı olmaya.
Sən
baxta sığınıb qalasan, ancaq
Baxtın
özünün də baxtı olmaya.
150
saylı orta məktəbdə oxuyub, özü də ictimai
xadim Şıxəli Qurbanovla bir sinifdə.
Danışırdı ki, Şıxəli şeirlər
yazırdı, mən onun şeirlərini redaktə edirdim.
Atam bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində
Xalq şairi Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat
dərnəyinin fəal üzvü olub. O dərnəyə
sonralar İsmayıl Soltan rəhbərlik edib. Balaş Azəroğlu,
Bəxtiyar Vahabzadə, Teymur Elçin, Hüseyn Abbaszadə də
həmin dərnəyə gəlib-gedirmiş. Atamın xatirələrində
bu barədə geniş yazılıb. Artıq 13
yaşında ikən ilk şeirləri Heydər Rzazadə
imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində
çap olunub, radioda səslənib. Belə demək
mümkünsə, atam 13 yaşında ədəbiyyata gəlib.
1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr
etdiyi almanaxda da şeirləri dərc edilib. Çox-çox
illər sonra atam Təbrizdən Bakıya qayıdanda Xalq
yazıçısı Hüseyn Abbaszadə həmin
almanaxı üstünü yazaraq atama
bağışlayıb.
-
Əli Tudə ilk şeirlərini niyə Heydər Rzazadə
imzasıyla dərc etdirmişdi?
- Mənim
babam o zaman İrandan Bakıya Əbdül Rzazadə adıyla
gəlib. Əbdül Rzazadə İrandan Bakıya tez-tez gəlib-gedirmiş.
Babam da öz həmkəndlisinin pasportundan istifadə edib.
Çünki o vaxtlar hər adamın pasportu yox idi. Sonra
Bakıda övladı olanda doğum şəhadətnaməsi
verilərkən soruşublar ki, uşağın adını
nə qoyursunuz? Kişi öz rəhmətə getmiş cavan
qardaşı Mirzə Hüseynin adını övladına
vermək istəyirmiş, lakin qardaşının həyatdan
nakam getməsindən qəhərlənən kişi tutulur.
Ondan bir də soruşanda ki, bəs uşağın
adını nə yazaq? İlk ağlına gələn Heydər
adı olub. Deyib ki, Heydər. Sənəddə atamın
adı Heydər Rzazadə kimi gedib. Amma evdə onu Əli deyə
çağırıblar. Sonralar İrana sürgün olunur,
orda ulu babamız Cavadın adını soyad kimi
götürür, Cavadzadə Əli Qulu oğlu olur. Daha sonra
isə 1944-cü ildə Ərdəbildə İran Xalq
Partiyasının sıralarına daxil olanda ona Tudə təxəllüsünü
veriblər. Tudə sözünün mənası xalq deməkdir.
Atam gənc yaşlarından xalqın, Vətənin taleyindən
yazdığı üçün bu təxəllüsü ona
veriblər. Beləcə, olub Əlu Tudə.
Qayıdıram
sözümün əvvəlinə. 1938-ci il repressiyaları
zamanı 7-ci sinifdə oxuyarkən nənəsi ilə birlikdə
İrana sürgün edilib; Cənubi Azərbaycan mənşəli
olduğuna görə. Təhsili yarımçıq
qalıb. İranda təsərrüfat işləriylə, fəhləliklə
məşğul olub. Miyanə-Zəncan Dəmir yolunun çəkilişində,
sonra isə Astara-Ənzəli şossesinin çəkilməsində
iştirak edib. Kənddən o işə on üç nəfər
gedibmişlər, cəmi iki nəfər sağ qalıb, o
sağ qalanlardan biri də atam olub. Görün, nə qədər
ağır bir iş olub ki, on bir nəfər həyatını
itirib. Həyatının o ağır illəri haqqında belə
yazıb:
Hələ
ayaq açmamış yetim qaldım dünyada,
Gəncliyimdə
dövrəmə nəzər saldım dünyada,
Təəssüf
ki, nə arxa, nə də ki kömək tapdım,
Yaxşı
ki, zəhmətimlə bir parça çörək tapdım.
