Azərbaycan
Yazıçılar Birliyinin Bəyanatı
Türkiyə
hökumətinin Ermənistanla sərhədləri
açacağı barədə xəbərlər son zamanlar
gündəmdə geniş yer tutur. Bu xəbərlər
Türkiyə və Azərbaycanın milli təəssübkeşlik
mövqeyində dayanan digər ictimai qurumlar kimi, Azərbaycan
Yazıçılar Birliyini də ciddi şəkildə
narahat etməkdədir.
Azərbaycan Yazıçılar Birliyi olaraq, bəyan edirik ki, öz işğalçı mövqeyindən və qondarma “soyqırımı” iddiasından əl çəkməyən, zəbt etdiyi Azərbaycan torpaqlarını boşaltmaqdan boyun qaçıran Ermənistanla sərhədlərin açılmasına dair ən xırda ehtimal belə bizi dərindən qayğılandırır. Azərbaycan Yazıçılar Birliyi belə bir ehtimalın gerçəkləşməsini türk xalqının milli maraqlarına və ümumən Türk dünyasının mənafeyinə kökündən zidd bir hal kimi dəyərləndirir.
Hesab edirik ki, on minlərlə türkün qanını axıtması ilə öyünən erməni rejiminə münasibətdə birtərəfli qaydada güzəştli davranış türk millətinin tarixi ənənələrinə və mənəvi dəyərlərinə sayğısızlıq olar. Eyni zamanda, belə bir addımın atılması “bir millət - iki dövlət” prinsipi ilə ifadə olunan doğma münasibətlərə, ictimai təmaslara mənfi təsir göstərə bilər.
Biz - Azərbaycan yazıçıları hesab edirik ki, indiki şəraitdə Ermənistanla sərhədlərin açılması Türkiyə ilə tarixi qardaşlıq münasibətlərimizə ciddi zərbə vura bilər.
Bütün bunları nəzərə
alaraq, Türkiyə hökumətinin daha həssas və diqqətli davranacağına,
sonda Türk dünyasının ümumi
mənafeyinə və
maraqlarına uyğun
addım atacağına
ümidvar olduğumuzu
bəyan edirik.
Ədəbiyyat qəzeti.-2009.-10 aprel.-S.1.