Ustad Rəsul Rza anıldı

 

"Mən güllü bir may səhərində doğulmuşam, bəlkə getdim bir yanvar axşamı…" - deyə təskinedici xəbərdarlıqla doğmalarını, min-min oxucularını nigaran qalmamağa, sarsılmamağa çağırırdı ustad şair. Bir kimsənin barmağını qanatsalar, "Bir qıy vurram göydə uçan Quba qazlar qanad salar" amalıyla yaşayan Rəsul Rza "Mən xoşbəxt olardım tabutumu özüm aparsam" misralarıyla öz humanist, cəfakeş, kimsəyə yük olmamaq duyğusuyla baş-başa portretini təqdim edirdi. İndi Rəsul Rza adı ömrü boyu vəsf etdiyi çinar ömrünün sinonimi kimi işlənir:

 

Çinar beş yüz ildən bir az,

Bircə az

Az yaşadı.

Amma yaşadı ha!..

Bir belə çinar ömrü

Olsun deyirəm ömrüm.

Bir ömür ki

Bir insan ömrü,

Kişi ömrü, kişi

 

Ömrü boyu bu dəyərlərlə yaşadı ustad sənətkar. Vüqarla, "Belə məğrur dayanmağa haqlıyam, mən kökümlə bu torpağa bağlıyam!" haqqıyla yazdı-yaratdı.

Elə aprelin 1-də fəxri xiyabana gələrək görkəmli şairin xatirəsini yad edən yetirmələri, cığırdaşları da daha çox bu haqq-saydan söz açdılar.

Anım mərasimini AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca açaraq dedi: "Ustad Rəsul Rza ölümüylə ölümü yalan eylədi. Əslində o, bu gün yazıb-yaradan, cismən sağ olan çox şairdən canlıdı - çünki sözü yaşayır. Onun xoşbəxtliyi ondadır ki, sənətdə yeni xətt, yol açıb, böyük bir ədəbi nəsil yetişdirib".

Şairlərldən Oqtay Rza Qəşəm Çıraqlı ustada həsr etdikləri şeirləri oxuduqdan sonra söz alan yazıçı-publisist Nahid Hacızadə R.Rzadan söz dünyamızın ən qüdrətli sənətkarlarından biri kimi söz açdı: "Onun öz zirvəsi var - dedi, - öz sözüylə, öz səsiylə yaşayır".

Tanınmış şair İlyas Tapdıq R.Rzadan həmişə təzələnən, həmişəyaşar sənətkar kimi söz açıb ötən günləri yada saldı.

Professor Qəzənfər Paşayev mərasimdə unudulmaz sənətkar haqqında olan xatirələrini dilə gətirdi: "Rəsul Rza hər sahədə məktəb yaratdı - həm şair, həm şəxsiyyət, həm elm adamı kimi. O, Ensiklopediyanı yaratdı, ona rəhbərlik etdi. Ədəbiyyatımızda sərbəst şeir formasının yaradıcısı oldu. Nəsiminin qəbrini biz azərbaycanlılar üçün aşkarladı. Füzulinin qəbrini ilk olaraq ziyarət etdi. Onun yaxından köməkliyi iştirakı ilə araya-ərsəyə gələn "Kərkük bayatıları" çap edildi. Həmin kitabda o zaman hələ çox gənc olan bir adamın - mənim adımın özünün adıyla yanaşı yazılmasına razılıq verdi. Rəsul müəllimin bu böyük etimadı sonralar mənim ömür yoluma sönməz işıq saldı. Sonralar o, Kərkük, İraq haqqında gözəl bayatılar, xoyratlar yazdı. Bu bayatılarda elə bil ki, Kərkükün, İraqın bugünkü taleyi əks olunub. Bu, ustad şairin sənətkar fəhmiylə öncəgörməsinin nişanəsidir…"

AYB-nin Lənkəran bölməsinin sədri, şair İltifat Saleh unudulmaz şair haqqında xatirələrindən söz açdı: "Rəsul Rza bir işıqdır ki, illər keçdikcə o işıq güclənir. Onun mənim həyatımda, eləcə çağdaş ədəbi gəncliyimizin üzərində böyük haqqı var. Ustad şairin hələ ötən əsrin ortalarında yazdığı "İki buruğun söhbəti" şeri hələ ədəbi gəncliyə nəsihət kimi oxunur, doğru yolu göstərir".

Şairlərdən Mahirə Abdulla, Maarif Soltan, Rəhman Babaxanlı da mərasimdə R.Rzayla bağlı unudulmaz duyğularını dilə gətirdilər.

Sonda ustad şairin qızı Fidan xanım atasının xatirəsini əziz tutan insanlara, onun yetirmələrinə ailələri adından dərin təşəkkürünü bildirdi, böyük şairin ədəbi ictimai fəaliyyətinin bir çox məqamlarından söz açdı.

 

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.-2009.-3 aprel.-S.3.