Tofiq İsmayılov - 70
50 ilini sənətə
verən sənətkarın portreti
Mən bu fikirdəyəm ki, rejissorun vəzifəsi təkcə tamaşa qoymaqla bitmir, fikri təkcə görüntülərlə deyil, bəzən də sözlərlə ifadə etməyə daxili bir ehtiyac duyursan. Bu baxımdan Azərbaycanın xalq artisti, professor, yazıçı, pedaqoq və kinorejissor Tofiq İsmayılov müasir kinomuzun vəziyyəti, onun axtarışları və dünya şöhrəti, kinoda xəlqilik və ideyalılıq, aktyor və rejissor sənəti problemləri kimi ciddi sənət məsələlərindən söhbət açan 100-ə yaxın məqalələri, müxtəlif sənət məsələlərilə əlaqədar çıxışları, "Türk xalqlarının kino sənətinin təşəkkül və təkamül dövrünü əks etdirən tədqiqat əsəri və üçcildlik "Türk Cumhuriyyətlərinin sinema tarixi" ensiklopedik əsərləri, 30-a yaxın çəkdiyi sənədli, bədii və televiziya filmlərinin rejissoru və beş uşaq kitabının müəllifidir.
Mən Tofiq İsmayılov barədə yüksək fikirlər və ümidlərlə yaşayıram. Ona görə ki, bir yaradıcı, bir vətəndaş olaraq onun sinəsində rahatlıq bilməyən, həmişə hərarətlə döyünən bir ürək çırpınır. O, film çəkəndə də, danışanda da, müəllimlik edəndə də, məqalə və ya uşaqlar üçün kitab yazanda da, biz bu istiliyi, bu hərarəti hiss edirik.
Tofiq İsmayılovun filmlərini seyr edin, kitablarını və elmi məqalələrini oxuyun, nitqini dinləyin, bu yalnız bir sənətkarın yaradıcılıq yolu deyil, həm də nəcabət, insanlıq, dostluq yoludur, sənətkar qəlbinin çırpıntılarıdır.
Tofiq İsmayılov bu günlərdə və ümumiyyətlə, mətbuatda haqqında çox yazılan sənətkarlardandır. Bu gözəl rejissorun həyatı və fəaliyyəti, ayrı-ayrı əsərləri barədə Azərbaycan oxucuları da müxtəlif məqalə və tədqiqat əsərləri oxuyub, filmlərini izləyib, yaradıcılığına yaxından bələd olmuşlar. Buna baxmayaraq, onun həyat və yaradıcılığına aid söylənən fikirlərin təkrarından qaçmaq üçün mən, əsasən onun 50 illik yaradıcılıq yolunun bəzi anlarından danışacağam.
O,
1939-cu ildə Bakıda anadan olub. 190 saylı məktəbi
bitirib. 1962-ci ildə M.A.Əliyev adına
Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini
bitirmiş, Dövlət Televiziya və Radio Komitəsində
rejissor vəzifəsində işləməyə
başlayıb. 1964-cü ildə yenidən həmin institutun
rejissorluq fakültəsinə daxil olub və oranı bitirəndən
sonra C.Cabbarlı adına "Azərbaycanfilm"
studiyasında rejissor olaraq işləməyə
başlayıb. 1968-ci ildə kinonun sirlərini
dərindən öyrənmək, kinorejissor ixtisasına kamil
yiyələnmək üçün Moskvada iki illik Ali
rejissorlar və ssenaristlər kurslarında Tarkovskinin sinfində
təhsilini davam etdirir.
1969-cu ildə ilk çəkdiyi kurs işi olan "Mənim
şəhərimin daşları" adlı musiqili filmi Azərbaycan
televiziyasına qəbul olunur və bu gün belə
nümayiş etdirilir. 1970-ci ildə Tofiq İsmayılov diplom
işi üçün Ənvər Məmmədxanlının
"Anamın çırağı" hekayəsini
seçir. Çəkdiyi film əla qiymətlə
qəbul olunur və sovet ekranlarında göstərilən
çox az-az olan diplom filmlərindən biri olur. Bu dövrü üçün çox böyük
nailiyyət idi.
