“Ədəbiyyat qəzeti" mənim həmsöhbətimdir…

 

- Balaş müəllim, heç zaman unudulmayacaq və mənim üçün çox əziz olan bu görüşə gələnə qədər qəzetimizin yaxın saylarında dərc edilən yeni şeirlərinizin təəssüratı dəfələrlə yaddaşımda dolanıb keçdi. "Məni soruşsalar sizdən - deyin sağdır, sağ, buludlar!" təskinliyinin kövrək yaşantısı, "Aparın doğma Təbrizə, sevinsin torpaq, buludlar!" umacağının ağrısı bir yana, bu misralarda döyünən şair qəlbinin növcavanlığı da fikrimizə hakimdi. Yəni, sənətkar ömrü ayla-illə ölçülmür, burada meyar ölçüsü sənətkar hissiyyatının, duyumunun yaşarı olması, təzə-tərliyidir.

- Oğlum, bu dünyada hərəni bir şey narahat edir. Bizim də ruhumuza, duyğumuza şeir-sənət hakimdi. Düşüncələrimiz, müşahidələrimiz bizə şeir diqtə edir, şair olan kəs həmişə təzələnməyi bacarmalıdı, müasirləşməlidi. Vaxt, zaman, aylar-fəsillər şair olan kəsin yanından izsiz-tozsuz keçib getməməlidi, nəsə qalmalıdı. Müasirləri Mayakovskinin yaddaşını Rusiya bataqlığına bənzədirdilər, yəni, buradan keçib gedənlərdən mütləq nəsə bir şey, ən azından ayaqqabılarının bir tayı ilişib bu bataqlıqda qalmalıymış. Əlbəttə, məcazi mənada deyilsə də, çox məntiqlidi. Rəhmətlik Məmməd Araz düz yazırdı ki, şair gərək ölə-ölə yazmaya, yaza-yaza ölə. Əsl şairin duyğusu korşalmamalıdı.

- Yeni şeirlərinizi qəzetimizə həmişə əl yazısıyla göndərirsiniz. Yığımdan əvvəl mən o əlyazılarını oxuya-oxuya həm də daxili bir rahatlıqla xəttinizin nizamının pozulmadığına nəzər yetirirəm, düşünürəm ki, maşallah, qələm Balaş müəllimin əlində on-on beş il, ondan da o yana necə işləyirdisə, yenə də eləcə işləyir. Eyni zamanda, onun "Ədəbiyyat qəzeti"nə olan mehr-ülfətinə illərin kölgəsi düşməyib, əməkdaşlıq yenə də əvvəlki mərtəbəsindədi.

- Ayrı cür də ola bilməz. Bu qəzetlə məni uzun illərin əməkdaşlığı, yol yoldaşlığı bağlayır. Düz altmış iki ilin doğma ünsiyyəti var aramızda. Söz vaxtına çəkər, 1947-ci il aprel ayının on yeddisində mən Seyid Cəfər Pişəvərinin səyi və "Nicat" cəmiyyətinin köməkliyi ilə ölümün pəncəsindən, zindanın işgəncəsindən yaxa qurtarıb Təbrizdən Bakıya gəldim. Buradan məni mühacir dostlarımla birlikdə Mərdəkanda "Yaşıl bağ" deyilən yerə apardılar. Üç gün sonra Mədinə Gülgün bağa gəlib Səməd Vurğunun məni görmək istədiyini bildirdi. Biz birlikdə Bakıya gəldik. Maşınımız Yazıçılar İttifaqının qabağında dayandı. Bu bina mənə tanış idi - 1945-ci ildə Bakıda olarkən buraya gəlmişdim. İkinci mərtəbəyə qalxdıq. Mədinə katibəyə bizim gəldiyimizi xəbər verdi. Sara xanım - katibənin adı Sara idi - öz növbəsində mənə xoşgəldin edib içəri dəvət etdi: "Yoldaş Səməd Vurğun sizi gözləyir".

Səməd Vurğun mənimlə çox səmimi görüşdü. Kədərli bir səslə "Biz belə gözləmirdik, hər şey gözlədiyimizin əksinə oldu, - dedi. - Danış görək Təbrizdə nələr oldu? Biz səndən və Biriyadan nigaran idik. Bilirdik ki, ələ düşsəniz salamat qoymayacaqlar, şükür ki, gəlib çıxdınız".

