Simpozium

 

Türk dilləri arasında qarşılıqlı əlaqə

 

           Xəbər verildiyi kimi, Yazıçılar Birliyinin sədri Anar bu günlərdə Türkiyədə olmuşdur. Əməkdaşımızın səfərin məqsədi haqqında suallarına cavab verərək Anar demişdir:

- Martın 30-da Ramiz Əsgər, Nuridə Novruzova, fəxri Uğurlu, naşir Rafiq Babayevlə bərabər İstanbula gəldik. Dəvət olunduğumuz simpozium türk dilləri arasında qarşılıqlı əlaqələrə həsr olunmuşdu və TÜRKSOY, Avrasiya Yazarlar Birliyi, Maltəpə və Qazi universitetləri tərəfindən təşkil edilmişdi. Eyni zamanda simpoziumda böyük şairimiz Bəxtiyar Vahabzadənin xatirəsi anılacaqdı.

Martın 31-də simpoziumun ilk toplantısının açılışından dərhal sonra Bəxtiyar Vahabzadənin xatirəsiylə bağlı çıxışlar başlandı. Mən, TRT-dən Əbdülhəmid Əfşar, Kamil Vəli Nərimanoğlu, şairlər Əli Akbaş və Yavuz Bülənd Bakilər, alim Yavuz Akpinar, türkmən şairi Araz Yağmur çıxış etdik.

Mən çıxışımda Bəxtiyar Vahabzadənin vəfatının yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün böyük itki olduğunu vurğuladım. Dedim ki, Bəxtiyar Vahabzadə Türkiyəni çox sevirdi, Türkiyədə də onu sevirdilər. Onun xatirəsinə həsr olunmuş toplantının İstanbulda keçirilməsi çox təbiidir.

B.Vahabzadə yaradıcılığının özəlliklərindən danışdıqdan sonra onu da qeyd etdim ki, o, xoşbəxt sənətkar idi, Azərbaycanda da, Türkiyədə də çox populyar idi. Amma şair bu dünyadan ürəyi nisgilli getdi, işğal olunmuş torpaqlarımızın, Şuşanın dərdini özüylə məzara apardı. Və bu gün bu məsələdə işğalçı dövlətə hər hansı güzəşt Bəxtiyar Vahabzadənin ruhunu və bütün Azərbaycan xalqının qəlbini incidər.

Sonra proqramda "Türk ləhcələri arasındakı aktarma çalışmalarının bugünkü durumu" mövzusuyla müəyyənləşmiş simpoziumda da qısa çıxış etdim. Dedim ki, əlbəttə, türk xalqları, özəlliklə də Azərbaycan və Türkiyə türkləri arasında çevirməkdən, tərcümədən söz gedə bilməz. Amma "aktarma" deyiləndə də Azərbaycan türkcəsinin xüsusiyyəti nəzərə alınmır. Azərbaycan türkcəsində "aktarmaq" - aramaq anlamında işlənir. Azərbaycanda desən ki, filan əsəri aktardım, soruşacaqlar: tapdınmı, buldunmu? Odur ki, zənnimcə, türk dilləri arasında bu işə ən çox yaraşan "uyğunlaşdırma"dır. "Azəri türkcəsinə uyğunlaşdıran filankəs", yaxud "Türkiyə türkcəsinə uyğunlaşdırma".

Mən simpoziumun adında "türk ləhcələri" ifadəsinə də etiraz edirəm. Niyə görə müstəqil dillər olan Azərbaycan, özbək, qazax, tatar, qırğız, türkmən, başqır dilləri ləhcə adlandırılır? Məgər bir-birinə çox yaxın olan slavyan dillərinin hansı birinisə ləhcə adlandırırlar? Ukrayna ləhcəsi, bolqar ləhcəsi, yaxud çex ləhcəsi deiyrlər? Bu gün xatirəsini hörmətlə yad etdiyimiz Bəxtiyar Vahabzadə Azərbaycan dilinə şeirlər həsr etmişdi, Azərbaycan ləhcəsinə yox… Böyük tatar şairi Qabdulla Tukay "Toğan tilə" ("Doğma dilə") şeir yazırdı, doğma ləhcəyə yox… Əgər bütün türk dilləri ləhcədirsə, hansı dilin, hansı əsas dilin, təməl dilin ləhcələridir? Türkiyə türkcəsininmi? Yox, deyirlər, elə Türkiyə türkcəsi də ləhcədir. O zaman gəlin Türk dil qurumunun da adını dəyişdirib Türk ləhcə qurumu qoyaq. Mən illər boyu israrla dediyim sözləri bir də təkrar etmək istəyirəm. Türkiyə türkcəsi bütün türk xalqları arasında iletişim, rabitə, ünsiyyət dili olmalıdır. Hər xalq öz doğma dilinin bütün özəlliklərini qoruyub saxlamaq şərtilə başqa türk xalqlarıyla Türkiyə türkcəsində anlaşa bilər. Mən demirəm ki, bu ortaq iletişim, rabitə, əlaqə dili Azərbaycan türkcəsi olsun. Desəm, dərhal soruşarlar, onda niyə tatar, özbək, qazax dili olmasın? Amma ən qədim müstəqillik ənənəsi olan ən böyük türk dövlətinin dili, başqa türk xalqlarının ünsiyyət dili olarsa, zənnimcə, buna heç kəs etiraz etməz, bunu bütün türk xalqları qəbul edər. Bir vacib məsələ də türk xalqları arasında ortaq terminlərin yaradılmasıdır. Burda bizə irad tuturlar ki, niyə siz Prezident, Respublika deyirsiniz, Cümhur Başqanı, Cümhuriyyət kəlmələrini işlətmirsiz? Onda mən də soruşuram: bəs siz niyə mədəniyyət deyil, kültür, siyasət deyil, politika, iqtisadiyyat deyil, ekonomi işlədirsiniz? Hələ onu demirəm ki, bu sözlərin də hamısı yabançı - ərəb sözləridir. Ortaq terminlər haqqında razılaşmaq bax, bu məsələlərin çözülməsi üçün lazımdır.

