Mehdi Hüseyn – 100
Lap dünən olmuş kimi…
- İsa müəllim, ədəbiyyatımızın
canlı klassiki ilə üzbəüz əyləşmək
çox xoşdu. İndi sizi dinlədikcə
yadıma ötən əsrin yetmişinci illərində dost
nəsihəti kimi yazdığınız sətirlər
düşür. O sətirləri "Ömrümdə izlər"
kitabınıza yazılmış "Ön söz" də
adlandırmaq olar: "Həmişə qabağa baxmaq, irəli
getmək, ümumiyyətlə, insana xas olan şeydir. Ancaq hərdən
ayaq saxla, dön bir geriyə də bax; ömrün nə təhər
keçib?.. Dar günün yoldaşı kim olub, gen
gününkü kim?" Bu geriyə baxmalar
silsiləsi boyunca biz sizi həmişə görkəmli sənətkarımız
Mehdi Hüseyn şəxsiyyətini, onun bənzərsiz
yaradıcılığını unudulmaz duyğularla,
heyranlıqla yad edən görmüşük. İstərdik
ki, anadan olmasının yüz illiyi ərəfəsində ədəbi
xeyirxahınız Mehdi Hüseynlə bağlı xatirələrinizi
bir daha eşidək… İlk tanışlıq, ilk
qayğının təəssüratları necə qalıb
yadınızda?
- Bizim ilk tanışlığımızın, sonrakı ayrılmaz ədəbi həyatımızın və dostluğumuzun qəribə, ibrətamiz hadisələrlə dolu tarixi var. İlk tanışlıqdan həmişəlik ayrıldığımız günə qədər - iyirmi il ərzində Mehdi Hüseynin mənim həyatımda kim olduğunu, necə yer tutduğunu ifadə etmək üçün əslində gərək mən danışmaq, yazmaq əvəzinə, ürəyimi çıxarıb, ovcumda tutub deyəm: "Baxın, hamısı buradadır". Dost məfhumu sözə, qələmə gəlmir. Hər dəfə bu mövzuda söz düşəndə söhbəti bir az əvvəldən başlamalı oluram… 1946-cı ildə mən həkimliyi "vətən və xalq üçün yeganə xeyirli sənət" hesab edən nüfuzlu bir qohumumun təhriki ilə tibb institutunda oxuyurdum. Mehdi Hüseynlə hələ tanış deyildim. Ancaq onu hər gün görürdüm. Həmin vaxt mən Mehdi müəllimin yaşadığı evin qonşuluğunda, yaxın qohumgildə qalırdım. Gecələr pəncərəsi həyətə açılan mətbəxdə oturub yazı-pozu ilə məşğul olarkən birdən onun tanış ayaq səslərini eşidib pəncərəyə yönəlirdim. Mənim on səkkiz yaşım var idi, onun otuz səkkiz. Mən utancaq və cəsarətsiz idim, o isə qürurlu və zəhmli... Bundan sonra mən saatlarla, hələ kənd məktəbində oxuyan zaman ədəbiyyat müəllimim Səlim Çəndirlinin tövsiyəsi ilə oxuduğum "Komissar" və "Kin" povestlərinin müəllifi ilə tanış olmağı, indi çoxunun adı belə yadımda qalmamış saysız-hesabsız sandıq ədəbiyyatı nümunələrimi - hekayə və povestlərimi ona oxumağı arzulardım. Əgər o özü mənimlə maraqlanmasaydı, cəsarətsizliyim üzündən bu arzu çox güman ki, elə arzu olaraq qalacaqdı. İndiki kimi yadımdadı, bir yaz gecəsi bürküdən heç kəs yatmırdı. Birinci mərtəbənin sakinləri, o cümlədən bizimkilər də həyətə çıxıb pillələrdə, kətillərdə oturmuşdular. Mən isə öz daimi yerimdə - mətbəxdə idim. Birdən nə görsəm yaxşıdı - Mehdi Hüseyn iki addımlıqda dayanıb mənə baxırdı. Bibimdən soruşdu ki, bu uşaq kimdi? Elə həmişə burada görürəm. Mənim təsəvvürümdə yazıçı ilə Allahın heç bir fərqi yoxdu. Necə həyəcanlandımsa, bibimin mənim haqqımda nə dediyini bilmədim. Sonra yazıçının mənə yaxınlaşdığını hiss etdim. Gülümsünüb "Salam, yoldaş həkim?.. - dedi. - Hə, demək Çexov olmaq istəyirsən… Gecələr camaatı yatmağa da qoymursan. Göstər görüm nəyin var".