Mən başıma gələn hadisələrdən və Təbrizdə baş verən faciələrdən danışdım. Səməd Vurğun təsəlli verib dedi ki, millətimizin tarixində belə hadisələr az olmayıb, mərdliklə dayanmaq lazımdır, sınmaq olmaz. Bu görüşdən bir az sonra Səməd Vurğun Cənubdan gəlmiş şair və yazıçıları qəbul etdi. Görüşdə o zaman "İnqilab və mədəniyyət" adı ilə nəşr olunan jurnalın (indiki "Azərbaycan"ın) redaktoru Mehdi Hüseyn, bir də İttifaqın katibi Əhməd Cəmil iştirak edirdi.

Səməd Vurğun fikirli-fikirli bizimlə hal-əhvallaşdı, məsləhət verdi: “Ruhdan düşmək, qələmi yerə qoymaq olmaz. İndi sizin düşmənə qarşı mübarizəniz yeni forma alır. Bizim qəzet və jurnallarımızın qapısı sizin üzünüzə açıqdır".

Sonra Mehdi Hüseyn jurnal haqqında danışdı. Dedi ki, biz Azəroğlunun "Bakı səhəri" poemasını bütünlüklə jurnalda çap etmişik. Sizdən bədii cəhətdən belə yüksək keyfiyyətli əsərlər gözləyirik.

Görüşün axırında Səməd Vurğun məsləhət gördü ki, mən "İnqilab və mədəniyyət" jurnalında, Əli Tudə isə "Ədəbiyyat qəzeti"ndə işləsinlər. Elə də oldu. Əli Tudə ilə mən ən ağır mübarizə illərində bir yerdə olmuşduq. Təbrizdən Bakıya gələndən sonra biz İçərişəhərdə bir evdə qalırdıq. Dərdimiz-sərimiz bir idi. Onun "Ədəbiyyat qəzeti"ndə işləməsi bu qəzeti mənə daha da doğmalaşdırdı. İndinin özündə də, inan Allaha ki, "Ədəbiyyat qəzeti"nin adı çəkiləndə, bu doğma qəzetin hər yeni nömrəsini əlimə götürəndə gəlib gözlərimin önündə Əli Tudə dayanır. Yenə də Səməd Vurğunu, Mehdi Hüseyni ən əziz duyğularla yad edirəm. Bu qəzet mənim üçün təkcə mətbu orqan deyil, mənim Əli Tudəli, Mədinəli günlərimin yadigarıdır. Hər səhifəsində Səməd Vurğunu, Mehdi Hüseyni göz önünə gətirirəm. Mehdi Hüseyni mən Pişəvəri qədər sevirdim. Mənə kölgə, dayaq, arxa olmuşdu.

İndi "Ədəbiyyat qəzeti"nin səhifələrində Qılman İlkinin hekayələrini oxuduqca gözüm sətirlərin üstündə dolanır, fikrim ötən illərə qayıdır. O illərə ki, Qulam Məmmədli Ərdəbildə məni axtarıb tapandan sonra özüylə bərabər Təbrizə aparmışdı. Burada çıxan "Vətən yolunda" qəzeti redaksiyasında Qulam Məmmədli məni Ənvər Məmmədxanlıyla, Seyfəddin Dağlıyla, Əvəz Sadıqla və Qılman İlkinlə tanış etmişdi. Cəfər Xəndanla da orada yenidən görüşmək mənə qismət olmuşdu. O illəri mən necə unuda bilərəm? Onu deyirdim axı, indi "Ədəbiyyat qəzeti"ndə Qılman İlkinin hekayələrini oxuduqca dönüb o illəri xatırlayıram…

- Qılman müəllimin qəzetimizin ötən saylarında dərc edilən "Atalı yetim", "Nurlan" və başqa hekayələrini oxuduqca elə söhbətimizin əvvəlində dediyim sənətkar gəncliyinin əbədiyaşarlığı haqqında düşünürdüm.

- Elədi… Əli Tudə "Ədəbiyyat qəzeti"nə işə göndəriləndə qəzetin baş redaktoru Süleyman Rüstəm idi. Bizə xüsusi diqqətlə yanaşırdı. O diqqəti, hörmət-izzəti necə unutmaq olar? İndi "Ədəbiyyat qəzeti"nin səhifələrində Əli Sultan, Məmməd Arif, Məmməd Cəfər haqqında xatirələr, əhatəli məqalələr oxuduqca o günlərə qayıdıram. Mən bu böyük şəxsiyyətlərdən dərs almışam, onların insanlığını görmüşəm. Onları necə unutmaq olar? Onların haqqında yazılanlar qədirbilənlik faktıdır, övladlıq borcudur.

