Anım
Qabil - vətəndaş mövqeli böyük şair
Xalq şairi Qabilin yaradıcılığı rəngarəng və çoxşaxəlidir. Saf, müqəddəs məhəbbət və əsrarəngiz Azərbaycan təbiəti şairin əbədi, tükənməyən ilham qaynaqlarıdır. Buna dair Qabilin yaradıcılığından onlarla, yüzlərlə misal göstərmək olar.
Ədəbi həyata qədəm qoyduğu gündən xalqımızın tarixində elə bir mühüm ictimai-siyasi hadisə olmamışdır ki, Qabil bu hadisəyə öz şair-vətəndaş mövqeyini bildirməsin.
Hələ ötən əsərin 60-cı illərində cəmiyyətdə ciddi mənəvi durğunluğun hökm sürdüyü bir vaxtda Qabil "Tramvay parka gedir" şerini yazdı. Bu şeir cəmiyyətdə hökm sürən ətalətə, durğunluğa qarşı açıq bədii üsyan idi. O, sonralar yazdığı, böyük ədəbi hadisəyə çevrilən "Nəsimi" poemasında və digər ictimai-siyasi məzmunlu əsərlərində öz şair "mən"inə əbədi sadiqliyini dönə-dönə sübut etdi.
Xalqımızın milli azadlıq hərəkatı tarixinə qanlı, həm də ən şərəfli səhifə kimi daxil olan 1990-cı ilin 20 yanvar gecəsi vətənpərvər şairin bütün varlığını silkələdi. Sanki azadlıq eşqi ilə alışıb-yanan Vətən oğullarının al qanı, növcavan şəhidlərin cismi üstündə qıyya çəkən anaların göz yaşı daşa, torpağa deyil, şairin üzərinə axırdı. Həmin gecə Qabil Azərbaycan xalqının əbədi arğısı olan "Mərsiyə" şerini yazdı. Şair mərsiyəsində xalqın vulkan tək püskürən qəzəbini, min yerdən qan fısqıran yarasının dəhşətli ağrısını özünəməxsus böyük vətəndaşlıq yanğısı ilə əks etdirmişdir.
O, sonralar yazdığı "Mən göz yaşlarına dözə bilmirəm" şeirində 20 yanvardan başlanan ürək ağrılarının bitməz olduğunu bir daha bəyan etmişdir.
Qarabağ məsələsinin ədalətli həllinin düyünə düşməsi, beynəlxalq birliklərin bu məsələyə laqeyd münasibəti, Vətən torpaqlarının işğaldan azad edilməsinin uzanması vətənpərvər şairi darıxdırır. Şair qəlbi rahatlıq tapmır, bir ipucu, işıqucu bir ümid, güman yeri axtarır və tapır da! Qəti qərara gəlir ki, bu ümidin yeganə bir ünvanı var: Azərbaycan əsgəri!
Bu eşq, bu ehtirasla da "Ümid sənədir ancaq…" şerini yazır. Bu şer Azərbaycan əsgərinə hədsiz inam və məhəbbətdən yoğrulmuşdur.
Dünyanın tərəqqipərvər dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər. Lakin heç kəs əməli şəkildə Qarabağın işğaldan azad olunmasında real kömək göstərmir.
Bu isə bütün varlığı ilə doğma Vətənə, onun hər qarşına vurğun olan şairi qeyzləndirir, təbdən çıxarır.
Uzanır danışıqlar,
İmzalanır sənədlər.
Xəritədə aləmə
Göstərilir sənədlər…
Qabil sadə xalq dilində yadda qalan bədii lövhələr yaradır, Azərbaycan əsgərini qovu alışdıran, yəni qatı düşməni yandırıb-yaxacaq od çaxmağa bənzədir.
Şerin sonlarına doğru münaqişənin həlli, doğma torpaqlarının yağı işğalından azad olması haqqında şair fikri daha da qətiləşir, onun bədii hökmü daha sərt, daha konkretdir.
Şeir işıqlı ovqatla bitir. Şair sülh bayrağının yellənməsini, bu sülh bayrağına "kəm baxan bədgümanlar"ın aradan çıxmasını, nəhayət "sülhün şad xəbərinin" eşidilməsini arzulayır.
Həm mövzu aktuallığına, həm də bədii dəyərinə görə "Ümid sənədir ancaq…" şeri xalq şairi Qabilin ictimai-siyasi mövzuda yazdığı ən gözəl əsərlərindən biridir.
Bu gün xalq şairi Qabil aramızda yoxdur və onun vəfat tarixindən iki il keçir.
Lakin əbədiyaşar Qabilimiz daima xalqın, millətin qəlbindədir və o, poeziyası ilə, eyni zamanda, bir maraqlı şəxsiyyət kimi heç vaxt unudulmayacaqdır.
Ədalət
MƏMMƏDOV
Ədəbiyyat qəzeti.-2009.-3
aprel.-S.6.