Mən stolun üstünə bir aləm şey tökdüm. O, daha gülümsəmirdi. Sifəti həmişəki kimi sərt və zəhmli idi. Dəftərlərimdən birini götürüb açdı. Dedi ki, xəttin bişkindir. "Yəqin elə həmişə yazırsan, oxumursan. Düzdür?" Sonra əlində tutduğu dəftərdən oxudu: "Təravətli yaz otları onun ayaqları altında göy soğan kimi xışıldayırdı". Diqqətlə üzümə baxıb: "Bunu yaxşı demisən, - dedi. - Ancaq tap görüm bü cümlədə hansı söz artıqdır".
Mən sevincdən və həyəcandan titrəyən barmağımı "təravətli" sözünün üstünə qoydum. Yazıçı başını qaldırıb diqqətlə üzümə baxdı və gülümsədi: "Yox, balam, deyəsən qabında bir şey var. - Dəftəri səliqə ilə örtüb o birinin üstünə qoydu. - Yazıçılar İttifaqında hər həftənin beşinci günü gənclər əsərlərini oxuyurlar. Gələrsən… Amma sualıma cavab vermədin. Bir şey oxuyursan, ya yox?"
Burada mənim dərdim açıldı. Stolun küncünə atılmış "Ostiologiya" kitabını, xırda-xırda sklet sümüklərini göstərib tibb institutunda dərslərin ağırlığından şikayətləndim. Mən danışır, eyni zamanda, yazıçının davranışında nə isə kəskin dönüş hiss edirdim. Bakıya gələndən bəri, doqquz ay ərzində mütaliə naminə "Paris-Notrdam kilsəsi"ndən savayı heç nə oxumadığımı bildikdə, bircə kəlmə "Olmadı" - dedi və söhbəti bitirərək geri döndü.
Ertəsi gün Axundov bağındakı bir ağacın kölgəsində o, mənimlə cəmi bir neçə dəqiqə söhbət elədi. Çox könülsüz danışdı. Lakin bu söhbət mənim həyatımı birdən-birə, həm də kökündən dəyişdirdi; bir həftə sonra mən ordudan tərxis olunmuş bir qohumuma qoşulub kəndə getdim. Yadımdadı ki, anamdan başqa orda hamı məni təəccüb və qəzəblə qarşıladı. Gəlməyimin səbəbini soruşanlara "xəstəyəm" deyirdim. Bu gedişlə tibb institutuyla vidalaşdığımı və buna Mehdi Hüseynlə bağdakı o qısa söhbətimizin səbəb olduğunu isə hələ heç kəsə açmırdım. O söhbətin məğzi hərbi qulluqda olan atama məktubumda belə qalıb.. "Mehdi Hüseyn dedi ki, gözümə ala-bula görünürsən, həvəsin ədəbiyyatdırsa, bəs medinstituta niyə gəlibsən? Mən dedim ki, Niyazi dayım deyir ki, bu saat vətən və xalq üçün yeganə xeyirli sənət varsa, o da həkimlikdir. Mehdi Hüseynin mənə acığı tutdu: "Dayın deyir? Bəs özün nə fikirləşirsən?" Sonra dedi ki, "özüyün müstəqil fikrin yoxdursa, yazmağı boşla, get dərsini oxu, yazıçı hər şeydən əvvəl müstəqil olmağı bacarmalıdır…"
Atam ordudan tərxis olunub Vətənə qayıtdıqdan sonra ailəsində hamını çox zəif-xəstəhal görüb, bizi dərhal dağa - Semyonovka yaylağına aparmışdı. Orada bir axşam mən təsadüfən onun planşetini açdım, iki bloknotdan ibarət cəbhə xatirələrini, Əhməd Cəmilin Berlinə qədər bu planşetdə gedib-qayıtmış kitabını və həmin kitabın arasında həmin məktubu gördüm. Belə güman etdim ki, bu mənim atama axırıncı məktubum olduğuna görə, təsadüfən qalıb. Sonra mənim üçün gözlənilməz şeylər aşkara çıxdı. Məktubun arxasında atam əski əlifba ilə nə isə qeyd etmişdi. Bu qeydi ona göstərib xahiş etdim ki, oxusun. Atam oxudu: "Müstəqil olmağı bacarmalıdır". Üzünün ifadəsindən gördüm ki, bu sözləri nə üçün qeyd etdiyini unudub. Vərəqi çevirib mənim xəttimi tanıdıqda isə birdən xatırladı: "Mehdiyə kağız yazmaq istəyirdim…"
