“Kitabi - Dədə Qorqud” eston dilində

 

Azərbaycan türklərinin ən qiymətli milli abidələrindən biri, eyni zamanda, bütünlükdə erkən və “orta əsrlər türk ədəbiyyatlarının yeganə yazılı eposu” (Tofiq Hacıyev) “Kitabi-Dədə Qorqud” bu yaxınlarda eston dilində “Dədə Qorqudi raamat” (“Dədə Qorqud kitabı”) adı ilə işıq üzü görmüşdür.

Məlumdur ki, “Kitabi -Dədə Qorqud” eposu ilk dəfə alman diplomatı və şərqşünası f.Ditsin xidmətləri sayəsində üzə çıxmış (1815) və elə ilk dəfə Drezden kitabxanasında aşkar edilmiş əlyazma (“Kitabi -Dədə Qorqud əla lisani-taixeyi-oğuzan”) alman dilinə tərcümə olunaraq (əvvəlcə f.Dits, sonra T.Neldeke tərəfindən) çap edilmişdir.

Eposun əlyazmasının aşkar edilmədiyi vaxtdan bu günə qədər “Kitabi-Dədə Qorqud” dünyanın bir sıra xalqlarının dillərində nəşr olunaraq dünya ictimaiyyəti tərəfindən tanınmağa başlamışdır.

Avropa xalqları milli abidəmizə daha böyük maraq göstərmişlər. Belə ki, Almaniyada, Böyük Britaniyada xüsusi rəğbətlə qarşılaşan “Kitabi- Dədə Qorqud” sonralar Baltik respublikalarında da böyük maraq doğurmuşdur.

1978-ci ildə ilk dəfə Vilnüsdə Litva dilində nəşr olunan epos (Litvanın “Vaqa” nəşriyyatının buraxdığı “Dede Korkudo sakmes” (“Dədə Qorqud dastanları”) kitabını Litva dilinə Vaqif Arzumanlı və Siqitas Qeda tərcümə etmişlər. Nəşrə yazılmış ön sözün müəllifi Vaqif Arzumanlıdır.

1993-cü ildə isə “Kitabi-Dədə Qorqud” Riqada latış dilinə tərcümə edilərək ayrıca kitab halında işıq üzü görmşdür (Latviyanın “Liesma” nəşriyyatı tərəfindən buraxılan bu tərcümənin müəllifi Uldis Berzinşdir).

Bu il isə məşhur eposumuz eston oxucularının ixtiyarına verilmişdir.

Son 30-40 ildə Estoniyada Azərbaycan ədəbiyyatı nümunələrinin orijinaldan tərcüməsi sahəsində ədəbiyyatımızın dostları Li Seppelin və onun həyat yoldaşı-şair Andris Ehinin xidmətləri çox böyükdür. İstər Bakıda, istərsə də Tallində ədəbiyyatımızın estoniyalı dostları ilə görüşlərimiz zamanı mən dəfələrlə onların qədim folklor abidəmizə bəslədikləri sonsuz marağın şahidi olmuşam. Amma işlərinin çoxluğu, fərdi yaradıcılıq planları onların bu işlə bilavasitə məşğul olmasına imkan verməmişdir.

Lakin məhz onların məsləhəti və himayədarlığı sayəsində “Kitabi-Dədə Qorqud”un eston dilinə tərcüməsi üzərində bir neçə il iki nəfər yaradıcı şəxs intensiv çalışmışdır. Onlardan biri estoniyalı həmyerlimiz Vidadi Məmmədov, digəri tanınmış ədəbiyyatşünas və tərcüməçi Anneli Pekkonendir.

Xatırladım ki, Vidadi Məmmədov uzun illərdir Estoniyada yaşayır və Azərbaycan-eston ədəbi, mədəni, ictimai-siyasi əlaqələrinin inkişafı və intensivləşməsi sahəsində ardıcıl fəaliyyət göstərir. Təxminən səkkiz il əvvəl V.Məmmədov çox ağır bir işin öhdəsindən gəlmişdi. O, ilk dəfə olaraq “Azəri-eston lüğəti” adlı çox qiymətli kitab nəşr etdirmişdir. Tallindəki “Eston Dili fondu”nun xətti ilə buraxılmış həmin lüğətə 12 min söz daxildir. Lüğətin hazırlanmasında o vaxt V.Məmmədova yaxından köməklik göstərən isə Estoniyada Azərbaycan dili və ədəbiyyatına böyük həvəs göstərən Anneli Pekkonen olmuşdur. Bu lüğət üzərindəki birgə işdən sonra V.Məmmədovla A.Pekkonenin yaradıcılıq dairəsi bir az da genişlənmişdir. Məhz bu iki ziyalının birgə əməkdaşlığı öz səmərəli bəhrəsini vermişdir. “Kitabi-Dədə Qorqud” eston dilində nəşr olunmuşdur.

