Azərbaycan
ziyalılarının Türkiyə aydınlarına muraciəti
Biz
- Azərbaycan ziyalıları Türkiyə Cümhuriyyətinin
Orta Şərq və Qafqaz regionunda sülhün, mehriban
qonşuluğun və əmin-amanlığın bərpasına
yönəlmiş böyük diplomatik-siyasi səylərini
diqqətlə izləyirik. Qafqazda sabitliyin təmin olunması
məqsədilə rəsmi Ankaranın xüsusi təkliflər
paketi hazırlaması bu cəhətdən ümidlərimizi
xeyli artırmışdır.
Lakin
reallıq bundan ibarətdir ki, Ermənistan ümumbəşəri
dəyərlərin, eləcə də sülh, demokratiya,
sabitlik və regional əməkdaşlıq prinsiplərinin,
beynəlxalq hüquq normalarının tam ziddinə olaraq Azərbaycan
ərazisinin 20 faizini işğal altına almış, həmin
ərazilərdə etnik təmizləmə aparmış,
tarixi və mədəni abidələri məhv etməklə
regionun mədəni simasını dəyişmiş,
Qarabağda qeyri-qanuni məskunlaşdırma prosesini həyata
keçirmiş, ərazinin təbii sərvətlərini
istismar etmiş və beynəlxalq nəzarətdən kənarda
qalan regionda transmilli cinayətkarlıqlar üçün
şərait yaratmışdır.
Ermənistanın
hakimiyyəti Türkiyə rəhbərliyinə zahirdə
xoş məram ifadə edən vədlər versə də,
mahiyyət etibarilə bütün Türk dünyasına
qarşı özünün şər-böhtan
kampaniyasını davam etdirir. Bununla bağlı Türkiyənin
hakim dairələrində kifayət qədər məlumatın
olduğuna əsla şübhə etmirik. Neçə illərdir
ki, Türkiyə məhz bu səbəblərdən Ermənistanla
diplomatik əlaqələr yaratmamış və sərhədlərin
açılmasına hər hansı şəkildə
razılıq verməmişdir. Azərbaycan dövləti və
cəmiyyəti isə qardaş Türkiyə ilə əl-ələ
verərək, Qafqazda tarixi ədalətin bərpa
olunacağına ciddi surətdə inandığı
üçün onun bu etibarı ilə indiyədək fəxr
etmişdir.
Bütün
bunlarla yanaşı, son vaxtlar Türkiyə hökumətinin
Ermənistanla sərhədləri açacağı ilə
bağlı kütləvi informasiya vasitələrində
aramsız olaraq məlumatların yayılması biz Azərbaycan
ziyalılarında haqlı narahatlıq doğurur. Belə bir
ehtimalın gerçəkləşə bilməsini türk
xalqının milli maraqlarına və ümumən Türk
dünyasının mənafeyinə büsbütün zidd bir
hal kimi dəyərləndiririk. Biz Türkiyə ilə Ermənistan
arasında sərhədlərin açılmasının
yolverilməz olduğunu bildirir və hesab edirik ki,
yarandığı dövrdən bəri davamlı şəkildə
qonşu dövlətlərin ərazilərinə
qarşı iddialar irəli sürən, uzun müddətdir
Azərbaycanın torpaqlarını işğal altında
saxlayan və oranı tərk etmək fikrindən də uzaq
olan, siyasi möhtəkirliyə əl ataraq, hətta türk
xalqına qarşı qondarma “soyqırım” iddiaları irəli
sürən, PKK terror təşkilatına canlı qüvvə
və silahla hər cür yardım göstərərək,
Türkiyə Cümhuriyyətini daxildən parçalamaq kimi
məkrli niyyət güdən Ermənistanla Türkiyə arasında
əlaqələrin qurulması, ən nəhayət, on minlərcə
türkün qanını axıtması ilə öyünən
erməni rejiminə münasibətdə birtərəfli
qaydada güzəştli davranış türk millətinin
tarixi ənənələrinə və mənəvi dəyərlərinə
hörmətsizlik olardı. Qətiyyətlə söyləmək
olar ki, bu güzəşt Ermənistanın Türkiyəyə
qarşı iddialardan geri çəkilməsinə heç
bir təsir göstərməyəcək. Eyni zamanda Türkiyədə
hakimiyyətdə olan Ədalət və İnkişaf
Partiyası tərəfindən bu cür addımın
atılması “bir millət – iki dövlət” prinsipi ilə
ifadə edilən doğma münasibətlərə mənfi
təsir göstərə bilər.
Biz
– Azərbaycan ziyalıları ərazi ekspansiyasını
dövlət siyasətinin tərkib hissəsinə
çevirmiş Ermənistanla sərhədlərin
açılmasına və münasibətlərin
yaradılmasına qəti etiraz edir, bu cəhdləri türk
xalqının iradəsinin ziddinə atılmış
addım və Türkiyə ilə tarixi qardaşlıq
münasibətlərinə ciddi zərbə kimi qiymətləndiririk.
Biz dil, din və mədəni dəyərlər
baxımından son dərəcə yaxınlığı ilə
seçilən, tarixən olduğutək bu gün də Azərbaycanla
eyni mövqedə dayanan Türkiyəni Ermənistanın
işğalçılıq siyasətinə münasibətdə
indiyə qədər nümayiş etdirdiyi obyektivliyi və
prinsipiallığı bundan sonra da qoruyub saxlamağa
çağırırıq!
Ümidvarıq
ki, Türkiyə hökuməti məsələyə həssas
və diqqətli yanaşacaq, Türk dünyasının
ümumi mənafeyinə və maraqlarına uyğun addım
atacaqdır.
Azərbaycan Milli Elmlər
Akademiyası
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.-2009.-10
aprel.-S.1.