Mehdi Hüseyn qayğıkeşliyi

 

Qədim Çində keçmişlərdə ölənlərə "qayıdanlar" deyərmişlər. Bu qayıdanlardan biri də Azərbaycanın xalq yazıçısı Mehdi Hüseyndir.

Çünki o, həyatıyla, sənətiylə, şəxsiyyətiylə, ləyaqətiylə, qətiyyətiylə əbədiyyət yolçusu olmuşdur. Mehdi Hüseynin sənətindən, onun qələminin qüdrətindən danışanda öncə bircə fakta xüsusi diqqət yetirilməlidir. O yaşadığı dövrdə Azərbaycan ədəbiyyatının beşiyi başında dayanmış, bütöv bir ədəbi nəslin tərbiyəsində mühüm rol oynamışdır. Həmin ədəbi qüvvələr sırasında xalq yazıçıları İsmayıl Şıxlının və İsa Muğannanın adlarını xatırlatmaq kifayətdir ki, Mehdi Hüseynin kim olduğunu, hansı ustad qüdrətinə malik olduğunu dərk edəsən.

Hər iki sənətkar öz ustadının ümidini doğrultmuş, böyük ədəbi simaya çevrilmiş, Mehdi Hüseynin layiqli davamçıları olmuşlar.

Mehdi Hüseyn xalqımızın böyük, unudulmaz sənətkarıdır. O, həm böyük yazıçı, həm qüdrətli dramaturq və tənqidçidir. Öz prinsipiallığı, cəsarəti və qorxmazlığı ilə daima ədəbiyyatımızın keşiyini çəkmişdir. Özü də ilk gənclik illərindən.

Tərcümeyi-halına nəzər salanda bunu daha aydın görmək olur. Tərcümeyi-halına dair qısa arayış belədir:

Qazaxda doğulub - 1909-cu il martın 21-də, vəfat edib 1965-ci il martın 10-da.

Atası Əli Hüseynov görkəmli pedaqoq olub. Mehdi II Şıxlı məktəbində, Qazax seminariyasının Bakı Darülmüəllimində, nəhayət, APİ-nin tarix fakültəsində təhsil alıb.

21 yaşında 1930-cu ildə Azərbaycan Proletar Yazıçılar İttifaqının məsul katibi seçilib. Həmin il iki hekayələr kitabı çap edilib.

22 yaşında ədəbi tənqidi məqalələr toplusu - "Ədəbi döyüşlər" və "M.P.Vaqif" kitabı çapdan çıxıb.

İlk mətbu hekayəsi "Yun qırxımı"dır. 1927-ci ildə yazıb.

1937-38-ci illərdə Moskvada Ali ssenari kurslarında oxuyub.

Povestləri: "Daşqın", "Kin", "Fəryad"…

Romanları: "Tərlan", "Abşeron", "Qara daşlar", "Səhər", "Yeraltı çaylar dənizə axır…"

Dramları: "Nizami", "Şöhrət", "Şeyx Şamil", "Cavanşir", "Alov" və s.

Ssenariləri: "Şair", "Fətəli xan", "Səhər"…

1979-cu ildə İsmayıl Şıxlı və Zivər Hüseynovanın redaktorluğu ilə yazıçının on cildlik əsərləri çap olunub.

Müxtəlif vaxtlarda jurnal redaktoru, Yazıçılar Birliyinin I katibi işləyib. SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Xalq yazıçısı İsmayıl Şıxlı Mehdi Hüseynin həyat və yaradıcılığından dissertasiya müdafiə etmişdir. M.Hüseyn İ.Şıxlının yaradıcılığını, xüsusən, "Dəli Kür" romanını yüksək qiymətləndirmişdi.

İ.Şıxlı "Qranit kimi sərt" əsərində bunu belə xatırladır:

"Dəli Kür" jurnalda çap olunandan sonra Mehdi Hüseyn məni evinə çağırdı. Yazı stolunun arxasına keçdi, gözümə "Dəli Kür"ün çap olunduğu "Azərbaycan" jurnalı dəydi. Jurnalın arasından bozumtul bir zərf çıxartdı. Mənə verdi. Üstündə üçcə söz yazılmışdı. "İsmayıl Şıxlıya Mehdidən". Evdə oxuyarsan, - dedi.