- Balaş müəllim, elə sizin özünüzün "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Ərdəbil bir şəhərdir ki…" xatirəniz də həmin qədirbilənlik hissiylə yazılan yazılardandı

- Bilirsənmi, oğul, mənim az yaşım yoxdu, həyatı nə bilmək olur? Son vaxtlar elə hey düşünürəm ki, bəs bunları mən yazmasam kim yazacaq. Axı bu hadisələrin yeganə şahidlərindənəm. Mən bu tarixi özümlə aparsam günah olar. Odur ki, yazıram, "Ədəbiyyat qəzeti"ni də var olsun ki, vaxtaşırı olaraq yazılarımı çap edir.

- Elələri də var ki, qəzetə göndərmədikləri yazının çap davasını edir. Axı redaksiyaya göndərilməmiş yazını qəzet necə çap edə blər?

- Yox, bu cür münasibət ədalətsizlik olar. Mən "Ədəbiyyat qəzeti"nin daimi oxucusuyam, özü də yaxşı oxucusuyam. Bilirəm ki, qəzet ədəbiyyatımızın, mədəniyyətimizin inkişafıyla bağlı məsələlərə, müəlliflərə çox həssasdı. Ən yaxşısı odur ki, "Ədəbiyyat qəzeti" ucuz şoulardan, şit reklamlardan uzaqda durmağı bacarır, öz ənənəsinə sadiqliyi ilə seçilir.

- Balaş müəllim, maraqlıdı ki, tanınmış şair Çingiz Əlioğlu da yaxın günlərdə verdiyi müsahibələrin birində məhz bu dəyərləri nəzərdə tutaraq qəzetin baş redaktoru haqqında deyilən əsassız iddialara öz münasibətini bildirmişdi: "Ədəbiyyat qəzeti"ndə Ayaz müəllimin də öz arqumentləri var və onun qəzetin bu cür çıxmasında böyük əməyi var. Onun əməyinin üstündən xətt çəkmək olmaz". Təəssüf ki, bəzən qəzetin baş redaktorunu birtərəfli mövqe tutmaqda, öz ətrafındakıları təbliğ etməkdə günahlandırır, yazırlar ki, oxumadığımız üçün o qəzetdə nə çap olunduğundan xəbərsizik, bilmirik kimlər çap olunur, eyni zamanda da, qəzeti zəif çıxmaqda, guya, simasızlıqda günahlandırırlar. Bu necə olur axı, oxumadığın, kimlərin çap olunduğunu bilmədiyin qəzetin necə çıxdığını haradan bilmək olar?

- Bilirsənmi, oğul, hər şeydən əvvəl niyyət, münasibət düz olmalıdı. Ağsaqqal sənət adamı, lap elə bir oxucu kimi mən son illər "Ədəbiyyat qəzeti"nin səhifələrində Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Həmid Araslı, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Mehdi Hüseyn, Səməd Vurğun, Məmməd Araz, Xəlil Rza Ulutürk, canım sənə desin, daha kimlər, kimlər haqqında dəyərli məqalələr oxumuşam. Çingiz Aytmatov, Oljas Süleymenov kimi dünya şöhrətli sənətkarlar bu qəzetdə çıxış edib. Akademik Bəkir Nəbiyevin, professorlardan Rafael Hüseynovun, Nizami Cəfərovun yazdıqlarını oxumuşam. Rəhmətlik Qabilin, Xəlil Rza Ulutürkün, fikrət Qocanın, Abbas Abdullanın, Ramiz Rövşənin, Məmməd İsmayılın, fikrət Sadığın, Ələkbər Salahzadənin, Musa Yaqubun maraqlı şeirləri çap olunub. Xalq yazıçıları Anar, Elçin nə qədər dolğun məqalələrlə, yeni yaradıcılıq nümunələriylə bizimlə üzbəüz əyləşib… Hamısını saymaq, sadalamaq mümkün deyil. Əgər qəzetin siması çap etdiyi sənətkarların simasıyla ölçülürsə, onda "Ədəbiyyat qəzeti"nin bu simalarla öyünmək haqqı var. Yaşımın bu vaxtında mən "Ədəbiyyat qəzeti"ndə Əli bəy Hüseynzadə, Hüseyn Cavid haqqında dərc edilən silsilə yazıları dərin qədirbilənlik hissi ilə oxuyuram. Ədəbiyyatşünas alim Qurban Bayramovun xalq yazıçısı Bayram Bayramova, tanınmış şair Musa Yaqub haqqında olan geniş məqalələri bu qəzetin səhifələrində dərc olunub. Oxucular dünya ədəbiyyatı nümunələri ilə tanış olub. İndi bunların hamısını adbaad saymaq mənim imkanım xaricindədir. Dövlətimizin ədəbi-mədəni inkişafla bağlı qərarları, görülən işlər, görkəmli sənət adamlarımızın xatirələri "Ədəbiyyat qəzeti"ndə yetərincə işıqlandırılır…

- Bəla burasındadır ki, elə "Ədəbiyyat qəzeti"ni bu tipli işıqlandırmalarına görə tənqid edirlər… Ötən əsrin 30-40-cı illərindəki dövrlə müqayisə edir, 60-70-ci illərində qəzetin daha yaxşı çıxdığını yazırlar.