Elə o
dövrlərdə də Cənubi Azərbaycanda başlanan
azadlıq hərəkatına qoşulub. O vaxt hələ on səkkiz
yaşı vardı. Şeirləriylə xalqı mübarizəyə
səsləyirdi. Milli hökumətin qurulmasında onun
poeziyası çox böyük rol oynayıb. Bu şeirlər
insanlarda milli ruhun oyanmasına xidmət edirdi. Bu, az iş
deyildi. Təkcə qələmlə deyil, silahla da
döyüşürdü. Özünün dediyinə
görə, iki tapançası var imiş.
Danışırdı ki, mən yük
maşınlarının üstünə çıxıb
şeir oxuyurdum, xalqı mübarizəyə səsləyirdim,
görürdüm ki, damların üstündən tüfənglərin
lüləsi mənə tuşlanıb, hər an öldürə
bilərdilər. Atam dəfələrlə belə təhlükələrlə
üz-üzə qalıb. Söhrab Tahir yazır ki, Əli Tudə
bu taya keçəndə geyimindən barıt qoxusu gəlirdi.
O, sözün əsl mənasında, fədai idi, səngər
şairi idi. İnqilab onun taleyinə yazılmışdı.
Milli
hökumət yaranandan sonra atam Təbrizdə Maarif Nazirliyində
tədris şöbəsinin müdiri işləyir. "Ana
dili" kitabının tərtibi və çap olunmasında
xüsusi rol oynayır. Atam hələ iyirmi yaşında
öz məramını bəyan etmişdi:
Nə qədər
döyüş var, mübarizə var,
Bayrağım
Vətəndir, silahım qələm.
Ümumiyyətlə,
Əli Tudə taleyini öz poeziyasına
köçürüb. Onu tanımaq istəyən şeirlərini
oxusun, onun həyatı poeziyasında öz əksini tapıb.
Necə ki, özü deyir:
Cürətəm,
hünərəm, andam, dözüməm,
Kim
görmək istəsə yaxından məni,
Şeirimi
oxusun! Şeirim özüməm!
Bir
sözlə, yaradıcılığı onun haqqında hər
şeyi danışır. Amma çox təəssüf ki,
Əli Tudəni bir şair kimi yaxşı tanımırlar.
Onun yaradıcılığına bələd deyillər.
Bunlar məni narahat edir. Atamın
yaradıcılığı aşkar xəzinə deyil, gizli
dəfinədir. O, kəşf olunmalıdır. Hələ
onun yaradıcılığı dərindən
araşdırılmayıb, öyrənilməyib.
- Bayaq
filarmoniyadan danışdınız. Deyilənə görə,
bizim sevilən sənətkarımız Rübabə Muradova
ilk dəfə məhz həmin filarmoniyada səhnəyə
çıxıb.
- Atam
danışırdı ki, mən filarmoniyanın müdiri
idim. Bir gün mənə dedilər ki, Ərdəbildə bir
çatmaqaş qız var - Rübabə İşraqi. Molla Xəlilin
qızıdır. Bir gözəl səsi var ki, hamı onun səsinə
heyran olur. Dedim, mütləq o qızı dəvət edin,
bizim filarmoniyada çıxışlar eləsin. Belə olur
ki, Milli Hökumət süqut edir, atam Rübabə ilə
görüşə bilmir. Onlar çox sonralar Bakıda
tanış olurlar. Atamın Rübabə Muradovaya həsr
etdiyi "Doğma səs" poeması, "Rübabəsiz
günlər" adlı yazısı da var.
- Deyilənə
görə, Milli Hökumət süqut edəndən sonra
şah Əli Tudənin tutulduğu anda məhkəməsiz qətlə
yetirilməsi barədə fərman veribmiş.
- Tamamilə
doğrudur. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli
Hökuməti Pəhləvi hakimiyyəti beşikdəcə
boğdu. Əli Tudənin şeirlər kitabı mətbəədəcə
yandırıldı. Atam Vətəndən Vətənə
mühacirət etmək məcburiyyətində qaldı. Onun ən
böyük dərdi ikiyə bölünmüş vətənin
dərdi idi. Bu ağrı, bu nisgil onun
yaradıcılığından ana xətt kimi keçir.