Atam dörd il cəbhədə olsa da, köhnə pedaqoq vərdişlərini unutmamışdı, lazım bilmədiyi şeyi mənə demirdi. Yəqin ki, bu səbəbə görə də Mehdi Hüseynə yazmaq istədiyi, ancaq nədənsə, yazmadığı məktubun məzmunu haqqında mənə heç nə demədi. Dörd il ərzində, uzaq ölkələrdə çəkdiyi həsrətin dərin izlərini hələ də mühafizə edən gözlərlə mənə baxdı və həmişəlik yadımda qalan sözləri dedi: "Biz heç… ömrümüz cəbhələrdə keçdi, top-tüfənglə keçdi. Bizim ixtiyarımız heç vaxt özümüzdə olmayıb, zamanın küləyi hayana vurub, o yana getmişik. Amma sizin səhv eləməyə ixtiyarınız yoxdur".
Atamın dedikləri Mehdi Hüseynin sözlərini yadıma saldı: "Yazıçı müstəqil olmağı bacarmalıdır…" Atam da bu fikrin təsiri ilə danışırdı. Bunu onun sonrakı hərəkəti də göstərdi. Məktubu mənə qaytarıb gülümsündü: "Al, öz kağızını özünə yadigar verirəm". Mən başa düşdüm ki, əslində o, Mehdi Hüseynin sözlərini və özünün bu sözlərdən çıxarışını yadigar verir.
- Ustad,
söz yox ki, bu söhbətdən sonra ədəbi həyatınızda
yeni və əsaslı bir mərhələ başladı… Həyatınız
dəyişdi…
- Təbii… O gündən başlayaraq hər səhər yuxudan oyananda "müstəqil" sözü mənimlə bərabər oyanır, bir də yatana qədər rahatlıq vermirdi. Nəhayət, həmin sözün təsiri ilə bir gün qərara gəldim, o vaxta qədər nə yazmışdımsa, hamısını cırıb, Semyonovkanın başının üzərindəki dağ döşündən üzüaşağı havaya sovurdum, ancaq təəssüflənmədim. Mən özüm özümə qələbə çalmışdım.
Üç il sonra "İnqilab və mədəniyyət" jurnalında ilk mətbu yazım çap olunanda və Mehdi Hüseyn jurnalın bir nüsxəsini mənə bağışlayanda, yuxarıda söylədiklərimi ona danışdım. Dedim ki, müstəqillik mənə baha başa gəldi, üç il idi ki, heç nə yazmırdım.
Onun bir cür gülməyi - başını arxaya atıb qısaca "ha-ha" eləməyi vardı. Bu cür gülüb mənim əlimdəki nüsxəni aldı. Dedi ki, sən elə bilirsən tamam orijinal şey yazmısan? "Bu cümləni hardan çırpışdırmısan? - Jurnalı açıb, altından karandaşla xətt çəkilmiş sözləri göstərdi. - "Göy soğan kimi xışıldayan yumşaq ot…" Bu, mənim vaxtilə məhv etdiyim hekayəmdən yadımda qalmış sözlərdi ki, üç il sonra bir qədər başqa şəkildə gəlib bu oçerkə düşmüşdü.
Mən ədibin yaddaşına heyrət edirdim. O isə, gülümsəyəndə zəhmini dərhal itirib çox yaraşıqlı, hətta uşaq kimi məlahətli olan sifətlə, başını azca yanakı tutub məni süzürdü və atmacasından da qalmırdı: "Plagiatlıq eləmisən, aşna. Yazıçının özünün özündən oğurlaması daha pisdir. Bu o deməkdir ki, təzə təşbeh tapa bilməmisən, köhnə baqajına əl uzatmısan. Mənim yaşımda olanlar üçün bəlkə də bunu bağışlamaq olar. Sənə - yox. Hə, di get, jurnalı suya sal, suyunu iç!"
