Tofiq Mütəllibov – 80
Sözünün ömrü ilə yaşayacaqdır
Sənət dostum, aramızdan vaxtsız getmiş tanınmış şairimiz Tofiq Mütəllibovun (1929-1992) kitablarını vərəqləyirəm. Bir-birindən nəfis tərtibli, kiçik formatlı kitabları: "Görüş" (1960), "Mehriban baxışlar" (1965), "Sevənlərçin" (1967), "Gözəllikdən doymur ürək" (1973), "Sənin xətrinə" (1976), "Mənim əzizlərim" (1979), "Görüş yerimiz" (1985), "Sevənlərin ürəyi" (1991), "Durnaların qanadında" (1992). Adlarından hər bir oxucu dərhal təyin edə bilər ki, bu kitablar şeir toplularıdır. Həm də bu kitabların hər birinə daxil edilmiş şeirlərin çoxu gənclik duyğularına, məhəbbətə, sədaqətə, saflığa, gözəlliyə həsr edilmişdir. Əksəriyyəti də heca vəzninin ən çox istifadə olunan növlərində yazılmışdır… Axıcı və oxunaqlıdır.
Şübhəsiz, bu kitablar haqqında çapdan çıxdığı illərdə ədəbiyyatşünaslar, tənqidçilər, şairin əsərlərini sevən dostları öz sözlərini deyiblər. Bir çox oxucular da bu kitablarla tanışdırlar.
Tofiq Mütəllibovun sevgi şeirləri nikbinliyinə görə "Yanıq Kərəm" üstündə deyil, daha çox "Gözəlləmə" üstündədir. Onda sevgi üçün ah-uf əvəzinə sədaqət, etibar, təmizlik, məğrurluq var. Sevgi onu xoşbəxt edən, könlünü dərdə yox, yaşamağa, yaratmağa səsləyən bir qüvvədir.
Əllinci illərin əvvəllərində oxucularımız tərəfindən tanınan şairin indiyə qədər 27 kitabı çap edilmişdir. Mən onun kitablarından ancaq doqquzunun - əlimdə olanlarının adını çəkdim.
Tofiqin ilk kitabı - "Bəxtəvər uşaqlar" 1953-cü ildə o zamankı "Uşaqgəncnəşr" tərəfindən çap edilmiş, müəllifini də az zamanda şöhrətləndirmişdi. Həmin illərdən başlayıb indiyə qədər Tofiq Mütəllibovun uşaq şeirləri dərsliklərdə yer tutur. O, ədəbiyyatımızda sevimli uşaq şairlərindən biri kimi tez bir zamanda böyük şöhrət tapmışdı. Tofiq gənclik illərində bir müddət komsomolun MK-da işləmiş, sonralar "Pioner" jurnalında, "Azərbaycan pioneri" qəzetində, daha sonrakı illərdə isə "Azərbaycan gəncləri" qəzetində işləmişdir. O, bəstəkarların mahnı mətni yazdırmaq üçün ən çox müraciət etdikləri şair idi. Geyimdə-kecimdə, səliqə-sahmanda, gülərüzlükdə və nikbinlikdə həmişə fərqlənən Tofiq işində də məsuliyyətli və işgüzar idi. Mən o zaman “Uşaqgəncnəşr”də redaktor işləyirdim, Tofiq tərcümə etmək üçün kitablar götürərdi, biz onun dəqiqliyinə, yazılarının səliqəliliyinə həsəd aparırdıq. O, uşaq ədəbiyyatının tanınmış nümayəndələri M.Seyidzadə, M.Rzaquluzadə, M.Dilbazi, H.Abbaszadə, E.Ağayev, Z.Cabbarzadə, Hikmət Ziya ilə həmişə eyni ədəbi mühitdə olurdu. Tofiq gənclər üçün çoxlu lirik şeirlər yazırdı. Onu məşhur edən bir də bəstəkar Qənbər Hüseynli ilə birlikdə yazdıqları "Cücələrim" mahnısı idi. "Cücələrim" Tofiqin adını o zaman bütün sovetlər ittifaqı respublikalarında və xarici ölkələrdə tanıtmışdı. Mən dəfələrlə şahidi olmuşam ki, Tbilisidə, Tallində, Riqada, Kiyevdə, Aşqabadda, Daşkənddə və başqa şəhərlərdə müxtəlif ölkələrin ədəbi nümayəndələri bir yerdə olanda hamı səs-səsə verib "Cücələrim"i oxuyurdular. "Cücələrim" Moskvada böyük təntənəli tədbirlərdə uşaq xor kollektivlərinin ən sevimli mahnısı idi. Tofiq həm də gənc yaşlarında Bakıda keçirilən festivalların təşiklatçılarından və iştirakçılarından olurdu. O, on dəfə respublika, iki dəfə ümumittifaq mahnı müsabiqəsinin mükafatına layiq görülmüşdü.