- Yox, bu düzgün mövqe deyil. Soruşuram, ötən əsrin 60-70-ci illərində "Ədəbiyyat qəzeti"ndə kimlər çap edilib? Şübhəsiz ki, Mİrzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Qabil, Balaş Azəroğlu, Söhrab Tahir, İsmayıl Şıxlı, Bayram Bayramov, Anar, Elçin, fikrət Qoca, fikrət Sadıq, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl və başqaları. "Ədəbiyyat qəzeti" bu imzalara yenə də sədaqətlidir. Əgər bu gün qəzetin 60-70-ci illərə nisbətən zəif çıxdığını iddia edirlərsə bəs onda həmin illərin ədəbi nəslinə qarşı niyə inkarçı mövqedə dayanırlar? Əgər yuxarıda adlarını çəkdiyim yazıçı və şairlərin çıxışı "Ədəbiyyat qəzeti"nin 60-70-ci illərdə uğurunu təmin edibsə, niyə bu gün məhz həmin yazıçı və şairlərin bir çoxuna qarşı səlib müharibəsi aparılır?

- Eyni zamanda mədəniyyətimizin, ədəbiyyatımızın inkişafıyla bağlı dövlət səviyyəsində görülən işlərin geniş işıqlandırılmasına görə də qəzeti qınayanlar tapılır.

- Bu daha işıq gələn yerə barmaq tıxamaq olur ki… Bunu yazan, irad tutan adamların çoxunu qınamıram. Mütaliələri olmadığından elə təriflədikləri o 60-70-ci illər dövrünün qəzetindən də xəbərsizdirlər. Burda mənim əlimin altında "Ədəbiyyat qəzeti"nin həmin dövrə aid nüsxələri var. Bax elə nəzər salaq - qəzetin 18 aprel 1964-cü il tarixli sayı "Lenin yolu ilə" məqaləsiylə açılır, ardınca da Xruşşova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında fərman və təbriklər verilir. Bu da 9 oktyabr 1965-ci il sayı: "Leninə, oktyabra raport", "Təşviqat planı haqqında qeydlər"… Bu cür misallar yüzlərlədi. Ancaq bu o demək deyil ki, həmin vaxt qəzetin redaktoru ədəbi həyata biganəlik göstərib, mövqesizlik edib. Qətiyyən belə deyil. Əgər belə olsaydı yuxarıda adlarını çəkdiyim sənət adamları da yetişməzdi. Bunları danışa-danışa yadıma rəhmətlik Biriyanın vaxtilə söylədiyi bir əhvalat düşür. Deməli, bir gün şair Etimad ona deyir: "Ağayi Biriya, mənim otağım müstərahın yanındadır. Oranın iyi pisdir. İstəyirəm yoldaş Səməd Vurğunun yanına gedəm. Gəl mənimlə birlikdə gedək". Bunlar razılaşırlar. Səməd Vurğun adəti üzrə bunları mehribanlıqla qarşılayır. Hal-əhvaldan sonra nə üçün gəldiklərini soruşur. Etimad deyir: "Yoldaş Səməd Vurğun, mənim otağım müstərahın yanındadı. Müstərahdan otağıma bu iy qeyri-mərğub gəlir, məni narahat edir. Səməd Vurğun bir Biriyaya baxır, bir Etimada baxır, təəccüblə soruşur: "Ağayi Etimad, başa düşmədim, sizi nə narahat edir?"

Bu sualı gözləməyən Etimad tutulur, Biriya izah edəsi olur: "Ağayi Etimad demək istəyir ki, onun otağı tualetin yanındadır. Oradan gələn hava otağa dolur".

Səməd Vurğun bərkdən gülür, gülə-gülə də telefonu götürüb kiməsə zəng edir: "Bizim böyük şairimiz, əziz qonağımız ağayi Etimadın mənzili yaxşı yerdə deyil, tezliklə onun mənzilini dəyişin və mənə xəbər verin".