1971-ci ildəTofiq İsmayılov yazdığı
ssenari əsasında "Oxuyur Müslüm Maqomayev" bədii-musiqili
tammetrajlı filmini çəkir. Bu filmdə mərhum
gözəl müğənnimiz Müslümün aktyorluq məharəti
üzə çıxmışdı. film
o vaxtlar nəinki Sovet İttifaqında, həm də xarici
ölkələrdə uğur qazanır, İranda
keçirilən birinci Tehran Beynəlxalq kinofestivalında
müvəffəqiyyətlə nümayiş etdirilir.
Dünyanın
85 ölkəsinin ekranlarını gəzən bu film
haqqında 23 avqust 1972-ci il tarixli "Pravda" qəzetində
"Müslüm Maqomayev" filmi Moskva kinoteatrında"
adlı yazısında oxuyuruq: "Bu günlərdə
"Azərbaycanfilm" studiyasının istehsal etdiyi
"Oxuyur Müslüm Maqomayev" filmi Moskvanın 50-dən
çox kinoteatrlarında 27 gün ekranlardan enməmişdi. Moskvalılar ssenari müəllifi və rejissor Tofiq
İsmayılovun və filmi yaradan digər sənətçilərin
əməyinə yüksək dəyər verir. Müğənni M.Maqomayevin həyatı və sənəti
haqqında seyrçidə tam təsəvvür yaradır.
Bu filmin yaradıcı qrupuna öz minnətdarlıqlarını
bildirirlər". Film Moskvada olduğu kimi, Kiyevdə,
Minskdə, Leninqradda və Bakıda da böyük seyrçi
axınına səbəb olmuş, salonlar
dolub-daşmışdır.
1970-1980-ci illər içində Tofiq İsmayılov 6 bədii
film çəkir, filmləri böyük müvəffəqiyyətlə
sovet ekranlarını dolaşır, dəfələrlə
Moskvanın "Ostankino" Mərkəzi televiziyasında
göstərilir. Onu da qeyd etmək istəyirəm ki, Tofiq
İsmayılov bütün
yaradıcılığını televiziya kinosuna həsr
etmiş Azərbaycan kinorejissorudur. Sonralar
Tofiq İsmayılov gənclər mövzusunda bir neçə
film çəkir. "Bizim məhəllənin
oğlanları", "Gilas ağacı", ucqar dağ kəndi
Lahıca, onun ağsaqqal və gənclərinə həsr
olunmuş "Çarvadarların izi ilə" televiziya
filmi (1974) diqqəti cəlb edir. Film
böyük yazıçımız və dramaturqumuz
İlyas Əfəndiyevin "Körpüsalanlar" povestinin
motivləri əsasında çəkilmişdir. filmin qəhrəmanları ulu babalarının
açdıqları cığırlarla, saldıqları izlərlə
gedərək körpülər tikir, yollar çəkir.
Tofiq İsmayılov Mehdi Hüseynin "Abşeron"
romanı əsasında çəkdiyi ilk üç
seriyalı olan Azərbaycan filmini neftçilərimizin çətin
əməyinə həsr edir.
Bu filmlərin sadəcə onun sənət həyatında
deyil, "Azərbaycanfilm" studiyasının istehsal etdiyi əsərlər
içində özünəməxsus bir yeri var.
T.İsmayılovun yaradıcılığı çox
rəngarəng və maraqlıdır.
T.İsmayılovun uşaq aləminə qatıla bilməsi,
uşaq oyunçularla çox maraqla
çalışması, onu yaxından tanıyanlar
üçün möcüzə deyildir. Onu demək lazımdır
ki, əksər filmlərində "Şəhərimin
daşları", "Gilas ağacı", "Məhəllənin
oğlanları", "Mən mahnı bəstələyirəm",
"Çarvadarların izi ilə", "Musiqi müəllimi",
"Yaz günlərini xəzan yaradır", "Sürəyya",
"Babalarımızın torpağı" və s. adlı
ekran əsərlərində uşaq dünyası ilə
ilişkili, çox canlı, inandırıcı, təbii ifa
edilən səhnələr vardır.
Tofiq İsmayılov uşaq xarakterini, uşaq
marağını yaxşı bildiyindən filmlər
uğurlu olur.
