Ana dilimizdə ilk “Qırx hədis”

 

Orta yüzilliklərdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında ən çox sevilən və geniş yayılan mövzulardan biri də bilavasitə islamla bağlı olan, onun başlıca qaynaqlarından sayılan hədislər olmuşdur. Hədislər, bəlli olduğu kimi, sonuncu peyğəmbərin - həzrət Məhəmmədin (s.) mübarək kəlamlarını, bənzərsiz həyatı və bütün bəşəriyyət üçün örnək ola biləcək əməlləri ilə bağlı rəvayətləri özündə birləşdirir və bu baxımdan böyük ictimai-siyasi, əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Hədis kitabları sırasında qırx seçmə hədisdən ibarət olan və əsasən “Hədisi-ərbəin” (“Qırx hədis”) adı ilə tanınan hədisllər müsəlman Şərqində daha geniş yayılmışdır. farsdilli ədəbiyyatın nəhəng simalarından olan Əbdürrəhman Caminin, eləcə də bütün türk dünyasının ən böyük şəxsiyyətlərindən sayılan Əlişir Nəvai və Məhəmməd füzulinin qırx hədis mövzusunda əsər yazmaları orta çağlarda bu məsələyə nə dərəcədə böyük önəm verildiyinə əyani sübut ola bilər. Təsadüfi deyil ki, Türkiyənin nüfuzlu alimlərindən sayılan, dahi füzuli haqqında dəyərli araşdırma müəllifi kimi tanınan professor Əbdülqadir Qaraxan ayrıca bir tədqiqatını klassik türkdilli ədəbiyyatda yaranan “Qırx hədis” kitablarına həsr etmişdir. Azərbaycan ədəbiyyatşünaslığında da bu məsələyə qismən toxunulmuş, lakin bəlli səbəblər üzündən indiyədək bu sahədə müəyyən bir boşluq özünü göstərmişdir. Bu baxımdan filologiya elmləri doktoru Möhsün Nağısoylunun bu yaxınlarda işıq üzü görmüş “Həzininin “Hədisi-ərbəin” tərcüməsi” kitabı (“Nurlan” nəşriyyatı, 2008, 432 səh.) böyük əhəmiyyət daşıyır. Möhsün Nağısoylu Azərbaycanda öz dəst-xətti ilə seçilən, ardıcıl və səmərəli elmi fəaliyyət göstərən tanınmış əlyazmaşünas-mətnşünas alimlərdən sayılır. Nağısoylu son illərdə klassik Azərbaycan tərcümə ədəbiyyatı ilə bağlı apardığı dəyərli araşdırmaları və birbaşa ilkin qaynaqlar-əlyazmalar əsasında ilk dəfə tərtib edib nəşrə hazırladığı kitabları ilə bu sahədə bacarıqlı və yetkin bir mütəxəssis olduğunu, filologiya elmimizdə ayrıca bir cığır açdığını sübuta yetirmişdir. Tətqiqatçı alim 2000-ci ildə nəşr etdirdiyi “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti” kitabında ilk dəfə olaraq Şərq klassik tərcümə sənətinin növ və xüsusiyyətlərini ətraflı şəkildə araşdırmış və indiyədək elm aləminə bəlli olmayan bir neçə klassik Azərbaycan tərcümə örnəyini üzə çıxarmışdır. Nağısoylunun bu kitabı təkcə Azərbaycan tədqiqatçıları tərəfindən deyil, eləcədə İran, Türkiyə və Almaniyanın türkoloq alimləri tərəfindən yüksək dəyərləndirilmiş, bir sıra araşdırmalarda ondan istifadə edilmişdir. Alimin bilavasitə klassik tərcümə ədəbiyyatı məsələləri ilə bağlı olan “füzulinin “Hədiqətüs-süəda” əsəri” (2002), “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (2003), “Şirazinin “Gülşəni-raz” tərcüməsi” (2004), Əhmədinin “Əsrarnamə” tərcüməsi” (2005), Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri klassik tərcümə nümunəsi kimi” (2006) kitabları elmi yeniliyi və aktuallığı, qoyulan məsələlərin ciddi şəkildə və yüksək peşəkarlıqla araşdırılması ilə diqqəti cəlb edir. Qeyd edim ki, mətnşünas alimin bu kitabları ədəbiyyat tariximiz üçün nə dərəcədə önəmlidirsə, ədəbi dil tariximizin, xüsusilə də tarixi leksikologiyanın hərtərəfli araşdırılması baxımından da bir o qədər dəyərli və əhəmiyyətlidir. Nağısoylu bu kitablarında klassik tərcümə örnəklərimizi filoloji-tekstoloji baxımdan geniş araşdırmaqla yanaşı, onlardan ikisinin - 1426-cı il tarixli “Gülşəni-raz”ın və 1478-ci ildə tamamlanmış “Əsrarnamə”nin mətnlərini də qədim əlyazmalar əsasında ilk dəfə olaraq nəşrə hazırlamışdır. Mətnşünas alim eyni zamanda füzulinin “Hədiqətüs-süəda”, XVI əsr mütərcimi Nişatinin “Şeyf Səfi təzkirəsi” və XVIII əsr müəllifi Möhsün Nəsirinin “Lisanüt-teyr” kimi irihəcmli klassik tərcümə örnəklərinin ilk dəfə nəşrə hazırlanması işində də yaxından iştirak etmişdir. Bu əsərlərdən “Şeyx Səfi təzkirəsi” həcminə görə Azərbaycan əlyazmaları içərisində xüsusi yer tutduğu kimi, tariximiz, etnoqrafiya və fəlsəfi fikir tarixinin hərtərəfli öyrənilməsi baxımından da müstəsna əhəmiyyət daşıyır.

