Çingiz Abdullayev - 50
Çingiz
Abdullayev - mənim gənc köhnə dostum
Bu başlığı yazdım və düşündüm: Çingizi gənc adlandırmaq olarmı - 7 aprel 2009-cu ildə onun 50 yaşı tamam olur. Ancaq bu məqamda Çingizlə mənim ümumi dostumuz rəhmətlik Qabilin sözlərini xatırladım: 50 yaşında yazıçı hələ cavandır, 60-da qocaman, 70-də patriarx, 80-də korifey, 90-da isə artıq Qobustan qayaüstü rəsmidir.
Bu yerdə deyə bilərəm ki, Qabil mənim yaşca böyük dostum idi, Çingiz isə - Allah onu "Qobustan" yaşına çatdırsın, bir az da artıq - həmişə gənc dostum olaraq qalacaqdır.
Bu, sadəcə söz deyil - bizim iyirmi il əvvəldən başlayan, Yazıçılar Birliyində birgə çalışdığımız illər ərzində davam edən dostluğumuz çətin zamanın bütün qalmaqallarından və ən mürəkkəb həyati, ictimai situasiyalardan keçib.
Əvvəlcə Çingiz Abdullayev fenomeni barədə. Çingiz ədəbiyyata elə-belə gəlmədi, o, parlaq istedadı ilə ədəbiyyatda dərhal öz yolunu açdı. Dünyada çox populyar olan, Azərbaycanda isə o qədər də maraq kəsb etməyən detektiv janr bizim ədəbiyyatımızda öz yerini tutdu. Bütün bunlar, belə deyək, bizim "yerli səadətimizə" çevrildi. Elə ilk təcrübədən Çingizin romanları milli detektiv janrımızı əvvəlcə ümumittifaq (onun təzə yaradıcılığa başladığı illəri nəzərdə tuturam), sonra isə dünya ədəbiyyatı səviyyəsinə qaldırdı.
Təəssüf ki, başqa qeyri-adilər kimi onu da əvvəlcə qəbul etmək istəmirdilər. Muzdlu xudbinlər onun haqqında nələr uydurmurdular - guya əvəzinə başqası, başqaları yazır. Qanuni sual meydana çıxırdı: - Bəs niyə bu başqası, yaxud başqaları öz əvəzinə yox, Çingizin əvəzinə yazır? Üstəlik bir qınaq da - bu, yüngül çəkili ədəbiyyatdır… Ancaq, belə deyənlər unudurdular ki, əslində ədəbiyyat janr müxtəlifliyinin zənginliyindən ibarətdir. Dünya ədəbiyyatı xəzinəsində təkcə Servantesin, Tolstoyun, Çexovun, Balzakın, Stendalın, Marsel Prustun yaradıcılığı deyil, həm də macəra və elmi-fantastik janrın klassikləri olan ata-Dümanın, Jül Vernin, Mayn Ridin, fenimor Kuperin, Stivensonun, Herbert Uelsin, Cek Londonun romanları yer alıb. Əgər sırf detektiv əsərlərə müraciət etməli olsaq, bu janrın sələfi sayılan Edqar Ponun hekayələri ilə bərabər dünyanın milyonlarla oxucusu Konan Doylun, Aqati Kristinin, Jorj Simenonun kitabları ilə də hesablaşır. Və əgər Şerlok Holms, Puaro, komissar Meqre, Niro Vulf dəyərli personajlardırsa, həmyerlimizin fantaziyası ilə yaranmış Dronqo da belə fövqəl fiqurlardandır.
Lakin sadaladığımız, qərb personajları siyasətdən tamamilə uzaq olduqları halda, Dronqo bütövlükdə siyasiləşmiş obrazdır. Bundan əlavə, o, bizim müasir gerçəkliyimizin kəskin siyasi toqquşmaları fonunda qələmə alınıb.
Mən Çingiz Abdullayev yaradıcılığını dəyərləndirməyən adamlarla mübahisə etməli olmuşam. Demişəm ki, təsəvvür edin bir erməni yazıçısı belə fantastik tirajla, belə çox dillərə tərcümə olunmaqla Rusiyada, bütün postsovet məkanında, həmçinin Türkiyədə, bir çox Qərb ölkələrində çap olunur, dərhal deyərdik ki, ax, ermənilər, onların hər yerdə əli var, görün öz soydaşları üçün nələr edirlər. Ancaq biz öz həmyerlimizin uğurları ilə fəxr etmək əvəzinə onu sancmağa çalışırıq. Əlbəttə, Çingiz belə şeylərə o qədər də əhəmiyyət vermir. O, özünün belə "opponentlərini" çox zaman cavabsız qoyur. Çingiz onlara sistemli nəşr olunan, bir-birinin ardınca çıxan və dərhal özünün yeni oxucu çevrəsini tapan kitabları ilə cavab verir. Necə oldusa məndən soruşdular ki, Çingiz Abdullayevin axırıncı romanının adı nədir. Mən zarafata keçdim: - Siz bu həftə, yoxsa ötən həftə yazdığı romanını soruşursunuz?