O,
ilk uşaq filmləri rejissoru deyildi, amma bu janrı da Azərbaycanda
üca səviyyəyə qaldıran məhz Tofiq
İsmayılov olmuşdur. Uşaq
oyunçularla çəkiliş meydanında yaxınlıq
qurmağı bacaran, rejissor-pedaqoq, rejissor-eyitimçilik
bacarığını filmdən-filmə inkişaf etdirmək,
ustalaşdırmaq Tofiq İsmayılov
yaradıcılığının xarakterik cizgilərindən
biridir. O, ümumyyətlə, cəkiliş meydanında
oyunçu ilə əl-ələ verərək ifa edilən
xarakterin incə psixoloji çalarlarının iç aləminə
nüfuz etməkdə ustadır.
1940-cı
illərdən başlayaraq Azərbaycan milli
teatrımızın inkişafında misli görünməyən
sənətkarlar yetişdirən pedaqoq-rejissor, görkəmli
sənətkarlarımızdan biri və ya birincisi olan Adil
İskəndərovun kinomuza rəhbərliyi dövründə
gənc istedadlar axtarışı kinomuzun inkişafına və
qanının təzələnməsinə əhəmiyyətli
təkan verdi. Tofiq
İsmayılov da məhz o dövrün yetişdirdiyi sənətkarlardan
biridir. Kino həyatımızın
çox sahələrində yeri görünən
üstün sənətçinin - Adil İskəndərovun
yoxluğu kinomuzun onsuz qalıb uğradığı
böhranlarda da aşkar duyulur.
Bir rejissor kimi Tofiq İsmayılov Adil İskəndərov,
Tarkovski məktəbinin övladı və
davamçısıdır. Onun bir çox filmləri
unudulmazdır, daim ürəklərdə səslənir,
yorğunluğu, ətaləti canından çıxarır,
qəlblərdə dərin həyəcanlar, hisslər
fırtınası qaldırır. Onun "Oxuyur
Müslüm Maqomayev", "Musiqi müəllimi",
"Prima"sı, "Əzablı yollar" kimi filmləri
kino sənətimizin unudulmaz əsərləridir.
"Əzablı yollar" ("Məlik Məmməd"
nağılı əsasında çəkilən) filmi
Amerika kino xadimlərinin 1989-cu ildə ABŞ-da nümayiş
etdirmək üçün seçdikləri 17 ən
yaxşı sovet filmindən biridir.
1970-1990-cı illər ərzində Tofiq İsmayılov
bir çox bədii (17) və ona yaxın sənədli filmlər
çəkir.
O, sadəcə kino rejissoru olaraq qalmır. Uşaqlar
üçün televiziya proqramlarının ssenarisini
yazır, radio, televiziya və teatr üçün bir
çox pyeslərin və "Qonşular" "Şəkil-teatr",
"Şəkil-kino", "Sevincin yuxusu" və
"Diş ağrısı" adlı beş uşaq
kitablarının müəllifidir.
"Yer üzərindəki bütün sənətlər
içərisində Allaha ən yaxın olanı
musiqidir" - deyərlər. Musiqi həmişə
kino incəsənətinin ayrılmaz hissəsini təşkil
etmişdir. Səssiz kinonun
yaranmasının ilk günlərindən, musiqili filmlər
dünya rejissorlarının nəzər-diqqətini
özünə cəlb etmiş, onların böyük
maraqlarına səbəb olmuşdur. Milli
kinomuzu öz musiqili fimləri ilə zənginləşdirən
rejissor Tofiq İsmayılov bu sahədə də çox fəal
çalışmışdır. İlk dəfə bu
işə fərəc Qarayevin musiqisi əsasında çəkdiyi
"Şəhərimin daşları" filmi ilə
başlamış, sonralar bu sahədə çox məhsuldar
çalışmış, beş musiqili
film çəkmişdir.
"Oxuyur
Müslüm Maqomayev", "Mən mahnı bəstələyirəm",
"Musiqi müəllimi", "Son tamaşa",
"Prima" adlı əsərləri milli kinomuzun bu janrda
yaratdığı filmlərin arasında özünəməxsus
rolu olmuşdur. Tofiq İsmayılov bu sahədə
çox məhsuldar çalışmışdır. Onun çəkdiyi musiqili filmdəki mahnılar
ekrandan səslənəndən sonra xalqın sevimli nəğmələrinə
çevrilir. İstər musiqisini Tofiq Quliyevin bəstələdiyi
"Musiqi müəllimi", "Əzablı yollar", istər
Polad Bülbüloğlunun "Mən mahnı bəstələyirəm"
adlı filmlərini yadınıza salın.