Eston nəşrinə eposun müqəddiməsi və on iki boyu daxil edilmişdir. Eposdakı toponimlər, etnonimlər , bəzi ifadə, deyim, atalar sözləri və s. ilə bağlı geniş izah və kommentariyalar da (yüz iyirmi iki adda) verilmişdir ki, bunlar da oxuculara eposun məzmunu və mahiyyəti barədə kifayət qədər əraflı məlumat almaqda köməklik göstərir.

“Kitabi-Dədə Qorqud”un eston dilinə tərcüməsi zamanı əsərin orijinalı kimi professor Samət Əlizadənin hazırladığı və 1999-cu ildə çap olunmuş nəşri (“Kitabi-Dədə Qorqud”. Bakı “Yeni Nəşrlər evi”) əsas götürülmüşdür.

Eposun Azərbaycan türkcəsini və onun eston dilindəki nəşrini müqayisə edərkən məlum olur ki, tərcüməçilər iş prosesində maksimum dərəcədə orijinala sadiq qalmağa cəhd göstərmiş və eston oxucularına Azərbaycan türklərinin, eləcə də bütün oğuz türklərinin qiymətli və əvəzsiz bədii sənət abidəsini layiqincə çatdırmağa nail olublar... Bu ağır və şərəfli işin öhdəsindən gəldikləri üçün hər iki tərcüməçiyə Azərbaycan ədəbi və elmi ictimaiyyəti adından böyük təşəkkür edir və onlara gələcək işlərində yeni yaradıcılıq uğurları arzulayırıq.

“Kitabi-Dədə Qorqud”un eston dilinə nəşrinə həm ön sözü, həm də sözardı yazılmışdır.

Ön sözün müəllifi Azərbaycan xalqına, Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan ziyalıdır. Amma filoloq kimi yox, daha çox siyasətçi və ictimai xadim kimi. Bu, dəfələrlə Azərbaycanda olmuş və beynəlxalq səviyyələrdə Azərbaycanın maraqlarını layiqincə müdafiə etmiş, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi cənab Andres Herkeldir.

A.Herkel ön sözünü belə adlandırmışdır: “Böyük Öğuz salnaməsi”. Bu dörd səhifəlik yazı göstərir ki, A.Herkel Azərbaycan ədəbiyyatı tarixi ilə yaxından tanışdır. O yazır: “Azərbaycan ədəbiyyatının, mədəniyyətinin kökləri çox qədimlərə gedib çıxır...

Azərbaycanlıların (daha doğrusu, Azərbaycan türklərinin”) “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm folklor abidəsi mövcuddur. Sonralar “Koroğlu”, “Aşıq Qərib” dastanları ilə məşhur olan Azərbaycan aşıq sənəti XVIII əsrdə çox yüksək zirvəyə qalxmışdır...

“Kitabi-Dədə Qorqud” eposu Azərbaycan türklərinin milli ənənələrini özündə əks etdirən qiymətli folklor abidəsidir. Sonralar bu ənənələr dahi Nizaminin (1141-1209), böyük Mirzə fətəli Axundzadənin (1812-1878), görkəmli ədib Səməd Vurğunun (1906-1956) və bizim müasirimiz Anarın (1938) yaradıcılığında özünü büruzə verir.”

A.Herkel həmçinin “Kitabi-Dədə Qorqud” eposunun Azərbaycan türklərinin və digər türk xalqlarının (həm Qafqaz, həm Ön Asiya, həm də Türküstan miqyasında) söz sənəti tarixində yeri və əhəmiyyəti, Qorqud Ata obrazının mahiyyəti, müdrikliyi, onun tarixi şəxsiyyət olması barədə də maraqlı fikirlər söyləyir. Onun qənaəti belədir ki, “ Kitabi-Dədə Qorqud”un epik ənənələri, eposun məzmunu və mahiyyəti, məşhur “Bilqamıs”, “Kalevalla”, “Kalepoyeq” (sonuncu eposlar fin və eston xalqlarına məxsusdur) dastanları ilə yaxından səsləşir.