M.Nağısoylunun “Həzininin “Hədisi-ərbəin tərcüməsi” kitabı haqqındakı fikirlərimi bölüşməzdən öncə qeyd edim ki, istər Həzini, istərsə də onun 1524-cü ildə qələmə aldığı “Hədisi-ərbəin”i Azərbaycan ədəbiyyatşünaslığı üçün tamamilə yeni adlar, yeni mövzulardır. Həzini və onun bu tərcüməsi haqqında ilk söz deyən, elmi ictimaiyyətə çatdıran məhz M.Nağısoylu olmuşdur. O, hələ 1994-cü ildə müdafiə etdiyi “XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri” adlı doktorluq dissertasiyasında bu əsər haqqında ilk dəfə məlumat vermiş və onu yığcam şəkildə araşdırmışdır. Bu kitabında isə tədqiqatçı alim orta əsr şairi-mütərcimi Həzininin “Hədisi-ərbəin” tərcüməsini ayrıca olaraq filoloji-tekstoloji baxımdan geniş şəkildə araşdırmış və filologiya elmimiz üçün olduqca dəyərli bir tədqiqat əsərini ortaya qoymuşdur.

“Həzininin “Hədisi-ərbəin” tərcüməsi” kitabı şərti olaraq iki hissəyə bölünür: birinci hissədə əsər filoloji-tekstoloji yöndən geniş araşdırılır, ikinci hissədə isə tərcümənin latın əlifbası ilə ilk dəfə hazırlanmış mətni verilir. M.Nağısoylunun araşdırması nəticəsində məlum olmuşdur ki, Həzini təxəllüslü şair-mütərcimin 1524-cü ildə tamamladığı “Hədisi-ərbəin”i anadilli ədəbiyyatımızda bu mövzuda yazılmış ilk “Qırx hədis” kitabıdır. Müəllifin qənaətinə görə füzuli “Hədisi-ərbəin” tərcüməsini Həzininin tərcüməsindən bir qədər sonra, ömrünün yetkin çağlarında qələmə almışdır. Bundan əlavə Həzininin ərəb dilindən tərcümə etdiyi “Hədisi-ərbəin” kitabının daha bir özəlliyi burada hər bir hədisin məzmununa uyğun olaraq əxlaqi-tərbiyəvi məzmunlu mənzum hekayətlərin də verilməsidir. Yeri gəlmişkən qeyd edim ki, Həzininin “Hədisi-ərbəin”i bu baxımdan müəyyən mənada dahi Nizaminin “Sirlər xəzinəsi” poemasını xatırladır.