Əli Tudə bütün həyatı boyu Azərbaycanın
birliyi uğrunda qələmiylə döyüşdü. Vətənin
iki yerə parçalanmasını öz şəxsi taleyində
yaşamışdı. O, çəkdiyi iztirabları
heç vaxt büruzə verməzdi, dərdini içində
çəkirdi. Bir də bu ağrını şeirlərində,
poemalarında ifadə edirdi. Onu yaşadan qələmi idi,
ürəyini vərəqlərə boşaldırdı,
yüngülləşirdi.
- Məşhur
"Mən nə gətirdim" şeirini 1946-cı il
dekabrın 12-də sərhəddə yazmışdı.
Özünün dediyinə görə, əslində, nə
qələmi, nə də dəftəri varmış.
Şeiri yaddaşında qoruyub saxlayıb, sonra kağıza
köçürüb.
- Elədir.
Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk
nümunəsi olan, o taydan gələn
qardaş-bacılarımızın manifestinə, həyat məramına
dönən bu şeir tez bir zamanda dillər əzbərinə
çevrildi.
-
Əli Tudə Milli hökumətin süqutundan sonra Bakıya
gəlib. Burada onun heç kəsi yox idi. Bəs özünə
necə gün-güzəran qurub?
-
Bilirsiniz ki, atamın bacı-qardaşı olmayıb. Valideynlərini
də hələ uşaq ikən itirmişdi. Tale onunla
çox amansızcasına davranıb. Üstəlik, əlli
il siyasi mühacir ömrü yaşayıb.
Bütün
dünya görür ki,
Yarım əsrə
yaxındır
Mən
xalqımın içində
Siyasi
mühacirəm.
Bəli!
Sakin deyiləm,
Hələ
də müsafirəm.
Atamın
belə məşəqqətli və iztirablı həyatı
qələm dostlarını da məyus edirdi. Onlar da atamın
bu vəziyyətinə ürəkdən yanırdılar.
Süleyman Rüstəm, Mirvarid Dilbazi, Qılman İlkin, Məmməd
Araz, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə,
Qabil, Əliağa Kürçaylı, Hökümə
Billuri atama şeirlər və yazılar həsr etmişdilər.
-
Bildiyim qədərilə, Əli Tudə ömrünün
sonuna qədər sovet pasportunu qəbul etmədi.
- Bəli.
Bu onun əqidəsinə zidd idi. Elə buna görə də
Əli Tudə o taylı-bu taylı Azərbaycanın
böyük şairi olmağına baxmayaraq titullardan, fəxri
adlardan kənarda qaldı. Azərbaycan öz müstəqilliyini
bərpa etdikdən sonra atam buranın da vətəndaşlığını
almadı. Dedi ki, bu mənim məsləyimə zidd olar. Mən
bütöv Azərbaycanın şairiyəm. Elə buna
görə də sərhədlər açılandan sonra o
taydan atama dəvət gəlsə də, o, Ərdəbilə,
Təbrizə gedə bilmədi. O, "Salam, Təbriz"
şeirini yazmağı arzulayırdı. Bu ona qismət
olmadı. Atam xalq tərəfindən sevilən bir şair
idi. Mən hara gedirəmsə, atamın şeirlərini mənə
əzbər deyirlər. Bax, əsl xalq məhəbbəti
budur. Bu mənada, atam xoşbəxt insan idi. Atam yazırdı
ki:
O,
qaldırsın deyə bükük belini
Başından
keçmədi yetən yolunda.
Kimi
ayağını, kimi əlini,
Mən
başımı qoydum Vətən yolunda!
Hansını
deyim? Atamın bütün şeirləri bu ruhdadır. Bir
şeirində də belə deyir:
Kiminin mənasız
baxan gözündə
Torpaqdır
Vətənim, daşdır Vətənim.
Özgəni
bilmirəm, dünya üzündə
Mənimçin
gözümdə yaşdır Vətənim.