Onu da qeyd edək ki, bu filmlərin mahnılarının
belə ürəyəyatımlığı, bəstəkarların
ilk növbədə xalq musiqisi ilə dərin
bağlılıqlarıdır.
Janrından və mövzusundan asılı olmayaraq, onun
çəkdiyi filmlərini, zəngin
yaradıcılığını göz önünə gətirəndə
böyük istedada malik olan Tofiq İsmayılovun fitri
istedadı çox qiymətlidir. Bəzilərinin ssenarisini
yazdığı "İntizar", "Oxuyur Müslüm
Maqomayev", "Gilas ağacı", "Əzablı
yollar", "Zor zaman", "Lahıc",
"Palçık vulkanlar", "Çovqan", "Gəl",
"Mən mahnı bəstələyirəm",
"Sürəyya", "Yaz günlərinin xəzan
yarpaqları", "Babalarımızın
torpağı", "Rəqiblər", "Torpağa
dönüş" və s. uzun bir siyahı yaradacaq kino əsərləri
çox sevimlidir, köhnəlməmişdir. XX əsrin
1970-90-cı illərin kino mədəniyyəti tariximizin nə
qədər xoşbəxt, nə qədər bərəkətli
olduğu təbii ki, XXI əsrin bir neçə on il sonrakı yüksəkliklərindən daha
aydın görünəcək. Amma bu gün
dönüb arxaya baxanda tarixin və taleyin bizə münasibətində
necə səxavətli olduğu aşkar görünür.
Tofiq İsmayılovun 50 illik sənət həyatı
olduqca rəngarəng və zəngindir. Onun zəngin,
çoxsahəli yaradıcılığı milli kinomuzun
inkişafına yönəlmişdir. Tofiq
İsmayılovun filmlərindəki ehtirasların
çarpışması, həyati konfliktlər, yüksək
emosionallıq seyrçini gərgin vəziyyətdə
saxlayır. İstər bədii, istərsə
də sənədli filmləri olsun, onun heç bir əsərində
artıq və ya çatışmayan səhnələrə
rast gəlməzsən. Bu filmlər
insanın hissinə və şüuruna eyni dərəcədə
təsir göstərir. Çünki bu
filmlərdə ağılla emosiya, beyinlə ürək
qırılmaz vəhdət təşkil edir.
Tofiq İsmayılov uzun illər (1974) Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində rejissorluq sənəti üzrə dərs
demiş, universitetin rejissorluq kafedrasına rəhbərlik
etmişdir. Hal-hazırda o, yenə bu universitetin professorudur.
1994-cü ildə Türkiyə Cumhuriyyəti Memar Sinan adına Gözel Sənətlər Universitetinə
dəvət alan Tofiq İsmayılov tam 15 il bu ölkədə
- İstanbulda çalışmışdır.
Türkiyədə doğma Azərbaycanımızı,
milli kinomuzu təbliğ edib, tanıtdırmışdır. Alanında ilk
və tək olan "Türk Cumhuriyyətləri sinema
tarixi" üçcildlik bir ensiklopedik kitablar nəşr
etdirmişdir. Bu kitablarında Azərbaycan,
Özbəkistan, Qazaxıstan, Qırğızıstan,
Türkmənistan və Türkiyə kino sənəti tarixindən,
bu ölkələrin filmlərinin təhlili və sənətkarların
yaradıcılığından söhbət edilir.
Türkdilli xalqların kino sənəti haqqında latın əlifbası ilə çap
olunmuş ilk və tək kitabdır. Onun İstanbulda düzənlədiyi
I, II, III "Türk dünyası kinofestivalları",
"Ailə filmləri festivalı", "fantastik filmlər
festivalı", "Ç.Aytmatov əsərlərinin
kinofestivalı", I, II "Türk dünya teatro
festivalı", I, II, III "Türk dünyası
operaları günləri", I, II "Türk dünyası
çağdaş ədəbiyyat günləri",
"Türk dünyası ulduzları silsiləsi"ndən
"Qara Qarayev", "Üzeyir Hacıbəyov", "Rəsul
Rza", "Bəxtiyar Vahabzadə", "Adil İskəndərov",
"Anar" günləri və bir çox sənət
şənliklərinin memarı olmuşdur.