Səməd Vurğunun yanından çıxandan sonra yolda Biriya Etimaddan soruşur ki, nə üçün bu mənzil məsələsini mənə dediyin kimi sadə şəkildə Səmədə demədin ki, kişi də səni başa düşə? Etimad cavabında deyir: "Ağayi Biriya, Səməd Vurğun bazar əhli deyil ki, o boyda şairlə mən bazar dilində danışım…"

İndi baxıb görürəm ədəbiyyata iddialı adamların çoxu cəmiyyətlə, xalqın inkişafı, ölkənin tərəqqisi yolunda böyük əmək sərf etmiş dəyərli insanlarla nə cür danışmaq lazım olduğunu bilmir. Öz işinə böyük zəhmət həsr etmiş insanların əməyinə göz yummaq, danmaq əxlaqdan kənar işdi. "Ədəbiyyat qəzeti" bizim ədəbi nəsil üçün əziz qəzetdi. O, son illərin ucuz şou populyarlığından uzaq durmaqla əslində milli dəyərlərimizə hörmət hissini nümayiş etdirib. Əslində müasir qəzetçilik bundan öyrənməli, qəzetin fəaliyətinə doğma gözlə baxmalıdı. Yadıma bir əhvalat düşür; deməli, İngiltərə muzeylərindən birində böyük türk sultanlarından birinin köynəyi nümayiş etdirilirmiş. Duyğulu bir türk qadını həmin köynəyi qoxulayaraq iftixarla deyir: "Bacılar qardaş, qadınlar ər köynəyinin tər iyini xoşlamazlar, çiysinərlər, bu köynəkdən mənim oğlumun ətri, tər qoxusu gəlir, bu, mənim oğlumun köynəyidi…" Doğma, simsar münasibətə fikir verirsənmi? Gərək hər bir məsələ haqqında fikir yürüdəndə bu meyarı gözləyəsən. Mənim fikrimcə, "Ədəbiyyat qəzeti"nin hər sayında Azərbaycanın böyük mədəniyyətinə, ədəbiyyatına xidmət edən, ömrünü sənət yolunda şam kimi əritmiş insanların doğma, tanış ətri qədirbilən, diqqətli oxucunu əlbəəl vurur. Bu qəzet nəsillər arasında mənəvi əlaqələrə etibarlı körpüdü. Daha çox mənəvi dəyərlərə, haqq-saya, etibara və şübhəsiz ki, bədii kamilliyə hesablanıb. Allah hamıya eyni cür istedad verməyib. Hər quşa öz yuvası, hər insana öz vətəni xoş gəldiyi kimi, hər kəs də öz qənaətini doğru hesab edir. Ədəbiyyat işi daha çox fərdi işdi. Bu sahədə hər kəsin öz meyarı olması təbiidi. Ancaq bu təbii fərdiyyətçiliyin içində bir-birinin fikrindən, düşüncəsindən impuls, qığılcım almaq ehtiyacı da yaşayır. Bunsuz ədəbi həyatda inkişaf etmək, qəbul olunmaq çətindi. Bu sahədə normal müzakirə, diskussiya, dialoq normal sayılmalı, ancaq qatı inkarçılığa, görməməzliyə, xəyanətə aparıb çıxarmamalıdır. Danışdıqca yadıma Tehran yaxınlığında düzəlmiş bir məclisdə oxunan şeir düşür. Şerin məzmunu belə idi: Dağ yoluyla üzü yuxarı ayağını güclə çəkən şikəst bir adam gedirmiş. Arxadan gələn atlının ona yazığı gəlir, atdan düşüb həmin şikəsti öz yerində əyləşdirir. Piyada gedən ata minən kimi çapıb gedir. At sahibi kor-peşiman halda arxadan çağırıb deyir: "Ay qardaş, sən mənim atımı çapıb apardın, ancaq bunu bil ki, bu hərəkətlə təkcə atı yox, insanın insana olan inamını, etibarını məhv etdin". Çox ibrətamiz səhnədir. Gərək ayağın yer, dilin söz tutan kimi, iməklədiyin, köməyinə ehtiyac hiss etdiyin insanların sayğısını unutmayasan. Heç yadımdan çıxmaz, Azərbaycanın