1946-cı
ildə atam Bakıya gəlir, "Ədəbiyyat qəzeti"ndə
ədəbi işçi kimi fəaliyyətə
başlayır. Sonra təhsil alması üçün imkan
yaranır, Bakı Dövlət Universitetinin filologiya fakültəsində
təhsil alır. Sonra ona İçərişəhərdə
birotaqlı ev verirlər. Atam yaraşıqlı, boy-buxunlu
kişi olub. Şair Atif Zeynallının həyat
yoldaşı "Gənclik" nəşriyyatında
çalışırdı. Bir dəfə mənim
yanımda ona dedi ki, Əli müəllim, o vaxt siz universitetin
dəhlizlərindən keçəndə bütün
qızlar çevrilib sizə baxırdı. Sonralar bunu mən
bir neçə nəfərdən də eşitdim.
Əli
Tudə universiteti fərqlənmə diplomu ilə bitirdikdən
sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor,
"Azərbaycan" qəzetində (Azərbaycan Demokratik
Firqəsinin orqanı) ədəbi şöbə müdiri
kimi çalışır. Sonra bütün həyatını
bədii yaradıcılığa həsr edir. Zəngin ədəbi
irs qoyub gedib. Onun belə məhsuldar işləməsində
mənim anamın böyük xidmətləri olub. Anam onu
bütün qayğılardan qoruyurdu. Onun
yazılarının ilk oxucusu və gözəl məsləhətçisi
idi.
- Əli
Tudə o tayda qalmış qohumları ilə əlaqə
yarada bilmişdimi?
- Uzun
müddət qohumlarla əlaqəsi olmayıb. Amma
xatırlayıram, mən uşaq idim, bir gün xalasından
bir məktub aldı. O məktubu oxuyanda gözlərinin
dolduğunu xatırlayıram. O, çox möhkəm adam idi.
Dağ
dözə bilməyən dərdə dözmüşəm,
Həm də
doğulduğum yerdə dözmüşəm.
Bəli,
arxalanıb mərdə, dözmüşəm,
Gör
necə insanam, leysan, a leysan.
Bir
gün də İrandan atamın əmisi oğlu Hacı
Cavadın zəngi gəldi. Atam onunla danışdı. Cavad
atama dedi ki, ürəyin nə istəyir, sənə burdan
yollayım. Atam çox gözütox adam idi. Dedi ki, heç
nə lazım deyil. Hacı Cavad israr edərək dedi ki, mənim
imkanım hər şeyə çatır, utanma de. Nə istəyirsən,
göndərim. Atam dedi ki, mənim ürəyim istəyəni
göndərə bilməzsən. Əmisi oğlu dedi: - O nədir
elə? Atam: - O Vətəndir...
- Bu
binaya Yazıçıların binası deyirlər;
keçmiş Vaqif küçəsi. İndi Həsən
Seyidbəyli küçəsi adlanır. Əli müəllim
kimlərlə qonşuluq edirdi, kimlər onun evinin
qonağı olurdu?
-
Qılman İlkin, Əbülhəsən, İslam Səfərli,
Əlfi Qasımov, Nəriman Həsənzadə, Cabir Novruz,
Süleyman Vəliyev, Yusif Əzimzadə, Vidadi Babanlı, Seyfəddin
Dağlı, Əfqan, Yusif Səmədoğlu, Anar, Elçin
və başqaları bu binada yaşayırdılar. Bizim evimiz
həmişə qonaq-qaralı olub. Atam siyasi mühacir
olduğundan onu heç yerə buraxmırdılar. Hətta Azərbaycanın
sərhəd rayonlarına belə getmək üçün
icazə almalı idi. Avropadan və başqa ölkələrdə
yaşayan, Cənubi Azərbaycandan olan tanınmış
ziyalılar, ictimai xadimlər, yazıçı və
şairlər Bakıya gələndə mütləq onunla
görüşürdülər. Səhənd, Sönməz,
Cavad Heyət, Şəhriyarın oğlu Hadi bizim evdə
olublar. Onların atamla söhbətlərini
xatırlayıram. Hər birinin atama o taylı-bu taylı Azərbaycanın
sevilən şairi kimi böyük sayğısı, hörməti
vardı. Atam çox məğrur adam idi.
Mən
lovğa yox, məğrurdum,
Qapılar
döyməyirdim.
Heç
özüm-özümə də
Başımı
əyməyirdim.
Əyilməz
idi.
Sanki bir
zirvəymişəm,
Bir insan
deyilmişəm.
Mən
yalnız torpağımı
Öpəndə
əyilmişəm.