O məni qapıya qədər ötürdü, arxamca baxıb, yenə "ha-ha" edə-edə güldü. Qayıtdı ki: "Ə, yerişin nə tez dəyişdi?.. Yox, balam, səni özbaşına buraxmaq olmaz. Hərdən gəl qağan səni maarifləndirsin". Qəhqəhə çəkib güldü.
- Ustadla bağlı bütün xatirələrinizdən əlbəəl görünür ki, o, sonralar sizi heç vaxt "özbaşına buraxmayıb", qayğısını əsirgəməyib…
- Düz sözə nə deyəsən... Ondan sonra Mehdi Hüseyn məni doğrudan da "özbaşına buraxmadı", "Bizim qızlar" adlı ilk povestimi altı dəfə yenidən işlədəndən sonra çapına razılıq vermişdi. Bu, heç də xüsusi qayğı əlaməti deyildi. Mehdi Hüseyn ədəbiyyata "kommersent" gözü ilə baxmaları, özünün dediyi kimi "ana bətnində pozulmuş" gəncləri çəkinmədən qəzəblə damğalayır, ədəbiyyata saf ürəklə, qayə ilə gələnlərə isə həssaslıqla, qayğı və tələbkarlıqla yanaşırdı. O, məni bu gənclərdən biri hesab edirdi. Lakin bir hadisə tezliklə onunla mənim aramda xüsusi münasibət yaranmasına səbəb oldu. Ötən əsrin əlli üçüncü ili oktyabrın iyirmi ikisində mən ilk kitabımın ilk nüsxəsini paketə qoyub kəndə - atama göndərməyə hazırlaşarkən kənddən teleqram gəldi ki, təcili gəl, atan can üstündədi. Getdim. Rayondan qayıdanda yarı canım qalmışdı. Mehdi Hüseyn məni bu vəziyyətdə görüb, evinə apardı. Lakin o, təsəlli verməyi bacarmırdı. Mənim doqquz nəfərlik külfət içində qaldığımı biləndə, hərdən dediyi tək-tək sözlərə də ara verdi. Rəngi qaraldı. Bu halda siqaret çəkə-çəkə masa arxasında bir müddət oturduqdan sonra dikəlib üzümə baxdı. O anı heç vaxt unutmayacağam. Çünki həmin o dəqiqələrdə mən Mehdi Hüseynin xarakterini daha yaxından duydum və onu ömürlük sevdim. Dedi ki, bura bax, İsa, mən qoymaram sən qələmini külfət saxlamaq üçün işlədəsən. "Mən səni oğulluğa götürürəm. Əbədi oğulluğa… Məni düz başa düş. Pis əsərinə yaxşı, yaxşısına da pis deməyəcəm. Yaxşı əsərlər yazsan, hücumlardan qoruyacam… Slovom, səni oğulluğa götürürəm".
O, bu sözləri adi səsi, sakit qətiyyəti
ilə dedi. Ancaq bu sözlər and kimi səsləndi. Mən
heç nə deyə bilmədim. Riqqətlənmişdim.
Bir də hiss etdim ki, mənim təşəkkürüm hər
şeyi korlaya bilər. Mehdi Hüseynsə yəqin ki, mənim
kövrələcəyimdən ehtiyatlandı, gözlənilmədən
zarafata keçib, axır illərdə tez-tez mənə
sataşanda işlətdiyi sözləri təkrar etdi: "Ə,
müstəqilliyini əlindən almıram ki?.."
Mən də cavabsız qalmadım: "Yerli-dibli
aldınız - dedim, - bundan sonra səhv addım atsam, qorxuram
Taras Bulba kimi hərəkət eliyəsiniz". Bu, ona ləzzət
verdi. Gümrah səslə
"Ne isklyuçayetsya!" - dedi. Bu vaxt fatma xanım,
yəqin ki, ərinin səsini eşidib və bizim, nəhayət,
yas əhval-ruhiyyəsinə qalib gəldiyimizi başa
düşüb otağın qapısını açdı:
"Nə olub, a qazaxlılar, bir-birinizə difiramba oxuyursunuz,
ya çarpışırsınız?..