iyirmi beş illiyi günlərində Akademiyada keçirilən tədbirdə akademik Mirqasımov, sonra Mirzə İbrahimov, Səməd Vurğun, Heydər Hüseynov, qonaqlardan da bir-iki nəfər çıxış etdi. Sonra Səməd Vurğun məndən bir şeir oxumağı xahiş etdi. Mən də Təbrizdə yazdığım "Azərbaycan" şerini oxudum. Həmin gün Əli Vəliyev şeri çap etmək üçün məndən aldı. Mən bu diqqəti ömrümün bu çağında da böyük duyğularla xatırlayıram. Ən ucqar kəndlərimizdən "Ədəbiyyat qəzeti"nin ünvanına poçt vasitəsi ilə şeir göndərən gənclər çap olunub, bu gün onlar ədəbi həyatda kifayət qədər tanınırlar. Qəzetin baş redaktoru bu işə birdən-birə gəlməyib. Uzun illər boyu ədəbi həyata qədəm basan hər bir gəncin "Ədəbiyyat qəzeti"ndən başlayan uğurlu yoluna şahidlik, səbəbkarlıq edib. Yüzlərlə gənc qələm sahiblərimiz bu qəzetdən start götürüb. Ayaz Vəfalı görkəmli sənət adamlarından "Ədəbiyyat qəzeti"nin şərəfini qorumaq dərsi alıb. Qəzetin ən çətin vaxtlarında belə bir ayağını qaçaq qoymayıb. Bayaq dedin ki, Çingiz Əlioğlu öz müsahibəsində Ayaz Vəfalının qəzetin bu gün yaşamasında böyük əməyi olduğunu hörmətlə qeyd edir. Çingiz düz deyir: Ötən əsrin 90-cı illərində "Ədəbiyyat qəzeti"nin hansı çətinliklərlə üzləşdiyi mənim yadımdadır. Ancaq o zaman qəzetin kollektivi dözdü. Allah rəhmət eləsin Heydər Əliyevə. O, dahi adam idi. Ədəbiyyatın, sənətin cəmiyyətdəki yerini yaxşı bilirdi. Ona görə də ikinci dəfə hakimiyyətə qayıdan kimi "Ədəbiyyat qəzeti"ylə, Yazıçılar Birliyinin bütün ədəbi orqanlarının nəşr vəziyyəti ilə maraqlandı, göstəriş verdi, kömək etdi. O günü Anarın bu barədə yazdıqlarını oxuyuram. Etiraf etmək lazımdır ki, Yazıçılar Birliyinin yaşayıb fəaliyyət göstərməsində Heydər Əliyev qayğıkeşliyinin, vətəndaşlığının və Anar şəxsiyyətinin, təşkilatçılığının böyük rolu oldu. Sağ olsun ölkə başçısı İlham Əliyevi, o da atasının yolunu davam etdirdi. Birliyin binası yüksək səviyyədə təmir olundu, xeyli sayda yazıçı və şairə təqaüd ayrıldı. Bunlar gərək unudulmasın. Heyif ki, yaşım, səhhətim imkan vermir Birliyə tez-tez gedəm. Cəfər Cabbarlının yubileyində getmişdim. O bina mənə çox əzizdir. Mən o binada kimləri görməmişəm? Səməd Vurğunu, Mehdi Hüseyni, Əli Vəliyevi, Rəsul Rzanı, Mirzə İbrahimovu, Süleyman Rəhimovu, Süleyman Rüstəmi, Mir Cəlalı, Əhməd Cəmili… Hansını deyim? O binanın üçüncü mərtəbəsində Səməd Vurğun Pişəvəriyə otaq ayırmışdı, makinaçı vermişdi. Sonralar öyrəndim ki, Pişəvəri bu otaqda Milli hökumətin məğlubolma səbəbləri haqqında xatirələrini yazırmış. Bax, belə tarixi günlərin şahidi olub o bina. İndi eşidirəm Birliyin gərəksiz olduğunu dilə gətirməyi özünə rəva bilənlər də tapılır. Ancaq bilmirlər ki, oraya necə böyük şəxsiyyətlər qədəm basıb, o divarlar hansı tarixin şahididir. Danışanda gərək insafla, haqla danışasan. Şair, yazıçı olan kəs gərək təkəbbürlü, təşəxxüslü olmasın. Nə yazdığının, nə dediyinin fərqində olsun. Bir şerimdə yazmışam:

 

Bir nəfər dedi:

- Şairsən,

Hər şeydən danışa bilər,

Hər şeydən yaza bilərsən…

Dedim: - Doğrudur,

Haqqın var.

Hər şeydən yazmaq olar,

Ancaq o, bir şey ola bilməz.

 

Mən yaxşı bilirəm ki, əgər hər hansı bir yazını "Ədəbiyyat qəzeti" çap etməyibsə, deməli o yazı bir şeyə dəyməyib. Əslində bu qəzet həmin yazının müəllifinə hörmət edib, onu biabırçılıqdan, tənədən qoruyub, imzasını hörmətdən salmayıb. Yoxsa nə var, götür çap elə, ağzına gələni ver qəzetə. Bəs oxucu, ədəbi ictimaiyyət? İndi mənə deyirlər, arada özüm də oxuyuram, bəzi qəzetlərdə şeir, hekayə adı ilə elə şeirlər çap edirlər, oxuyanda xəcalətindən ölüb yerə girmək istəyirsən. Bayağı təsvirlərlə gündəmdə qalmaqla sənətkar olmaq olmaz. Şou, söyüş, təhqir yolu ilə ədəbiyyata gəlmək olmaz. Hər bir sənət belədir. Baxıram, televiziyada bəzi qadın oxuyanlarımız bədənlərini nümayiş etdirməklə səsləri olmadığını ört-basdır edirlər. Ancaq bu belə olmamalıdır, oğlum… Bədən səhər ölüb gedəcək, yaşa dolacaq. Bu, həyatın qanunudur. Onda həmin oxuyanların ifası çılpaq, səngərsiz qalacaq. Dinləyən gözü ilə yox, ağlıyla, dərrakəsi ilə baxanda görəcək ki, onun səsi bekara bir şey imiş, unudacaq. Sənətkar da gərək dəbə uymasın. Sənətkar gərək onu ifadə edəcək əsəri ortaya qoysun. Dedi-qodu ilə məşğul olmasın. Söz yox ki, Nizamiyə, füzuliyə də ağız büzənlər olub, Seyid Əzimə, Sabirə, Səməd Vurğuna, Rəsul Rzaya da. Ancaq baxaq görək kimdən nə qalıb? Bax, qazancımız bu qalanlardadır. Yaradıcı adam gərək həmişə öz yaradıcılığının nigaranlığını çəkə. Müşfiqin yazdığını gözünün qabağına qoya: "Yazalım, özümüzü öyməyəlim, füzuliyə dəyməyəlim!" Müşfiqin bu sətirləri bütün dövrlər üçün mənalıdı, aktualdır. Səməd Vurğun kimi sevilən bir şair "Muğan" poemasında yazıb-yaratdıqlarının sadə bir çobanın məşhur sözləri qədər yaşayıb-yaşamayacağının nigarançılığını çəkirdi. Bu barədə Rəsul Rzanın, Hüseyn Arifin yazdıqları da var…

- Balaş müəllim, elə siz son dəfə dərc olunan şeirlərinizin birində də eyni nigarançılıq hisslərini qələmə almısınız

- Hə, yazmışam. "Bilmirəm" adlı şerimdə:

 

Ölümümdən sonra

Düşəcəyəmmi yada?

Bəlkə unudulacağam tamam.

Bu ən böyük nisgil olar -

Kəfənin çürüməmiş

Səni tamam unudalar…

 

Bax, əsl sənət adamı gərək bunu gözünün altına ala, qələmi yaxşı şeylər üçün işlədə, məsuliyyət hissi ilə yazıb-yarada. Mənim bir "Payız" adlı şerim var. Yadımda qalanları deyəcəyəm:

 

Yağışlı günləri başlayır

son payızın.

Hər yerdə nəfəsi duyulur

sabahkı şaxtanın, ayazın.

 