Azərbaycanın dilbər guşələrində olmaq Tofiq üçün çətin deyildi. Uşaq qəzet-jurnalların xətti ilə getdiyi yerlərdən həmişə təzə, gözəl şeirlərlə qayıdırdı. Şuşa, Quba, Gəncə, Kəlbəcər, Göygöl, Hacıkənd, Tofiq şeirlərinin mövzusuna çevrilirdi. Xəzər, Abşeron da onun şeirlərində hərarətli vəsfini tapırdı.
Uşaq və gənclik illərini, demək
olar ki, ömrünün çox hissəsini Bakıda, Xəzər
sahilində keçirən şair nəfəsini nəfəsinə
qatdığı bu yerlərə bir-birindən gözəl
şeirlər həsr etmişdir. Tofiqin Bakı haqqında
dediyi bu sözlər heç yadımdan çıxmır:
"Hara getsəm, bir neçə gündən sonra Bakı
üçün darıxıram, elə bil havam
çatmır!" Bəli, doğrudan da Bakı Tofiq üçün hava
idi, su idi. Xəzər
haqqında yazdığı şeirlərdə o, Xəzəri
ən yaxın dost, həmdəm kimi vəsf edirdi. Tofiq yaxın dostları - Cəmil Əlibəyov,
Hikmət Ziya, Nəriman Həsənzadə ilə saatlarla dəniz
sahilində - parkda gəzər, gözünü
dalğaların üstündə sinəsini suya vurub
qaqqıldaşan qağayılardan çəkməzdi.
O, elə bil dənizlə doğmalaşıb, onunla
qaynayıb-qarışardı.
Sənsiz
ötüşməyibdir
Mənim bir anım, dəniz.
Suyun
həkimim - dəniz,
Havan dərmanım - dəniz.
Ey
mavi nəğmə dəniz,
Ey
coşqun şeir dəniz,
Görüşünə
gəlmişəm -
Axşamın
xeyir, dəniz!
İnsanlara havası, suyu dərman, qağayılara,
balıqlara vətənsən deyir - dənizə Tofiq. Düşünür:
"Dəniz nə qədər coşsa, çırpınsa
da, yenə sahilindən kənara çıxmır. Bəs necə olur ki, insan bir az şöhrətlənən
kimi öz həddini aşır, cızığından
çıxır." O, belə bir nəticəyə gəlir:
"Ürəyimiz dəniz olsun, həyatı bütün
coşqunluğu ilə yaşayaq, ancaq həddimizi aşmayaq,
"sahilsiz" olmayaq:
İstərəm
ki, həyatda
Pozulan iz olmayaq.
Dəniz
olaq, köpürək,
Çalışaq
ki, coşanda
Biz sahilsiz olmayaq!"
O, Xəzərin
"diliylə" insanlara daha nələr deyir? O, sahilində
kiməsə yalan sevgidən söz açanları
qınayır. Sahilində dincələn,
ömrünü-gününü namuslu əməklə,
halallıqla keçirən xeyirxah işlərdə saç
ağardanların gəncliyindən söhbət
açır. Ağ örpəkli dalğaları ilə
həsbi-hal olanlara köksünü açır:
Mən
Xəzərəm, ürəyimdə
Sözüm var sizə.