İsa, sən bu Mehdiyə çox da inanma, ha, dost-dost deyə-deyə
bir də görəcəksən tənqid
qılıncını çıxarıb, düşdü
üstünə". Əlbəttə, Fatma xanım da
zarafatla danışırdı… Ancaq Mehdi qağa elə bil bir
az tutuldu. "Fatma, kompromis dostluğun qəddar
düşmənidir, - dedi. - Şəxsi
münasibətlərdə güzəşt olar. Bunsuz keçinmək çətindir. Ədəbiyyatda
güzəştə getmək - mənəvi bankrotluqdur"…
Hiss etdim ki, ədib bu sözləri həm də mənə
eşitdirir; mənim cibimdə Qorki adına
İnstitutun diplomu olsa da, həqiqətdə ədəbi tərbiyə
təzə başlanırdı.
- İsa müəllim, tərbiyə
öz yerində, ancaq xatirələrinizdən bilirik ki, Mehdi
müəllim arada sizi tənbeh edəcəyi ilə də hədələyib…
-
Arada yox ey, lap başlanğıcda… Çap
olunmağa başladığım gündən. İlk oçerkim çıxmışdı.
Məni görən kimi dedi ki, səni tənbeh edəcəyəm,
oçerkdə niyə öz atandan yazmısan?"
Özümü toplayıb cavab verdim.. “Çünki atamı yaxşı tanıyıram”.
Bu mükalimə mənim bütün
yaradıcılığım üçün epiqraf ola bilər.
- Deməli, başa
düşdünüz ki, Mehdi müəllim sizə ədəbi
sahədə heç bir güzəşt etməyəcək.
- Təkcə
mənə yox ey, heç kəsə, heç özünə
də güzəşt edəsi deyildi. O vaxtdan Mehdi Hüseyn mənim
əlyazmalarımın birinci oxucusu və amansız tənqidçisi
oldu. Tezliklə o özü mənə bir qovluq verdi ki, oxuyub fikrimi söyləyim. Bu, "Səhər" romanının bir hissəsi
idi. Bir gecəyə oxuyub səhər
getdim yanına. fikirlərimi dedim. Diqqətlə dinləyib qeydlər etdi. Bizim dostluğumuz belə bir zəmində - sırf ədəbi
ünsiyyət zəminində inkişaf etməyə
başladı.
- Mehdi Hüseyn
bir insan olaraq sizin yadınızda daha çox hansı cizgiləri
ilə qalıb?
-
Bayaqdan demirəmmi bəs? Çox ciddi, tələbkar,
ardıcıl adam idi… "Kabus"da
mən senzuranı nəzərə almamışdım,
qaydaları pozmuşdum. Onda çox hirsləndi.
Dedi ki, mən bunu tənqid edəcəm. Doğrudan da tənqid
elədi… Şəxsi münasibətlərində
isə sevdiyi adamlara maksimum məhəbbətlə
yanaşardı. Çox həssas idi, çox incə
idi… Nifrət elədiyi adamlar vardı, onları analiz edib deyərdi
ki, bax gör onlar insandı, ya insan deyil… Hərdən
soruşurdu ki, ən çox sevdiyin əsər
hansıdır? Deyirdim. "Dirilmə". Hisrlənirdi ki, sən deyəsən
axı bir az subyektivlik edirsən, Tolstoyun
şah əsəri "Hərb və sülh"dür.
Deyirdim: "Ay Mehdi qağa, doğrudur, "Hərb və
sülh" böyük əsərdir, amma "Dirilmə"də
olan yanğı, insanın - mənəviyyatca pozulmuş
insanın yenidən həyata qaytarılmasına göstərilən
qayğı o dərəcədədir ki, adam oxuyandan sonra
yazıçını az qala Allah hesab eləyir. Bu məqamda
"Dirilmə"nin qayəsi "Hərb və
sülh"ü üstələyir…"
Mehdi Hüseyn belə söhbətləri çox sevərdi. O, cavanların
yaradıcılığını diqqətlə izləyər,
qayğısını əsirgəməzdi. Rəhmətlik
Tofiq Bayramla çox dərdləşərdi. Qabildən xoşu gəlirdi. Deyirdi ki, Qabilə
baxanda elə bil Müşfiq gəlib durur gözlərimin
qabağında: "Müşfiq də Qabil kimi təmiz idi. Müşfiq də o yaşda uşaq kimi idi. Qabildə Müşfiqə bənzəyən cəhətlər
var". O vaxtkı gənc yazıçılardan Yusif Səmədoğlunun,
Anarın, Əkrəm Əylislinin
yaradıcılığına ümidlə baxırdı. Məndən soruşurdu ki, oxuyursanmı, məsləhət
verirsənmi o cavanlara? Dönə-dönə
tapşırırdı ki, diqqətlə yanaş bu cavanlara.