Sənətdə də belədir. Bir balaca ki, təşəxxüs göstərdin, dedi-qoduya başladın, bax, o yerdən qələmin üşüməyə başlayacaq, hisslərin get-gedə buz bağlayacaq. Başlayacaqsan hey qızdırıb - titrətməyə, sayıqlamağa. İndi "Ədəbiyyat qəzeti" sənin bu sayıqlamalarını dərc eləmirsə, sən gərək əvvəlcədən ona minnətdar olasan. Daha götürüb yazmayasan ki, Ayaz müəllim öz dəstəsində olan adamları təbliğ edir. Sözümün əvvəlində də dedim, Ayaz müəllim Rumini, füzulini, Sabiri, Mehdi Hüseyni, Mirzə İbrahimovu, Səməd Vurğunu, Mir Cəlalı, İlyas Əfəndiyevi, Xəlil Rzanı, Məmməd Arifi, Məmməd Cəfəri, Yaşar Qarayevi, Qabili, Anarı, Elçini, fikrət Qocanı, Nəriman Həsənzadəni, Söhrab Tahiri, Nizami Cəfərovu, Rafael Hüseynovu, tutaq ki, məni, digər sənət adamlarını, görkəmli şəxsiyyətləri təbliğ edir, bunları onun dəstəsi adlandırırlarsa, bu, çox şərəfli bir dəstənin təbliğatıdır və elə bu cür də davam etmək lazımdı. Mən elə "Ədəbiyyat qəzeti"ni bu dəyərlərinə görə sevirəm, buna görə qəzetin daimi oxucusuyam. Özün görürsən ki, səhhətim nə yerdədir. Hərdən durub özümə çay da süzməyə çətinlik çəkirəm. Ancaq səmimi deyirəm, mən təkcə "Ədəbiyyat qəzeti" üçün o pilləkənləri aşağı düşüb köşkə gedirəm. Olur ki, hərdən gecikdirirlər, gətirib çıxartmırlar, onda məcbur oluram özüm düşüb alım. O qəzetə məni çox böyük duyğular bağlayır. Hər dəfə "Ədəbiyyat qəzeti"ni almağa düşəndə elə bil Əli Tudənin, Mədinənin görüşünə gedirəm. "Ədəbiyyat qəzeti" klassiklərimizə, milli dəyərlərimizə, istedadlı qələm adamlarımıza, gəncliyə sədaqəti ilə seçilir. Elə otuzuncu illərin tuthatut vaxtının qəzetini götürüb baxın, dövrün özündən gələn diqtəni bir yana qoysaq, Hüseyn Cavid, Müşfiq, Seyid Hüseyn, Əhməd Cavad həmin illərdə müntəzəm çap olunub. "Ədəbiyyat qəzeti" bununla o diqtəçilərə həm də öz etirazını bildirib, öz mövqeyini büruzə verib. Ağsaqqal bir qələm adamı kimi mən bu incəlikləri yaxşı bilirəm. O dövrdə bu qəzetin başında kim dursaydı bundan artığını edə bilməzdi. Bu qəzet həmişə ədəbiyyatımıza namusla xidmət edib, indi də edir. Yayda Mərdəkanda müalicə olunurdum. İnanın ki, o xəstə günlərimdə hər həftə intizarla yalnız "Ədəbiyyat qəzeti"nin yolunu gözləyirdim. Tapşırmışdım ki, mənə yalnız "Ədəbiyyat qəzeti" gətirin. Bunu kiməsə xoş gəlmək üçün, səninlə söhbət edirəm deyə demirəm. Bilirsənmi, bir tikə çörək hər yerdə var. Cismani aclığı hər yerdə dəf etmək olar, əsas məsələ mənəvi boşluğu doldurmaqdır. Mənim gözlərim "Ədəbiyyat qəzeti"nə həmişə ac olub. Cənubda "Varlıq" adlı bir dərgi dərc olunur. Bu qəzet də mənim aləmimdə bizim xalqımızın, millətimizin, mədəniyyətimizin, ədəbiyyatımızın "Varlığ"ıdı. Sözümün əvvəlində dedim, "Ədəbiyyat qəzeti" mənim ən etibarlı həmsöhbətimdir. İndi mən bir televiziyaya baxıram, bir də bu qəzeti oxuyuram. Hər ikisi köhnə, etibarlı dostlarım, sirdaşlarımdır. Yadıma 1959-cu ildə Moskvada "Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü"ndə iştirak etdiyim günlər düşdü. Həmin günlərdə mənim kitabımı oxuyan Adalis adlı bir xanım təəssüratlarını mənimlə bölüşmək istəyəndə Rəsul Rza yanımda ayaq saxlayıb soruşdu ki, onun dediklərindən bir şey başa düşürsən? Həmin xanım Rəsuldan xahiş etdi ki, bizim qonuşmağımıza kömək etsin. O mənim şeirlərimdəki hicran, vüsal, gül, bülbül sözlərinin təkrar-təkrar işlədilməsinə iradını bildirirdi, ümumiyyətlə bunları Şərq şerinin bəlası adlandırırdı. Rəsul Rza xanımın sözlərini mənə tərcümə edəndən sonra onu başa saldı ki, bu sözlər təsadüfi işlənməyib. O, Şərq ədəbiyyatında orta əsrlərdən başlayıb davam edən sufizm və panteizm fəlsəfəsi haqqında məlumat verdikdən sonra dedi ki, xanımın tənqid etdiyi kəlmələrin hər birinin rəmzi mənası var. Bu mənanı duymaq üçun gərək həmin ağrını yaşayasan, fərqinə vara biləsən. Mən baxıb görürəm ki, indi "Ədəbiyyat qəzeti"nin fəaliyyətini gözdən salmaq istəyənlər bu qəzetin necə böyük bir iş gördüyünün, özü də dərin hörmətə layiq əxlaqla gördüyünün fərqinə vara bilmirlər. Belələri sinirə bilmirlər ki, "Ədəbiyyat qəzeti" köklü ənənələrini zamanın hansı sıxma-boğmalarından qoruyur. Qəzetin bu cəhdinə ancaq sevinmək lazımdır.

 

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.-2009.-17 aprel.-S.1, 2.