Nəhayət, keçən ilin son ayında Ərzrumda
çox maraqlı düzənlənən "Türk
dünyası Ərzrumfilm festivalı" məhz Tofiq
İsmayılovun şəxsi təşəbbüsü və
zəhməti nəticəsində düzənlənmişdir. Bütün
sadaladığımız bu festivallarda, sənət şənliklərindən
Azərbaycan kinosu, Azərbaycan opera və baleti, teatr və
kino sənətkarları iştirak etmişlər və
böyük müvəffəqiyyətlər qazanmışlar.
Tofiq İsmayılov Azərbaycan mədəniyyətini
təkcə ölkəsində deyil, xaricdə də layiqincə
tanıda bildi.
1996-cı
ildə Türkiyədə 14 gün sürən Tofiq
İsmayılovun təşkil etdiyi "Azərbaycan ədəbiyyat
və incəsənət günləri"ndə Azərbaycandan
dəvət olunan 100 sənət adamından biri olaraq
iştirak etdim. Bu günlər milyonlarla
tamaşaçı topladı. Bu günlər
zamanı və sonralar da Tofiq xocanı (Türkiyədə onu
belə tanıyırlar) necə dərin məhəbbətlə
sevdiklərinin şahidi oldum. Onun
yaradıcılığı təkcə doğma Azərbaycanın
kinosu ilə deyil, həmçinin çox sevdiyi Türkiyə
və türkdilli xalqların kino sənəti ilə möhkəm
bağlıdır.
Türk dünyasından gələn qonaqların məclisində
onun məzmunlu çıxışı, ədəbiyyatımızın
və incəsənətimizin nailiyyətləri barədə
iftixar dolu söhbətləri yaxşı yadımdadır. Xarici həmkarlarımızla
olan hər hansı görüşdə, söhbətdə də
xalqımızın qədim tarixə malik zəngin mədəniyyətinin,
mənəvi sərvətinin təəssübünü
çəkməyi özünə borc bilirdi.
Onun səyi və təşəbbüsü ilə Azərbaycan
dramaturqlarının əsərləri İstanbulda səhnəyə
qoyulmuşdur.
O müəllimliyi ilə yanaşı, 18 seriyalı "Əfv
et məni, xocam" teleseriala çəkilmiş,
Ç.Aytmatovun "Gün var əsrə bərabər"
romanı əsasında "Manqurt" və qazax şairi
Muxtar Şahunovun "Çingiz xanın sirri" mənzum
romanını İstanbul bələdiyyə teatrosu
üçün səhnələşdirmişdir.
TRT-yə
Ç.Aytmatovun "Çingiz xandan küsən bulud",
Muxtar Şahunovu "Çingiz xanın sirri" əsərləri
əsasında ssenarilər hazırlamış, "Yazarlar və
qəzetəçilər birliyi"nin
sifarişi ilə Çingiz Aytmatovla birlikdə "Alpərənlər"
adlı ssenari yazmışdır.
Onu
deyə bilərəm ki, Tofiq İsmayılov Azərbaycan incəsənətini
təbliğ etmək üçün çox iş
görmüşdür.
Tofiq İsmayılov doğma Azərbaycanı, onun kinosunu deyil, Türkiyənin, bütün türk dünyası kinosunun tam səlahiyyətli müvəkkili kimi çıxış edir. Eyni zamanda, o, öz fikirlərinin genişliyi, öz beynəlmiləlçiliyi və insanpərvərliyi ilə, qonaq olduğu türk xalqına və mənəvi sərvətlərinə məhəbbət ilə, parlaq istedadlı sənəti ilə bir pedaqoq, bir rejissor kimi orada xoş təəssürat oyadaraq, böyük öndərimiz Heydər Əliyevin təbirincə desək, "bir millət, iki dövlət olan ölkələrimiz" arasında xeyirxah münasibətlərin, müştərək filmlərimizin yaranması arzusu bünövrəsinə bir daş qoyaraq Vətənə qayıtmışdır.
Tofiq İsmayılovun zəngin çalarlı yaradıcılığı haqqında demək istədiyim daha bir mülahizə, onun son zamanlar elm aləminə daha çox meyl etməsi ilə əlaqədardır. Onun Türkiyədə üzərində beş il çalışıb çap etdirdiyi "Türk Cumhuriyyətlərinin sinema tarixi" üçcildliyi, 50-ə yaxın türk qəzet və jurnallarında çap olunan elmi yazıları və nəhayət, Azərbaycanda Atatürk Mərkəzi tərəfindən keçən il çap olunan Türk xalqlarının kino sənətini yeni istiqlal məfkurəsi ilə araşdıran ilk monoqrafik tədqiqat əsər olan "Türk xalqlarının kino sənəti" adlı kitabı zəngin bədii və nəzəri material, məntiqi ümumiləşmələr əsasında yazılmış bitkin tədqiqat əsəri, kinoşünaslığımızda mühüm elmi addımdır. Bu məqalə və kitabları həyəcansız oxumaq mümkün deyildir. Onun kitabları oxucusunu axıradək gərgin saxlaya bilən yüksək elmi əsərlərdir.