Hər həftə olmasa da, uzaqbaşı Çingiz iki-üç aydan bir təzə əsərini yazır. Qeyri-adi istedadı onun fenomenal zəhmətkeşliyi ilə birləşəndə həqiqətən məhsuldarlığın möcüzəsi yaranır…
Mənə bağışladığı kitablarını işdəki kabinetimdə saxlayıram, evimdəki rəfin bütöv bir cərgəsini isə onun avtoqraf yazdığı romanları zəbt edib. Bir neçə il bundan əvvəl zəlzələ baş verərkən bu cərgə "musiqi mərkəzi"nin üstünə aşıb onu əzmişdi. Hərdən zarafat edirəm ki, sən mənə bir "musiqi mərkəzi" borclusan.
Çingizlə gecə avtobusunda Madriddən Barselona getdiyimiz günü xatırlayıram. Bütün gecəni, bütün yol boyu boynuma alıram ki, mən yatdım, ancaq o, öz notbukunda yazdı. Bütün günümüzü Barselonda birgə keçirdik; şəhərə çıxdıq, muzeylərə baxdıq, nahar etdik və axşam yenə avtobusla Madridə qayıtdıq. Gecə avtobusunda yenə də mən yatdım, Çingiz işlədi. Yuxusuz və istirahətsiz yazmaq inanılmaz xüsusiyyətdir və bu, hörmətə layiq olduğu qədər də heyrətamizdir. Bu, təkcə söz seçmək, fraza qurmaq bacarığı deyil. Kəskin süjetlər düşünmək müxtəlif həyati həqiqətləri bədii həqiqətə çevirmək xüsusi məharət tələb edir
- Mən inanmıram ki, sən nəşr olunmuş yüz kitabının fabulasını xatırlayasan, heç olmasa onların adları yadındadır? - soruşuram.
Sən demə o, xatırlayır və nəinki xatırlayır, hətta yaratdığı personajlarının həyati dəyişikliyini izləyir.
Beləliklə, Çingiz Abdullayev fenomeni bütün mübahisələrə çon qoyanda onun bəzi vicdanlı və obyektiv opponentləri bu reallığı etiraf etmək və qəbul etmək məcburiyyətində qaldılar.
Çingizin çox güclü fantaziyasının obyekti təkcə kitabları deyil, həm də onun təsəvvür edilməyən gerçək həyatı, şəxsi bioqrafiyasıdır. Bizim ümumi dostlarımızdan biri gözəl deyib ki, Çingizin bioqrafiyasındakı faktları sıralasaq, ona yüz yaş vermək olar. Çingiz hər hansı bir hadisəni danışanda, yaxud nədənsə xəbər verəndə mən hiss olunmadan onun mübaliğəsinə endirim kofisenti ilə yanaşıram. Hərdən mən onu Taraskon Tartareni adlandırıram. Afons Dodun romanını oxuyanlar bilir ki, bu gözəl personajın adı bir çox mübaliğələrdə hallanır.
Çingizin ədəbi istedadına hörmət etməklə yanaşı, onun insani keyfiyyətlərini də yüksək qiymətləndirirəm. Xeyirxahlıq, gülərüzlülük dostluqda etibar, prinsipiallıq və sayıqlıq, köməyə ehtiyacı olanlara əl uzatmaq, böyüklərə hörmətlə yanaşmaq bu keyfiyyətlərdəndir.
Çingiz sədaqətli ailə başçısıdır. Mən bilirəm o, öz valideynlərinə hansı qayğılarla yanaşırdı və yanaşır, atasının xatirəsi ona necə əzizdir, anasına qarşı necə diqqətlidir. Mən haçansa yazmışdım ki, həyat borcdur - valideynlərimizdən alıb uşaqlarımıza qaytarırıq. Ləyaqətli valideynlərindən aldığı bu borcu Çingiz ləyaqətlə öz övladlarına ötürməyə çalışır. Gözəl həyat yoldaşı Züleyxa xanımı Çingizlə lap gənc yaşlarından aralarında yaranmış romantik münasibət birləşdirir. Onlar az qala küçə qapısı eyni olan bir binada yaşayıblar. Qonşuluq münasibətləri böyük duyğularla nəticələnib. Gözəl uşaqlar isə məlum olduğu kimi, əsl məhəbbətdən doğulur.