Evə çatan kimi zərfi açdım. Vərəqin bircə üzündə aşağıdakı sözlər yazılmışdı: "Əzizim İsmayıl, "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım.

Əhsən! Bərəkallah! Son on ildə bizim ədəbiyyatımızda oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı".

Bu adi məktub deyildi. Bu böyük sənətkarın nə qədər qüdrətli, qayğıkeş, sərraf olduğunu göstərən məhək daşıdır.

Bəli, Mehdi Hüseynin sözü sözdü. Qiyməti daimilikdi! Qayğısı tükənməzdi, ələ düşməzdi. İsmayıl müəllim düz yazır ki, hamı onu sayırdı, ondan çəkinirdi, ondan öyrənirdi. On gündə on ilin kitablarını oxuyub araşdırırmış.

…Bir gün Mirzə İbrahimov Səməd Vurğunla Sahil parkına dincəlməyə gedəndə Səməd deyib:

- Bir gəl əvvəlcə gedək görək dünyada nə var, nə yox.

Və ordan Mehdigilə yollanıblar.

Yazıçının 9-cu cildinə yazılmış qeydlər hissəsində oxuyuruq:

"Həyatını Azərbaycan ədəbiyyatının yaranması və inkişafına həsr edən Mehdi Hüseyn 40 il ərzində nəsr, dram əsərləri ilə yanaşı, ədəbi-tənqidi məqalələri ilə oxucuların dərin hörmətini qazanmışdır. Dərin savadı, geniş erudisiyası və zəngin həyat təcrübəsi olan Mehdi Hüseynin ədəbi-bədii tənqidi yaradıcılığı, özünün döyüşkənliyi, mübarizliyi, məzmunlu olması, kəskinliyi və səmimiyyəti ilə səciyyələnir. Qələmə aldığı məqalələrdə mövqe aydınlığı, tutarlı dəlillərə əsaslanan güclü məntiq hökmran olsa da, bəzi iradlar, mübahisəli cəhətlər də nəzəri cəlb edir ki, bu da tamamilə qanunauyğun bir haldır".

Mehdi Hüseynin hər sözü, əsəri dərhal diqqəti cəlb edir, müzakirə olunur, mübahisə mövzusuna çevrilirdi.

"Abşeron" romanı çıxanda realist nəsrin qələbəsi kimi qiymətləndirildi.

O dövrün tənqidçiləri Mehdi Hüseynin baş qəhrəmanı Tahiri Balzakın qəhrəmanları ilə müqayisə edirdilər.

"Abşeron"u Venesuela yazıçısı Roman Şançesin "Neft" romanı ilə yanaşı tuturdular. Təsadüfi deyil ki, bu əsər dünyanın 30-dan çox dilinə tərcümə olunmuşdur. Səməd Vurğun əsəri oxuyub yazmışdı: "Abşeron" romanı öz həyatiliyi, həyatımızı düzgün əks etdirməsi ilə bizi sevindirir".

Fransız yazıçısı Lui Araqon deyirdi:

"Mehdi Hüseyn bütün biliyini və yaradıcılığını ədəbiyyatın vəzifələrindən ayırmayan bir sənətkardır".

Məhz bu cəhətlərinə görə xalqın sevgisini, etibarını qazanmışdı. Bu etibarın dayaq nöqtəsi yazıçı saflığı, insan amalı idi. İsa Muğanna xatırlayır ki, Mehdi Hüseyn əsl yazıçı xarakteri tərbiyələndirmişdi özündə. Əsl insan xarakteri tərbiyələndirmiş bir insan idi. Çalışırdı ki, yazıçılığı da bu uca məqsədə, insan yetirməyə tabe etsin.

"Fətəli xan" ssenarisindən misal gətirilən aşağıdakı parça M.Hüseyn amalının, ölməzliyinin, narahatlığının, müasirliyinin bariz nümunəsidir.

Qoca: - Xan sağ olsun, biz nə günah işlətdik ki, gözümüz mərhəmət savaşına dikilmişdi. Siz qəzəb eyvanına çıxdınız.