Azərbaycan ədəbiyyatının onda dərin maraq oyadanların Li Seppel ve Andres Ehin olduğunu xatırladan A.Herkel hazırda bu gözəl və xeyirxah ənənəni davam etdirən və bu istiqamətdə məhsuldar fəaliyyət göstərən Anneli Pekkonenə və Vidadi Məmmədova təşəkkürünü bildirir, onlara yeni yaradıcılıq uğurları arzulayır və bunu xüsusi vurğulayir ki, Vidadi Məmmədov yəqin ki, XXI əsrin əvvəllərində iki dost xalqın bir-birinə daha da yaxınlaşması, mədəniyyətlərimiz, ədəbiyyatlarımız arasında qarşılıqlı əlaqələrin intensivləşməsi üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək.

Eposun eston dilində nəşrinə onun tərcüməçilərindən biri - Anelli Pekkonen iri həcmli - otuz üç səhifəlik sözardı yazmışdır. Onu əslində sözardı kimi yox, “Kitabi-Dədə Qorqud” haqqında xüsusi bir araşdırma adlandırmaq daha doğru olardı.

Əslində bu sözardı ilə tanışlıqdan sonra belə qənaətə gəlirsən ki, o, eposun eston dilinə tərcüməçilərindən birinin yazısı deyil, “Kitabi-Dədə Qorqud” dastanlarının mahir bilicisinin çox əhatəli araşdırmasıdır.

Eposun yaranma tarixi ilə bağlı mövcud fikirləri nəzərdən keçirən A.Pekkonen bildirir ki, əksər qorqudşünaslar eposun erkən orta əsrlərdə yarandığını təsdiq etsə də, tanınmış Azərbaycan alimləri bu böyük folklor abidəsini V-VII əsrlərə aid olduğunu sübut etmişlər.

Müəllif daha sonra “Kitabi-Dədə Qorqud”da təsvir edilmiş hadisə və əhvalatların bütünlükdə tarixi və müasir Azərbaycan ərazilərində baş verdiyini diqqətə çatdıraraq yazır: “Eposdakı hadisələr bilavasitə Azərbaycan əraziləri ilə bağlıdır. Qədim Gəncə, Bərdə, Əlincə, Naxçıvan, Dərbənd - bu yerlərdə baş verir eposdakı hadisələr... Cənubi Azərbaycan , Arazla Kür çayından qədim Dərbənd qalasına qədər olan torpaqlardan gəlir sorağı bu eposun”

A.Pekkonenin eposdakı hadisələrin əhatə dairəsi ilə bağlı qeydlərini oxuduqca Şərqin ən böyük və tanınmış tarixçisi Əbu Cəfər Əl-Təbərinin (838-923) məşhur “Tarix” əsərindəki bu qeyd yada düşür : “...Həmədan həddinin ibtidasından ta Zəncana və Əbhərə və Dərbənd-Xəzərə çıxınca, bunlara Azərbaycan deyirlər.” Həqiqətən də, son dövrlərdəki araşdırmalar bir daha sübut edir ki, “Kitabi-Dədə Qorqud” eposundakı hadisələrin əksəriyyəti tarixi Azərbaycanımızın cənubundan başlayaraq, Naxçıvan da daxil olmaqla Dəmirqapı Dərbəndə qədər olan coğrafi hüdudlarımızda baş verir və “Oğuz” məfhumu ilk növbədə həm eposda , həm də tarixdə məhz adını çəkdiyimiz ərazilərlə birbaşa bağlıdır.

Sözardının bir neçə səhifəsi eposun baş qəhrəmanlarının şəxsiyyəti, tarixi prototipləri ilə və qopuzla bağlı qeydləri əhatə edir. Xüsusən, Dədə Qorqud surətinin təhlilinə, onun müdrik deyimlərinə geniş yer verilir. Bu mənada müəllifin Qazan xanla bağlı qeydləri də olduqca maraqlıdır. Hətta, bu zaman A.Pekkonen eposun iki boyundan (“Qanlı Qoca oğlu Qanturalı boyu”, “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy”) iki parçanın orijinalını, onların rus və ingilis dillərindəki tərcümələrinin qarşılıqlı müqayisələrini də aparır.