Kitabın üç fəsildən ibarət olan tədqiqat hissəsində müəllif ilk fəsildə öncə müsəlman Şərq ədəbiyyatında yaranan “Qırx hədis” topluları, Həzinin “Hədisi-ərbəin”i və onun ərəbcə orijinalı haqqında dolğun və dəyərli məlumat verir. Müəllif bilavasitə əlyazmalar və digər ilkin qaynaqlar üzərində apardığı araşdırmalara əsasən müəyyən etmişdir ki, Həzini bu tərcümə kitabını Məhəmməd bin Əbu Bəkr Üsfuri adlı bir orta əsr müəllifinin ərəb dilində yazdığı “Hədisi-ərbəin şərhi” əsərindən ana dilinə - türkcəyə çevirmişdir. Həzini ənənəyə görə tərcüməyə ön söz də yazmış və burada həm ərəbcə orijinalın, həm də tərcümənin yaranma səbəblərini açıqlamışdır. Mütərcimin açıqlamasından aydın olur ki, ərəbcə orijinal nəsrlə yazılmış və Həzini onu bir məclisdəki “din qardaşlarının” istəyi ilə türkcəyə nəzmlə çevirmişdir. Əsərin sonundakı qeydlərdə isə tərcümənin 3800 beytdən ibarət olması və mütərcimin onu ömrünün kamillik-yetkinlik dövründə qələmə alması göstərilir. M.Nağısoylu tərcümənin əlyazmalarına əsasən belə bir qənaətə də gəlir ki, mənbələrdə haqqında heç bir məlumat verilməyən Həzini “etiqadında dürüst olan” sufi dünyagörüşlü bir şəxs olmuşdur. Tərcümə ilə onun ərəbcə orijinalını müqayisəli şəkildə qarşılaşdıran müəllif müəyyən etmişdir ki, orta əsrlərin digər Azərbaycan mütərcimləri kimi, Həzini də klassik tərcümə sənətinin sərbəst-yaradıcı qoluna üstünlük vermiş, yəni tərcümənin mətninə özünün müəyyən əlavələrini də artırmış, beləliklə, onun mətnini daha da genişləndirmişdir.

Tərcümənin ideya-məzmun xüsusiyyətlərini də yığcam şəkildə araşdıran müəllif sözügedən kitabdakı hədislərdə dini məzmunla yanaşı, əxlaqi-tərbiyəvi məsələlərin də önəmli yer tutmasını vurğulayır və fikrini konkret nümunələr verməklə sübuta yetirməyə çalışır. Bu baxımdan Həzininin tərcüməsindəki otuz doqquzuncu hədis xüsusilə seçilir. Belə ki, tövsiyə səciyyəli qırx kəlamdan ibarət olan bu hədis daha çox əxlaqi-didaktik məzmun daşıyır və onun hər bir müsəlman üçün zəruri sayıldığı vurğulanır.