Çingiz güclü yumor hissinə malik adamdır. Yadıma gəlir
ki, həyatımın çətin vaxtları idi, heç nə
yaza bilmir, işləyə bilmir, hətta heç nə oxuya
bilmirdim - Çingiz Abdullayevin kitablarından başqa. Özünün kəskin süjeti ilə (onlardan
ayrılmaq olmurdu) bu kitablar məni ağır
düşüncələrdən, qaranlıq duyğulardan
xilas etdi. Məhz o zaman - bu da paradoksdur - mən
Çingizin detektiv stilində nəsə yazdım, ancaq
yumoristik planda. Bu parodiya deyildi, onun
mövzusunun, obrazlarının, ideyasının, üslub
xüsusiyyətlərinin mənim tərəfimdən nəsə
bir parafraz şəklinə salınmağı idi. Bilirdim ki, o, inciməyəcək. Birincisi, ona
olan isti, dost münasibətimə görə, ikincisi, mən
bunu onun yumor hissinə hesablamışdım. Axı
yumor hissi yalnız o zaman baş qaldırmır ki,
başqası ilə zarafat edirsən, o zaman da olur ki, belə
zarafatları təbəssümlə öz ünvanına qəbul
edirsən.
Mənim
"Paqonlu kabusların əmri" əsərim
"Literaturnaya qazeta"da dərc olunmuşdu və onda Çingiz
növbəti dəfə Moskvaya gedirdi, xahiş etdim ki, qəzetdən
mənim qonorarımı da alsın. O, belə də etdi, lakin
bunları deməyi də unutmadı: - Bütün
İttifaqda məni biabır etməyiniz bəs deyildi, üstəlik
buna görə qonorar almağı da mənə
tapşırdınız.
Şübhəsiz ki, bu da zarafat idi, mən bunu zarafat
kimi qəbul etmişdim və xatırladıram ki, mən yumor
hissindən uzaq deyiləm.
Mən bu qeydlərimi yubiley yazısı hesab etmirəm, dediklərim tam tərifdən ibarət olmasın deyə bal çəlləyinə bir qaşıq qətran qatmaq istəyirəm. Deyəcəyimin özü də mənim dostumun xarakterindəki məxsusi cizgilərdəndir…
Beləliklə, hansısa qəzetdə oxudum ki, güllələnməzdən öncə Çauşesko deyib: - Ax, bu lənətə gəlmiş Qarabağ!
Mən bu barədə Çingizə danışdım. Müəyyən vaxt keçəndən sonra Çingiz mənə dedi:
- Anar müəllim, siz bilirsiniz Çauşesko edamdan qabaq nə deyib?
Dərhal işin nə yerdə olduğunu fikirləşib soruşdum:
- Nə deyib ki, o?
- Çauşesko deyib: - Ax, bu lənətə gəlmiş Qarabağ!
- Bəs
sən haradan bilirsən bunu?
- Mən
bütün mənbələrimi aça bilmərəm
axı…
***
…Nəhayət,
mən nə demək istərdim. Üç il
bundan əvvəl bir neçə yazıçı ilə
birlikdə Çingiz Abdullayevi də əməkdar incəsənət
xadimi fəxri adına təqdim etmişdim. O zaman onun 47
yaşı vardı. Prezident İlham Əliyev
ona daha yüksək fəxri ad - xalq yazıçısı
adı verilməsini layiq bilmişdi. Əlbəttə,
mən hörmətli Prezidentimizin bu korrektəsinə
çox sevinmişdim.
Beləliklə, Çingiz Abdullayev Azərbaycanın ən
cavan xalq yazıçısı oldu və bu adı başqalarından
fərqli olaraq 50 yaşından əvvəl aldı.
Əzizim
Çingiz! Bilirəm ki, sənin yubiley günlərində az məqalələr dərc olunmayacaq, sən
dünyanın hər yerindən təbriklər alacaqsan. Bir il əvvəl bu qeydləri yazan, ancaq indi
çap etdirən mən isə təbrik edənlər arasında
birinci olub sənə yeni uğurlar, yeni kitablar, yeni səfərlər
və yeni maraqlı görüşlər, həmçinin
böyük ailə səadəti və əlbəttə ki,
"Qobustan" uzunömürlülüyü arzulayıram.
Anar
Ədəbiyyat qəzeti.-2009.-3
aprel.-S.5.