Qoy
danışsın ağ köpüklü
Dalğalar sizə.
Adım
Xəzər - coşqunluq olar
Həyatım
mənim,
Azərbaycan
torpağıdır
Ünvanım
mənim!
Tofiq yurdun dağını, dərəsini, görməli-gəzməli yerlərini görən, gəzən, sevən onu vəsf etməkdən doymayan şairdir. Əvvəllər mən də onu ancaq uşaq şairi kimi qəbul edirdim. Lakin get-gedə təbiət və məhəbbət şeirləri, nəğmələri Tofiqin yaradıcılığında öz imkanlarını artırıb onu lirik, məhəbbət şairi kimi tanıtdı. Bahar günlərində yazdığı "Danışdı" şeri Tofiqin təbiətə sevgisini bütün incəlikləri ilə göstərdi:
Dumanlar gizlicə süründü yenə,
Yamaclar çiçəyə büründü yenə,
Marallar bulaqda göründü yenə,
Ceyranın, cüyürün izi danışdı.
Baharda gözəllik adına çox şeylər sadalamaq olar. Lakin şair bu yolla getmir, bahar nikbinliyi ilə bir-iki detaldan sonra hazırcavablıqla sözü baharın özünə verir:
Yerlərin, göylərin qəlbi nəşəli,
Yandı lalələrin qızıl məşəli.
Gözəllik adından çıxıb irəli
Ana təbiətin özü danışdı.
İndi qəribə bir dağ mənzərəsinə diqqət yetirək: Cığırlar yamaclarda çitək-çitəkdir. Bu hamının dağ yamacında ilk diqqət yetirdiyi mənzərədir. Cığırların birləşdiyi yol isə zirvəyə qalxır. Bu müşahidədən hərə öz qənaətinə görə söz deyə bilər. Tofiq isə cığırlarla yolun birləşməsini - bir-birindən asılılığı belə mənalandırmışdır:
Yollar
sınağı üçün
Selə, qara borcludur.
Yollar
yol olduğuyçün
Cığırlara borcludur.
Təbiətə maraq, onu öyrənmək, mənalandırmaq
Tofiqin şeirlərində yurd sevgisinə, gözəllik
duyğusuna çevrilir. Bakıya, Gəncəyə, Şuşaya, Göygölə,
Kəlbəcərə, Muğanın bir çox yerlərinə
güzarı düşən şairin bu yerlər haqqında
şeirləri ilə başqa şairlərin şeirlərindən
fərqli olaraq təzəliyi hiss etdirir. "Qonaqlı
Bakı", "Qobustanam mən", "Gəncə
çinarları", "Azərbaycan gölləri",
"Dəmirağac" şeirləri özündən əvvəl
bu mövzuda yazılanlardan seçilməsi, yeni deyim tərzi
ilə yadda qalır.
Uşaqlığı İkinci Dünya müharibəsi
illərində keçən Tofiqin qəlbini döyüş
cəbhələrindən gələn dəhşətli xəbərlərin,
"qara kağız"ların
ağrısı-acısı göynətmişdi. O, əlinə qələm
aldığı ilk vaxtlardan insanlara fəlakət gətirən
müharibəni lənətləmişdir. Ağır
döyüşlərdə canından keçən,
şücaət göstərmiş qəhrəmanlara
şeirlər həsr etmiş, igid Həzilərin, Mehdilərin,
İsrafillərin, Gərayların qəhrəmanlığından
söhbət açmışdır. Vətən
üçün canından keçənlər onun şeirlərində
hörmətlə anılır. Onlar
unudulmur. Qalın-qalın xatirə
kitablarında keçdikləri döyüş yolları
işıqlandırılır. Tofiqin
yaradıcılığında həyatını əbədi
itirib vətəninə, evinə-eşiyinə dönməyənlərin
xatirəsinə həsr edilmiş şeirlər xüsusi yer
tutur. O, vətənpərvərlik şeirlərini nisbətən
pafoslu yazsa da, qəlbinin səmimiyyəti həmin şeirləri
sevdirir.