Tədqiqatın ayrıca bir bölməsi “Hədis-ərbəin” tərcüməsinin Bakı və Bursa (Türkiyə) nüsxələrinin orfoqrafiya və mətnşünaslıq məsələləri baxımından müqayisəli təhlilinə həsr olunmuşdur. Tarixi orfoqrafiya və mətnşünaslıq üçün mühüm əhəmiyyət daşıyan bu bölmədə müəllif başlıca diqqəti tərcümənin əlyazmalarındakı ayrı-ayrı sözlərin müxtəlif qrafik variantlarına yönəldərək onları doğuran səbəblər üzərində də dayanmışdır. Tərcümənin sözügedən iki nüsxəsinin mətnləri arasında müəyyən fərqli variantlar olduğunu aşkara çıxaran mətnşünas alim onları fonetik-orfoqrafik, qrammatik və leksik fərqlər şəklində qruplaşdırmış və hər birini ayrıca olaraq araşdırmışdır. Nüsxələrdə leksik fərqlərin üstünlük təşkil etdiyini qeyd edən M.Nağısoylu onları da bir neçə qrupa bölərək ətraflı şəkildə araşdırmış və belə bir nəticəyə gəlmişdir ki, həmin fərqlər başlıca olaraq tekstoloji səciyyə daşıyır və tərcümənin məzmununa ciddi təsir göstərmir.

Tədqiqatın həcmcə ən böyük - ikinci fəsli “Hədisi-ərbəin” tərcüməsinin leksik xüsusiyyətlərinin araşdırılmasına həsr olunmuşdur. Öncə tərcümənin dil-üslub xüsusiyyətləri üzərində dayanan M.Nağısoylu Həzininin kitabının xalq-danışıq üslubuna yaxın bir dillə qələmə alınmasını vurğulayır və bu fikrinə sübut olaraq ondan konkret nümunələr verir. M.Nağısoylunun araşdırmasından aydın olur ki, klassik türk mətnlərinin çoxunda olduğu kimi, Həzini də təcüməsində ana dilinin rəngarəng ifadə vasitələrdən, xüsusilə də cinas qafiyələrdən sıx-sıx yararlanmışdır. Tərcümə abidəsinin leksikasında türk mənşəli sözlərin üstünlük təşkil etdiyini vurğulayan müəllif öncə bu qəbildən olan sözləri nəzərdən keçirir və başlıca diqqəti müasir ədəbi dilimiz üçün arxaik səciyyə daşıyan sözlərin təhlilinə yönəldir. Müəllif bu qəbildən olan sözləri də üç qrupa bölür: digər klassik yazılı abidələrimizdə nadir hallarda işlənən arxaizimlər, həmin yazılı abidələrin dili üçün də səciyyəvi olan arxaizimlər, müasir dilimizdə şəkilcə-fonetik tərkibcə müəyyən dəyişikliyə uğramış sözlər. Birinci qrup arxaizimlərin təhlilinə üstünlük verən tədqiqatçı alim bu qəbildən olan sözlər sırasında “anca” (bu qədər, bu cür), “arfuru” (əyri, tərs, tərsinə), “dipdiniz” (dinməz-söyləməz), “ımızqanmaq” (yuxulamaq), “kəy” (çox yaxşı, möhkəm), “qayır” (qum), “tutruq” (yanacaq), “uz” (ustaca yaxşı) və s. kimi onlarca leksemləri qeyd edir və onların türk dillərinin əski qatlarını əks etdirən qədim mənbələrdə işlənməsinə dair nümunələr verir. Qeyd edim ki, bu xüsusiyyət M.Nağısoylunun digər tədqiqatlarının da ana xəttini təşkil edir, onlarda da önəmli yer tutur və bütövlükdə Azərbaycan ədəbi dil tarixi lüğətinin hazırlanması üçün mühüm əhəmiyyət daşıyır. Müəllif bütün tədqiqat boyu dilçilik elmində özünə möhkəm yer tutan müqayisəli-tarixi metoda söykənərək maraqlı müqayisələr, qarşılaşdırmalar aparır və təkcə Azərbaycan dilçiliyi üçün deyil, ümumiyyətlə, türkologiya üçün əhəmiyyətli olan bir sıra dəyərli faktları aşkara çıxarır. İkinci qrupa aid etdiyi sözlərin təhlilinə gəldikdə isə müəllif burada tərcümənin dilində qeydə aldığı ayrı-ayrı arxaizimlərin digər Azərbaycan yazılı abidələrində də işlənməsini qeyd edir və konkret nümunələr göstərir. Tədqiqatın bu bölməsində ərəb və fars mənşəli sözlər, sinonimlər, antonimlər də yığcam şəkildə araşdırılır və dilçilik yönündə müəyyən müqayisələr aparılır.

