Tofiq Mütəllibov

 

Saat

 

Tənbəl baxır saata,

Dodaqları büzüşür:

- Tez tərpənin, əqrəblər,

Gör vaxt gec ötüşür.

 

Alim baxır saata,

Ürəyinə xal düşür:

- Gec tərpənin, əqrəblər,

Gör vaxt tez ötüşür.

 

Saat həmin saatdır,

Səhər, axşam işləyir.

Biri: - Tez ötür, - deyir,

Biri: - Gec ötür, - deyir.

 

 

Sevənlərin ürəyi

 

İncə yarpağa bənzər,

Yarpaq kimi əsər .

Bir kəlmə söz deməmiş

İnciyər , küsər

Sevənlərin ürəyi.

 

Vüsal ilə dağ olar,

Hicran ilə incələr.

Nə yoruldum söyləyər,

Nə gecələr dincələr

Sevənlərin ürəyi.

 

Təmiz olar hər zaman

Zirvədəki qar kimi.

Bəzən bir kaman olar,

Bəzən dinər tar kimi

Sevənlərin ürəyi.

 

İncələrdən incədir,

Şüşəyə bənzəri var.

Ay insanlar, insanlar,

Toxunmayın, tez sınar,

Sevənlərin ürəyi.

 

 

Gözəllər qocalanda

 

Güzgülərə boylanar,

Güzgülərə baxarlar.

Gənclik sahillərinə

Sular kimi axarlar

Gözəllər qocalanda.

 

Xatirə cığırıyla

Dolaşar xəyalları, -

Gəncliyə nöqtə olar

Üzlərində xalları, -

Gözəllər qocalanda.

 

Qəlblərində ilk eşqin

Xatirəsi yaşayar,

Ağarmış saçlarını

Nəvələri oxşayar,

Gözəllər qocalanda.

 

İllər telləri üstə

Qonar buludlar kimi,

Gözəlliyi qoruyar

Dağ başında qar kimi

Gözəllər qocalanda.

 

Ədəbiyyat qəzeti.-2009.-17 aprel.-S.4.