Xalq yazıçısı Elçinin
“Qatil” əsəri Moskvada Türkiyə teatrının quruluşunda
göstərilmişdir
“Ostankino” telestudiyasının “Korolyov” konsert salonunda tanınmış Azərbaycan yazıçısı və dramaturqu, xalq yazıçısı Elçinin “Qatil” pyesi İstanbul Böyükşəhər Bələdiyyə Teatrının quruluşunda böyük müvəffəqiyyətlə oynanılmışdır. Tamaşanın quruluşçu rejissoru İstanbul Böyükşəhər Bələdiyyə Teatrında çalışan Azərbaycan aktrisası Məlahət Abbasovadır.
Tamaşanın Rusiya paytaxtında premyerası Dünya Azərbaycanlıları Konqresinin (DAK) Rusiya nümayəndəliyinin və Moskvada Nəsibə Zeynalova adına Musiqili Estrada Teatrının birgə təşəbbüsü sayəsində mümkün olmuşdur.
İstanbul Böyükşəhər bələdiyyəsi başçısının müavini xanım Tulay Erunsal tamaşadan əvvəl çıxış edərək bələdiyyənin sədri Qədir Topbaşının Azərbaycan xalqına təbriklərini və xoş arzularını yetirmişdir. O demişdir ki, Azərbaycanın xalq yazıçısı Elçinin əsərinin Moskva səhnəsində oynanılması Rusiya paytaxtındakı Azərbaycan və türk ictimaiyyəti üçün əlamətdar hadisədir. Xanım Erunsal pyesin müəllifinə, DAK-ın Rusiyadakı nümayəndəliyinə və Nəsibə Zeynalova adına Musiqili Estrada Teatrının rəhbərliyinə minnətdarlığını bildirmiş, DAK-ın Rf nümayəndəliyinin başçısı Mirəşrəf fətiyevə hədiyyə təqdim etmişdir.
DAK-ın Rusiya nümayəndəliyinin başçısı Mirəşrəf fətiyev, N.Zeynalova adına Musiqili Estrada Teatrının bədii direktoru Sərxan Kərimoğlu və tamaşanın quruluşçu rejissoru Məlahət Abbasova salondakıları salamlayaraq vurğulamışlar ki, tamaşa Moskvadakı Azərbaycan və türk ictimaiyyətinin həyatında əhəmiyyətli hadisəyə çevriləcək, qardaş xalqlarımızı və mədəniyyətlərimizi daha da yaxınlaşdıracaqdır.
Salona toplaşanlar pyesin yüksək bədii məzmununu tamaşaçıya çatdıra bilmiş, əsl peşəkarlıq nümayiş etdirmiş, qəhrəmanların hiss və həyəcanlarını məharətlə ifadə etmiş türkiyəli aktyorları sürəkli alqışlarla qarşılamışlar. Türk səhnə ustaları Elçin Əfəndiyevin əsərinin qayəsini – dəhşətli yalanla qarşılaşmış məktəb müəlliminin faciəsini, onun arzularının puç olduğu və cinayətin baş verdiyi kulminasiya anını tamaşaçıya məharətlə çatdıra bilmişlər.
Xalq yazıçısı Elçinin “Qatil” əsərinin tamaşası həm Türkiyədə, həm də Azərbaycanda böyük uğur qazanmışdır. Türkiyə teatrı bu əsəri 2007-ci ildə Krımda keçirilən festivalda təqdim etmişdir.
Asya Hacızadə
Ədəbiyyat qəzeti.-2009.-3
aprel.-S.2.