Mövlanə Cəlaləddin Ruminin YUNESKO tərəfindən keçirilən 800 illiyində, Bakıda Tofiqin təşəbbüsü ilə düzənlənən "Mövlanə həftəsi" mənə unudulmaz təsir bağışladı. Bu qeyri-adi və yaraşıqlı tamaşa ilə xalqımız Şərqin böyük şairi, həm də Mövlanə adı ilə tanınmış Cəlaləddin Rumiyə ehtiramını ifadə etdi. "Mövlanə həftəsi"ndə Ruminin şeirləri söyləndi, onun sözlərinə yazılmış mahnılar oxundu. Simpozium düzənləndi, İrandan gələn balet qrupunun yaraşıqlı kostyumları, ifaçıların göstərdiyi tamaşa hamımızın diqqətini cəlb etdi. Tofiq İsmayılovun o günlərdə çəkdiyi "Gəl" adlı filmi sayəsində hamımız Mövlanə muzeyinə maraqla tamaşa etdik. Məhəbbət hissi ilə çəkilmiş ekspozisiya-film tamaşaçıları Ruminin yaradıcılığı ilə, XIII əsrdən başlamış zamanımızadək türk xalqının etnoqrafik xüsusiyyətləri, onun həyatı və məişəti ilə tanış etdi.
Bu günlərdə böyük bəstəkarımız Tofiq Quliyevin sənət dünyasından söhbət açan çox maraqlı bir filmin yaradıcılarından biri də məhz T.İsmayılovdur. O, dəyərli sənətkarımız Eldar Quliyevlə birlikdə "Nəğməli ömür" adlı tammetrajlı musiqili film yaradıb.
Tofiq İsmayılov ciddi göründüyü qədər də sadə və səmimidir. Ümumiyyətlə, mədəniyyətimizin, ədəbiyyatımızın, o cümlədən kinomuzun sürətli inkişafı, paklığı naminə mübarizə onun həyatının əsas mənasını təşkil edir.
Tofiqi yaxından tanıyanlar onun sərt xarakteri üçün səciyyəvi olan başqa keyfiyyətlərlə yanaşı, yəqin ki, bir də dostluqda etibarlı, ailədə sədaqətli olduğunu deyərlər.
Tofiq İsmayılovla ünsiyyət, dostluq adamı həqiqətən zənginləşdirir, yüksəldir, onun xarakterindəki bütövlük, prinsipiallıq sənəti ilə şəxsiyyəti arasındakı vəhdətdən yoğrulmuşdu. Tofiq İsmayılovun böyüklüyünü də mən həmin vəhdətdə görürəm.
Qızğın, çılğın, ehtiraslı, istiqanlı və olduqca sadə Tofiq İsmayılovla tanışlıqdan sonra qəti inanırsan ki, bu zəhmətkeş sənətkar məhz bu torpaqda - Azərbaycanda doğulmuşdur. Bu zaman Vətən torpağının ətri, bərəkəti insanda nə isə içəridən gələn vüqar hissi doğurur.
Anadan olmasının 70 illiyini fərəh və iftixar hissi ilə qeyd etdiyimiz, Azərbaycan mədəniyyətinin inkişafına 50 ilini həsr edən bir sənətkarın portretini çəkmək çox asan olmasa da, Azərbaycan mədəniyyətinin fəxri, Azərbaycan kinosunun xeyirxah və qayğıkeş dostu Tofiq İsmayılovun yaradıcılığı çoxdan könülləri fəth etmşdir. Əziz yübilyara Azərbaycan yazarları və mədəniyyət işçiləri adından və şəxsən öz adımdan minnətdarlığımı bildirir və bu yolda ona yeni sənət inciləri ilə bəzənmiş uzun ömür arzulayıram.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.-2009.-3
aprel.-S.4.