Fətəli xan: - Yox! Mən sizin qarşınıza qəzəb və mərhəmətlə çıxmamışam. Tələb və çağırışla çıxmışam. Bu hünər və fəaliyyət tələbidir. Düşmən yenə uzaqlarda qılınc itiləyir. Bizim qalxanlarımız isə hələ döyülməmişdir.

Yurdumuzu hədələyən fəlakətin ilk qurbanları - Təbriz qaçqınları Dərbənd hasarları dibində köç salıblar. Mən sizdən onlara mərhəmət tələb etmirəm. Mən sizə onlarla əl-ələ verib böyük işlərə şüru edin, deyirəm.

Və bu sözləri hamımız eşitməliyik. Ona görə bu sözlər, eləcə də bu tələb təkcə Mehdi Hüseynin, fətəli xanın deyil, Azərbaycanın, parça-parça olmuş vətənin tələbidir.

Mehdi Hüseyn məhz belə ağrılara vermişdi öz çiyinlərini. Onu Vətənin, xalqın, ədəbiyyatın böyük problemləri düşündürürdü. Yazıçı haqlı olaraq yazırdı:

"Kiçik fikir, xırda arzu, zəif ehtiras böyük şeri qanadlandıra bilməz.

Böyük ədəbi əsərlər yaradan sənətkarın ilk növbədə böyük fikirləri, hissləri və ehtirasları olmalıdır."

Xalq yazıçısı İsmayıl Şıxlının daha bir fikri Mehdi Hüseynin ədəbiyyatımızda tutduğu mövqeyi düzgün əks etdirir:

"Mehdi Hüseyn dərin nəzəri biliyə malik, həmişə ədəbi mübarizələrin mərkəzində dayanan, ədəbiyyatın məfkurə saflığı uğrunda vuruşan bir sənətkardır."

Belə bir sənətkar olduğu üçün də ümumxalq məhəbbəti qazanmışdır. Görkəmli yazıçı, dramaturq, tənqidçi, ən nəhayət, ictimai xadim kimi.

Mehdi Hüseyn ədəbi keçmişi dərindən və ciddi öyrənməyi tövsiyə edirdi. Saf vicdanla. Deyir ki, dünyada ən böyük cinayət vicdana ləkə salmaqdır. Çalışın ədəbi vicdanlara ləkə düşməsin.

Bəli, Mehdi Hüseyn ədəbiyyatın, sənətin, sözün bu günü, gələcəyi uğrunda səngərə atılırdı. Vuruşurdu, çarpışırdı, yorulurdu, geri çəkilmirdi. Nə edirdisə xalqından ötrü edirdi, bilirdi ki, xalq bu zəhməti, bu döyüşü qiymətləndirəcək.

"Şeyx Şamil" əsərində belə bir epizod var: Şamilin ən ağır məqamıdır. Oğlu Məhəmməd ağır yaralanır, çar qoşunu hücuma keçib. Xalq onu müdafiə edir. Şamil bunu görüb deyir:

- Sağ olsunlar! İndiyə kimi düz 20 il mən onlar üçün vuruşurdum, indi onlar mənim üçün vuruşurlar.

Vaxtilə Mehdi Hüseyn bu xalq üçün az əziyyət çəkməyib. İndi bu xalq, bu dövlət onun yubileyini böyük qədirbilənliklə keçirir. Uzaq səfərdən qayıtmış oğlunu qarşılayır, alqışlayır.

Bəli, Mehdi Hüseyn öləndən sonra dəfələrlə qayıtdı. 60-da, 70-də, 80-də, 90-da.

Qayıtdı xalqına, ədəbiyyatımıza, mənəviyyatımıza baş çəkdi, göz oldu, yol göstərdi.

Dediyi hər söz elə-belə söz olmadı. Dünənin… bu günün… sabahın sözü oldu.

İsmayıl Şıxlı düz deyib: "Onsuz bu ədəbiyyatı təsəvvür etmək qeyri-mümkündür".

 

 

Barat VÜSAL

 

Ədəbiyyat qəzeti.-2009.-3 aprel.-S.3.