Şairlə görüş
Bakı Avrasiya Universitetində xalq şairi Nəriman Həsənzadə
ilə görüş
keçirilmişdir. Tədbiri
universitetin rektoru,
professor Akif Salahov açaraq ictimai fikrin formalaşmasında ədəbiyyatın rolundan,
bu sahədə Nəriman Həsənzadənin
xidmətlərindən söhbət
açmış, onun
poeziyasının gənclər
tərəfindən xüsusi
ilə sevildiyini diqqətə çatdırmışdır.
Şair İlyas Tapdıq qələm dostunun çoxcəhətli yaradıcılığından,
dostlarına, yoldaşlarına,
insanlara diqqət və qayğısından
söhbət açmışdır. Şair Akşin
Ağkəmərli Nəriman
Həsənzadənin İranda,
xüsusən də Cənubi Azərbaycanda sevilməsini diqqətə
çatdırmış, şairlə
uzun illərdən bəri dostluğundan danışmışdır. Gənc şair Ramin Qurbanın şairə həsr etdiyi şeri maraqla qarşılanmışdır. Digər çıxışçılar
da - adı çəkilən universitetin
müəllimi Zəminə
Həsənova, Tələbə
Gənclər Təşkilatının
sədri Aqil Abdullayev, Həsənzadə
lirikasının tədqiqatçısı,
f.e.n. Güldanə Pənahqızı və
b. xalq şairinin yaradıcılığının müxtəlif məziyyətlərindən,
onun dramaturgiya sahəsindəki yaradıcılığından,
"Nabat xalanın çörəyi" povestindən,
danışmışlar.
Tədbirdə Nəriman Həsənzadənin
şeirləri əsasında
onun ömür yolunu əks etdirən ədəbi-bədii
kompozisiya maraqla qarşılanmışdır. Tədbir iştirakçıları
qarşısında dəmir
kimi döyülüb,
polad kimi əyilməyən, taleyin
və zamanın zərbələrinə sinə
gərən, danıla-danıla
gerçək olan şairin bədii obrazı canlandırılmışdır.
"Qaçaq Kərəm" poemasından
fraqmentlər də tamaşaçılar tərəfindən
maraqla qarşılanmışdır.
Görüş Nəriman Həsənzadənin
universitetin təsisçisi
Nazim Hüseynliyə,
rektorluğuna, çıxışçılara
və görüşə
gələnlərə təşəkkürü
və şeirlərindən
nümunələr oxuması
ilə sona çatmışdır.
A.Hacıbabayev
Ədəbiyyat qəzeti.-2009.-3
aprel.-S.2.