Mehdi Hüseyn özündə əsl
yazıçı xarakteri tərbiyələndirmiş bir
insan idi. Çalışırıd ki,
yazıçılığı da bu uca məqsədə,
insan yetirməyə tabe eləsin. Mehdi ədəbiyyata
sözün həqiqi mənasnıda müqəddəs bir aləm
kimi baxırdı. Onun aləmində tutaq
ki, dünyəvi əhəmiyyətli iqtisadçı alimin ədəbi
duyumu, mənəvi qidası yoxdusa, deməli əhəmiyyətsiz
adamdı. Əgər Marksın ədəbiyyat haqda,
insan, bəşəriyyət haqda fikirləri olmasaydı, elə
təkcə "Kapital"ı yazmaqla kifayətlənsəydi,
o, "Kapital" haqqında deyərdi ki, əşi, bu quru
bir adamın əsəridir, yazıb da… Bax belə ha! Engelsi çox sevirdi. Lenini
mütaliə edirdi. Mən də tələbə
vaxtı Lenindən bir kitab oxumuşdum - "Materializm və
empriokritisizm"i. Lenindən söhbət düşəndə
ondan misal gətirirdim. Mehdi qağa
qımışırdı. Görürdü
ki, bu sahədə mən piyadayam. Mehdi son dərəcə
savadlı adam idi. Dünya ədəbiyyatını,
necə deyərlər, beş
barmağı kimi bilirdi. Geniş mütaliəsi
vardı. Məni də tez-tez imtahana
çəkərdi. Həyat
yoldaşım Füruzə xanıma "əmiqızı"
deyirdi. Tez-tez deyirdi ki, əmiqızımı
da götür gəl bizə. Mən
çox vaxt gecələr yazır, gündüzlər
yatardım. Mehdi qağa gülüb deyirdi
ki, elə yata-yata ölkəni bada verəcəksiniz, dur əmiqızının
qolundan tut gəl bizə. Gecə saat birdi, ikidi e!.. Gedirdik. Yazdığı
əsərdən parça oxuyurdu. Oxuyurdu
və çox ciddi şəkildə mənim fikrimə qulaq
asırdı. Mən də
üzlülüyümə salıb arada tənqidi qeydlər
də deyirdim. O, ən yaxın oxucusu kimi məni dinləyirdi.
- Səhv etmirəmsə, sizin
Kinostudiyaya baş redaktor getmənizin də təşəbbüskarı
Mehdi Hüseyn olub.
- Bə
nədi, Mehdi Hüseyn olmayanda kim
olacaqdı… Bir dəfə mənə dedi ki, gəl səni
göndərim Kinostudiyaya baş redaktor, dünyanın
işini bilmək olmur, ölüb-eləyərəm, burada səni
incidərlər. Elə bil ürəyinə
dammışdı ki, ömür ona vəfasızlıq edəcək.
Onun məsləhətiylə Kinostudiyaya baş
redaktor vəzifəsinə getdim. Ancaq
Kinostudiyanın direktoru əmrimi verməyi xeyli yubatdı.
Axırda Mehdi müəllim zəng edib ona dedi ki,
özünü nə hesab eləyirsən, ə, yəni
deyirsən səninlə əməlli-başlı davaya
çıxım? Mehdi belə Mehdi idi, mərdanə,
sözübütöv, ötkəm.
- İsa müəllim,
əsərlərinizdə elə bir obraz varmı ki, onu
yaradanda Mehdi Hüseyni düşünübsünüz? Ümumiyyətlə, sizin
obrazlarınızda Mehdi Hüseynin xarakterindən nəsə
varmı?
