Türkan Əfəndiyeva – 80
Cavan qalmağın sirri
Aprelin 8-də Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış türkoloq alim Türkan Əfəndiyevanın anadan olmasının növbəti onilliyilə bağlı tədbir keçirildi. Mərasimi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundov açaraq bildirdi ki, Türkan xanım Azərbaycan dilçilik elminin görkəmli nümayəndələrindən biridir. "Dilçilik elmimizin müəyyən sahəsi onun adıyla bağlıdı. Mən onunla eyni yaş nəslinin nümayəndəsiyəm. Onun bir alim kimi yüksəlişi gözlərim önündə keçib, uğurlarına sevinmişəm. Türkan xanım yaxşı alim, gözəl pedaqoq, yaxşı dostdur. Ömrünün otuz ilini ali məktəblərdə mühazirə oxuyub, bir çox beynəlxalq simpozium, konfrans, müşavirə və elmi sessiyalarda Azərbaycan dilçiliyini ləyaqətlə təmsil edib. O, 1989-1996-cı illərdə İstanbul, Kayseri, Ankara, Bodrum şəhərlərində "Uluslararası Türk dil konqresində", XI Türk tarix konqresində məruzələrlə iştirak edib".
Görkəmli alimin həyat və elmi fəaliyyəti ilə bağlı ətraflı məruzə ilə çıxış edən filologiya elmləri doktoru İsmayıl Məmmədov vurğuladı ki, Türkan xanım Bakı şəhərində ziyalı ailəsində - Qori seminariyasının məzunu olan, tanınmış maarifpərvər Əliəşrəf Yunis oğlu Hacıyevin ailəsində dünyaya göz açıb. Atası vaxtilə APİ-də fizika kafedrasının müdiri, qiyabi Pedaqoji İnstitutun direktoru, BDU-nun prorektoru vəzifələrində çalışmışdı. Sonralar ailələrinin üzərindən repressiya tufanları əsib keçib. Atası 1938-ci ildə həbs edilib. Dostları onun həbsdən azad olunmasına nail olsa da, iftira və böhtanlara tab gətirməyərək 1945-ci ildə vəfat edib. Həmin gündən ailənin ağır yükü Türkan xanımın anası Gülzar xanımın üzərinə düşdü. Gənc ana hər cür əziyyətlərə dözdü. Türkan xanım anasının bu fədakarlığını həmişə əziz tutur, qazandığı uğurları onun adıyla bağalyır. O, 1946-cı ildə Şəkidə orta məktəbi, 1951-ci ildə Bakıda universiteti bitirib. 1959-cu ildə Moskvada "Müasir Azərbaycan ədəbi dilində felin keçmiş zaman formalarının sistemi" mövzusunda namizədlik, 1973-cü ildə "Azərbaycan dilinin leksik üslubiyyatı (bədii üslub)" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. Onun müxtəlif mövzularda etdiyi məruzələr həmişə öz aktuallığı ilə seçilib. Türkan xanımın ömür payı şirindir. O, nəyə nail olubsa, öz zəhməti bahasına, insanpərvərliyi hesabına nail olub.
Filologiya elmləri namizədi Samirə Əliyeva mərasimdə "Türkan Əfəndiyeva və üslubiyyat problemləri" mövzusunda etdiyi məruzədə dedi: "Onun keçdiyi səksən illik ömür yoluna nəzər salarkən gözümüzün önündə böyük yaradıcılıq yolunun ağırlığına sinə gərən, ziyalı nüfuzunu və etikasını hər şeydən üstun tutan, yüksək mədəniyyətə, insanlığa malik olan bir ziyalı obrazı canlanır. Türkan xanım öz zəngin və çoxşaxəli elmi yaradıcılığı ilə Azərbaycan dilçiliyində xüsusi yer tutur. Leksikologiya, morfologiya, sintaksis, üslubiyyat, poetika məsələlərinə aid yazdığı əsərləri ilə o, ümumiyyətlə türkologiyanın bir sıra mürəkkəb problemlərinin araşdırılmasında əhəmiyyətli rol oynamışdır. Türkan xanımın təbiətindəki daxili intizam, yüksək mədəniyyət, gözəlliyə məftunluq elə bil onun yazılarına da hopub. Onun elmi yaradıcılığı Azərbaycan dilçiliyinin ayrılmaz tərkib hissəsini təşkil edir…"
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar tədbirdə çıxış edərək bildirdi ki, Türkan xanımın yubileyinin AYB-də keçirilməsi təbiidir. Ona görə ki, o, görkəmli dilçi alim olmaqla yanaşı, həm də AYB-nin üzvüdür: "Yazıçı və şairlər əsər yazırlar. Ancaq onların əsərlərini təhlil edən, bəzən müəlliflərin özlərinə belə yazdıqlarını izah edən isə dilçilər və ədəbi tənqidçilər olur… Türkan xanım bu sahədə böyük iş görən alimlərimizdəndi. O, bizim ailənin əziz üzvlərindən biridi və mən onu deyə bilərəm ki, onun vəfalı ömür-gün yoldaşı Oqtay müəllimin belə cavan qalmasının səbəbkarı əslində Türkan xanımdı. Eyni zamanda, Türkan xanımın bu gözəl durumda olmasının bir əsas cəhəti də Oqtay müəllimlə bağlıdı".
