Uşaq dünyasının açılan
qanadları
Düz
on ildir ki, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt
şəhər bölməsinin sədri Sabir Sarvanın ideya
müəllifi olduğu “Qanadlandıq uçmağa”
almanaxı nəşrləri təhsil şöbəsinin
müdiri Vidadi Bağırovun, gənclər və idman
baş idarəsinin rəisi Musa Həsənovun dəstəyi
ilə işıq üzü görür. Almanaxda Sumqayıt
məktəblilərinin şeir, hekayə və rəsmləri
dərc olunub. Yubiley nəşrində isə 57 nəfər
ümidverici balaca soydaşımızın rəngarəng
poetik duyğuları və əlvan rəsmləri təqdim
olunub. Kitaba şəhər təhsil şöbəsi metodik
kabinetinin direktoru Sabir Məmmədov maraqlı ön söz
yazıb.
Ön
sözdə deyilir ki, “Qanadlandıq uçmağa”
almanaxının sayəsində Sumqayıt UYYM-də
xüsusi yaradıcılıq dərnəyi yaradılıb. Estetik
Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin
əməkdaşları almanaxda dərc olunan 28 şeirə
musiqi bəstələyiblər. Bu nəğmələr
“Sumqayıt göyərçinləri” adlı kitabda nota
köçürülüb. Almanaxın özünü təsdiqləməsində
Füzuli Sabiroğlu, İradə Axundzadə və Murad Kərimovun
zəhməti böyük olub.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Qanadlandıq uçmağa” almanaxının yeni sayında - yubiley almanaxının təqdimat mərasimində Birliyin sədri, xalq yazıçısı Anar, xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Həsənov, şairlərdən Ofelya Babayeva, Qüdrət Muğanlı, filologiya elmləri doktoru Rafiq Yusifoğlu və başqaları çıxış edərək almanaxda təqdim olunan məktəbli-müəlliflərə təbriklərini və xoş arzularını çatdırdılar. Qeyd edildi ki, ola bilsin foyedə rəsmləri sərgilənən, kitabda şeirləri gedən və bu gün Yazıçılar Birliyinin Natəvan klubu kimi mötəbər bir məbədgahda çıxışları dinlənilib alqışlanan bu uşaqların heç də hamısı gələcəkdə hökmən tanınan şair və ya rəssam olmayacaq. Amma bir inam güclüdür ki, onların hər biri dünyaya poetik baxışı, obrazlı düşüncə tərzi, hər şeyə yaradıcı münasibəti ilə başqalarından mütləq seçiləcəklər. Başlıcası isə duyğulu, gözəl insan olacaqlar.
Çıxış edənlər yubiley almanaxının müəlliflərinə ilhamlı günlər arzuladı.
S.Əsgərli
Ədəbiyyat qəzeti.-2009.-24
aprel.-S.5.