- Mehdi Hüseyn xarakteri mənim bütün əsərlərimdə
iştirak edir.
Yazılarımın hansı yerində dünya
haqqında, kainat haqqında, bir balaca fəlsəfə haqda
söhbət varsa hamısı Mehdi Hüseyndən gəlmədi,
Mehdi Hüseynlikdi. Onun ölümündən
sonra İsmayıl Şıxlı xatirə
yazmışdı. Yazıb ki, İsa Mehdi
müəllimin cənazəsini aparan maşında
oturmuşdu. Yandırdığı siqaret
çoxdan sönmüşdü, ancaq onun özünün xəbəri
yox idi. Sadəcə, siqaretin külü
sinəsinə dağılırdı. Bax,
belə bir gün də olub. Ağır, çox
ağır gün…
- Mehdi Hüseyn dəniz kənarına
çıxmağı xoşlarmış. Bunu mən xalq yazıçıları İsmayıl
Şıxlının, Elçinin, yazıçı-publisist
Nahid Hacızadənin xatirələrindən də
oxumuşam. Bu gəzintilər zamanı bir yerdə
olduğunuz olubmu heç?
-
Mehdi müəllimin dəniz kənarında olan gəzintilərinin
demək olar ki, doxsan-doqquz faizi mənimlə bir yerdə olub.
Bir dəfə dedi ki, əmioğlu, həkim Veysov mənə
məsləhət görüb ki, təmiz havada, dəniz kənarında
çox olum, balıq tutun. Hara gedə bilərik?
Çox nəzakətli bir insan olan Oruc Qoşqarlı
var idi, hərbiçiydi. Arada kiçik hekayələr,
oçerklər yazardı. Çox vaxt
Mehdi Hüseynlə bir yerdə olardı.Oruc oldu,
İsmayıl Şıxlı oldu, mən oldum, bir də Mehdi
qağa. Bunları apardım Mingəçevirin
alt tərəfinə, Kürün lap qırağına.
Uzaq yol gəldiyimizdən özümü verdim
bir qırağa ki, azacıq dincəlim. Məni
yuxu necə tutursa ayılanda bir də gördüm Mehdi
qağa başımın üstündədi. Dedi: "A
kişi, sən nə qədər yatajaxsan? Bir dur gör
qağan nələr eləyib…” Durub
gördüm ki, bir dənə şuka balığı tutub
qoyub mənim böyrümə. Şuka da elə
balıqdı ki, uzun müddət
P.S.
Sözünün bu yerində kövrəlir İsa müəllim.
Uzun bir an düşüncələrə
dalıb nəsə yadına salmaq istəyir. Bayaqdan
bəri tez-tez babasına sarmaşıb söhbətin
axarını pozan nəvəsi Səmanın
saçını sığallayır. Mehdi Hüseynli
günlərinin yadigarı olan ömür-gün
yoldaşı firuzə xanıma sarı dönür: "Hər
şey necə də tez ötüb keçdi…" Firuzə
xanım köks ötürür: "Elədi… Həmin gün evə zəng eləmişdi ki, əmiqızı,
əmioğlumu da götür axşam gəl bizə. Bir roman yazmışam - "Yeraltı çaylar dənizə
axır”. Oxuyum, sən də qiymət ver, gör əmioğlum
yaxşı yazır, yoxsa mən…" İşə
zəng edib Mehdi qağanın sifarişini İsaya
çatdırmışdım. Sözləşmişdik
ki, axşam gedək. Ancaq gedə bilmədik.
Üç-dörd saat sonra o qəfil hadisədən
xəbər tutdum - Mehdi qağa dünyasını dəyişmişdi".
Hər ikisi susur.
Sağollaşıb ayrılanda İsa müəllim
"Sağ olsun xalqımızı, dövlət
başçımızı - deyir, - yenə də unutmurlar,
xatirəsini əziz tuturlar". Etirazıma baxmayaraq qapıyacan
ötürür məni, xudahafizləşəndə
gülümsünür: "Müstəqil olmağını
arzulayıram. Öz bildiyin kimi qələmə alarsan…"
Yadıma Mehdi Hüseyndən danışdığı xatirə
düşür: "Ə, müstəqilliyini əlindən
almıram ki?..”
Söhbətləşdi: Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.-2009.-10
aprel.-S.3.