Anaların
səksəkəli yuxusunda,
Gəlinlərin
müharibə qorxusunda,
Yaşayırlar
cəbhələrdən dönməyənlər!
Babaların
üzlərinin qırışında,
Oğulların
əzəmətli duruşunda
Yaşayırlar
cəbhələrdən dönməyənlər!
Tofiqin yaradıcılığında sənət, ədəbiyyat, musiqimiz haqqında, böyük sənətkarlarımız haqqında sanballı əsərlərə rast gəlirik. Bir növ publisistik xarakter daşıyan bu şeirlərin bir məqsədi də işini-gücünü buraxıb şöhrət həvəsinə düşərək ritorik şeirlərlə poeziyamızın səviyyəsini xalqın gözündən salan "qələmdaşlara" dərs məqsədini güdür. Tofiq çəkinmədən onları əlinə qələm almazdan qabaq sənəti öyrənməyə, istedadı varsa, "Hippokrat andı"na çağırır, şairlərin Hippokratları dahi Nizami, dahi füzulidir. Yazmaq həvəsinə düşənlər gərək bu ulu sənətkarları oxuyub öyrənəndən sonra əllərinə qələm alsınlar!
Həkimlər and içirlər,
Hippokrat andı.
Neçə cərrah bıçağı,
Neçə alim zəkası
Bu and ilə sınandı.
Kimin şeir oduna
Qəlbi alışdı, yandı, -
Yazmağa başlamamış
İçsin Nizami andı,
İçsin
füzuli andı!
Bu müqəddəs mərama könül bağlayan
şair böyük sənətkarlarımızın
adlarını şeirlərində dönə-dönə
iftixarla çəkmiş, onlara ayrıca şeirlər də
həsr etmişdir. "Azərbaycan himni" şerində Ü.Hacıbəylinin,
"Heykəlləşən saz"da S.Vurğunun, "Oxudu
tar"da M.Müşfiqin, "Musiqi sərkərdəsi"ndə
Q.Qarayevin, "Qaldı sənsiz"də Bülbülün,
"İki yadigar çubuq" şerində isə Niyazinin
böyüklüyündən söhbət açır.
"Oxudu
tar" şerində Müşfiqlə Vurğun
xatırlanır; məcazi mənada tarın diliylə deyilir:
O
gördü ki, inandı ki,
Şeir,
sənət ölən deyil
Oxudu
tar, oxudu tar:
Nə
qədər ki, Azərbaycan torpağı var,
Müşfiq, Səməd ölən deyil.
"Musiqi
sərkərdəsi" şerində Azərbaycanın
şöhrətini musiqisinin qanadlarında dünyaya yayan
"Yeddi gözəl", "İldırımlı
yollarla" müəllifinin sənət qüdrəti
iftixarla qələmə alınmışdır. Qara Qarayevə
müraciətlə yazılan bu şeir öz oxucusunun qəlbini
də riqqətə gətirir:
Salonlar
tir-tir əsir
Musiqinin səsindən.
Çünki
şərbət içmisən
Üzeyir çeşməsindən.
Tofiq yeri gəldikcə xalqımızın musiqi sərvətindən,
xüsusilə muğamımızdan hərarətli şeirlər
yazmışdır. Sovet dönəmində "Qurultaylar sarayı"nın səhnəsindən "
Alqışlar
dənizində
Kükrəyib
daşır yenə
Qurultaylar sarayı.
Dilə
gəlib coşur tar,
Gur
salonu titrədir
Sarı simin harayı.