Tədqiqat işinin sonuncu - üçüncü fəslində “Hədisi-ərbəin” tərcüməsinin frazeologiyası araşdırlır. Qeyd edim ki, Azərbaycan dilçiliyində tarixi frazeologiya məsələləri bütövlükdə götürdükdə az öyrənilmişdir. Bu mənada M.Nağısoylunun bu sahədə araşdırması da xüsusi əhəmiyyət daşıyır və gələcəkdə bu yöndə aparılacaq daha geniş miqyaslı tədqiqatlar üçün zəngin material verir. Tərcümənin dilində feli frazeoloji vahidlərin üstünlük təşkil etdiyini vurğulayan müəllif onları müəyyən qruplara bölərək incəliyinə qədər təhlil edir. Burada da müəllif kitabın əvvəlki bölmələrində olduğu kimi anadilli digər klassik mətnlərə də üz tutur və uğurlu müqayisələr, paralellər aparır. Tərcümənin dilində az da olsa, ismi frazeoloji birləşmələrə də təsadüf olunduğunu qeyd edən tədqiqatçı alim onlar sırasında “can qulağı”, “can quşı”, “könül gözi”, “yıfuf könül” və s. kimi ifadələri göstərir.

Kitabın tədqiqat hissəsinin sonunda M.Nağısoylu Həzininin “Hədisi-ərbəin” tərcüməsi ilə bağlı fikirlərini yekunlaşdıraraq tərcümənin ictimai fikir və ədəbi dil tarixinin araşdırılması baxımından dəyərli bir qaynaq olduğunu vurğulayır.

M.Nağısoylunun “Həzininin “Hədisi-ərbəin” tərcüməsi” adlı sanballı kitabının filologiya elmimiz üçün daha böyük əhəmiyyəti, sözsüz ki, mətnşünas alimin bu tərcümə əsərinin mövcud iki əlyazması (Türkiyə-Bursa və Azərbaycan-Bakı) əsasında ilk dəfə hazırladığı mükəmməl və tam mətnidir. 250 səhifə həcmində olan bu mətnin hazırlanmasında M.Nağısoylu müasir mətnşünaslıq eliminin bütün tələblərini nəzərə almış və hər bir sözün, variantın seçiminə böyük diqqət və həssaslıqla yanaşmışdır. Mətndəki Quran ayələrinin tərcüməsi çıxarışda göstərilmiş, hədislərin tərcüməsi isə kitabın sonunda ayrıca bölmədə verilmişdir (tərcümə ilahiyyat elmləri namizədi Zəkiyyə Əbilovanındır). Nəhayət, kitabın sonunda tərcümənin dilində işlənən bəzi ərəb və fars sözlərinin qısa lüğəti ilə yanaşı, əski türk sözləri lüğəti də verilmişdir.

Bütövlükdə hesab edirəm ki, filologiya elmləri doktoru Möhsün Nağısoylu Həzininin “Hədisi-əbəin” tərcüməsini tədqiq etməklə və ən başlıcası əsərin tam mətnini ilk dəfə nəşrə hazırlamaqla filologiya elmimiz üçün böyük xidmət göstərmişdir. Müəllifin bu kitabını ədəbiyyat tariximiz, ədəbi dil tariximiz üçün çox faydalı və sanballı bir araşdırma sayır, hörmətli həmkarıma, məsləkdaşıma bu yolda yeni-yeni elmi yaradıcılıq uğurları arzulayıram.

 

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.-2009.-24 aprel.-S.8.