Xalq yazıçısı sonra AYB-nin xüsusi hədiyyəsini yubilyara təqdim etdi.
Akademik Teymur Bünyadov Türkan xanımı 1951-ci ildən tanıdığını, Moskvada birgə təhsil aldıqlarını diqqətə çatdırdı: "Ailəvi dostluq münasibətlərimiz yenə də davam edir, ağrılarımızı bir yerdə çəkir, bir yerdə sevinirik".
Professorlardan Vilayət Əliyev, Nuridə Novruzova, Rəhilə Məhərrəmova, Məsud Mahmudov, Sayalı Sadıqova tədbirdə çıxış edərək bildirdilər ki, Türkan xanım elmdə öz yolu olan dilçilərimizdəndi, onun ömür yolu cild-cild kitab kimidi - oxumaq, öyrənmək lazımdı.
Ədəbiyyatşünas alim Gülrux Əlibəyli yubiley tədbirində dedi: "Mən Türkan xanımı yarım əsrdən çoxdur ki, tanıyıram. Onun elə xüsusi cizgiləri var bəlkə də bundan heç özünün də xəbəri yoxdu. Vaxtilə mən ustad şairimiz Rəsul Rza haqqında əsər yazarkən üslubiyyat cəhətdən Türkan xanım mənə çox kömək etdi. Onda dərin yumor hissi var. Biz birlikdə olanda ən böyük kədərimizi, ağrımızı bu yumor hissiylə yola veririk.
Professor Səidə İsmayılova vurğuladı ki, Türkan xanım öz yaxşılığı və diqqəti ilə, insanı başa düşməsiylə məni heyran edən yeganə insanlardandı. Dilçi alim Sevil Mehdiyeva dünyada xanımların çox olduğunu, Türkan xanımın isə xanım dilçi olduğunu qeyd etdi: "Onun xanımlığı ətrafındakılara da sirayət edir. Onda komizmlə yanaşı güclü lirizm də var…"
Yubilyarın alim dostlarından Roza Eyvazova, Elmira Mirzəyeva, Sənubər Abdullayeva, Qüdrət Cəfərov, yaxın qohumu Ləman Yusifova məclisdə xoş ürək sözlərini sərgilədilər.
AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca da ürək sözlərini yubilyara çatdırdı: "Ömrümdə ilk dəfədir ki, qocaldığıma və gözlərimin zəif görməsinə görə sevinirəm. Sevinirəm ki, zəmanənin, vaxtın qadınlarımızın, sənət dostlarımızın üzünə çəkdiyi yaş cizgilərini, vaxt kölgəsini görmürəm. Türkan xanım isə bu sırada deyil, o yenə də gənclik şövqüylə yazıb-yaradır…"
Sonda T.Əfəndiyeva söz alıb onun haqqında xoş söz söyləyən, yaradıcılığını, elmi fəaliyyətini yüksək qiymətləndirənlərə öz təşəkkürünü bildirdi: "Həyatımda ilk dəfədir ki, yubileyimi qeyd edirəm. Heç vaxt istəməmişəm kimsəyə əziyyət verim, vaxtını alım. Əgər insan ömrü boyu uca duyğularla yaşayırsa, xalqı, vətəni üçün çalışırsa - həmişə öz nurunu, cavanlığını hifz edir. Burada söylədiyiniz xoş sözlər üçün sağ olun və bilin ki, mən sizin hamınızı çox, lap çox sevirəm".
S.Aranlı
Ədəbiyyat qəzeti.-2009.-10
aprel.-S.4.