Düz
danışan idi, mərd adam idi, sözü üzə deyərdi,
heç kimdən çəkinməzdi.
Mən
ağa ağ, qaraya
Qara dedim
dünyada.
Bəs
qazancım nə oldu,
Kötək
yedim dünyada.
Dedim nə
olsun Şərqi
Bəzəyir
Azərbaycan.
Doğranmış
bir bədənə
Bənzəyir
Azərbaycan.
Sadə,
xeyirxah idi. Bir çox cavanlara yaradıcılıqlarında
köməklik göstərərdi. Onlar haqqında qəzet və
jurnallarda yazılar yazardı, şeirlərini redaktə edərdi,
irəli getməsinə dəstək olardı. Bəzən hətta
özündən yaşca kiçik, cavan bir şairin qəzetdə
şeirini oxuyub bəyəndikdə, ona zəng edib ürəkdən
təbrik edərdi. İndi bir çox tanınmış,
adlı-sanlı, titullu şairlər onu özünə ustad,
müəllim sayırlar.
- Sovet
dövründə şairlər, yazıçılar yay
aylarını adətən, kurortlarda, yaradıcılıq
evlərində, ya da bağ evlərində keçirərdilər.
Əli müəllimin belə bir adəti vardımı?
- Xeyr, elə
yay aylarında da bu evdə işləyirdi. Atama Mərdəkanda
torpaq sahəsi vermişdilər. Amma heç ora getmədi.
Axırda dedi ki, mən ora gedib-gəlmirəm, kimin ehtiyacı
varsa, buranı ona verin. Siz indi belə bir adam təsəvvür
edirsiniz? Öz torpaq sahəsindən kim imtina edər? Atam
olduqca gözütox adam idi. Özünün şeiri var.
Deyir:
Bəxtiyarlıq
haqqında düşünsə də çox adam,
Dünyada
bəxtiyardır könlü, gözü tox adam.
- Əli
müəllimin yarımçıq, tamamlaya bilmədiyi əsəri
qalıbmı?
- Yox. Amma
bəzi poemalarında yarımçıq hissələr
vardı, mən onun vəfatından sonra bütün əlyazmalarını
oxudum və o hissələri birləşdirdim. Heç bir
yarımçıq əsəri qalmadı. Bütün
külliyyatını iyirmi cilddə çap etdirdim. Sizə
bir məsələni də deyim: Seyid Cəfər Pişəvərinin
ölümü ilə bağlı Azərbaycan mətbuatında
ilk yazını atam yazıb. O vaxta qədər bu mövzuda
heç kim yazmırdı, ehtiyat edirdilər. 80-ci illərin
axırlarında sovet hökuməti dağılmağa
doğru gedirdi, arxivlər yavaş-yavaş
açılırdı. Atam onda Pişəvərinin
ölümüylə bağlı geniş bir yazı
yazdı. Nəriman Həsənzadə o vaxt "Ədəbiyyat
və incəsənət" qəzetinin (indiki "Ədəbiyyat
qəzeti"nin) baş redaktoru idi, o yazını çap elədi.
Hələ də qorxu hissi insanların canından
çıxmamışdı. Təsəvvür edin, bir adam
atama zəng eləmədi. Ehtiyat edirdilər.
- Natiq
müəllim, Əli Tudə necə ata idi?
- Atam
demokratik adam idi, biz ailədə dörd uşaq olmuşuq:
üç bacı, bir qardaş. Bizə həmişə məsləhətlər
verərdi, çalışırdı ki, vətənə,
xalqa layiqli övladlar olaq. Bizim işimizə çox
qarışmazdı, bizə sərbəstlik, azadlıq
vermişdi. Bizimlə söhbət edərkən iki cümlədənbir
atalar sözündən istifadə edirdi, bununla da fikrini
möhürləyirdi. O, çox qayğıkeş, mehriban
ata idi. Mən həmişə fəxr etmişəm ki,
Əli Tudənin oğluyam.
- Maraqlı
söhbət üçün sizə təşəkkür
edirəm.
-
Çox sağ olun. Mən də sizə təşəkkür
edirəm.
Söhbətləşdi:
Kənan HACI
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, №7.- S.12-13.