50 yaşınŞöhrəti

 

Aprelin 14- Yazıçılar Birliyində xalq yazıçısı Çingiz Abdullayevin 50 illik yubileyi ilə bağlı tədbir keçirildi. Mərasimi AYB-nin sədri, xalq yazıçısı Anar açaraq dedi: “İyirmi ildən artıqdır ki, Çingiz Abdullayev Yazıçılar Birliyində işləyir, bu pilləkənlərlə yuxarı qalxır. Ancaq ilk dəfədir ki, onun burada yubileyini qeyd edirik. Ötən bu illər ərzində Çingiz haqqında çox yazılıb, elə mən özüm yazmışam. Çingiz ədəbiyyatımıza birdən qasırğa kimi, tufan kimi gəldi bu gün ədəbiyyatda bütöv bir yer tutur. Çingiz Abdullayevin kitablarını bir yerə yığsaq böyük bir siyahı alınar. Ancaq bu say, kəmiyyət göstəricisi yox, bədii dəyər faktıdır. O, öz yaradıcılığıyla Azərbaycan ədəbiyyatında detektiv janrı təsdiq etdi. İyirmi ildən artıqdır ki, bu zirvəni saxlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin yeddisində Çingiz Abdullayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mən bu münasibətlə Çingizi təbrik edirəm. Yubileyi ilə bağlı ona Rusiya Prezidenti Dmitri Medvedyevdən, digər ölkələrin tanınmış insanlarından da təbrik gəlib. Bütün bunlar Çingizin təkcə ölkəmizdə yox, dünya miqyasında çap olunub sevildiyini bir daha təsdiq edir".

Sonra Özbəkistanın ölkəmizdəki səfiri İsmatullah Raimoviç İrqaşev yubilyarı öz xalqının adından təbrik edərək dedi: “Çingiz Abdullayevin yaradıcılığı adamda heyrət doğurur. Adam ağlına sığışdıra bilmir ki, bir insan qısa vaxt ərzində bu cür dəyərli kitablar yaza bilər. Onun əsərləri insanı xoş hisslərə çağırır - baxmayaraq ki, detektiv janrındadı, vuruş, döyüş səhnələri ilə zəngindi. Daşkənddə Çingiz Abdullayevin çox sayda oxucuları var. Zəng edib təbriklərini çatdırmaqlarını xahiş edirlər".

Belorusun ölkəmizdəki səfiri öz növbəsində Çingiz Abdullayevin sənətkarlığını yüksək dəyərləndirərək vurğuladı ki, onun yaradıcılığı təkcə ədəbi sahədə deyil, Belorus-Azərbaycan arasında mədəni-ədəbi əlaqələrin inkişaf etdirilməsi sahəsində bizə yaxşı tanışdı. Qazaxıstan səfiri S.F.Primbyetov mərasimdə çıxış edərək dedi: "Aqillər deyiblər ki, çox eşit, az danış. Çingiz Abdullayev çox yazmağı, özü istedadla yazmağı bacarır. Onun milyon-milyon oxucuları var, əsərləri 27 ölkədə çap olunub. Bizim ölkənin spikerinin həyat yoldaşı mütaliəni çox sevir. O, məndən həmişə xahiş edir ki, Çingiz Abdullayevin yeni kitablarını onun üçün göndərim. Çingiz xoşbəxt sənətkardır. Onun bir xoşbəxtliyi var ki, bu gün öz ad günündə anasıyla bir yerdədi".

Rusiya səfirliyinin nümayəndəsi öz çıxışında yubilyarın dünyada sevilən, böyük maraq doğuran bir yazıçı olmasından söz açdı.

Tədbirdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək qeyd etdi ki, hansı xarici ölkədə olmuşamsa orada Çingiz Abdullayevin yaradıcılığına, kitablarına böyük maraq görmüşəm: "Bizim hamımızın bir dərdi var - bu, Qarabağ dərdidi. Arzu edirəm ki, Çingizin növbəti yubileyi Qarabağda keçirilsin".

Kinematoqrafiya İttifaqı adından xalq artisti Rafiq Hüseynov, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Heydər Əliyev adına Ali hərbi məktəbin adından Zəminə Xınalı, Həmkarlar İttifaqı adından Firuzə Məmmədli, yazıçı-publisist Xeyrəddin Qoca, geoloqlar adından Hikmət Mahmud, "Zirvə" ziyalılar təşkilatı adından Minayə Dəyanətqızı, Ukrayna televiziyası adından Əbil Əliyev, yazıçı Natiq Rəsulzadə mərasimdə çıxış edərək vurğuladılar ki, Ç.Abdullayevin kitabları 27 dövlətdə, o cümlədən MDB ölkələrində, ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan İsraildə ümumilikdə 24 milyon nüsxə tirajla nəşr edilmişdir.

Tədbirin sonunda Ç.Abdullayev çıxış edərək ünvanına deyilən xoş sözlər üçün minnətdarlığını bildirdi: "Çox sağ olsun, cənab Prezidentimiz mənə ən əziz olan xalq yazıçısı adı verib. Düşünürəm ki, mən hələ qədər böyük əsərlər yazmalıyam, çalışmalıyam ki, bu adı doğruldum. Məndən əvvəl bu ada ən görkəmli sənətkarlarımız - Səməd Vurğun, Süleyman Rüstəm, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Süleyman Rəhimov, Rəsul Rza, Anar, Əkrəm Əylisli, Elçin başqaları layiq görülüblər. Bu cür insanlarla bərabər xalq yazıçısı adı daşımağımla fəxr edirəm".

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-17 aprel.-S.5.