Salon
həyacanlıdır -
Sarı
simdə çalınır
Ürəklər
də tar kimi
"
Planeti
dolaşır
Zirehli
Şaxtalı qış günündə "
Tofiq Mütəllibovun oxuculara məlum olan bir sıra
yumoristik şeirləri də var. 1952-ci ildən nəşrə
başlayan "Kirpi" jurnalında Tofiq də maraqlı
satirik şeirləri ilə çıxış edirdi. Tofiqin satirik
şeirləri öldürücü deyil,
güldürücüdür. O, şerinə hədəf
seçdiyi obraza oxucusunu güldürür. Bu
gülüş də təsirli gülüş olduğuna
görə yaddaşa köçür. Onun bu mövzuda
yazdıqlarından "Şuba dərdi" və
"Uşaq dil açanda" şeirləri Tofiqin oxucularla
görüşdə ən çox oxuduğu şeirlər
idi. Həmin şeirlər müəllifinə
ürəkdən gələn alqışlar
qazandırırdı, şən, şux əhval
yaradırdı. "Şuba dərdi"ndə
tamahkar qadının öz ərköyünlüyü ilə
müti ərinin başına gətirdiyi əhvalat əsl
gülüş obyektinə çevrilir. Anbardar
olan Hümbətçik qadının arzularını yerinə
yetirmək üçün ona etibar edilən anbarı
satıb-talayır. Axırda Hümbətçik
mühafizə orqanları tərəfindən həbs edilir.
Brilyant sırğalara, təzə maşına sahib olan
qadınsa axırıncı tələbi arzusu olan bahalı
şubanı geyinə bilmir, ah çəkib belə təəssüflənir:
Arvadı
ah çəkərək
Dedi
bədbəxt oldum mən,
Ərim
cəhənnəm olsun,
Şuba
çıxdı əlimdən!
"Uşaq dil açanda" şeri də
övladı düzgün tərbiyə etməyən, ərkəsöyün
böyüdənlərin tənqidinə yönəlmişdir. Körpə oğlu dil
açanda ona "qoduq", "it
küçüyü" sözlərini deyən atanın
hörmətli bir məclisdə öz əməlindən pərt
olması gözəl bir atalar sözü ilə başa yetir:
"Nə tökərsən aşına, o da çıxar
qaşığına":
Bir
gün də qonaqlıqda
Uşaq
ağlayır yaman,
Atası
qəzəblənir:
"İt
küçüyü, bir dayan!"
Ərköyün
uşaqsa atasına bu cavabı qaytarır:
…Uşaq
kəsir səsini,
Atasına
deyir sən,
İt küçüyü özünsən!
Tofiq həm də gözəl nəğməkar şairdir.O, başqa heç bir şey yazmasa, eldə-obada nəğmələri ilə də tanına bilərdi. O, bir çox bəstəkarlarımızın musiqisinə yaddaqalan mahnı mətnləri də yazmışdır. Onun əməkdaşlıq etdiyi bəstəkarlar respublikamızın yetkin, səriştəli, sevilən bəstəkarlardır. O, hər yetən ara musiqiçiləri ilə mahnı yazmırdı. Ağabacı Rzayeva, Qəmbər Hüseynli, Arif Məlikov, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Oqtay Zülfüqarov, Tofiq Əhmədov, Nəriman Məmmədov, Rəşid Şəfəq, Oqtay Rəcəbov və başqaları ilə bu gün də səslənən nikbin, maraqlı mahnı mətnlərinin müəllifi kimi Tofiq həmişə yada düşür.
Arzular aşıb-daşır
Eldən-elə dolaşır.
Bizə bu şən həyatda
Şən nəğmələr
yaraşır!
deyirdi Tofiq.
Onun 1992-ci ildə çap edilmiş
"Durnaların qanadında" kitabına daxil etdiyi
şeirlər göstərir ki, o, ömrünün ən
yetkin, yaradıcılığının ən müdrik
çağında dünyasını dəyişib. Onun bu
son kitabı mükəmməl poetik tutumuna və sənətkarlığına
görə ən gözəl kitablarından biridir. Tofiq
nikbin, lirik şeirləri, ölməz nəğmələri,
vətənin gözəlliklərini sözə
köçürən şeirləri ilə -
"sözünün ömrü" ilə əbədi
yaşayacaqdır.
İlyas TAPDIQ
Ədəbiyyat qəzeti.-2009.-17
aprel.-S.4.