Maltəpə universitetinin Gözəl sənətlər fakültəsində "Otel otağı" filmi göstərildi və filmin nümayişindən sonra bu fakültənin tələbələri ilə son dərəcə maraqlı görüşüm və çox səmimi söhbətimiz oldu.

İstanbul Universitetinin Avrasiya institutunda da müəllimlər və tələbələrlə görüşdə mən Türk dünyasının bu yaxınlarda itirdiyimiz iki böyük sənətkarının - Çingiz Aytmatovla Bəxtiyar Vahabzadənin xatirələrini bir dəqiqəlik sükutla anmağı təklif etdim. Buradakı çıxışımda da Ermənistanla sərhədlərin açılmasını Azərbaycan xalqının qəlbinə vurulan ən ağır zərbə kimi və Qarabağ probleminin həllini artıq dərəcədə çətinləşdirən məsələ kimi səciyyələndirdim.

Türkiyənin Azərbaycandakı sabiq səfiri, indi yüksək məqamda vəzifə tutan faruk Loğoğluyla görüşdə də, onun: - Azərbaycan sınırların açılmasına necə baxar? - sualına - çox pis, - deyə cavab verdim, - bu yalnız Azərbaycana arxadan vurulan zərbə deyil, Türkiyə üçün də üzqarası olar. Əgər burada elə düşünənlər varsa ki, bu hərəkətlə Türkiyənin Avropa Birliyinə girməsi təmin olunacaq, çox yanılırlar, bu güzəştdən sonra Türkiyədən yeni güzəştlər, sözdə "soyqırımın" tanımaq, daha sonra təzminat və bəlkə də torpaq tələbləri irəli sürüləcək, kürd və Kipr məsələlərində geri çəkilmə tələb olunacaq və Türkiyə bütün bunları qəbul etsə belə, daha sonra da başqa bəhanələrlə Avropa Birliyinə daxil olmağa qoymayacaqlar. Doğrudan da, artıq Türkiyədən qayıdandan sonra bildim ki, fransa və Almaniya Türkiyənin Avropa Birliyinə girməsinin qəti əleyhinədir, Obama da "soyqırımı" haqqında söz deməyəcəyini boynuna götürmədi.

Türkiyədən qayıdan kimi hamımızı çox narahat edən bu məsələ haqqında Yazıçılar Birliyinin Bəyanatını hazırlayıb mediyaya verdik.

Bu dəfəki İstanbul səfərimin unudulmaz hadisəsi böyük mütəfəkkir Əli bəy Hüseynzadənin qızı feyzavər xanımla görüşüm oldu. Əli Yavuz Akpinar və cərrah İbrahim İldırımla birlikdə feyzavər xanımı mənzilində ziyarət etdik. Yaşı 90-a çatmış bu qadın kübar davranışıyla, səliqə-sahmanıyla, iti zəkasıyla, yaddaşının möhkəmliyiylə məni heyran etdi. Qardaşı rəhmətlik rəssam Səlim Turanla Parisdə tanış olduğumu, sonra onunla İstanbulda görüşdüyümü, daha sonra da nə yazıq ki, Atatürk Kültür Mərkəzində dəfn mərasimində çıxış etdiyimi dedim. feyzavər xanımın evinin divarlarında asılmış tabloların - Əli bəyin və Səlimin çəkdiyi şəkillərin fotolarını çəkdim. feyzavər xanım Səlim Turanın albomunu və özünün rəsmlərindən ibarət olan təqvimi mənə bağışladı.

 

Ədəbiyyat qəzeti.-2009.-10 aprel.-S.2.