Eposun bu parçalarının ayrı-ayrı tərcümələrdəki bədii keyfiyyətinə, orijinalla uyğunluğuna və bütünlükdə bu parçaların “Kitabi-Dədə Qorqud”un səciyyəvi xüsusiyyətlərinin özündə necə ehtiva etdiyini A.Pekkonen çox maraqlı və obyektiv mülahizələrlə qiymətləndirir.

Sözardının bir neçə səhifəsi isə eposdakı toponim və etnonimlərin Azərbaycan etimologiyası, etnoqrafiyası və tarixi coğrafiyası ilə bağlılıqlarına həsr olunub.

Bütünlükdə eposun eston nəşrinə yazılmış “sözardı” bir daha sübut edir ki, onun müəllifi xanım Anneli Pekkonen nəinki Azərbaycanı, onun ədəbiyyatını, tarixini , folklorunu, adət-ənənələrini sevir, eyni zamanda, o, Azərbaycanın ictimai və humanitar elmlərinin son uğurları ilə də yaxından tanışdır . Daha doğrusu, bu sözardı sübut edir ki, A.Pekkonen Azərbaycan folklorşünaslığının, Azərbaycan və dünya Dədəqorqudşünaslığının uğurları barədə kifayət qədər məlumatla zəngindir. Bu dəyərli araşdırmasını “Sözardı”nı hazırlarkən tanınmış qorqudşünaslar - Ş.Kökyayın, V.Bartoldun, V.Zirmunskinin, G.Levisin, X.Koroğlunun, S.Əlizadənin, B.Abdullanın, A.Nəbiyevin və b. əsərlərindən bu qədər geniş bəhrələnməsi dediyimizi bir daha sübut edir.

“Kitabi-Dədə Qorqud”un eston dilində nəşrində hər boyuna aid bir şəkil-illüstrasiya verilmişdir. Bu şəkil-illüstrasiyaların müəllifi istedadlı Azərbaycan rəssamı fəxrəddin Seyfəddinoğludur.

Kitabın üz qabığında və arxasında da iki şəkil-illüstrasiya verilib. Eyni zamanda, kitabın cildinin arxasındakı şəklin altında eposun müqəddiməsindən verilmiş aşağıdakı parça onun nəfis tərtibatına xüsusi rövnəq verir: “Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyundan, Qorqut ata deyərlər, bir ər qopdi. Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə, olurdu. Qayibdən dürlü xəbər söylərdi. Haq Taalanın könlünə ilham edərdi.”

Beləliklə, inamla demək olar ki, “Kitabi-Dədə Qorqud” dastanlarının eston dilinə tərcüməsi və nəşri eston-Azərbaycan ədəbi əlaqələri tarixinə yeni və qiymətli səhifələr yazdı. Bu xeyirxah işin öhdəsindən gələnlərə çox dərin minnətdarlığımızı bildirməklə yanaşı, onu da xatırlamağı özümə borc bilirəm ki, biz də öz növbəmizdə estoniyalı həmkarlarımıza və eston xalqına borclu qalmamalıyıq. Estonların folklor incisi hesab olunan, eston milli eposu “Kalevipoyeq” (“Kalevin oğlu”) dastanını Azərbaycan dilinə çevirib nəşr edək. Xatırladım ki, estonların qədim hökmdarlarından biri olmuş və işğalçı düşmənlərə qarşı mübarizələrdə xalqa rəhbərlik etmiş Kalevin qəhrəmanlıqlarından bəhs edən (XIII əsr), sonralar isə eston milli ədəbiyyatının formalaşmasında mühüm rol oynayan “Kalevipoyeq” dastanı nəinki Baltik ölkələrinin, hətta bütünlükdə Avropa və dünya folklorşünaslığının, eposşünaslığının ən qiymətli incilərindən biridir.

 

 

Vaqif Arzumanlı

 

Ədəbiyyat qəzeti.-2009.-17 aprel.-S.7.